Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:56

"Mən belə şovinist fikirləri bölüşmürəm"


Italo Calvino
Italo Calvino

-

"Çəkiliş prosesindən xəbərdar olmağım kinoya duyduğum bu uşaqsayağı heyranlığı yox edə bilər".

"Mədəniyyət xarici təsirlərə açıq olmalıdır".

"Siyasəti ədəbiyyatdan önə keçirməyim böyük səhv idi"

Tanınmış İtaliya yazıçısı İtalo Calvino-nun "Paris review" jurnalına müsahibəsindən

- Avropanın Britaniya və Amerika mədəniyyətinin təsiri altına düşdüyünə inanırsınızmı?

- Xeyr, mən belə şovinist fikirləri bölüşmürəm. Başqa mədəniyyətlərlə tanışlıq istənilən mədəniyyət üçün çox vacibdir; mən inanmıram ki, biz haçansa başqa mədəniyyətlərdən doyma həddinə çataq. Əgər öz yaradıcı qüvvəsini daim qorumaq istəyirsə, mədəniyyət xarici təsirlərə açıq olmalıdır.

İtaliyada mədəniyyətin ən mühüm elementi həmişə fransız ədəbiyyatı olub. Amerika ədəbiyyatı da mənim həyatımda iz qoyub. Poe mənim ilk maraqlandığım yazıçılardan olub. Romanın nə olduğunu ondan öyrənmişəm. Daha sonralar Hawthorne-nun bəzən hətta Poe-dan da üstün olması qənaətinə gəldim. Bəzən. Həmişə yox. Və Melville. Onun “Benito Cereno”su mükəmməl bir romandır, hətta “Mobi Dik”dən də qiymətlidir. Bir sözlə, mənim ədəbiyyatla tanışlığım Melville-i ilk olaraq italyancaya çevirmiş Cesare Pavese-nin tərcümələrinin kölgəsində keçib.

Edgar Allan Poe
Edgar Allan Poe

Mənim pərəstiş etdiyim yazıçılar arasında hətta 19-cu əsrin sonunda yaşayıb-yaratmış Stephen Crane və Ambrose Bierce kimi nisbətən az əhəmiyyətli Amerika yazıçıları da olub. Mənim yazıçı kimi formalaşmağa başladığım illərdə, yəni qırxıncı illərin əvvəllərində ədəbiyyatda ən çox Hemingway, Faulkner və Fitzgerald-ın dominantlığı vardı. O zaman İtaliyada Amerika ədəbiyyatına böyük maraq vardı. Hətta Saroyan, Caldwell, və Cain kimi nisbətən az əhəmiyyətli yazarlar da ədəbiyyata yön verənlərdən sayılırdılar.

Sonra Nabokov gəldi. O yazıçı ki o zaman da onun heyranı idim, indi də. Etiraf etməliyəm ki, Amerika ədəbiyyatına olan marağımın əsasında o cəmiyyətdə baş verənləri izləmək arzusu dayanır. Həmən cəmiyyət ki, orada baş verən hadisələr müəyyən mənada, bir neçə il sonra Avropada olacaqlardan xəbər verir. Bu mənada Saul Bellow, Mary McCarthy, Gore Vidal kimi yazıçıların yaradıcılığı çox mühümdür – məhz esselərində ifadə etdikləri cəmiyyətlə ünsiyyətləri baxımından.

O zaman mən daim ədəbiyyatda yeni səslərin sorağında idim, məsələn 50-ci illərin ortalarında John Updike-ın romanları bu mənada mənim üçün bir tapıntı idi.

- Müharibədən sonrakı həlledici illərdə İtaliyanı demək olar ki, tərk etmədiniz. “Müşahidəçi” novellanızı çıxmaq şərtilə siyasət o zamankı hekayələrinizdə çox az əks olunub. Baxmayaraq ki özünüz siyasətin içində idiniz.

- “Müşahidəçi” o zaman yazmaq istədiyim, amma yarımçıq qalmış “1950-ci illərin salnaməsi” adlı trilogiyanın bir hissəsi olmalı idi.

Mənim yetkinləşməyim İkinci Dünya Müharibəsi illərinə təsadüf edib. Sonrakı illərdəsə, yaşamış olduğum dəhşətli travmaların, xüsusən də alman işğalının mahiyyətinə varmağa, anlamağa çalışırdım. Bu baxımdan yetkinlik dövrümün ilk illərində mənim üçün siyasətin önəmi çox böyük idi. Kommunist Partiyasına da qoşulmuşdum. Hərçənd bu, başqa ölkələrdəki kommunist partiyalarından xeyli fərqlənirdi. Mən hələ də özümü duyğularımdan çox-çox uzaq olan bəzi şeyləri qəbul etməyə borclu hiss edirəm.

Calvino Argentina yazıçısı Borges-lə.
Calvino Argentina yazıçısı Borges-lə.

Sonralar yavaş-yavaş anlamağa başladım ki, Rusiya modelini (yaxud mifini) əsas götürüb İtaliyada əsl demokratiya qurmaq getdikcə, daha çətin sevdaya çevrilir. Ziddiyyət o qədər dərinləşdi ki, mən özümü kommunist dünyasından tamamilə təcrid olunmuş hiss etdim. Axırda isə, bütövlükdə siyasətdən.

Yaxşı ki belə oldu. Siyasəti ədəbiyyatdan önə keçirməyim böyük səhv idi. Çünki siyasət demək olar ki heç vaxt öz ideallarına çatmır. Ədəbiyyatsa öz sahəsində elə şeylərə nail ola bilər ki, uzaq perspektivdə bunun praktiki effekti də olsun. Mən artıq o fikrə gəlmişəm ki, mühüm hədəflərə yalnız tədricən çatmaq mümkündür.

- Böyük yazıçıların az qala hamısının filmlər üçün ssenari yazdığı, hətta rejissorluq elədiyi bir ölkədə, kinonun sanki sizi şirnikləndirə bilmədiyi, ona müqavimət göstərdiyiniz təsəvvürü yaranır. Bu necə olub və səbəb nədir?

- Cavanlıqda kinoya baxmağı çox sevərdim, günüm kinoteatrda keçərdi. Amma mən həmişə seyrçi olmuşam, ekranın o biri tərəfinə adlamaq ideyası heç vaxt mənə cəlbedici gəlməyib. Çəkiliş prosesindən xəbərdar olmağım kinoya duyduğum bu uşaqsayağı heyranlığı yox edə bilər. Məhz bu mənada bizdən uzaq, əlyetməz olduqları üçün yapon və İsveç filmlərini xoşlayıram.

- Heç darıxdığınız vaxtlar olubmu?

- Hə, uşaq vaxtlarımda. Amma onu da qeyd eləmək lazımdır ki, uşaq vaxtının darıxmağı darıxmağın ayrıca bir növüdür. Bu, arzu-xəyal aləminə, yəni bir növ başqa məkana, başqa gerçəkliyə dalaraq darxımaqdır. Böyüklərin darıxmağının səbəbi isə yeknəsəqlikdir, elə şeylərin təkrarı, davamıdır ki, daha onlardan heç bir sürpiz gözləmirik. Kaş ki bu yaşımda da darıxmağa vaxtım olaydı! İndi mən yalnız, özümü bədii əsərlərimdə təkrarlaya biləcəyimdən qorxuram. Elə buna görə də hər dəfə özüm üçün aşmağa bir maneə düşünüb tapmalıyam. Elə bir şey ki, yeniliyə oxşasın, az da olsa imkanlarımı aşmış olsun.

Ingiliscədən R.Qəmbərov çevirib

XS
SM
MD
LG