Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Türkiyədə prezidenti ilk dəfə xalq seçəcək


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-

Türkiyədə bir ilk yaşanacaq. 2007-ci ildə referendumla konstitusiyaya dəyişiklik nəticəsində, ölkə siyasi tarixində ilk dəfə prezidenti vətəndaşlar seçəcək.

Seçki avqustun 10-da keçiriləcək. Həmin gün prezident müəyyənləşdirilməsə, avqustun 25-də 2-ci tur olacaq.

RECEP TAYYİP ERDOĞAN

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan-ın bu seçkini udmayacağına çox az adam şübhə edir. Seçkiöncəsi sorğuların çoxunda o, artıq prezidentdir.

İndiyədək Türkiyədə prezidentin səlahiyyətləri çox məhdud olub və bu vəzifə daha çox rəmzi xarakter daşıyıb. Ancaq seçkidən sonra durum dəyişə bilər.

Recep Tayyip Erdoğan bugünlərdə mətbuata açıqlamasında elə bu məsələyə eyham vurub:

«Xalqın seçdiyi prezident əvvəlki prezidentlər kimi ola bilməz. İcra qurumunun rəhbəri kimi, prezident bütün konstitusional gücündən yararlanmalıdır. Seçilsəm, mən də belə davranacaq və protokol prezidenti olmayacağam».

Siyasi çevrələr aktual bir suala da cavab axtarır: Erdoğan-ın Çankayaya – Ankaradakı prezident iqamətgahına yerləşməsi AKP (Ədalət və İnkişaf Partiyası) üzərindəki liderliyinə necə təsir göstərəcək? Onun partiyaya nəzarəti əldən verməməkdə maraqlı və israrlı olduğu danılmazdır.

1980-ci illərdə buna bənzər hadisə Turgut Özal-ın prezidentliyi dönəmində də baş vermişdi. O da Ana Vətən Partiyasından (AVP) gedərkən, partiyaya nəzarəti saxlamaq niyyətində idi. Bunu gerçəkləşdirmək üçün Turgut Özal sağ əli sayılan Yıldırım Akbulut-u AVP-nin başına gətirdi və Akbulut baş nazir oldu.

Bu məsələ ilə bağlı 2-ci variant da var: Erdoğan və indiki prezident Abdullah Gül Putin-Medvedev üsulu ilə yerdəyişməyə gedə bilərlər. Onlar çoxdanın dostları və AKP-nin qurucularıdırlar.

Mediada gedən müzakirələrə görə, ötən il Gezi Parkı etirazları nəticəsində yaranan qütbləşmə və hökumətdə korrupsiya qalmaqalı Erdoğan-ın prezidentliyinə böyük əngəl yaradır. Martda keçirilən bələdiyyə seçkilərində AKP səslərin 45 faizdən çoxunu alsa da, sözügedən əngəli gözardı etmək mümkün deyil.

60 yaşlı Erdoğan və onun islamçı Ədalət və İnkişaf Partiyası 2003-cü ildən bəri ölkəni idarə edir. Onun get-gedə avtoritar xarakter alan idarəçilik üsulu barədə tənqidlər eşidilir.

Ekmeleddin İhsanoğlu
Ekmeleddin İhsanoğlu

EKMELEDDİN İHSANOĞLU

Seçki sorğularında 2-ci nəticə göstərən 70 yaşlı Ekmeleddin İhsanoğlu-nun namizədliyini Türkiyənin iki böyük müxalifət partiyası – mərkəz-solçu Cümhuriyyət Xalq Partiyası (CHP) və Millətçi Hərəkat Partiyası (MHP) irəli sürüb.

Ekmeleddin İhsanoğlu Erdoğan-ın ciddi rəqibi sayılır. O, akademikdir və 2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub.

Ekmeleddin İhsanoğlu 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Böyük Britaniya universitetlərində elmi fəaliyyət göstərib. İhsanoğlu YUNESKO-da və Harvard Universitetində çalışıb.

Ekmeleddin İhsanoğlu-nun 2 ana müxalifət partiyası tərəfindən seçilməsinin iki səbəbi var: müxalifət onun bioqrafiyasına söykənməklə, AKP-nin mühafizəkar seçicilərindən «səs qoparmağa» ümid edir. İkinci səbəb odur ki, İhsanoğlu siyasətdənkənar və tərəfsiz namizəd kimi görünür. Parlament respublikasında simvolik vəzifə daşıyan prezident üçün İhsanoğlu-nun «xasiyyətnaməsi» münasib qiymətləndirilir.

İhsanoğlu özünü hicablı qadınların və eyni zamanda orta sinif liberallarının hüquq müdafiəçisi kimi tanıdır və vurğulayır ki, prezident səlahiyyətlərini artırmağa marağı yoxdur.

Amma İhsanoğlu-nun namizədliyi müxalifət dairələrində də tam müsbət qarşılanmayıb. Özəlliklə CHP daxilində bu namizəd üzərində ciddi fikir ayrılıqları var.

SELAHATTİN DEMİRTAŞ

«Mənə kürd olduğum üçün səs verəcəksəniz, verməyin. Yəni kürd olmağımın yanına başqa bir məziyyət qoya bilmirsinizsə, mənə səs verməyin. Amma məhz kürdəm deyə, səs verməsəniz, onda da haqsızlıq etmiş olacaqsınız. Bu söhbətləri artıq aşmaq lazımdır».

Selahattin Demirtaş
Selahattin Demirtaş

Bu fikri seçki kampaniyası gedişində kürd millət vəkili Selahattin Demirtaş səsləndirib. O, Xalqların Demokratik Partiyasının (HDP) həmsədridir.

Üçüncü namizəd Demirtaş-ın sosioloji sorğularda toplayacağı səsə görə yeri də elə üçüncüdür.

Demirtaş namizədlərdən ən gəncidir: 1973-cü ildə Diyarbakırda doğulub. O, Ankara Universiteti hüquq fakültəsi məzunudur. Uzun müddət müstəqil vəkil çalışıb. Ardınca İnsan Haqları Dərnəyinin Diyarbakır şöbəsində fəaliyyət göstərib. 2011-ci ildən bəri parlamentdə millət vəkilidir.

Müxalifət seçkidən İhsanoğlu-nu qalib çıxarmaq niyyəti ilə yola çıxsa da, digər namizədin – Selahattin Demirtaş-ın namizədliyində başqa önəmli məqamlar var. Uzun illər siyasətdə türk millətçiliyi fonunda Türkiyənin kürd vətəndaşları siyasi basqılara məruz qaldığından, təcrid olunublar. Demirtaş-ın namizədliyi ölkədə etnik məsələlərlə bağlı vəziyyətin normallaşmaya doğru irəliləməsini simvolizə edir. Muxtariyyət tələbləri, geniş siyasi hüquqlar və PKK ilə rəsmi danışıqlar hazırda Türkiyədə kürdlərlə bağlı həssas siyasi məsələlərdir.

Demirtaş-ın prezident seçilmək şansının olmadığı indidən bilinsə də, onun seçkiöncəsi kampaniyası çox uğurlu qiymətləndirilir.

Sorğular göstərir ki, Demirtaş-ın seçkidə qazanacağı səs 7-8 faiz olacaq. Erdoğan seçkinin birinci mərhələsində səslərin 50 faizdən çoxunu qazana bilməsə, Demirtaş və onun tərəfdarları ikinci mərhələdə Erdoğan və İhsanoğlu arasında seçim etmək məcburiyyəti ilə üzləşəcəklər. Bəzi siyasi analitiklərin fikrincə, belə olan halda, Erdoğan PKK və hökumət arasında aparılan sülh danışıqlarına təşəkkür əlaməti olaraq kürd xalqının səsini almağa ümid edir.

XS
SM
MD
LG