Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:30

Qadınlar Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirib


Arxiv fotosu
Arxiv fotosu
.

“Azərqaz” İstehsalat Birliyində ixtisara düşən bir qrup qadın mayın 19-da Prezident Administrasiyasının önündə etiraz aksiyası keçirib. Bu haqda AzadlıqRadiosuna aksiyaçıların özləri məlumat veriblər.

Onlardan biri olan Sevil Cəfərovanın dediyinə görə, administrasiyada onları qəbul etsələr də problemlə bağlı "Azərqaz"a müraciət etməyi məsləhət görüblər. "Azərqaz"dan isə onlara bu problemi həll edə bilməyəcklərini deyiblər:

“Mən Nəsimi rayon Qaz İstismar Sahəsində xətt baxıcı ştatında çalışıram. Bu sahədə 35 il təcrübəm var. İndi deyirlər, bizə bu ştat lazım deyil. İdarəmizdə bu ştatda mənimlə bərabər 8 qadın çalışır.

Bizə mart ayında bizə xəbərdarlıq etmişdilər ki, istismar sahəsi ixtisara düşür, yeni qurum yaradılır, özünüzə başqa iş tapın. Biz də düşündük ki, yeni qurumda bizə də iş verərlər. Keçən həftə məlum oldu ki, yalnız çilingərləri yeni quruma qəbul edəcəklər. Bizə dedilər ərizənizi yazın, kompensasiya kimi 5 aylıq əməkhaqqınızı alın, çıxın işdən. Ona görə də biz hamımız yığışdıq getdik Prezident Administrasiyasına. Oradan da göndərdilər “Azəriqaz”a. "Azəriqaz"dan da deyirlər biz sizə iş verə bilmərik.”

Sevil Cəfərova deyir ki, "Azərqaz"da problemləri həll olunmadığından təkrar Prezident Administrasiyasına müraciət edəcəklər.

«Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Araz Ağayev bildirir ki, struktur dəyişikliyi ilə bağlı həmin qadınlara mart ayında xəbərdarlıq olunub:

“Onları mayın 19-da birliyin rəhbərliyi qəbul edib və lazımi izahat verilib. Biz 2 ay öncədən açıqlamışdıq ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələri yeni strukturla əvəzlənəcək. Həmin strukturda da xətt baxıcı ştatı yoxdur. Buna görə də həmin ştatda çalışan qadınlar ixtisara düşürlər. Onlara kompensasiya kimi əmək haqlarının 5 misli ödənəcək”.
XS
SM
MD
LG