Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

Taxtabitilər üçün ariya...


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


Jalə Əsgərova


TAXTABİTİLƏR ÜÇÜN ARİYA...

Və ya ”Günəşlə Sovrulanlar”


Bugünkü konsert də sona çatdı. Və fanatlarım yenə məni görməyə gəliblər.

Sevginin hüdudsuzluğundan üstümə elə atılırlar ki, elə bil insanı şəhvətə gətirən on üçüncü ətir növünü Patrik Züskindin parfumeri deyil, məhz mən hazırlamışam. Əvvəllər belə səhnələrdən yaxa qurtarmaq üçün olmazın üsullar fikirləşirdim.

Gah çarpayımın altına soxulub özümə istinadgah qururmuş kimi büzüşürdüm, gah da kamerada o tərəf-bu tərəfə gəzinib onları qovurmuş kimi sürətlə əl-qol atırdım. İndi isə vəziyyət başqa cürdür; biz artıq dostlaşmışıq. Nəinki onları yaxınıma buraxıram, hətta dərimin altına belə soxulmağa imkan verirəm.Taxtabitilərin qanımı sorduğunda o nahiyəni qan süzənədək qaşıyıram. Və səhər növbətçinin bədənimin qanı qarışmış mələfəni necə hirs və əsəb içində dəyişməsinə tamaşa edirəm. Amma bu, həftələrlə dəyişilməyə, üfunət qoxanadək mənimlə yata bilər. Elə hallar da olur ki, bu əməlimə görə qəddar növbətçilər tərəfindən suyum çıxanadək döyülürəm. Təkadamlıq kamerada gün keçirmək daha dözülməzdir. Xüsusən də taleyinə qaradərili doğulmaq yazılanlara. Nə yaxşı ki, bu mənada bəxt üzümə gülüb.

Məhkəmə qərarı oxunduqdan sonra bu həbsxanaya gətirilənədək zalın çıxışında dayanmış həyat yoldaşım Uitninin təpədən dırnağa nifrət, kin, qəzəb əks etdirən tablosu göz divarlarıma yapışıb qalmışdı və o an üçün verilən cəzadan daha dəhşətli idi. Nəinki dövlət ittiamçılarını, oraya toplaşmış jurnalistləri (bu, qeyri-adi cinayət aktı kimi bütün ölkəyə yayılmışdı), hətta hadisə baş verən müddətdə mənimlə olan dostlarımı, öz əziz ailə üzvlərimi belə müqəssir olmadığıma, yalnız qızımı qorumaq istədiyimə inandıra bilməmişdim.

Uitni ilə beşillik nikahımızdan Laura adlı sarışın, mavi gözlü bir qızımız və Paulo adlı bir oğlumuz vardı. Onu ilk gördüyüm andan xoşbəxtliyə satılmışdım. Uitni ağır məhkəmə proseslərindən sonra yorğunluğuma qapı açan təbəssümüm, içdiyim qəhvəmə bol sevgi köpüyü çiləyən rəssamım, sinəmə töküldüyündə əllərimi dincəldən kürən saçlım, damarlarıma sevinc paylayan ürək döyüntüm idi... O mənim bütövlüyümü təmin edəcək, illərdir axtardığım yarı mələyim idi... Hələ Laura... ağıllı baxışların gizlətdiyi sirli gözəl... balaca şahzadəm... və Paulom... mənzilimizdəki köhnə nəfəslərə qarışan yeni sakinimiz... baxışlarının səmtini belə tanımayan aciz varlığım... Ailəm dünyada sahibləndiyim ən vazkeçilməz zənginliyimdi...`

Artıq ezamiyyət vərəqəsi əlimdə idi və şəhərin zəhlətökən hay-küyündən qorunmaq , kirli atmosferindən qurtulmaq, sakit bir məkanda- təbiət qoynunda istirahət etmək vaxtı çoxdan yetişmişdi. Ancaq oğlumuzun doğulmasından cəmi bir ay keçdiyindən Uitni evi tərk etmək istəmirdi. Həm uşağın körpə olduğundan virusa yoluxacağından qorxur, həm də öz səhhətinin düzəlməsi üçün yalnız evdə rahatlıq tapacağını düşünürdü. Düzü, mən də hara gedəcəyimizə hələ tam qərar verməmişdim. Bir səhər dostum Lorensin Svan leykdə, göl kənarında kottec kirayələyib dincəlmək təklifini göydən düşmüş sümük kimi qapdım. Fəqət nə qədər çalışdımsa, Uitnini yola gətirmək mümkün olmadı. Amma nə əcəbsə qızımın mənimlə getməsinə etiraz etmədi. Hətta yarım aylıq istirahət üçün hazırladığımız çamadanları yığmağa belə bizə kömək etdi. Kəndə gecə çatdıq. Laura maşındaca qollarım üstündə yuxulamışdı. Onu ehmalca çarpayıya uzadıb siqaret çəkmək üçün həyətə tələsdim. Doğrudan da, göl kənarındakı bu ev əsl rahatlıq məkanı idi. Hələ ayın gülümsədiyi göl, gölün qucaq açdığı ağacların əksi... İstirahətin ilk üç günü əla keçdi. Bir tək Lauranın gölə yaxınlaşmasından və ora düşəcəyindən qorxurdum. O, dostum Lorensin qızları ilə vaxtını gözəl keçirirdi. Hər gün anası ilə telefonla danışır, gündəlik etdikləri barədə ona hesabat verirdi. Mən də Uitninin bura gəlməməkdə peşmanlıq çəkdiyini hiss etmişdim. Dördüncü gün onların ardınca maşın göndərdim və gəlmələrini xahiş etdim. Dəstəkdə bu sözləri dediyim an Uitninin sevinc dolu minnətdarlığını eşidilən hənirtisindən duyurdum. Onlar buraya sabah tezdən çatacaqdılar.

Lorens qonaqlıqları xüsusilə sevdiyindən bu gün axşam qonşu bağda dincələnləri də bizə piknikə çağırmışdı. Həyətdə geniş süfrə açılmışdı. Qızlar yazın gəlişini xəbər verən qaranquşlar kimi ətrafda o tərəf-bu tərəfə qaçışırdılar. Lauranı bu günə qədər belə sevincli görməmişdim. Hər atılıb düşdüyündə tərpənən saçlarına taxılmış kəpənək formalı broş ən ətirli çiçəkdən şirə çəkən arını xatırladırdı. Bu mənzərədən aldığım zövqü kürəyimə toxunub məni irəli itələyən zərbə yarımçıq kəsdi:

- Gəl, mənə kömək elə, zirzəmidən şərab çıxaraq.

Lorenslə yaşıl otların əhatələdiyi cığırla kottecin mavi rənglənmiş kiçik qapısına yaxınlaşdıq. Buralar rütubət olduğundan pillələr mamırlamışdı. Ayaqlarımızın yaşıl selikdə sürüşməsindən özümüzü güclə saxlayırdıq. Pillələrdə kəndir üstündə gəzən oyunbazlar kimi hərəkət edirdik. Amma zirzəminin içinə daxil olduqda buradakı səliqə-sahman həmin pilləkənlərin bu məkana yamaq olması fikrini yaradırdı. Divardan yığılmış şkaflara qoyulmuş şərab butulkaları podiumu bəzəyən modellər kimi dimdik düzülmüşdülər. Lorens özünü saxlaya bilmədi. Elə ordaca Rusiya istehsalı olan konyakı açıb başına çəkdi. Sonra butulkanı mənə tərəf uzadıb başı ilə işarə etdi.

Yayın istisi susuzluğumu artırdığından vaxtı fövtə vermədən butulkanı dodaqlarıma yapışdırdım. Bu təmasın yaratdığı ahəng ətrafa məzəli səslənmə daşıyırdı: qurt... qurt... qurt... Başım dumanlanırdı. Qəfil Lauranın nazik cingiltili səsi qulağımı qurdaladı:

- Əl çək bizdən! Əl çək! Çəkil evinə!... Gözlərimə baxma!... Saçlarımı tərlətmə!... İmkan ver oynayım!...

Qızımı kimin narahat etdiyini öyrənmək üçün həyətə tələsdim. Laura bu sözləri qışqıra-qışqıra günəşi daşlayırdı. Bir anlıq bacım gözlərim önündə canlandı. Gördüklərim fikir kəndirimi uşaqlıq illərimə dartıb uzatdı. Qızmar gün idi. Bacımla həyətdə oynayırdıq. Balaca yumaq kimi bardaş qurub yelləncəkdə oturar və saatlarla onu yırğalamağımdan zövq alardı. Amma bu gün nədənsə narahat görünürdü. Gözlərini tez-tez qıyıb səmaya baxır və dodaqlarının altında nəsə mızıldayırdı. Özünün hərarətli baxışlarını bizdən çəkməyən günəş iti quş kimi üstümüzə şığıyırdı. Bürküdən alnımda düyünlənib üzümə diyirlənən tər damcıları bacımın səbr kasasını daşdırdı. “Dayan!” qışqıraraq əliylə işarə etdi. Toppuş ayaqlarını torpağın üstünə atıb yelləncəkdən sıçradı və həyətdəki xırda daşları ətəyinə yığmağa başladı. Bir az sonra onları günəşə doğru vızıldadır və küçədə oynayan oğlan uşaqlarından eşitdiyi söyüşləri üzüyuxarı var gücü ilə qışqırırdı. Bu biədəb sözlərin ətrafda eşidilməməsi üçün əlimi onun ağzına tutdum və sakitləşdirməyə çalışdım. Bayaqdan mətbəx pəncərəsindən bizi seyr edən anam ucadan səsləndi:

- Uşaqlar, nahar hazırdır... içəri keçin...

Nahar zamanı belə bacımın üzündəki acıqlı ifadə hələ də qalmaqdaydı. Hətta ara-sıra öz-özünə nəsə deyib donquldanırdı. Axşama yaxın günəş qürub edəndə qızarmış buludlara, göyün üzündə əmələ gəlmiş burulğana bənzər qara tüstüyə tamaşa edirdim. Qəfildən anam cikkə çəkib inildədi:

- Con! Cəld soyuq su gətir... tez... tərpən... bir də mələfə... Keyt qızdırmadan yanır...
İçəridə Keyt süst, hərəkətsiz halda çarpayıya uzanmışdı. Zavallı anam əlləri əsə-əsə mələfənin suyunu sıxıb yenidən bacımın alnına qoyurdu. Keytin vəziyyəti isə yüngülləşmək əvəzinə daha da pisləşirdi. Hərarətdən pörtmüş üzündəki bir cüt mavi gözləri açmağa belə taqəti yox idi. Anam sübhədək evdə vurnuxub yaşlılardan eşitdiyi bütün türkəçarələri etdi. O məni oyadanda artıq hava işıqlanırdı. Evimizdə qonşu qadınların səsi eşidilirdi. Anam gözlərinin şişkinliyini məndən gizlədirmiş kimi üzünü pəncərəmdən görünən kənd kilsəsinə tutub dedi:

- Con... mənim ağıllı oğlum... indi sən rahibə Annanın yanına getməlisən... bu günlük orda qal... biz Keyti şəhərə xəstəxanaya aparırıq...

Bu kəlmələrin ardınca partlayan hönkürtü məni anamın qucağına atdı.
Üç gün kilsədə qaldıqdan sonra evə qayıtdım. Bu köhnə daxmamızı ağuşuna almış kədər, kədərin gətirdiyi sükut anamın simasına qonub ordaca donmuşdu. Pilləkənlərdə onun yanında əyləşib soruşdum:

- Bəs Keyt?

Sualıma aldığım cavab bu günə kimi qulaqlarımda dolaşır: “Günəş bacını əritdi və uddu”.

Bir neçə ay sonra anamı da itirdim. İllər sonra həyatımda yaşanan əzabverici boşluğu Uitninin qayğısı sağaldırdı. Və qızımın doğulması. Lauranın dünyaya gəlişi ilə elə bil Tanrı bacımı mənə geri vermişdi. Amma indi onu da günəşə təslim edə bilməzdim. Artıq bütün hüceyrələrimdə ayaqlarını sallayıb rahatlıq tapan konyak baş qaldırmış həyəcanıma bir az da emosiya hədiyyə etdi. İri addımlarla Lauraya yaxınlaşıb onu sinəmə sıxdım və evə tərəf götürüldüm. İlk gözümə dəyən yataq otağındakı qarderob oldu. Lauranı ora qoyub qapılarını bağladım və əlimə keçən nə vardısa, qapının ağzına qalaqladım. Hətta öz çarpayımı belə oraya çəkdim. Məqsədim Lauranı günəşin ona toxunacaq bir qətrə şüasından belə qorumaq, gün batanadək gözləmək, sonra qızımı oradan çıxarmaq idi. Bayıra çıxdığımda qonşu qonaqlar artıq gəlmiş və hətta stolda öz yerlərini tutmuşdular da. Barbekyu, göldən tutulmuş balıq, bifşteks və Lorensin yoldaşının hazırladığı dadlı tərəvəz salatları iştahamı bu piknikdən ləzzət almağa çağırırdı. Hələ içkilər və qrammofonda səslənən Elvis Presli... O yadımdadır ki, məclis qurtaranda ay da başını yerə qoymuşdu.

Necə yuxuya getdiyim də yadıma gəlmir.

Günəşin şüaları göz qapaqlarımı qıdıqlayanda həyətdə dayanan avtomobilin səsi qulaqlarıma soxulurdu. Körpə çağanın qışqırtısı Paulonun buraya pənah gətirdiyini söyləyirdi. Laura üçün sürpriz vaxtı yetişmişdi. Onu oyandırmaq üçün qalxdım. Kürəyimi kottecin döşəməsindən güclə qaldırdım. Elə bil sümüklərim qırılıncayadək məni əzişdirmişdilər.Uitninin gülüşü onu pilləkanlarda müşayiət edirdi. Onun nazik dabanlı stilettosu hər addımında başıma döyəcləyirdi. Ağrılar artdıqca ruhuma batırılan iynələr keyimiş vücudumu ayıldırdı. Nəhayət, Uitninin silueti üzünə çəkilmiş xoşbəxt təbəssümlə birgə qarşımda peyda oldu. Əvvəl vəziyyəti analiz edirmiş kimi ətrafa göz gəzdirdi. Sonra anlayışlı davranıb niyə məhz terrasın döşəməsində gecələdiyimi özü üçün yəqinləşdirdi. Qucağında ətrafdakı hər şeydən mühafizə edirmiş kimi saxladığı körpəsilə birgə daha da füsunkar görünən bu siluet dodaqlarına çəkilmiş bayaqkı təbəssümü qəhqəhəyə təslim etdi. Düzü, onun qarşısında belə gülünc vəziyyətdə görünmək bir az qüruruma toxundu. Pərt olduğumu ört-basdır etmək üçün bu qəhqəhədə ona kompanyonluq etdim. Səsimizə Lorens və xanımı gecəni keçirdikləri mansarddan düşüb gəldilər. Görüşdükdən sonra Uitninin ilk sözləri bu oldu:

- Bir az yavaş danışaq... görünür, dünənki piknikdə uşaqlar da çox yorulub... qoy səsimiz onlara mane olmasın... istədikləri qədər yatıb dincəlsinlər...

Nədənsə Uitni Lauranı görməyə tələsmədi. Ancaq onun söylədiyi “uşaqlar” kəlməsi ildırım kimi ruhumu parçaladı. Beynimdən qopan fikir yaddaşımı təmizləməyə başladı... Özümdən asılı olmadan qırıq-qırıq kəkələməyə başladım...

- Günəş... daaaş.. .bacımmm... Laura... şkaf...

Və bağırtımın daha neçə bağ o tərəfdə eşidildiyini bilmədim...

Yavaş- yavaş hər şey anlaşılırdı: yataq otağımda ətrafa pərən-pərən dağıdılmış mebel əşyaları... qollarım arasında gözlərini bağlayıb əbədi yuxuya getmiş qızcığazım... İndi o, Kukla teatrında izlədiyi nağıl personajlarından ən çox sevdiyi Yatmış gözələ bənzəyirdi... onu xilas edə biləcək div isə səhnəyə gəlməyə gecikmişdi.

Uzun illər başqalarının hüquqlarını müdafiə etdiyim halda indi özüm müttəhim kürsüsündə müdafiəsiz əyləşməkdəydim. Məhkəmə zalında bir-bir dindirilən amansız şahidlər- doğmalarım... Lorens və ailəsi Lauranı içəri apardığımda onu yatırıb qayıtdığımı zənn etmişlər. Qızlar isə sonradan Lauranın yoxluğunu dedikdə içkili adamların gülünc cavabları ilə qarşılaşmışdılar. Uitni çıxışının sonunda mənimçün ən ağır cəzanı istədi. Bütün məhkəmə boyu susub sonda azadlığımla bu kəlmələri söyləyərək vidalaşdım: ”Mən qızımı Günəşin qisasından qorumaq istədim”...

“Paul Ualker! Stefan Davidson! Eddi Braun!...”və daha kimlər... hər həftə eyni adlar... həbsxana nəzarətçisi məhkumların ziyarət saatlarında qışqırır... düz dörd ildir ki, ancaq bu adlar eşidilir... mənim adımsa hələ səkkiz il daha çəkilməyəcək... təkadamlıq kamerada hələ səkkiz il daha sürünəcəyimə görə taxtabitilərimə minnətdaram... görünür, onlar üçün oxuduğum ariyalar Uitniyə yaratdığım sevgi nağıllarından daha təsirliymiş...

- Con Blək! Con Blək!

Nəzarətçinin bir girvənkə açarı qapı qıfılına soxulub koridor havasını içəri itələyir...

- Con Blək, sizin üçün gələn var.

- Kiiiiim???? Tanrım mərhəmətini göndərib?

- Sənin kimi dustağa Allah mərhəməti də kömək etməz! Dur, cəhənnəm ol!

- Mənim taxtabitilərimdəm başqa bir kimsəm yoxdur! Əl çəkin! İstəmirəm! Heç kimi görmək istəmirəm! Mən yalnız dostlarım üçün yaşayıram və onlar üçün oxuyacam !

- Bunu ruhi dispanserdə aydınlaşdırarsan, əbləh!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG