Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:47

Sağalmağa qürbət ölkə… [Video]


-

Araşdırmaçı jurnalistlər Aytən Fərhadova, Aynur Elgünəş və iqtisadçı-ekspert Nazim Məmmədov müalicə üçün xarici ölkələrə göndərilənlərdən və ya qürbətə üz tutanlardan söz açırlar.

«BƏZƏKLİ SƏHİYYƏ BİNALARI VAR, KADR YOX»

Aynur Elgünəş xaricdə müalicə üçün müraciət edənlərə müxtəlif bəhanələr tapıldığını deyir:

«Dəfələrlə müxtəlif xəstələrin xaricdə müalicəsi üçün Səhiyyə Nazirliyinə müraciət etmişik. Ancaq çox vaxt belə cavab alırıq ki, bizim dövlət proqramlarımız var, biz özümüz bu işi görürük. Reallıqda isə sadəcə bəzəkli binalar tikirlər, kadr yox səviyyəsindədir. Xaricdə təhsil alan savadlı gənclər üçün şərait yaradılmır. Xəstəxananın mühitindən, xəstəyə qulluqdan da çox şey asılıdır. Dövlət səhiyyəni bir kənara atıb. Bir qrup məmurun özəl xəstəxanaları var. Yaxşı həkimlər ora yönəldilir. Səhiyyə Nazirliyinə yazılan «yalvarışlara» cavab yazılmır, insanlar məcbur qalır Heydər Əliyev Fonduna müraciət etsinlər».

«NEFT ÖLKƏSİNİN VƏTƏNDAŞI MÜALİCƏYƏ PUL TAPMIR»

Aytən Fərhadova neft ölkəsində insanların müalicə üçün pul tapmamağını acınacaqlı sayır:

«Xarici ölkələrdə müalicə sadə vətəndaşlar üçün bağlı qutu kimidir. Çox vaxt əsas gətirilir ki, Azərbaycanda müalicəsi olmayan xəstəliklər zamanı xəstə xaricə göndərilə bilər. Bunu kim müəyyənləşdirir? Azərbaycan səhiyyəsi hansı səviyyədədir ki, buradan insanların gözləntisi olsun? Yaşama şansı az olanlara isə xaricdə müalicə üçün vəsait ayrılmır. Talassemiya Mərkəzində ancaq qan köçürürlər, dərman verilir. Sümük iliyinin köçürülməsi üçün kadr yoxdur. Əsas məsələ burasındadır ki, sadə vətəndaş niyə öz pulu ilə müalicə olunmasın? Neft ölkəsinin sadə vətəndaşı müalicə oluna bilmir».

«TİBBİ SIĞORTA DEMƏK OLAR Kİ, İŞLƏMİR»

Nazim Məmmədov deyir ki, səhiyyədə özəl sektorun inkişafına maneələr var:

«Azərbaycan vətəndaşları ölkədə müalicəsi mümkün olmayan xəstəliklər zamanı xaricə göndərilir. Son illərə qədər çarpayı hesabı maliyyələşmə vardı. Yaxşı haldır ki, 2007-ci ildən bu aradan qaldırıldı. Ancaq səhiyyənin idarəsində özəl sektorun inkişaf əngəllənir. Özəl səhiyyə müəssisələrinə verilən lisenziyalar müxtəlif məhdudiyyətlərə məruz qalırlar. Tibbi sığorta, demək olar ki, işləmir. Məhdud sayda klinikalara sığorta şirkətlərindən göndərişlər verilir. Araşdıranda məlum olur ki, bu klinika hansısa məmura yaxındır. Televiziya kanallarında dövlət xəstəxanalarının lobbiçiləri var ki, özəl xəstəxanaları gözdən salmağa çalışırlar. Bütün bunların kökündə monopoliya maraqları durur. Özəl sektorun inkişafına şərait yaradılmalıdır».

XS
SM
MD
LG