Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

Əli Həsənov Soçi danışıqlarının «sirlərini» açır


Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində prezidentlərin Soçi görüşünün bəzi məqamlarını açıqlayıb.

- Əli müəllim, prezidentlərin Soçi görüşündən sonra Ermənistan prezidenti Serzh Sargsyan görüşdə müzakirə olunan məsələlərlə bağlı bəzi açıqlamalar verib. Bu açıqlamalarda səslənən fikirlərə münasibətinizi öyrənmək istərdik.

- Təəssüf edirik ki, Serzh Sargsyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o, tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələrini Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır. Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşdən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri yenidən öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və «yalançı qəhrəman»a çevrilməyi isə yalnız Sargsyan kimilər edə bilər.

- Artıq Sarkisyan bunu edib. Odur ki, görüşdə müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirmək və müəyyən detalları dəqiqləşdirməyə ehtiyac duyulur. Bu haqda Azərbaycan ictimaiyyətinə nəyi söyləmək mümkündür?

- Bir daha təəssüf edirik ki, Sargsyan-ın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb. Məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya prezidentinə müraciəti yayılıb. Azərbaycan prezidenti görüşdə həmin müraciəti prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb.

Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan «təhlükəli diversant»lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə - valideynlərinin qəbrini ziyarət etməyə gedirmişlər. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, prezident İlham Əliyevin prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır.

Bundan başqa, Azərbaycan prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə prezident İlham Əliyev üzünü Serzh Sargsyan-a tutaraq belə bir ifadə də işlədib:

«İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanında faşistlər də etməyib. Meyitə belə hörmətsizlik etmək olmaz, bu, insana yaraşan əməl deyil». Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib.

Serzh Sargsyan əlbəttə, Azərbaycan prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları «Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə» günahlandırıb.

Prezident İlham Əliyev isə cavabında Serzh Sargsyan xatırladıb: «Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürüb, özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərib və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb». Prezident İlham Əliyev Serzh Sargsyan-dan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib.

- Serj Sarkisyan öz çıxışında, eyni zamanda, ermənilərin son diversiya hərəkətləri vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə «öz gücünü» nümayiş etdirdiyini bildirib və erməni xalqını sanki bu «faktla» sakitləşdirməyə cəhd göstərib. Bununla bağlı nə deyə bilərsiniz?

- Sarkisyan əlbəttə ki, bu günlərdə baş verən təxribat-diversiya nəticəsində Ermənistanın işğalçı ordusunun itkilərini bilərəkdən gizlətməyə çalışır və bu faktı ört-basdır etmək istəyir. Halbuki bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müyəssər olmayacaq. Məsləhətdir ki, Serzh Sargsyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son bir ildə ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG