Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:21

Nazirliyin təklifi: Ünvanlı sosial yardıma ehtiyac duyanlar qapı-qapı gəzməsin


Foto: Arxiv
Foto: Arxiv

-

Ünvanlı sosial yardım verilməsi mərkəzləşdirilə və elektron xidmətə keçirilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Elman Babayev AzadlıqRadiosuna bildirib ki, onlar bununla bağlı hökumətə təkliflər göndəriblər:

«Ünvanlı sosial yardımın verilməsi sahəsində neqativ hallar mövcuddur. Bu prosesin tamamilə şəffaflaşdırılması üçün elektron xidmətə keçidi təklif edirik. Digər dövlət qurumlarında da elektron xidmətlərin avtomatlaşdırılması lazım idi ki, biz bu prosesə başlayaq. Artıq dövlət qurumlarında bu proses başa çatmaq üzrədir».

MƏLUMATI NAZİRLİK TOPLAYACAQ

Elman Babayev deyir ki, nazirliyin tərkibində bir mərkəz yaradılması nəzərdə tutulur. Eyni zamanda ya ASAN xidmətlərdə, ya da poçt şöbələrində xüsusi köşklər quraşdırılacaq:

«Ünvanlı sosial yardım almaq istəyən vətəndaş yalnız öz ad-soyadını bu köşklər vasitəsilə bizə göndərəcək. Bundan sonra nazirlikdə yaradılan mərkəz həmin adam haqqında məlumatları toplayacaq: adında maşın, torpaq varmı, əmək haqqı ailənin dolanışığına çatırmı? Bundan sonra SMS vasitəsilə həmin adama məlumat göndəriləcək ki, o, ünvanlı yardım ala bilər, ya yox».

«VƏTƏNDAŞ-MƏMUR ÜNSİYYƏTİNƏ EHTİYAC QALMAYACAQ»

Elman Babayev deyir ki, bu xidmət nəticəsində vətəndaş-məmur ünsiyyətinə ehtiyac qalmayacaq və neqativ hallar aradan qaldırılacaq. Amma nazirlik sözçüsü onu da əlavə edir ki, ünvanlı yardım almaq istəyən vətəndaşla bağlı məlumatlar elektron bazada olmalıdır:

«İş yerləri rəsmiləşməlidir ki, biz ailənin gəlirini görə bilək. Ona görə də, qeyri-leqal çalışan vətəndaşlar ünvanlı sosial yardım üçün müraciət etmək istəyirlərsə, öz iş yerlərini rəsmiləşdirməlidirlər».

XS
SM
MD
LG