Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:54

Bahalı filmlərin qənimi


Lars Von Trier
Lars Von Trier

Kino sənətində bir mühüm cərəyan haqqında

-

Azərbaycanda indiyəcən çəkilmiş bütün tammetrajlı filmlərin büdcəsini toplasan, allah bilir, 130 milyon dollar ola, ya olmaya.

Amma bu qədər pul Hollivudun təkcə bir filminə xərclənib, hələ 1998-ci ildə - "Qodzilla"ya.

Özü də söhbət təkcə Azərbaycandan getmir axı.

Hətta Avropanın özündə də bu rəqabətə dözmək müşkül işdir.

Elə "Dogma-95" cərəyanı da film istehsalı xərclərinin ağlasığmaz dərəcədə artmasına, xüsusən də kompüter qrafikasının, vizual effektlərin film sənayesində mühüm yer tutmağa başlamasına bir etiraz idi.

İş o yerə çatmışdı ki, əli xüsusi effektə çatan hər gicbəsər qeyri-peşəkar aktyor oyununa "bər-bəzək" vurub film adıyla tamaşaçıya sırıya bilərdi. (ardı aşağıda)

​Danimarkalı kinorejissor Lars Von Trier-in intiutiv olaraq gəldiyi bu nəticə 1995-ci ildə bir neçə rejissorun imzaladığı manifestin və 10 qızıl qaydanın əsasını təşkil edir.

Trier "Krallıq" (1994) filmi üzərində işləyərkən belə bir nəticəyə gəlir ki, əslində süjet və personajlar tamaşaçılar üçün texnika və üslubdan daha maraqlıdır. O, "Krallıq"ı əsasən əl kamerası ilə çəkir, ənənəvi işıqlandırma, montaj qaydalarını vecinə almadan. Sonra "Krallıq-2"ni də eyni qaydada ərsəyə gətirir, bu filmlər rejissoruna kommersiya uğuru gətirir.

Manifestə digər məşhur danimarkalı rejissor Thomas Vinterberg də imza atır. Onun sözügedən qaydalara əsaslanmaqla çəkdiyi "Festen" (Şənlik) filmi 1998-ci ildə Kann Festivalının xüsusi prizini qazanır.

(Yeri gəlmişkən, film o qədər dinamik və maraqlıdır ki, necə deyərlər birnəfəsə baxılır.

Valideynlərin şərəfinə qurulan məclisdə "naxələf" oğul onları uşaqbazlıqda ittiham edir, özü də ölmüş bacısına qarşı...) (ardı aşağıda)

"Doqma-95"in əsas qaydaları:

- Dekorasiya istifadə edilmir. Çəkiliş üçün elə yer seçilir ki, buna ehtiyac olmasın.

- Sonradan kadrlara musiqi əlavə edilmir.

- Film əl kamerası ilə çəkilir.

- Xüsusi işıqlandırma qadağandır.

- Optik effektlər və filtrlərdən istifadə etmək olmaz.

- Filmdə qətl və s. kimi qurama səhnələr ola bilməz. Yalnız gerçək hadisələr mümkündür.

- Hadisələr başqa erada baş verə bilməz. Birdən-birə tamaşaçını başqa ölkəyə "aparmaq" olmaz. Hadisələr "indi və burada" baş verməlidir.

Bu qaydalar kino çəkənlər üçün o qədər sərtdir ki, manifesti imzalayanların özləri də onları bəzən pozmalı olublar.

Məsələn. Vinterberg "etiraf edib ki", "Festen"dəki səhnələrin birini çəkəndə pəncərəyə pərdə tutub.

Von Trier isə "İdiotlar filminə musiqi əlavə edib.

2002-ci ildən və 31-ci "Doqma" filmindən sonra rejissorların manifestin sərt qaydalarına tam əməl etməsi, bunun xüsusi şura tərəfindən yoxlanması artıq məcburi deyildi.

Cərəyan 2005-ci ildə mövcudluğuna son qoyub.

Amma onun əhəmiyyəti danılmazdır. Yaradıcı insanın azadlığı hüdudsuz, əl-qol açmaq imkanı, seçim imkanı. maddi imkanları geniş olanda o, bəzən film yaratmağın ən asan yolunu seçə bilər. Yaradıcı yanaşma getdikcə arxa plana keçə bilər. Amma "Doqma" göstərdi ki, kreativliyi "qutuya" qoyub ağzını bərk-bərk bağlasan da, o bir yol tapıb oradan çıxmağı bacaracaq.

Hazırladı: Rövşən

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG