Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:27

Lənkəranın da «Qəribə oğlan»ı olacaq [Video]


Lənkəranın da “Qəribə oğlan”ı olacaq
Gözlə

No media source currently available

0:00 0:05:24 0:00

-

Lənkəran Dövlət Dram Teatrında «Qəribə oğlan»ın məşqləri gedir. İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə hazırlanan bu tamaşa teatrın səhnəyə qoyduğu sayca 250-ci əsər hesab olunur.

Teatrın direktoru Tofiq Heydərov əsas sifarişlərin dövlətdən gəldiyini deyir:

«Tamaşalar dövlət sifarişi ilə səhnələşdirilir, onları dövlət maliyyələşdirilir. Son tamaşalardan İtaliya dramaturqu Eduardu de Filipinin «Ruhlar əsəri» də məhz dövlət sifarişi əsasında səhnələşdirilib. İndi görkəmli dramaturq İlyas Əfəndiyevin bir əsrlik yubileyi ilə əlaqədar «Qəribə oğlan» komediyası üzərində çalışırıq. Bu əsər yaxın zamanlarda teatrsevərlərə təqdim olunacaq».

«İRAN SƏNƏTÇİLƏRİ İLƏ DANIŞIQLAR GEDİR»

Direktorun sözlərinə görə, Lənkəran Teatrının xarici ölkələrlə də yaradıcılıq əlaqələri var. İndi İran sənətçiləri ilə danışıqlar gedir. İlk tamaşa İran Astarasında baş tuta bilər.

Teatrın binası ikimərtəbəlidir. Alt mərtəbədə aktyor Əbülfəz Axundovla söhbətləşirik. O, yaradıcılıq planlarından və görülən işlərdən söz açır. Aktyor deyir ki, Lənkəran Teatrın xeyli daimi tamaşaçısı var və bu baxımdan elə bir problemləri yoxdur:

Əbülfəz Axundov
Əbülfəz Axundov

«Lənkəran camaatı teatrsevər camaatdır. Bizim xüsusi tamaşaçılarımız var. Bu, sevindirici haldır, çünki başqa teatrlardan soraq alanda, görürük ki, onların tamaşaçı problemləri var. İndiki dövrdə tamaşaçı məsələsi çox önəmlidir. Vacib problemlərimizdən biridir. Bizim bu sarıdan bəxtimiz gətirib».

«SƏNƏT ADAMININ TAM MADDİ TƏMİNATI NƏ VAXT OLUB Kİ?»

Sənətçinin sözlərinə görə, Lənkəran Teatrının tarixi ənənəsi var. sənət ocağı heç də paytaxt teatrlarından geri qalmır. Onun fikrincə, çətinliklərin heç biri gözlənilməz deyil:

«Əslinə baxsan, sənət, teatr yarandığı vaxtdan bəri sənət adamının tam maddi təminatı olmayıb. Onlar həmişə əzab-əziyyətdə olub, çətinliklərlə üz-üzə dayanıblar. Keçmiş sovet dönəmində teatrlara qayğı olub, bunu danmaq mümkün deyil. Belə qayğı olmasa, bəlkə teatrda işləməyə az adam taparsan. Bütövlükdə götürəndə problemlərlə iç-içə yaşamağa öyrəşmişik».

Əməkdar artist Təvəkkül Əliyev deyir ki, daha çox məktəblilərə ünvanlanan tamaşalar hazırlayırlar. Məsələn, «Məlikməmməd nağılı»nı yeni biçimdə diqqətə yetirəcəklər:

«MƏLİKMƏMMƏD»İN ADINI QOYMUŞUQ «3 QARDAŞ»

«Biz onun adını dəyişib qoymuşuq «3 qardaş». Demək olar, hər şey hazırdır. Mən 1973-cü ildən, yəni artıq 41 ildir ki, bu teatrda çalışıram. Mirzə İbrahimovun «Yaxşı adam» tamaşası ilə pərdəni ilk dəfə mən açmışam. Bu 41 ildə Şekspir, Şiller, Cəlil Məmmədquluzadə, Cavid, Cəfər Cabbarlı kimi dramaturqların qəhrəmanlarını oynamışam. Sözün əsl mənasında oynamışam. Tək narazılığım ondandır ki, bu yaşda, bu təcrübədə hələ də əməkdar artistəm. Kiminsə qapısını döyüb, yalvarmaq və ad dilənmək istəmədiyimdən...».

Onun fikrincə, Cəlil Məmmədquluzadənin əsərlərini səhnələşdirmək böyük peşəkarlıq tələb edir. Bu baxımdan əyalət teatrlarının peşəkar rejissorlara ehtiyacı var:

«ƏYALƏTƏ REJİSSORLAR GƏLMİRLƏR»

«Bizdə rejissor qıtlığıdır, rejissor yoxdur. Əyalətə rejissorlar gəlmirlər. Hamı Bakıda işləyib qalmaq istəyir, seriallara çəkilməyi arzulayır, populyarlıq umur. Daha bilmirlər ki, sənətkarı populyarlaşdıran ekran deyil, sənin yaradıcılığıdır, özünün talantındır».

Əməkdar aktyorun sözlərinə görə, tamaşaçılar daha çox faciə və komediya janrlarına meyllənirlər.

Aktyor azlığını aradan qaldırmaq üçün Lənkəran Teatrında «Ümid studiyası» açılıb. Bu studiyaya yerli həvəskarlar cəlb olunur.

«YAŞAMAQ ÜÇÜN HARDASA BİR OTAQLI MƏNZİL...»

Tərlan Abdullayev
Tərlan Abdullayev

Ali məktəbi bitirib yenicə sənət yaşamına başlayan gənc rejissor və aktyor Tərlan Abdullayev aktyor çatışmazlığının maddi durumdan qaynaqlandığını düşünür:

«Ev, kirayə, teatrın durumu, aktyorun maaşı bəlli məsələlərdir. Bunlar önəmli rol oynayır. Yaşamaq üçün hardasa bir otaqlı mənzil və bəlli şərait yaradılsa, əminəm ki, gənclər axışacaqlar rayon teatrlarına».

Elə bu sənət ocağının önündəcə Lənkəran sakinlərinə «Teatrda olmusunuzmu?», «Hansı tamaşaya baxmısınız?» sualları ilə üz tutduq və heç də birmənalı səslənməyən cavablar aldıq:

Lənkəranın teatr tarixi 1884-cü ildən başlanır

– Vaxtım olur ki?!

– «Lənkəran xanının vəziri», «Sezarın qətli» və bir çox başqa tamaşalara baxmışıq.

– Mən getmirəm, uşaqlarım gedir. Mən iş adamıyam.

Lənkəranda ilk dəfə 1850-ci ildə Qriboyedovun «Ağıldan bəla» əsərinin bir parçası səhnələşdirilsə də, teatrın tarixi 1884-cü ildən – Qoqolun «Evlənmə» əsərinin tamaşaya qoyulduğu vaxtdan götürülür.

XS
SM
MD
LG