Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

«Sonuncu fateh Nadir şah» [1-ci bölüm]


Cahangir Hüseyn Əfşar
Cahangir Hüseyn Əfşar

-

Gözlə

No media source currently available

0:00 0:29:28 0:00
Direct-ə keçid

«Nadir şahın şəxsiyyəti barədə müxtəlif dövrlərdə yanlış məlumatlar olduğundan, bu araşdırmaya başladım».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «Azərbaycan Nadir şah dövləti» kitabının müəllifi, özü də Əfşar tayfasından olan Cahangir Hüseyn Əfşar söylədi.

«TARİXİ ARAŞDIRMAYA EHTİYAC VARDI»

Onun sözlərinə görə, ilk əvvəl özünün xidməti və siyasi fəaliyyəti ilə bağlı kitabında bu məsələlərdən söz açıb:

«Orada da nəsil şəcərimizə aydınlıq gətirmişdim. Kitaba ön söz yazan tarixçi İlham Həsənov da vurğulamışdı ki, bu məsələdə bir tarixi araşdırmaya ehtiyac var. Və mən qərara gəldim ki, bu araşdırmanı aparım. Bir ildən artıq Türkiyədə yaşadım. İranda oldum. Moskva və Gürcüstan arxivlərində işlədim».

«MƏN TARİXİ-NADİR»İ YARIYACAN OXUMUŞAM...»

Cahangir Hüseyn Əfşar Nadir şahla bağlı əsas araşdırmaların fars dilində olduğunu bildirdi:

«Bu əsərlər dilimizə tərcümə olunmayıb. Mən öz kitabımda da vurğulamışam ki, Nadir barədə ilkin mənbələr Astrabadinin və Kazıminin əsərləridir. Onlar Nadir şahın salnaməçiləri olublar. Hərbi döyüşlərdə onun salnamələrini qələmə alıblar. Üzeyir bəyin Məşədi İbad obrazının səsləndirdiyi «Tarixi-Nadir» kitabının bir nüsxəsini də Masallıdan – bir axundun evindən tapdım. Ərkivan kəndində yaşayan Mir Həmid adlı axundun evində də oldum. Əsər təxminən 200 səhifədən ibarətdir. O komediyadan sonra el arasında söz gəzirdi ki, «Tarixi-Nadir» qısa bir əsərdir, amma elə deyilmiş... Formatı da böyükdür. Böyük şəkilləri var. Nadir şahın Hindistan döyüşünü, Dağıstan səfərini, eləcə də Osmanlı ilə savaşlarını əks etdirən mükəmməl bir əsərdir».

İRANDA NADİRLƏ BAĞLI MÜKƏMMƏL ƏSƏRLƏR VAR

Cahangir Əfşar İranda olarkən Nadir şahın Məşhəddəki məqbərəsinə də baş çəkib:

«Möhtəşəm bir məqbərə ilə üzləşdik. Orada Nadirin böyük büstü qoyulub. Üstündə də yazılıb ki, 1923-cü ildə İran ictimaiyyətinin təzyiqi ilə hazırlanıb. Nadirə sevgidən yaranıb o büst. Həmin büstü İtaliyanın Broni zavodunda Sadiqə adlı heykəltəraş bürüncdən töküb. Mavzoleydə onun əşyalarını da gördüm. Bir də vurğulayıram ki, Nadirin şəxsiyyəti ilə bağlı İranda mükəmməl əsərlər var».

«ADİ KƏNDLİ OĞLU NADİR...»

Cahangir Hüseynov İranı əsrlərlə türk hökmdarların idarə etdiyini bildirir:

«İranda fars dövləti VII əsrədək fəaliyyət göstərib, yəni ərəb xilafətinin yaranmasınadək İranda Sasani dövləti – fars dövləti olub. Lakin xəlifəlikdən sonra İranın bütün hökmdarları türkəsilli olublar. İran ərazisindəki bütün dövlətləri də türklər idarə ediblər. Səfəvilər 250 ilə qədər hakimiyyətdə olublar. XVIII əsrin əvvəllərində Səfəvilər süquta uğrayır. Əfqanlar o vaxt paytaxt İsfahanı işğal edir, İranın bütün şərqini ələ keçirirlər. Birinci Pyotr da bütün Xəzər dənizi sahillərini Rəştədək işğal edir. Osmanlı da Azərbaycanın qərbini tutur – Şamaxıyadək... Belə bir çətin vəziyyətdə adi kəndli oğlu Nadir tək başına qoşun toplayır. İlk növbədə Azərbaycana hücum edən özbəklərin qarşısını alır. II Təhmasib onu özünə baş komandan təyin edir. Baş komandan olandan sonra əfqanları qovur, İsfahanı, Məşhədi geri qaytarır.

Nadir şah
Nadir şah

II Təhmasib ruslarla və Türkiyə sultanı ilə çox biabırçı 2 müqavilə bağlayır. Bu müqaviləyə görə, torpaqların Rəştədək qərb bölümü rusların, şərq hissəsi – Şamaxıyadək, – osmanlıların olurdu...».

ALTIAYLIQ ŞAH VƏ NADİR

Cahangir Əfşar ulu babasının bu vəziyyətlə razılaşmadığını bildirir:

«1732-ci ildə Nadir ordu komandanı kimi Təhmasibi hakimiyyətdən uzaqlaşdırır. Onun 6 aylıq oğlunu şah elan edir, özünü də onun naibi, yəni qəyyumu. Hakimiyyət tamamilə Nadirin əlinə keçir. Nadir 4 ilə Səfəvi torpaqlarını geri alır. Rusları məcbur edir ki, iki ay müddətində Dərbənd və Bakını – bütün şərqi Azərbaycanı geri qaytarsınlar. Osmanlını Gəncədən, İrəvandan, hətta Anadolu ərazisindən geri çəkilməyə məcbur edir. O vaxt Bağdad türk sultanlığının tərkibində idi. Bağdadı geri alır. Əfqanları şərqdən təmizləyir və 1735-ci ilin dekabrında Muğana gəlir...».

MUĞANDA – SUQOVUŞANDA MÖHTƏŞƏM «ŞAH QURULTAYI»

Cahangir Əfşar şahlıq taxt-tacının həll edildiyi mühüm bir tədbirin Məşhəddə, İsfahanda deyil, Muğanda, Azərbaycanda keçirilməsinə də diqqət çəkir:

«Bu, Cənubi Qafqazın birdəfəlik geri qaytarılması, Qərbi Azərbaycanın Osmanlılardan təmizlənməsi, Rusiyanın Şərqi Azərbaycandan çıxarılması, Dağıstanın itaət altına alınması və özünün Azərbaycan türklərinə məxsusluğunu nümayiş etdirmək demək idi. Suqovuşanda 12 min çadır qurulur. Nadirin çadırı məxsusi Qəzvində hazırlanır. 12 imamın simvolu olan 12 dirək həmin çadırı başqalarından fərqləndirirdi. Çadırın uzunluğu 50 metr, eni 15 metr idi. İçərisi qiymətli daş-qaşlarla, qızıl-gümüşlə bəzədilmişdi. Nadir 100 min dəst xələt, 12 min zərlərlə və qiymətli daşlarla bəzədilmiş kəmərbəndlər hazırlatdırır. Qonaqlar üçün bahalı parçalar gətirtdirir. Həmin ərazidə hamamlar, bazarlar, məscidlər və s. saldırır...»

QURULTAYA 100 MİN NƏFƏR ÇAĞIRILIR

Verilişin bələdçisi bu qurultayda Nadirin Osmanlı ilə münasibətləri nizama salmaq və türk xalqlarını birləşdirmək niyyətlərinin olduğunu bildirir:

«Nadir göstəriş verir ki, bütün İrandan Muğana toplaşsınlar. O vaxt İran fars deyil, türk məmləkəti idi, hökmdarları da türk idi. Azərbaycan 4 bəylərbəyliyin biri sayılırdı. Tarixi qaynaqlarda göstərilir ki, indiki Sabirabad ərazisində baş tutan qurultaya 100 min adam dəvət olunur. Bunlardan 20 mini qonaqlar, 80 mini Nadirin qoşunları, ailəsi, qohum-əqrəbası və başqaları olur. İki ay sürən möhtəşəm qurultayda Nadir belə bir təklif verir ki, əgər məni şah görmək istəyirsinizsə, biz şiə məzhəbini sünni məzhəbi ilə birləşdirib məzhəb ayrılığına son qoymalıyıq. Əyanlar yığışıb razılaşırlar ki, Nadir şah olsun. Deyirlər ki, İranımızı siz xilas etmisiniz... Belə olan halda Nadir onlara təklif edir ki, onda biz sünni məzhəbinin bir qolu olan Cəfəriliyi qəbul edirik, çünki bu Osmanlılarla Səfəvilər arasında həmişə savaş doğurub. Salnaməçi Astrabadini İstanbula göndərirlər ki, Sultana çatdırsın ki, təklifimi qəbul edərsə, mən ərazimi Osmanlı ərazisi ilə birləşdirərəm. Təəssüf ki, o vaxt bu təklifi sünni üləmaları rədd edirlər...».

Nadir şahın 1739-cu ildə Hindistana yürüşü
Nadir şahın 1739-cu ildə Hindistana yürüşü

NADİRİN HİNDİSTAN SƏFƏRİ...

Cahangir Əfşar Nadirin 1739-cu ildə Hindistana yürüş edib oranı ələ keçirdiyini deyir:

«O, daha əvvəl əfqanların hücumunun qarşısını almaq üçün Hindistan şahı Məhəmmədə ultimatum göndərir ki, onları ərazinizdən təmizləyin, bizim sərhədləri pozurlar... Lakin Məhəmməd şah buna etinasız yanaşır. Nadir iki aya hazırlaşıb ora yürüş edir, Hindistanı ağır məğlubiyyətə uğradır, 150 min ordu ilə 500 minlik Hind ordusunu darmadağın edir. Hindistanın sərvətini dəvə və fillərlə İran ərazisinə daşıdır... Odur ki, İranın mədəniyyəti, səltənəti birmənalı Nadirin adı ilə bağlıdır».

NADİR İMPERİYASI...

Cahangir Əfşar bu döyüşdən sonra Nadirin Hindistanı öz ərazisinə qatdığını bildirir:

«Hindistanın qərb hissəsini – Pakistan, Əfqanıstan da o vaxt Hindistanın tərkibində idi, – öz imperiyasına birləşdirir. Oradan birbaşa Orta Asiyaya girir, axı Rusiya oranı tutmaq istəyirdi. Nadir Orta Asiyanı da öz imperiyasına qatır. 1743-cü ildə Dağıstana gedir. Osmanlılar məzhəb məsələsində fikirlərini dəyişmirlər. Belə olan halda, Nadir 300 minlik qoşunla Dağıstandan Azərbaycanın qərb hissəsinə girir, Lütfi paşanı böyük məğlubiyyətə uğradır və Osmanlılar 1744-cü ildə Nadirlə sülh müqaviləsi bağlamağa məcbur qalırlar».

NADİRƏ SUİ-QƏSD

Cahangir Əfşar 1747-ci ildə Nadir şaha sui-qəsd düzənləndiyini bildirir:

«Bundan əvvəl də –1743-cü ildə ona bir sui-qəsd olmuşdu. Həmin qəsdi bəziləri Nadirin böyük oğlu Rzaqulunun üstünə atırlar... Ancaq araşdırmalar göstərir ki, sui-qəsdçi Nadirin oğlu yox, qardaşıoğlu Əliqulu olub. Və Nadir öz oğlunun gözlərini çıxartdırır. Bu hadisə Nadiri çox sarsıdır. Hətta əyanlarını o əmri yerinə yetirməyə mane olmadığına görə öldürtdürür. 1747-ci ildə Əliqulu növbəti böyük sui-qəsdini həyata keçirə bilir və iyunun 10-da Nadiri qətlə yetirir...».

NADİR 6 MİLYON KV.KM-LİK SƏLTƏNƏT YARATMIŞDI

Cahangir Əfşar bundan sonra faciələrin başlandığını deyir: «Nadirin dövründə Azərbaycan dövlətinin ərazisi 6 milyon kv.km-ə çatdırılıb. Paytaxtı Məşhəd idi. Nadirdən sonra Azərbaycan 20-dən artıq xanlıqlara parçalandı və sonrakı taleyini də hamımız bilirik...».

«49 YOX, 149 DÖVLƏT YARATMIŞ XALQIQ!»

Cahangir Hüseyn Əfşar kitabın çıxma xəbərinə AzadlıqRadiosu saytı istifadəçilərinin reaksiyasına da münasibət bildirdi. O, xəbərdəki «biz 22 imperiya, 49 dövlət yaratmış bir xalqıq» fikrinə düzəliş etdi:

Nadir şah imperiyası
Nadir şah imperiyası

«49 yox, 149! Biz Azərbaycan tarixini bilmirik. Mən özüm nə qədər tarix maraqlısı olsam da, Azərbaycan dövlətinin tarixini XX əsrin əvvəllərinə bağlayırdım... Çünki bizim tariximiz tamamilə saxtalaşdırılıb, –həm fars şovinistləri, həm çar Rusiyası, həm də sovetlər saxtalaşdırıb. Elə bir illüziya, elə bir aldanış yaradıblar ki, guya işğal olunmuş Azərbaycan ərazisi İrandan – farslardan qoparılıb. Bu, tamamilə səhv fikirdir».

«KİTABI SATIŞ ÜÇÜN YOX, TARİXSEVƏRLƏR ÜÇÜN YAZDIM»

Verilişin bələdçisi bu kitabı yazarkən tarixçi alimlərlə təmasda olduğunu da deyir:

«Təəssüf ki, bizim alimlər də sovet tarix məktəbinin yetirmələridir... Mən sizin veriliş vasitəsilə alimlərimizə üz tuturam: Azərbaycanın orta əsrlər tarixini yenidən yazıb üzə çıxarsınlar. Onu da vurğulayım ki, mən bu kitabımı satış üçün yox, tarixsevərlər üçün yazmışam. Kim mənim saytıma girsə, kitabı orada oxuya bilər. Hətta kitabı istəsələr, aparıb özüm hədiyyə edərəm...».

İkibölümlü «Sonuncu Fateh – Nadir şah» dastanının gələn sayında:

– Nadirin qənimətləri indi hansı muzeylərdə qorunur?

– Nadir şah doğrudanmı, bir oxucumuzun yazdığı kimi, «Borçalını Gəncə xanının əlindən alıb Gürcüstana bağışlayıb»?

– Nadiri şah görmək istəməyən Gəncə xanının başına nələr gəldi?

– Nadir Qarabağdakı xristian məliklərə xüsusi status veribmi?

– «Nadir öldü, İran öldü» ifadəsi bir gerçəkdir, yoxsa yazıçı təxəyyülünün məhsuludur?

– Və nəhayət, Nadir şahla bağlı hansı məqamda verilişimizin bələdçisinin gözləri yaşardı?

Bu suallara gələn həftə – iyulun 13-də saat 23-də efirə gedəcək ikibölümlü «Sonuncu Fateh – Nadir şah» radiodastanının 2-ci bölümündə cavab aranacaq.

XS
SM
MD
LG