Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:32

Hitlerin 40 saatlıq arvadı, Leninin minlərcə öpüşü...


Rusiya - Bolşevik lideri Vladimir Lenin və Nadezhda Krupskaya, 6 may, 1919
Rusiya - Bolşevik lideri Vladimir Lenin və Nadezhda Krupskaya, 6 may, 1919
-

Bunu eşidən Hitler Bormanın üstünə qışqırır: “Mən, olmayan yerdən böyük bir diviziya qururam, bir neçə xidmətçi tapmaq nə çətin işmiş belə!”.


Diana Dükre


RƏHBƏRLƏRİN QADINLARI

Leninin minlərcə öpüşü, Hitlerin gizli rəfiqəsi



Oktyabr çevrilişinin fəal iştirakçılarında biri, eyni zamanda bolşevik lideri Leninin rəfiqəsi kimi tanınan Inès Armandı-ın bu il 140 yaşı tamam olur.

Armand və onun Leninlə münasibətləri haqda bu gün artıq kifayət qədər məlumat var. Ancaq təkcə onunla bağlı faktlar deyil, siyasi liderlərin psixoloji portretləri də maraqlıdır. Məsəlçün görəsən, asketik həyat sürən Lenin, günü eşqbazlıqla keçən Mussolini, arvadından bərk qorxan Çauşesku və rəfiqəsi Yeva Brauna bəzənməyi, siqaret çəkməyi və otağından çıxmağı qadağan edən Hitler qadınlarla münasibətdə özlərini necə aparırdılar?

Sən demə, bütün fərqlərə baxmayaraq diktatorların qadınlara münasibətində ümumi oxşarlıqlar da varmış, bunu fransız tarixçisi Diana Dükrenin “Diktatorların qadınları” kitabından görmək olar.

Orda haqqında bəhs olunan diktatorlar qadınlarıyla da eynilə təbəələriylə davrandıqları kimi rəhmsiz davranırlar. Təsadüfi deyil ki, onların qadınları tez-tez depressiyaya düşür, ciddi psixoloji gərginlik keçirirlər, hətta intihara da əl atırlar. Misalçün Hitlerlə birlikdə onun Münhendəki evində yaşayan qohumu və eyni zamanda sevgilisi Angelika Raubal özünü güllələyir, Stalinin arvadı Nadejda Alliluyeva Kremldə özünü vurur.
İnessa Armand
İnessa Armand

Leninin sevgi üçbucağı


Diana Dükre yazır ki, Lenin eyni zamanda həm Krupskaya, həm də İnessa Armandla xoşbəxt bir münasibət yaşayırdı. Onlardan biri Leninə katibəlik edir, onun dəftərxana işlərini aparır, digəri onun əsərlərini fransız dilinə tərcümə edirdi.

1912-ci ildə Lenin İnessanı Rusiyaya çox mühüm, həm də təhlükəli bir səfərə göndərir, İnessanı orda dərhal həbs edirlər. Bütün bunlara baxmayaraq dünya proletariatının öndəri olan Lenin İnessa Armandı dərin bir sevgi ilə sevirdi. Bu, Leninin sevgilisi ilə ancaq son illər ortaya çıxmış məktublaşmalarından görünür. “Ah, səni minlərcə dəfə öpmək istərdim!..” – deyə Lenin yazırdı. İnessa isə cavabında: “Mən indi öpüşsüz də keçinə bilərəm, ancaq səni görmək, bəzənsə söhbət etmək mənə böyük sevinc bəxş edir” –yazırdı.

1917-ci ildə İnessa Lenin və Krupskaya ilə eyni vaqonda Rusiyaya gəlir. Leninin qanuni arvadı Krupskaya buna ancaq qısa bir müddət səbr edə bilir və axırda üsyan edir, onu seçim qarşısında qoyur: ya mən, ya o. Beləliklə sevgi üçbucağı dağılır. Bu İnessa üçün ölümcül zərbə olur. “Ayrıldıq, ayrıldıq, əzizim! Bu elə əzablıdır ki! ” – deyə İnessa Leninə yazırdı. Lenin İnessanı müalicə və istirahət üçün Qafqaza göndərir. Lakin istirahət baş tutmur, İnessa vəbaya tutularaq dünyasını dəyişir. Bu ölüm Leninə çox ağır təsir edir. Leninin sevgilisi üçün edə biləcəyi son şey İnessanı Kreml divarlarının yanında dəfn etmək olur.

40 saatlıq arvad

Diana Dükrenin kitabının digər qəhrəmanı Yeva Braun isə öz sədaqətinin əvəzini ölümü ilə ödəyir. Üçüncü Reyxin süqutuna qədər onun kimliyi çox az adama məlum olub. Hitler hər şeyini alman xalqına qurban verən “xalqın atası” imicinin zədələnməsindən ehtiyatlandığı üçün rəfiqəsinin olduğunu gizlədirdi. “Mənim ömür-gün yoldaşım Almaniyadır” – deyə o, çıxışlarının birində pafosla demişdi. – Mən alman xaqlı ilə nigahlıyam!”

Yeva Braun“fürerin” Oberzalsberq dağlarındakı iqamətgahında yaşayırdı. Yeva burda tək qaldığı günlərdə gözünün yaşını tökür, Hitler gələndən gələnə sevincindən yerə-göyə sığmırdı.Hitler gələndə ona qayğıyla şokolad və təzə meyvələr hədiyyə edirdi. Onlar ayrıca otaqlarda yatırdılar və belə deyilir ki, çox az-az bir-birinin otağına girirdilər. (ardı açağıda)
Adolf Hitler və Eva Braun
Adolf Hitler və Eva Braun

Diana Dükre qeyd edir ki, Yeva Braun nasist təbliğatının ucaltdığı qadın obrazına oxşamırdı. Doğrudur, o da sarışın, göy gözlü, gözəl əndamlı bir qadın idi, amma Yeva kosmetika və bahalı ətirlər üçün əldən-ayaqdan gedirdi, insanların söhbət mövzusu olmaq istəyirdi, Fransadan və İtaliyadan bahalı paltarlar, ayaqqabılar sifariş edirdi, siqaret çəkirdi (doğrudur, bunu çox gizli edirdi, çünki Hitlerin tənbəki qoxusuna dözümü yox idi)...

Dükre yazır ki, Yevanın siyasətdən xoşu gəlmirdi. Axşamlar “fürerin” yaxın ətrafı ilə oturub söhbətləşəndə, bəzən hərbi əməliyyatlar, tank birləşmələri, rezervlər vəs. haqda söhbət edərkən, o şıltaqcasına deyərdi: “Müharibə haqda bu günlük kifayətdir!” və əgər Hitler yaxşı əhvalda olsaydı, hər kəsi filmə baxmağa dəvət edərdi.

“Diktatorların qadınları” kitabının elə həmin bölümündə müharibənin qızğın vaxtında baş verən başqa bir hadisədən söhbət açılır. Belə ki, bir dəfə Yeva Braun “Berqhof” iqamətgahında xidmətçilər və aşpazların çatmadığını (onların sayı 30-a yaxın idi), daha on xidmətçi tapmaq lazım olduğunu bildirmiş, amma Hitlerin köməkçisi Borman ölkədə “total müharibə” getdiyini, bütün qadınların müharibə üçün zavodlarda, fabriklərdə, xəstəxanalarda işə təhkim olduğunu bildirərək bundan imtina etmişdi. Bunu eşidən Hitler Bormanın üstünə qışqırır: “Mən, olmayan yerdən böyük bir diviziya qururam, bir neçə xidmətçi tapmaq nə çətin işmiş belə!”. Əlbəttə bundan sonra xidmətçi tapılır.

Buna baxmayaraq Yeva Braun həmişə sevgilisi Hitlerdən çəkinirdi. Hitler onu hər kəsin qarşısında amansızcasına ələ sala, incidə bilərdi.

Adətən Hitlerin Alp dağlarındakı “Berqhof” iqamətgahında, prezidentlərin, nazirlərin, xarici diplomatların, hərbçilərin iştirakı ilə keçirilən ziyafətlərdə Yeva Brauna otağından çıxmaq qadağan edilərdi. O, beş ilə qədər, qana susamış diktatorun kölgəsində qalmışdı və həmişə bu münasibəti qanuniləşdirməyə can atırdı. Yevanın bu istəyi Hitlerin və “min illik tarixi olan Üçüncü Reyxin” sonu yaxınlaşanda gerçəkləşir. Yeva Braunla Hitler evliliklərindən qırx saat sonra, birlikdə intihar edirlər.

Namiq Hüseynli
XS
SM
MD
LG