Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:49

Prokuror NİDA-çılara cəza tələb etdi


NİDA-çıların səssiz aksiyası
NİDA-çıların səssiz aksiyası
-

6,5 İLDƏN - 8,5 İLƏ QƏDƏR İŞ İSTƏNİLİR

Aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı NİDA Vətəndaş Hərəkatı üzvlərinin 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Zaur Qurbanlıya 8 il 6 ay, Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənova 8 il, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə 8 il, Məmməd Əzizova 8 il, Şahin Novruzluya 6 il 6 ay, Üzeyir Məmmədliyə 7 il 6 ay cəza verilməsini istəyib.

Prokurorun çıxışından sonra Rəşad Həsənov replika hüququndan istifadə etmək hüquqlarının olduğunu xatırladıb. Hakim buna icazə verməyib.

MÜDDƏTSİZ ACLIQ AKSİYASINA BAŞLANDI


Bundan sonra Rəşad Həsənov deyib ki, hakimiyyət öz səhvini etiraf etməyəcəyi üçün onları azad etməyəcək. Ona görə də bu gündən müddətsiz aclıq aksiyasına başladıqlarını bildiriblər:

«Azad olunana qədər aclığı davam etdirəcəyik».

Məhkəmə aprelin 22-də davam edəcək. Həmin gün vəkillər müdafiə çıxışlarına başlayacaq.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

NİDA-ÇILARA İŞ İSTƏNMƏSİNƏ REAKSİYALAR

ƏLİ KƏRİMLİ: «BU, REJİMİN QƏDDARLAŞDIĞINI GÖSTƏRİR»


Əli Kərimli
Əli Kərimli
«Çox təəssüf edirəm ki, Azərbaycan hökuməti özünün qabiliyyətli, əqidəli, vətənini sevən gəncləri ilə açıq savaş aparır. Həmin gənclər heç bir cinayət törətməyiblər. Hökumətin nəzərində onların yeganə cinayəti ölkədə ciddi demokratik dəyişiklikləri arzulamaları, bu məqsədlə öz həmyaşıdlarını ölkənin ictimai-siyasi həyatında fəal iştiraka cəlb etmələri olub».

Bunu AXCP sədri Əli Kərimli aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısının NİDA-çı gənclərə 6 ay yarımdan 8 il yarıma qədər cəza istəmələrinə münasibət bildirərkən deyib.
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

Əli Kərimli deyir ki, bu, Azərbaycan hökumətinin dünyada baş verənlərdən yanlış nəticə çıxardığının göstəricisidir: «Hər il dünyada xalq etirazlarının təzyiqi altına bir neçə avtoritar, diktatura rejimləri çökür. Hər dəfə sübut olunur ki, dünyada bütün xalqlar, millətlər demokratiya, azadlıq istəyirlər. Heç bir diktaturanın və avtoritar rejimin də perspektivi yoxdur. Azərbaycan hökuməti dünyada baş verənlərdən o nəticə çıxarmaq əvəzinə ki, onsuz da demokratik dəyişikliklər qarşısıalınmazdır, ölkədə dəyişikliklərin yolunu açmaq lazımdır, əksinə hər dəfə belə dəyişikliklərdən sonra belə qənaətə gəlirlər ki, daha da sərt rejim yaratmaq lazımdır. Başqa cür düşünənlər, müstəqil, azad düşüncə sahiblərinə qarşı repressiyalar daha da artırılmalıdır. Ona görə də xüsusən son 1 ildə Azərbaycanda həm həbslərin sayı artıb, həm də həbs olunanlara olduqca sərt, uzunmüddətli cəzalar verilir. Bu, rejimin qəddarlaşdığını, baş verənlərdən heç də nəticə çıxarmadığını göstərir. Onu göstərir ki, vətəndaşları ilə qarşıdurmaya getməkdə qərarlıdır».

M. QURBANLI: KİMİNSƏ SİYASİ FƏALİYYƏTİNİ QADAĞAN ETMİŞ OLSAYDIQ...
Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«Bizim cəmiyyət açıq, demokratik cəmiyyətdir. Biz əgər kiminsə siyasi fəaliyyətini, onun siyasi fikirlərini yaymasını qadağan etmiş olsaydıq, onda həmin siyasi partiyaların onlarla mətbu orqanı hər gün hakimiyyəti tənqid edən, özü də haqsız olaraq tənqid edən, bir sıra hallarda qərəzli şəkildə tənqid edən yazılarına imkan verməzdik. Bu gün Azərbaycanda hər kəs də öz siyasi mənsubiyyətini açıq şəkildə ifadə edə bilir. Ona görə də bu işi siyasiləşdirmək, məxsusi olaraq siyasətlə məşğul olan müxalifətə yönəlmiş bir hərəkət kimi qiymətləndirmək düzgün deyil. Burda məhkəmə istintaqı yalnız və yalnız Azərbaycanın hüquq prinsiplərinə, qanunlarına söykənir».
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

YAP icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, NİDA-çı gənclərin məhkəmə işinin siyasətlə heç bir əlaqəsi yoxdur: «Bir qayda olaraq müxalif dairələr bu və ya digər cinayət əməlləri baş verdikdə, onlar tərəfindən törədildikdə, mütləq bunu siyasiləşdirməyə çalışırlar. Bütün hallarda da bu tipli tezislərlə çıxış edirlər. Bu şəxslərin məhkəmə istintaqı açıq şəkildə keçirilib. Mətbuat, ekspertlər iştirak edib. Hər kəs dinləyə bilib. Bu məhkəmənin siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur».

NİDA-ÇILAR ACLIQ AKSİYASINA BAŞLAYIB

Aprelin 17-də NİDA Vətəndaş Hərəkatının üzvləri aclıq aksiyasına başlayıb.

Aclıq edən gənclərin bəyanatında deyilir ki, onlar keçən ilin martın 7-dən NİDA Vətəndaş Hərəkatına qarşı başlanmış repressiyalar nəticəsində həbsdədirlər.

«İbtidai istintaq zamanı bir neçə saatlıq dindirilməmiz və yumoristik məhkəmə tamaşası sübut etdi ki, biz siyasi sifarişlə, qanuni haqlarımızı həyata keçirdiyimizə görə həbsdə saxlanırıq. Məhkəmə prosesi zamanı vəsatətlərimizin əsassız olaraq rədd edilməsi, sübut sayıla bilməyən ifadələrin, əşyaların sübut hesab edilməsi göstərir ki, bizə qarşı ağır ittiham hökmü hazırlanır. Bu gün dövlət ittihamçısının 6 il 6 aydan 8 il 6 ayadək azadlıqdan məhrumetmə tələbi də bunun təsdiqidir. Siyasi ayrı-seçkiliyə və repressiyaya etiraz olaraq, azad edilməyimiz tələbi ilə bu gündən aclıq aksiyasına başlayırıq. Hakimiyyətə siyasi iradə nümayiş etdirərək bizi həbsdən buraxmağı təklif edirik. İradəli və möhkəmik. İnanırıq ki, azadlığımıza qovuşacağıq».

BİR GƏNC OLARAQ ONLARIN HƏBSDƏ YATMASINI İSTƏMƏZDİM...

Fərid Şahbazlı
Fərid Şahbazlı
«Bir gənc, gənclər təşkilatının rəhbəri olaraq heç kimin, o cümlədən də gənclərin həbsdə olmasını arzulamıram. Amma Azərbaycan qanunlarla idarə olunan ölkədir. Qanunlar qarşısında isə hamı bərabər olmalıdır. Məhkəmənin verəcəyi qərarla bağlı heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, Azərbaycanda hansısa bir siyasi partiyanın, ictimai təşkilatın üzvü olmaq kiməsə əlavə imtiyazlar tanımır. Onlara qanun qarşısında hansısa bir imtiyaz verə bilməz. Əminəm ki, məhkəmə NİDA-çıların işinə obyektiv baxacaq, qanun nəyi tələb edirsə, elə qərar verəcək».

Bunu iqtidaryönlü «İslahatçı Gənclər» Təşkilatının rəhbəri Fərid Şahbazlı deyib. O bildirib ki, o gənclərin siyasi partiyaların aləti olmasını istəmir:
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid

«Bir gənc olaraq mən istəməzdim ki, o gənclər bu gün həbsdə yatsınlar. Elə bizim çağırışımız da ondan ibarətdir ki, bu gənclər hansısa siyasi qüvvələrin planlarının iştirakçısı olmasınlar. Bir gənc kimi Azərbaycan dövlətinin inkişafına öz töhfələrini versinlər. Həm dövlətimizin, həm də özlərinin inkişafına çalışsınlar. Ancaq nə yazıq ki, bu günkü gənclər ayrı-ayrı siyasi qüvvələrin həyata keçirdiyi planların iştirakçısına çevrilirlər. Bəzən bu planların iştirakçısı olaraq hansısa qanunsuz əməllərə yol verirlər. Bunun nəticəsi olaraq proses bu günkü vəziyyətə gətirir».

VƏKİL: «BU, VİRTUAL, ABSURD BIR İTTİHAMDIR»

Fariz Namazlı
Fariz Namazlı
Vəkil Fariz Namazlı prokurorun çıxışını şərh edərkən bildirib ki, məhkəmə istintaqı müttəhimlərin günahını sübuta yetirməyib.

«Bu, siyasi prosesdir. Lakin prokuror heç olmasa Bəxtiyar Quliyev və İlkin Rüstəmzadənin üzərindən xuliqanlıq maddəsi üzrə ittihamı (Harlem Shake flaşmobu ilə bağlı) götürməlidir, çünki bunun heç saxta ittihamlara da aidiyyatı yoxdur».

Vəkil Elton Quliyev isə deyir ki, prokurorun çıxışı gözlənilən idi:

«Prokurorun dedikləri ilə məhkəmədə tədqiq olunan sübutlar, sənədlər qətiyyən uzlaşmır. Bizim yaşadığımız reallıqda prokurora ittiham nə şəkildə verilibsə, ondan kənara çıxmaq imkanı yoxdur. Bu cür çıxış gözlənilən idi. Qaldı ki, tələb olunan cəzalara, hüquq nəzəriyyəsində cəzanın, məsuliyyətin fərdiləşməsi prinsipi var. Hesab edirik ki, ittihamlar sübuta yetirilməyib. Bu, virtual, absurd bir ittihamdır. Amma hətta sübut edilmiş olsaydı belə bu cür cəzaların istənilməsi nə humanistlik, nə ədalətlilik, nə də ki, ümumiyyətlə qanunda cəzanın təsbit olunan məqsədlərinə uyğun deyildi».
Gözlə
Embed

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG