Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Əlifba bilmirsənsə, heç yerə imza atma...


Qubalı sahibkar Məzahir Fərzəliyev
Qubalı sahibkar Məzahir Fərzəliyev

“Vergi işçiləri üstümə 80 min manat borc yazmışdılar. Guya mən hər ay kəlbətindən, mişardan, çəkicdən 150 min manat gəlir götürürəm, mağazamın aylıq vergi borcu da 20 min manat edir”.

Quba sakini Məzahir Fərzəliyev ixtisasca mühəndisdir. Uzun illər Qanköçürmə İnstitutunun rayondakı şöbəsində işləyib. Böyrəyi çıxarılandan sonra ikinci qrup əlilə çevrilib və işsiz qalıb. Bir müddət evlərdə soyuducu təmir etməklə dolanıb. Sonra Quba-Nügədi yolunun kənarında kiçik bir mağaza tikib. Satdığı da əsasən təsərrüfat alətləri olub – balta, çəkic, kəlbətin... Mağazanın bir küncündə isə ərzaq malları... Alverdən gələn dolanışıqdan razı qaldıqca mağazanın sahəsini genişləndirməyə başlayıb. Ancaq mağaza genişləndikcə, satış mallarını artırdıqca, ruzisinin qarşısına sədd çəkilib. Səbəbindən danışır:

"İLK GÜNDƏN ONLARA DEMİŞDİM Kİ, RÜŞVƏT VERMƏYƏCƏM"

“Vergilər Nazirliyinin Qubadakı şöbəsi rayonda elə mağaza yoxdur ki, əlini üstünə qoymasın. Bir dəfə araşdırıb öyrəndim ki, vergi işçiləri rayondakı ən iri marketlərdən rüşvət alırlar, əvəzində guya həmin mağazalar ayda 300 manat gəlir götürürlər və cüzi vergi ödəyirlər. Halbuki o mağazaların gündəlik dövriyyəsi 17-18 min manatdır. Bircə mənə ilişə bilmirdilər. Çünki ilk gündən mağazanın qapısından keçəndə onlara demişdim ki, mən sizə rüşvət verməyəcəm”.

Sahibkarın sözlərinə görə, vergi işçiləri dəfələrlə mağaza gəliblər, orada alverlə məşğul olan oğluna tapşırıblar ki, mağaza sahibi yerli vergi idarəsinə gəlib rəislə tanış olsun, aybaay rəisi “görsün”:

“Mən də getmədim. Oğluma tapşırdım ki, qapıdan girəndə de ki, atam konkret rüşvət verməyəcək”.

Sahibkar deyir, bundan qəzəblənən vergi işçiləri başqa yola əl atıblar:

“Öz adıma kiçik bir sex var, ona görə də mağazanı həyat yoldaşımın adına sənədləşdirmişdim. Cəmi 8 sinif bitirib, savadsızdır. Məndən xəbərsiz gəliblər, aldadıb sənədlərə imza atdırıblar, gediblər. Sonradan xəbər tutmuşam ki, həmin sənəddə guya mağazanın aylıq dövriyyəsinin 150 min manat olduğu göstərilibmiş”.

80 min manat vergi ödəyən "Ucuz market"
80 min manat vergi ödəyən "Ucuz market"

"GUYA MƏN HƏR AY 150 MİN MANATLIQ ALVER EDİRƏM"

Bu yolla vergilər idarəsi sahibkardan 80 min manat vergi tələb edib:

“Guya mən hər ay 150 min manatlıq kəlbətin, mişar satmışam. Hər aya 20 min manat məbləğində vergini gizlətmişəm. Vallah, gülməlidir. Aylıq dövriyyəsi 300-400 min manat olan mağazalardan rüşvət alıb saxtakarlıq edirlər, sənədlərdə 300 manat dövriyyə yazıb cüzi vergi alırlar. Mənim kəlbətin, mişar alverimə 80 min manat vergi yükləyirlər”.

Sahibkar Baş prokurorluğa və başqa dövlət orqanlarına azı 470 şikayət məktubu və teleqram yollayıb:

“Baş prokurorluğa vergi işçilərinin əməllərindən şikayət yazıram. Yazıram ki, məndən rüşvət istəyirlər, saxtakarlıq edirlər, vergi borcumu şişirdirlər. Prokurorluq ən yaxşı halda cavab verir ki, şikayətin araşdırılması üçün Vergilər Nazirliyinə göndərildi. A kişilər, məni incidən, rüşvət tələb edən vergi işçiləridirsə, şikayətimi özlərinə niyə qaytarırsız?”

Sahibkar deyir, hər gün vergi idarəsinin işçiləri mağaza gələrək ya 80 min manatı ödəməyi, ya da mağazanı bağlamağı tələb ediblər.

“Deyirəm, a kişi, mən kəlbətindən, çəkicdən 80 min qazanıram ki, aparıb o hesaba da ödəyim? Çörəyin üstünə o iri marketlərdəki kimi 40 qəpik qoymuram, 2 qəpik qoyuram. Çünki fəhlə balasıyam, kasıbçılıqla böyümüşəm. Aclığın nə olduğunu bilirəm. Istəyirəm hamı çörək yesin. Ona görə də mağazamın adını “Ucuz market” qoymuşam. Çörəyin qiymətinin üstünə 2 qəpik qoyan adam sənə ayda necə 20 min manat vergi ödəsin?”

"VERGİ TƏLƏB EDİRLƏRSƏ, TİKDİKLƏRİ VİLLALARIN PULUNUN MƏNBƏYİNİ DƏ GÖSTƏRSİNLƏR"

Sahibkar rayon ərazisində vergi işçilərinin əmlaklarından da danışır:

“Burada vergilər idarəsində şöbə rəisi var, 130 minlik maşın sürür, Qusarda bir villası var ki, şah sarayıdır elə bil. Tək o deyil, gəlsinlər Qubaya, aparım gəzdirim onları, bir-bir göstərim vergi işçilərninin villalarını. Mənim kimi yetim-yesir sahibkarlardan yığdıqları aylıq 20 min manatlarla tikirlər. Əgər məndən vergi tələb edirlərsə, mən də bir vergi ödəyicisi kimi onlardan tələb edirəm ki, aylıq cüzi maaşla o boyda villaları necə tikdiklərinin hesabatyını versinlər mənə”.

Bununla belə, sonda necə deyərlər, Vergilər Nazirliyi qalib gəlib. Sahibkar tələb olunan məbləgi hissə-hissə ödəməli olub ki, mağaza əldən çıxmasın. İndi borcun-xərcin içərisindədir.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən də bildiriblər ki, sahibkar yaranmış vergi borcunu tam ödəyib və vergi orqanının ona qarşı heç bir iddiası yoxdur

XS
SM
MD
LG