Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:13

Məsumə Əhədovanın 20-liyə düşməyən şeirləri


Məsumə Əhəd
Məsumə Əhəd
-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Məsumə Əhədova


Təlaş

İçimdə qəribə bir hiss var -
qazda yeməyin altını söndürməyi unutmuş,
açarı elə qıfıldaca qoyub getmiş kimi.
Əsassız bir təlaş da ola bilər,
əmin deyiləm
heç nədən,
ən çox da özümdən.
Sanki özüm özümü uydurmuşam
və əslində yoxam,
yerdən göyə kimi təlaşdan ibarətəm.


***


Hər ehtimala qarşı deyirəm,
qayıdım bəlkə?
Ev yanıb kül olmadan,
oğrular evi boşaltmadan,
daha da tükənmədən,
yaralanmadan,
itirmədən nəbzimin son atışlarını
evimin istisinə,
çarpayımın yumşaqlığına,
anamın bətninə qayıdım bəlkə?
Әmin deyiləm
heç nədən.


***


Yanmış kartof qızartması,
buxarlanmış çaydanlıqdan tərləmiş pəncərə
bircə kəlmə yazıram üstündə-
TӘLAŞ!
Yad ayaqlar cırıldadır parketi…
“Düşünmə, - pıçıldayıram özümə,
düşünməməyə çalış,
düşünmədiyini
düşünməyə başlayacaqsan yavaş-yavaş…


Övladlıq

Övladlığa götür məni
Yenidən öyrət mənə
yaşamağı,
gəzməyi,
susmağı.
Bütün bildiklərimi,
əzbərlədiklərimi,
təcrübə kimi qazandıqlarımı
unutdur mənə.

***

Adımı dəyiş
daşıması asan,
çox düşündürməyən başqa bir ada.
Tarixdə iz qoymamış,
gələcək vəd etməyən,
ölkədəki hər on şəxsdən birinin daşıdığı
soyadını ver mənə.
Bezmişəm
tələffüz etməkdən
Eyni hərfləri
soldan sağa,
sağdan sola…

***


Sanki bir az da yorulmuşam özümdən,
sözümdən,
mənə məndən xatirə hər şeydən.
Qutu-qutu əşyalarım,
Şəhər-şəhər həyatlarım,
Qucaq-qucaq sevgilərim
yorub məni.
Bütün inandıqlarım-
doğrularım,
yanlışlarım,
keçdiyim yollar,
olmaq istədiyim insan
gözümdən düşüb.
Özüm özümə köhnə gəlir bir az da.

***

Bir otaq ayır evində -
Əşyası az olsun,
özü də bapbalaca-
içəri hava və günəş işığı buraxan pəncərə,
birnəfərlik çarpayı.
Qabları da yuyaram,
evi də yığaram
Təki yaşaması asan,
məsuliyyəti az
bir həyat ver mənə.

***

Sil yenidən yazmağa başla məni,
yeni bir sima bəxş et,
gülüşümə, baxışıma özündən bir şeylər qat,
Qurtarmadan öl.
Malın-mülkün mənə qalsın
Övladlığa götür məni.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG