Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Cavid nə üçün yazır?


Mətanət Vahid
Mətanət Vahid
-

"Cavid Zeynallı yetərincə nüfuz edə bilmədiyi şou biznes və onun iyrənc oyunlarından yazaraq, kütlə ədəbiyyatı yaratmaq niyyətində olub və sonuncu niyyəti baş tutub...

...Kitab çap olunar-olunmaz ətrafında süni qalmaqal yaradılması və s. belletristikanın kanonlarına pis əməl edimədiyindən xəbər verir.

Romanda tez-tez rast gəlinən canqurtaran təsadüflər oxucunun mətnin həqiqətlərinə inanmaq imkanlarını minimuma endirir.

“Leyla” və onun kimi romanlar ədəbiyyatda boşluqları doldurmaq üçün, yazmaq xatirinə yazılmış mətnlərdir..."



Mətanət Vahid bu məqaləsi ilə yazıçı Cavid Zeynallının "Leyla" adlı yeni romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur. Əsərdən parça


Mətanət Vahid


CAVİD NƏ ÜÇÜN YAZIR?


“Leyla” romanının fəsillərindən birində Corc Oruelin “Mən nə üçün yazıram” essesindən epiqraf verilir:

“Kitab yazmaq uzun çəkən iztirablı bir xəstəliklə çarpışmaq kimi dəhşətli, üzücü bir mübarizədir.”

Elə həmin essedən xatirimdə qalan bir məqam var. Böyük ingilis yazıçısı kitab yazmağının səbəblərini sadalayarkən birinci yerə eqoizmi qoyur: bunu yazarın hamıdan ağıllı görünmək istəyi, haqqında danışılmasını arzulaması, ölümündən sonra da yaxşı sözlərlə xatırlanması və s. ilə bağlayır. Qeyd edir ki, bu motivi inkar edən yazıçı riyakarlıq edir.

C.Oruelin bu fikrilə razılaşmamaq olmur. Xüsusən, son dönəmlərdə bir çox əsərləri oxuduqca istər-istəməz sual yaranır: Yazdıqlarımız doğrudanmı oxucu üçündür? Əgər biz hər yazı üçün ilk növbədə, alacağımız qonorarı, qazanacağımız hörmət-izzəti, başqaları tərəfindən veriləcək qədir-qiyməti düşünürüksə, bunun nəyi oxucu üçün, nəyi ədəbiyyat naminədir?

Hələ üstəlik, oxucuların boynuna böyük bir minnət də qoyuruq:

“Sizin üçün yazırıq, ədəbiyyat naminə yazırıq!”
Britaniya yazıçısı George Orwell
Britaniya yazıçısı George Orwell


Əslində isə özümüz, öz istəklərimizi təmin etmək üçün yazırıq, sadəcə bunu etiraf edəcək qədər cürətimiz yoxdur. Bu gün kim əlini ürəyinin üstünə qoyub deyə bilər ki, məhz mən yazmasaydım, Azərbaycan ədəbiyyatı məhv olardı?

Yəqin ki, barmaqla sayılacaq qədər az adam.

Sadəcə ədəbiyyat adına qaynayan bu qarışığa hərəmiz öz duzumuzu qatırıq: kimi bir çimdik qatıb onu dada gətirir, kimi bir ovuc qatıb, olanı da zay edir. Amma hər kəs bu qazana öz duzunu məhz “mən” deyə bilmək üçün qatır...

Cavid Zeynallının “Leyla”sı gün üzü görər-görməz haqqında yazılmağa başlandı: tərif də olundu, tənqid də. Bir şeyin fərqində oldum ki, bu romana yönəlmiş tənqidlərdə ehtiyatlılıq göstərilir. Çünki bizdə belə bir fikir var ki, müəllif istedadlı, savadlıdırsa, daha onun yazdığı heç bir mətni tənqid etmək olmaz; bu tənqidi fikirlər müəllifin şəxsinə hörmətsizlik kimi qəbul olunar. Lakin hər mətnin öz keyfiyyət göstəricilərinə görə dəyərləndirilməsi vacibdir və unutmaq olmaz ki, ədəbi tənqid müəllifə deyil, mətnə yönəlir.

Cavid Zeynallı yetərincə nüfuz edə bilmədiyi şou biznes və onun iyrənc oyunlarından yazaraq, kütlə ədəbiyyatı yaratmaq niyyətində olub və sonuncu niyyəti baş tutub. Müasir mədəniyyət üçün dominantlıq təşkil edilən vizuallıq cəhətdən kitabın üz qabığının cəlbedici olması, əsərin ikinci adının kütlə psixologiyasına hesablanması (insanlar, əsasən, qəm, kədər, ələm vəd edən mətnləri oxumağı sevirlər), kitab çap olunar-olunmaz ətrafında süni qalmaqal yaradılması və s. belletristikanın kanonlarına pis əməl edimədiyindən xəbər verir. Hələ kitabın arxasında yazılanlar oxucuya nələr, nələr vəd edir:

“Kriminal, tələbə qızların fahişəliyə sürüklənməsi, seks, gecə həyatı, acı sevgi hekayəti” və s.


Hər kəsin bütün iyrənc tərəflərini görüb bildiyi bu mühitlə bağlı Cavid Zeynallı fərqli nə deyə bilir? Marağında olan kimsə üçün o aləmdə sirr deyə bir şey qalmayıb artıq. Kimin kim olduğu göz qabağındadır: şou biznesin kabadayılarının da, zoluşkalarının da kim olduğu bəllidir. Üstəlik, romanın ikinci adı (“Taleyin üz çevirdiyi adamların hekayəti”) özünü doğrultmur.

Adamlar yanlış seçimlərinin, düşünmədən atılan məsuliyyətsiz addımların qurbanı olurlarsa, buna tale nə etsin?! Leylanı taleyin amansız qanunlarının qurbanı hesab etmək olarmı? Axı o, pul və şöhrət naminə ən pis yolu tutmuş, bunu şüurlu şəkildə etmiş biridir.

Oxucu onun halına acıyırmı? Qətiyyən yox.

Başına gələn faciələr nə qədər dəhşətli olsa da, (övladının və anasının öldürülməsi) bunlar onun əməllərinin məntiqi cavabıdır. Çünki heç bir pislik əvəzsiz qalmır; gec, ya tez cəzası çəkilir. Leylanın pula görə bədbəxt etdiyi qızların ahı yerdə qalmalıydımı? Yaxud şöhrət qazanmaqdan ötrü məhz şou biznesdə ad çıxarmış bir müğənni haqqında roman yazmaq həvəsinə düşən gənc jurnalistin ağrımayan başına yaylıq bağlamasında taleyin nə günahı?! Əksinə, tale onunla çox insaflı davranmırmı? Ən çətin məqamlarda, dalana dirənəndə tale oyunbazlıq edib onu vəziyyətdən çıxarmırmı?!

Roman içində roman strukturu ilə yazılan bu əsər, əslində, bir müğənninin taleyi haqqında deyil, yazarlıqla şöhrət qazanmaq, özündən söz etdirmək iddiasına düşən gənc jurnalistin məqsədi haqqındadır. Leylanın həyatı Rəcəbin yazdığı romanda əksini tapırsa, Cavidin romanında biz Leylanın deyil, Rəcəbin həyatını, yaşantılarını oxuyuruq.

Başqa yolla özünü təsdiqləyə bilməyən gənc qalmaqallı roman yazaraq şöhrət qazanmaq arzusuna düşür. Bunun üçün “müharibədə bütün vasitələr yaxşıdır” deyə, hər üsula əl atır. Rəcəbin “Leyla”sı ətrafında hay-küy yaradıb, müəllifinə müəyyən şöhrət qazandırmaqdan o yana bir məqsəd daşımır. Halbuki gənc jurnalist sözdə ədəbiyyat yanğısından bəhs edir:

“Bəs necə, səni işdən qovduran, sevgilindən ayrı salan, evini yağmalatdıran əslində ədəbiyyatdır, ədəbiyyat! Bu peşə kütləvi bədbəxtlik silahıdır, bunu biləsən!”

Amma bunları düşünən Rəcəbin roman yazmaq arzusunu ədəbiyyata xidmət etmək, oxucuya ciddi oxu nümunəsi təqdim etmək təşkil etmirdisə, bu düşüncələri özünü doğrultmur və kifayət qədər pafoslu səslənir.
Cavid Zeynallı
Cavid Zeynallı


“Leyla”nın əsas qüsurlarından biri bəzi məqamların qeyri-inandırıcı olmasıdır. Bəzi səhnələr o qədər tünd boyalarla təsvir olunur ki, oxucunun gözü qaralır. Sovet dövrü detektiv romanlarından çıxıb gələn Klara obrazının monstr kimi təqdim olunmasını hələ başa düşmək olardı, maestro Vüqarın isə şöhrətini itirməmək naminə, yaxud qorxudan öz övladını öldürməsi heç inandırıcı təsir bağışlamır. Romanda tez-tez rast gəlinən canqurtaran təsadüflər oxucunun mətnin həqiqətlərinə inanmaq imkanlarını minimuma endirir.

Rəcəbin pula həddindən artıq ehtiyacı olan məqamda küçədə bahalı brilyant qaşlı sırğa tapıb bütün lazımi ehtiyaclarını ödəməsi, hətta xeyriyyəçiliklə məşğul olması, Vüqar Leylanın evinə gələndə onun bir göz qırpımında kameranı açıb, divardan nə məqsədləsə asılmış əl boyda səbətin içinə telefonunu qoyaraq çəkiliş etməsi, Novxanı yolunda atılanda ev sahibəsinin də evdə müalicə alması, onun üçün gələn həkimin həm də Rəcəbi müalicə etməsi, Əsmərin xəstələnib birdən-birə onu bağışlamaq arzusuna düşməsi və s. kimi yerinə düşməyən təsadüflər mətnin mütaliəsini olduqca maraqsızlaşdırır.

Sanki özünə problem axtaran Rəcəbin bütün çətinliklərdən qurtuluşu var və xilası ona həmişə alicənab taleyi bəxş edir. Roman üçün lap nağıllardakı kimi xoşbəxt sonluq da təmin olunur: düşmənlər xar olur, Rəcəblə Leylanın adı təmizə çıxır, jurnalist yenidən işinə çağırılır, kitab gənc yazara şöhrət bəxş edir, ayrılmış sevgililər qovuşur. Vəssalam, bu nağılın yalnız göydən düşəcək 3 alması çatışmır.

Son vaxtlar bədii mətnlərdə müəlliflərin bu və ya digər dərəcədə məhz özünü yazması faktı diqqəti cəlb etməkdədir. Bu özünüifadəyə göstərilən səylərin isə nəticə etibarilə, ortaya ciddi ədəbiyyat nümunəsi çıxarmadığının şahidi oluruq. M.Y.Saltıkov-Şedrin deyirdi ki, hər bir belletristika nümunəsi müəllifin daxili aləmini heç də elmi traktatdan pis əks etdirmir. “Leyla” romanının qəhrəmanı da müəllifin özündən uzağa getmir, üstəlik, bir xeyli məqamda Rəcəb Cavidə çevrilir – yazar, jurnalist, yataqxana həyatının çətinlikləri ilə üz-üzə qalan rayonlu şəhər sakini və s.

Oxucu fərqli obrazla qarşılaşmaq həsrətilə əlinə aldığı kitabda yenə də yazmağın çətinliklərini, hətta “əzabını” dilə gətirən “cəfakeş” yazar obrazı ilə üz-üzə qalır. Son vaxtlar bəzi yazarlar əllərinə keçən hər imkanda yazmağı məhz əzab kimi təqdim etməyi özlərinə peşə ediblər: roman, hekayə, köşə yazısı – fərqi yoxdur, hər birində layiqli qiymətlərinin verilmədiyindən şikayətlənir, məhz ədəbiyyat naminə məhrumiyyətlərə dözdüklərini dilə gətirirlər.
Cavid Zeynallının ilk romanı
Cavid Zeynallının ilk romanı


Amma məncə, “Bu ədəbiyyat bizə nə verdi?” deyə şikayətlənəndə bir dəfə də özümüzə “Bəs mən ədəbiyyata nə qazandırmışam?” sualını verə bilməliyik. Doğrudanmı yazdıqlarımız bu gün cəmiyyətə lazımdır? Yazdıqlarımızla cəmiyyətin fikrinə təsir göstərə bilirikmi? Əgər bunu bacarırıqsa, onda nə cür təsir edirik? Əsas məsələ məhz budur.

Oxucu yazarın şikayətlərini oxuyub, onun göz yaşlarını silmək üçün yaylıq təklif etməli deyil. Yazdıqlarımız cəmiyyət həyatına olmasa belə, düşüncələrə təsir göstərmək gücünə malik olmalıdır. Əks təqdirdə yazmağa dəyməz.

“Leyla” romanı bu baxımdan oxucuya nə verir, ədəbiyyata nə qazandırır?” sualı ətrafında düşünəsi olsaq, deyə bilərik ki, onun ciddi ədəbiyyata aidiyyatı yoxdur və yeganə üstünlüyü əsərin dilidir.

Görünən budur ki, müəllif özünün dil imkanlarından arxayındır və bundan maksimum yararlanmağa çalışır. Lakin bəzən buna elə aludə olur ki, az qala hər personaj yazarın özü kimi danışır. Məsələn, Əsmərin Rəcəbə yazdığı sms-ə baxaq:

“Səndən ayrılmaq müharibədə qollarını itirən atanın oğul toyunda oynamaq istədyi qədər dəhşətlidir. Təkliyə dayana bilmərəm, dözə bilmərəm. Səninlə nəfəs-nəfəsə dayanıb gecələr otağımıza boylanan Aydan həya etmək, səhərlər pəncərəmizdə gülümsəyən Günəşi salamlamaq istəyirəm.”

Belə bir ismarıc ən yaxşı halda təbəssüm oyada bilər. Kim sevgilisinə belə mesaj yazır ki?! Belə nümunələr az sayda olsa da, var. Nəzərə alsaq ki, çağdaş romançılıqda dilimizin imkanlarından yararlana bilmədiyindən Azərbaycan dilini qüsurlu hesab edən, mətninin dilinin pintiliyinə, kasadlığına haqq qazandıran müəlliflər var, onda Cavidin romanı bu baxımdan onlar üçün yaxşı örnək ola bilər.

Və son olaraq: “Leyla” və onun kimi romanlar ədəbiyyatda boşluqları doldurmaq üçün, yazmaq xatirinə yazılmış mətnlərdir. Leyla Rəcəbin onun həyatından roman yazmaq arzusunu eşidəndə deyir: “Elə yaz, “Yad qızı”, “Təhminə və Zaur” kimi maraqlı olsun.” Rəcəbi bilmirəm, amma Cavid Zeynallı Leylanı arzusuna çatdıra bilib.


"Oxu zalı"nda bütün roman müzakirələri

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG