Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:58

"Azərbaycan rəssamlarında çox böyük savadsızlıq var" - Debat


sağdan sola: Fərhad Yalquzaq və Gündüz Ağayev
sağdan sola: Fərhad Yalquzaq və Gündüz Ağayev

-

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov:

- Bu gün hansı azad fikirli adama, azad bir əsərini nümayiş etməyə imkan verilməyib? Bilmirəm bunu hansı rəssam deyir, axı kənarda heç kim qalmayıb. Bəlkə o rəssama maraq yoxdur, ona görə kənarda qalıb.

"Pen klub"da debat: Azərbaycan Rəssamlar İttifaqında nə baş verir?

Qonaqlarımız: Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, həm də yazıçı olan rəssam Fərhad Yalquzaq, karikaturaçı rəssam Gündüz Ağayev və rəssam Eldar Babazadədir.

Gənc rəssamlar öz sənətiylə nə qədər irəliləyə bilər? Onun məşhurlaşmasına və pul qazanmasına hansı şərait var?

Səadət Akifqızı

- Fərhad bəy, müasir dövrün Azərbaycan rəssamı kimdir?

Fərhad Yalquzaq

- Ümumiyyətlə, başında beret olan, saqqallı, üst-başında boya ləkələri olan klassik rəssam obrazı var. Amma Azərbaycan rəssamlığında belə bir obraz yoxdur. Düzdür, indi də özünü rəssam kimi göstərmək üçün saç buraxan, saqqal buraxan rəssamlar var. Amma çağdaş Azərbaycan rəssamı obrazı demək olar ki, yoxdur. Sovet dönəmində çağdaş Azərbaycan rəssamı obrazı var idi, hamısının başında beret vardı, içirdilər, məclislərdə oturub “kim daha çox pul qazandı, kim daha çox sifarişlər aldı” – deyə danışırdılar.

Səadət A.

- Cəmiyyətdə sənət adamları arasından daha çox ədəbiyyatçılar müzakirə olunur, daha çox onların kitab təqdimatları keçirilir, onların toplantılarına tez-tez rast gəlinir, rəssamlar isə bir qədər az görünür. Bunun səbəbi nədir, mətbuatmı onları az göstərir, yoxsa rəssamlar özlərini mətbuata göstərməyi sevmirlər?

Gündüz Ağayev

Gündüz Ağayev
Gündüz Ağayev

- Rəssamların üzdə olmaması, görünməməsi, birinci növbədə mətbuatın günahıdır. Mətbuatın onlara marağı yoxdur. İkincisi də yazarlar özlərini sözlərlə daha rahat ifadə edə bilirlər, etiraz edə bilirlər, fikir bildirirlər, nəinki rəssamlar. Elə rəssam var ki, heç danışa bilmir. Bu, nitq problemi deyil, sadəcə olaraq, onlar ancaq rənglərlə işləyirlər. Rəssamların müsahibələrinə baxanda görürsən heç nə danışa bilmirlər.

Fərhad Y.

- Ümumiyyətlə, Azərbaycan rəssamlarında çox böyük savadsızlıq var. Ola bilər öz sahələrini yaxşı bilirlər, amma ədəbiyyat oxumurlar, ümumbəşəri proseslərə fikir vermirlər, ictimai mövqeləri yoxdur. Gündüz bəy deyir ki, rəssamların tanıdılmasında mətbuatın da günahı var, amma mətbuat neynəsin ki, rəssamların fəaliyyəti yoxdur. Rəssamın fəaliyyəti olsa mətbuat da onu görər.

Səadət A.

- Belə çıxır Azərbaycan rəssamları ortaya heç bir əsər qoymurlar? Amma axı, sərgilər keçirilir, rəssamlar öz işləri haqda danışırlar...

Fərhad Y.

- Yox, fəaliyyətləri var. Rəssamlar müxtəlif qurumların tərkibində toplaşırlar. Müxtəlif konseptual işlər görürlər. Amma bunların heç biri rəssamlıqda hadisə olmur. Axı bu işlərin ictimaiyyətə bir əks-sədası olmalıdır, insanlara nəyisə çatdırmalıdır. Sanki dəftərə quş qoymaq xatirinə bu işləri görürlər. Bizim rəssamların sərgisinə gedirsən, görürsən ki, hamısı gül-çiçək çəkirlər, şəlalə çəkirlər, dağ çəkirlər.

Səadət Akifqızı
Səadət Akifqızı

Səadət A.

- Nə çəkməlidilər ki?

Gündüz A.

- Hadisə deyəndə bunu nəzərdə tuturam ki, Avropada 20-ci əsrdə çoxlu cərəyanlar yaranmışdı və rəssamlar daha çox Parisə axışırdılıar. Oranın rəssamlıq mühitində çoxlu hadisələr olurdu. Avropada kolleksionerlər vardı, özəl muzeylər var idi, insanları zorla sərgilərə çağırmırdılar, dünyanın hər yerindən insanlar sərgilərə gəlib rəsmlər alırdılar. Amma bizdə belə bir mühit yoxdur, art menecerlər yoxdur, art təşkilatlar yoxdur, rəsm tənqidçiləri yoxdur. O ki qaldı gül-çiçək rəsmlərinə, bəzən mənə zəng edirlər ki, filan vaxtı kofe haqda bir sərgi var, ora üçün rəsm çək. Bu mənə məktəblilərin 20 yanvar, Xocalı soyqırımı, Novruz bayramı haqda rəsmlər çəkməsi kimidir. Biz rəssamlar artıq təhsilimizi almışıq, formalaşmışıq, amma məktəb illərindəki o sistem hələ də davam edir. Yenə də dövlətə bağlı olan qurumlar zəng edib bizə hansısa bir mövzuda rəsmlər çəkmək sifarişini verir. Bir azca fərqli düşünürsənsə, bütün dövlət layihələrindən kənarda qalırsan. Məsəlçün, biz indi burda rəssamlığın problemlərindən danışırıq, üsyan etmirik, inqilab etmirik. Amma bunu da fərqli düşüncə kimi görürlər.

Fərhad Yaquzağın çəkdiyi rəsm
Fərhad Yaquzağın çəkdiyi rəsm

Fərhad Y.

- Məsələ burasındadır ki, rəssam gül-çiçək mövzularından çıxmaq üçün özünü təkmilləşdirməlidir. Dünya yazarlarını oxumalıdır, dünya rəssamlığını öyrənməlidir. O artıq başa düşməlidir ki, gül-çiçək mövzusu bayağıdır, bunu balaca uşaq çəkə bilər, gənc qızlar tikmələrdə bəzək kimi çəkə bilər, amma bığlı-saqqallı, ahıl bir rəssam oturub dibçəkdə gül-çiçək çəkəndə gülməli görünür.

Səadət A.

- Bəs sizə görə, Azərbaycan rəssamı nə çəkməlidir? Sizcə, yenilikçilik nədə özünü göstərməlidir?

Gündüz A.

- Yenilikçilik bizə aid deyil. Yenilikçi azad mühitdə ola bilər, azad fikirliliyə tolerant yanaşılan yerdə ola bilər. Burda yenilikçi olmaq üçün gərək Babi Bədəlov kimi qaçıb gedəsən Parisə. Bizdə indi elə rəssam yoxdur ki, sistemə qarşı nə isə ekspressiv əsərlər işləsin və ona təzyiq olsun.

Səadət A.

- Gündüz bəy, siz daha çox ictimai mövzulu karikaturalar işləyirsiniz, buna görə layihələrdən kənarda qalırsınızmı?

Gündüz A.

- Bəli, qalıram, o layihələrin bir çoxundan özüm könüllü imtina etmişəm, amma ondan başqa da hökümətin dəstəklədiyi heç bir layihədə adım yoxdur. Mən özüm də heç kimə müraciət etmirəm. İndi rəssamlar üçün çox dar çərçivə var. Beş-altı təşkilat yoxdur ki, biriylə sözüm alınmayanda gedim başqasına müraciət edim. Rəssamlar İttifaqı isə boş bir qurum kimi bir kənarda qalıb. Ancaq “nar sərgiləri”, “Novruz bayramı sərgiləri” keçirirlər ki, mən onunla qane ola bilmirəm.

Səadət A.

- İndi telefon xəttində Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovdur. Fərhad bəy, Gündüz bəy bildirir ki, rəssamlara dövlət sifarişi olaraq ənənəvi mövzularda sifarişlər verilir və bu da rəssamların azadlığına maneə yaradır, buna münasibətiniz necədir?

Fərhad Xəlilov

Fərhad Xəlilov
Fərhad Xəlilov

- Xeyr, belə deyil. İndi keçmişdəki kimi qabaqcadan heç bir sifariş verilmir. Sovet dövründə mənə Moskvadan müəyyən mövzularda əsər çəkmək sifarişləri gəlirdi, mənsə cavab yazırdım ki, bu cür əsər çəkmirəm, söhbət bitirdi. Bu gün belə sifarişlər demək olar ki, yoxdur. Hansısa mövzuda, tutaq ki, tarixi mövzuda sərgi açılırsa qabaqcadan sifariş olmur, hansı rəssam bu mövzuda əsər çəkmək istəyirsə, çəkir. Əgər belədirsə niyə də olmasın. Sərgiyə qoşulan rəssamların əsərləri jüri tərəfindən bəyənilirsə, qonorar alırlar. Bizim “Xocalı” haqda hər il müsabiqə sərgisi keçirilir, o sərgidə ən yaxşı əsərlər alınır və mədəniyyət nazirliyinin fonduna daxil edilir.

Səadət M.

- Fərhad bəy, Rəssamlar İttifaqı bu cür sərgilər təşkil etməkdən əlavə rəssamlara hansı qayğılar göstərir?

Fərhad X.

- Azərbaycanda olan qayda-qanun rəssamlara qayğı göstərməyə imkan verir. Prezidentin sərəncamı ilə hər il 70 nəfərə prezident təqaüdü verilir. Bu 70 nəfər hər il dəyişir. Bu həm gənc, həm yaşlı rəssamlara verilir və bu, rəssamlara böyük köməkdir. Azərbaycanda rəssamların keçirdiyi sərgilərə görə dövlət onlardan yer pulu almır, hələ Rəssamlar İttifaqı bu sərgilər üçün bukletlər də çap edir. Nə Moskvada, nə Gürcüstanda, nə heç bir yerdə belə praktika yoxdur. Qalır bircə rəssam öz sənəti ilə rəssam olduğunu sübut etsin. Elə istedadlar var ki, o heç bir şeyə baxmayaraq irəli gedəcək, elələri də var onlara əl tutmalısan. Buna görə də bu gün ittifaqımızın əsas vəzifəsi odur ki, yaradıcılığına maraq olmayan rəssamlara dəstək verək. Onların da sərgiləri açılır, bizim rəssamlıq həyatında iştirak edirlər.

Səadət A.

- Fərhad bəy, bizim qonaqlarımız burda belə bir fikir səsləndirdilər ki, azad fikirli rəssamlar sıxışdırılır, dövlət layihələrindən kənarda qalır. Belə bir şey varmı?

Fərhad X.

- Yox, bu tamamilə yanlışdır. Yaxşı ki, bu fikri işlədən rəssamlar 70-ci, 60-cı illərdə yaşamırlar. O dövrdə yaşasaydılar, bilərdilər ki, azad fikirli rəssamlar haradadır. Bunu tam məsuliyyətilə deyə bilərəm, çünki özüm o hərəkatda iştirak etmişəm. O dövrün adamları bilir bunu. Bu gün hansı azad fikirli adama, azad bir əsərini nümayiş etməyə imkan verilməyib? Bilmirəm bunu hansı rəssam deyir, axı kənarda heç kim qalmayıb. Bəlkə o rəssama maraq yoxdur, ona görə kənarda qalıb. Deyək ki, Van Qoqun sağlığında heç bir əsəri alınmayıb, amma qardaşı onun bir əsərini almışdı ki, qoy elə bilsin onun əsərini kimsə alıb. Amma bu gün onun hər əsəri 70-80 milyon dollara satılır.

Gündüz Ağayevdən karikatura
Gündüz Ağayevdən karikatura

Gündüz A.

- Fərhad müəllim indi 70-80-ci illərdə azad fikirli rəssamlara münasibətdən danışır. Amma o özü 70-ci illərin qalıqları olan Rəssamlar İttifaqındadır və o illərdə İttifaqda işlər necə aparılırdısa, indi də eləcə aparılır. Bu, onun sözlərindən də görünür: o deyir ki, Mədəniyyət Nazirliyinə məktub göndəririk, göstəriş gəlir, tarixi mövzuda sərgi keçirilsin və keçirilir də. Ümumiyyətlə, çağdaş incəsənətdən danışırıqsa, Rəssamlar İttifaqı kimi bir qurum, ümumiyyətlə, olmamalıdır. İmkan yaradılmalıdır ki, qeyri-hökümət təşkilatları inkişaf etsin. O gün eşidirəm, qeyri-hökümət təşkilatlarının bank hesabları dondurulur. Azad yaradıcı mühit olmalıdır, underground rəssamlar olmalıdır, gedib Tiflisdə görürük ki, küçə rəssamlığı var, mən indi Bakıda küçədə bir trafaret çəksəm, tutub içəri basacaqlar. Nazirlik sərgiləri təşkil edir, amma bilmir ki, o rəssamlar harda işləyir, nə işləyir. Mən neçə ildir rəssamlıq edirəm, amma nə qayğı görürəm, nə münasibət görürəm, adam həvəsdən düşür. Bizdə rəssamlarla peşəkar səviyyədə məşğul olan təşkilatlar olmalıdır, kuratorlar olmalıdır, sənətşünaslar olmalıdır, onlar azad fəaliyyət göstərməlidir. Fərhad müəllimdə günah görmürəm Rəssamlar İttifaqının 2000-ə yaxın üzvü var, bu qədər adama necə nəzarət etsinlər.

Fərhad X.

- Rəssamlar İttifaqının 2000 yox, 1230 nəfər üzvü var. İttifaqın nəzdində ayrı-ayrı rəssam birlikləri də fəaliyyət göstərir və bunların hamısı ilə birlikdə üzvlərin sayı 1600 nəfərə qədər çıxır. Əlbəttə bu gün ittifaqda olan 1230 nəfər üzvün hamısı böyük rəssamlar deyil, zəif rəssamlar da var, amma bunlar rəssamlıqla məşğul olmağı sevirlərsə, niyə də olmasınlar. Qoy insanlar bir-birini öldürməkdənsə rəssamlıqla məşğul olsunlar, burda nə qəbahət var? Rəssam əsl mənada rəssamdırsa, o yolunu tapacaq, bəhanə axtarmaq düzgün deyil. Biri deyir ailə mənə mane olur işləməyə, o biri deyir emalatxanam yoxdur işləməyə. Mənim özümün 1985-ci ilə qədər emalatxanam olmayıb. Birinci sərgim isə 1973-cü ildə açılıb. İndi bir cavan rəssam deyəndə ki, emalatxanam yoxdur, işləyə bilmirəm, mən ona çox da ürəkdən inanmıram. Dünyanın hansı ölkəsində rəssamlara emalatxanalar verilir ki? Heç yerdə. O, sovet vaxtında olub, qurtarıb gedib.

soldan sağa: Gündüz Ağayev və Fərhad Yalquzaq
soldan sağa: Gündüz Ağayev və Fərhad Yalquzaq

Səadət A.

- İstərdim bir qədər 2011-ci ildə Aidə Mahmudova tərəfindən yaradılan “Yarat” müasir incəsənət birliyi haqda danışasınız. Bu təşkilatın rəssamlara nə isə dəstəyi varmı?

Fərhad Yalquzaq

- O təşkilatın nəzdində olan rəssamlara dəstəyi var, onlar xaricə gedirlər, sərgilər açırlar, əsərlərini satırlar, gəzirlər, amma ordan kənardakı rəssamlar üçün bir şey deyə bilmərəm.

Səadət A.

- İndi telefon xəttində “Yarat” incəsənət birliyi ilə əməkdaşlıq edən rəssam Çingiz Mehbalıyevdir. Çingiz bəy, belə bir fikir var ki, “Yarat”la hər rəssam işləyə bilməz, siz necə oldu “Yarat”la əməkdaşlıq etdiniz.

Çingiz Mehbalıyev

- Xeyr, belə bir şey yoxdur ki, kimsə “Yarat”la işləyə bilər, kimsə yox, onların öz saytları var, mən özüm e-maillə onlara müraciət etdim, “Yarat”ın bir layihəsində iştirak etdim. Yəni onlarla əməkdaşlıq tamamilə mümkündür. Düşünürəm ki, “Yarat” istənilən rəssamla əməkdaşlığa açıqdır, gərək sənin maraq doğuran ideyan olsun.

Gündüz A.

- “Yarat” təzə-təzə qurulanda onlarla əlaqə yaratdım, mənə dedilər ki, işlərinin eskizlərini göndər, mən göndərdim, qəbul olundu, işə başladım, amma işi bitirəndə qəbul olunmadı. Mənim bir işim unitaz qapağında portretlər idi, digəri də kətan üzərində abstrakt rəsmlər. O rəsmlərdə bəzi bayağı yazılar vardı, mənə dedilər ki, o yazıları poz, sərgiyə böyük adamlar gəlib baxacaq. Mən bunu qəbul etmədim və sərgidən kənarda qaldım. Sonra bunların söyüş kimi qəbul etdiyi iş Fransa səfirliyində sərgiləndi.

Çingiz Mehbalıyev

- Mənim əsərlərimi də redaktə etmək istəyiblər, tənqid ediblər, amma rəssam öz fikrinin üzərində durursa, bu onun uğurudur, mən bunu etmədiyim üçün hansısa təzyiqə məruz qalmamışam. Belə çıxır hər əsərin, öz yeri var. Siz öz yerinizə düşməmisiniz. Bəzən mən də, başqaları da öz rəsmlərinin yerini düzgün tapa bilmirik.

Gündüz A.

- Çingiz bəy, axı müasir sənətdə belə bir şey yoxdur ki, bu əsər filan yerə uyğundur, o birinə uyğun deyil. Bizdə bircə təşkilat var o da “Yarat”dır, başqa təşkilat yoxdur ki, gedib ora müraciət edim...

Debatı tam izlə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG