Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Bilderberg – Dünya qüdrətlilərinin məxfi görüşü


Arxiv fotosu: O zaman prezident olan Rusiyanın indiki Baş nazir Dmitry medevdev Kopenhagendə iqlim dəyişməsinə həsr olunan konfransda. 18 dekabr 2009
Arxiv fotosu: O zaman prezident olan Rusiyanın indiki Baş nazir Dmitry medevdev Kopenhagendə iqlim dəyişməsinə həsr olunan konfransda. 18 dekabr 2009
Mayın 29-da dünyanın ən qüdrətli bankirlərinin, siyasətçilərinin və biznesmenlərinin yarımməxfi Bilderberg konfransı işə başlayıb.

“Yarımməxfi” sözündəki “yarım” ona görədir ki, əslində hər il keçirilən bu tədbir haqqında mətbuat az-çox yazır. “Məxfi” ona görədir ki, hər halda bu konfransa medianı buraxmırlar.

Dünyanın ən varlı, ən nüfuzlu, ən qüdrətli adamlarının da şəxsi sirləri ola bilər, ya yox?

Ən varlı, ən nüfuzlu, ən qüdrətli adamlar israr edirlər ki, hər kəs kimi onların da şəxsi həyat toxunulmazlığı haqları var.

Təsadüfi deyil ki, Danimarkanın Kopenhagen şəhərində, “Marriott” otelində keçirilən builki konfransın gündəliyində “Şəxsi həyat toxunulmazlığı mövcuddurmu?” mövzusunda müzakirə də nəzərdə tutulub.
Bilderbergin tarixçəsindən

Kimin üçün olmasa da belə toxunulmazlıq hüququ Bilderberg qrupu yarandığı 1954-cü ildən bəri həmişə onun üzvləri üçün mövcud olub.

Qəzetlər yazır ki, jurnalistlər adətən bu konfransların keçirildiyi salonları dövrələyən hasarları heç vaxt aşa bilməyiblər.

“Bilderberg qrupu”, “Bilderberg konfransı” və ya “Bilderberg klubu” kimi tanınan bu təşkilatın əsasını sürgündə olan Polşa siyasətçisi Józef Retinger də daxil olmaqla bir neçə nəfərin təşəbbüsü qoyub.

Józef Retinger 1950-ci illərdə Avropada artmaqda olan anti-Amerika əhvalından narahat olduğunu deyərək Atlantizmi təbliğ edəcək qurumun yaradılması ideyasını Hollandiya şahzadəsi Bernhard-la bölüşüb.

Şahzadə Bernhard öz növbəsində Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı rəhbəri Walter Bedell Smith-lə əlaqə saxlayıb. Sonuncu isə bu məsələni prezident Eisenhower-un müşaviri Charles Douglas Jackson-a tapşırıb.

Nəticədə 1954-cü ilin 29-31 mayında Hollandiyanın Ostorbeek şəhərindəki Hotel de Bilderberg mehmanxanasında nüfuzlu bir konfrans ilk dəfə olaraq işə başlayıb.
Təsadüfi deyildir ki, bu il keçirilən 60-cı yubiley konfransının qonaqları arasında həmin şahzadə Bernhard-ın qızı şahzadə Beatrix də var.
Qüdrətlilər “sabiq” olmur

Şahzadə fəxri qonaqdır, bəs başqa, işgüzar qonaqlar konkret olaraq kimlərdir?
Məsələn, builki konfransın iştirakçılarından biri Keith Alexander-dir. O, dünən-srağagünədək ABŞ Milli Təhlükəsilik Agentliyinin (National Security Agency - NSA) rəhbəri idi. Alexander öz vəzifəsindən ABŞ kəşfiyyatının keçmiş agenti Edward Snowden-nin yaratdığı qalmaqalın qanqaraçılığı ilə ayrılıb.

Bilderberq konfranslarının ən özəl xüsusiyyətlərindən biri də budur ki, onun işində çox sayda “sabiqlər” iştirak edirlər.

Bu da izaholunandır. Pullu adamın, Kissinger kimi ağıllı siyasətçilərin də indisi-keçmişi olurmu?

Lakin iştirakçıların arasında çox sayda “indikilər” də var.
Məxfi şəffaflıq

İnsafən deyilməlidir ki, Bilderberq konfransı son tədbirində məxfiliyini bir qədər azaldıb, şəffaflığını artırıb və tarixində ilk dəfə tədbirin gündəliyini və orada iştirak edən hökumət və dövlət başçıları, nəhəng şirkətlərin rəhbərləri və hərbi komandanların siyahısını açıqlayıb.

Britaniyanın maliyyə naziri George Osborne və hətta onun müxalifətin kölgə kabinetindəki həmkarı Ed Balls da bağlı qapılar arxasında keçirilən konfransda iştirak edirlər.

Müxalifət nümayəndəsi ona görə lazımdır ki, sabah hakimiyyətə gələndə “sən öl, xəbərimiz olmayıb” söhbəti olmasın.

İqtisadiyyat nəhənglərini isə hamı tanıyır. Belə bir tədbiri Shell, BP, Airbus, HSBC, Saab, AXA, Google və Linkedin-in icraçı direktorları olmadan təsəvvür etmək çətindir.
Onlar bu tədbirdə Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde-la çiyin-çiyinə iştirak edirlər.
Mİ6 və Facebook bir süfrədə

Lakin dünyanın ən qüdrətlilərini də nəzarətsiz buraxmaq olmaz və bu işə yəqin ki, konfransda həmin Keith Alexander və Britaniya hərbi kəşfiyyatı - Mİ6-nın rəhbəri John Sawers kimi superxəfiyyələr baxacaqlar. Britaniya mətbuatı yada salır ki, bu, 2009-cu ildə çimərlik paltarındakı şəkli Facebook-da peydə olmuş John Sawers-dir.

Görünür, elə bu incəliklərə görədir ki, builki Bilderberg iştiraklçılarının arasında sosial şəbəkə şirkətlərinin də rəhbərləri var.

Kopenhagen konfransının gündəliyindəki bəzi başqa məsələlər isə bunlardır: “Demokratiyanın gələcəyi və orta sinif tələsi”, “Yaxın Şərqin yeni arxitekturası”, “Ukrayna böhranı” və sair.

Bəzi müşahidəçilər ehtimal edirlər ki, bu konfransda demokratiyanın qlobal siyasətə güzəştə gedilməsi kimi incə məsələlər də müzakirə oluna bilər.
Bilderberg və Azərbaycan

Bilderbergə aid bir sıra mənbələrdən bəlli olur ki, Azərbaycanın da adı azı bir-iki dəfə bu klubun qulağı kar divarları arasında çəkilib.

Məsələn, 1999-cu ildə Portuqaliyanın Sintra şəhərində keçirilən konfransda Cənubi Qafqazda korrupsiyanın miqyası məsələsi müzakirə olunub.

Çıxışlardan birində qeyd olunub ki, Cənubi Qafqaz ölkələrində korrupsiya ilə mübarizəyə səmimi bir cəhd var, lakin hələlik yalnız Gürcüstan konkret nəticələr əldə edib.

Həmin çıxışda bu da qeyd olunur ki, “korrupsiya ilə mübarizə bir günün işi deyil. “Bu mübarizə adı çəkilən ölkələrin ənənələri əsasında qurulmalıdır və bu məsələdə onların üzərinə Qərb dəyərlərini yükləmək düzgün olmazdı” – deyilib həmin çıxışda.
Azərbaycansız Mərkəzi Asiya mənasızdır

Bilderbergin 2007-ci ildə İstanbulda keçirilən konfransında da Azərbaycan məsələsi gündəmə gəlib.

Konfransın mətbuata sızmiş sənədlərindən birində deyilir: “Bəşəriyyətin tarixi göstərir ki, Yer kürəsinə nəzarət Avrasiyanın ürəyinə nəzarətdən keçir. Xəzər hövzəsinin sərvətlərinə malik Azərbaycan və Mərkəzi Asiya burada mühüm məqamdır. ABŞ-ın perspektivindən baxıldıqda Azərbaycan Moskvanın tam tabeçiliyinə kerçərsə, Mərkəzi Asiya ölkələrinin müstəqilliyi tamamilə mənasız olacaq”.

Bilderbergə həsr olunmuş internet saytlarından birində isə bu qrup Dünya İqtisadi Forumu ilə müqayisə edilir.

Bu müqayisə ilə yanaşı bildirilir ki, Dünya İqtisadi Forumuna daxil bir sıra strateji strukturlar, həm də Bilderberg klubunun üzvləridir. Bunların arasında Azərbaycanı təmsil edən üç təşkilatın adları var: Azərbaycan Beynəlxalq Bankı, SOCAR dövlət neft şirkəti və Dövlət Neft Fondu.

Builki və ya bundan əvvəlki Bilderberg konfranslarından hər hansısında Azərbaycan nümayəndələrinin iştirak etdikləri barədə məlumat yoxdur.
Məxfilik zirehi hələ ki yerindədir

Britaniya mətbuatı yazır ki, şəffaflıq barədə deyilənlərə baxmayaraq, Bilderberg konfransı barədə suallar millət vəkillərini də narahat edir.

Məsələn, ötən il Bilderberg-in konfransı İngiltərədə kerçiriləndə leyborist millət vəkili Paul Flynn parlamentdə bir neçə sual səsləndirmişdi. O “The İndependent” qəzetinə müsahibəsində demişdi ki, “biz Bilderbergi təhlükə saymırıq, lakin orada gedən söhbətlərdən xəbərdar olmaq istəyirik. Məxfilik narahatlıq yaradır”.

Mətbuat xəbər verir ki, bu il də bir neçə jurnalist Bilderberg konfransının məxfilik zirehini dağıtmağa cəhd göstərib.

Lakin Kopenhagendəki Marriott otelinin həndəvərində Bilderberg iştirakçılarını “ovlamağa” çalışan üç jurnalistin özünü Danimarka polisi “ovlayıb”.

İngiltərəli müstəqil jurnalist Hannah Borno da elə həmin həmkarlarının güdazına gedib. Sən demə təhlükəsizlik xidmətindən kimsə, Borno-nu hadisədən bir gün əvvəl həbs edilmiş həmin jurnalistlərlə söhbət edən yerdə görüb.

Hannah Borno əri ilə birlikdə yaşadığı oteldən xaric edilib.

“The Guardian” yazır ki, Bilderberg qrupu daim bu konfranslardan konkret nəticələr hasil olmadığını elan edir.

“Elə isə Shell kimi neft nəhənglərinə rəhbərlik edənlərin konkret nəticəsi olmayan tədbirlərdə nə işi var?” - deyə sual edir qəzet.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG