Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:28

Gürzədən sonra növbə indi mənimdi...


Həmid Herisçinin yeni romanından parça

-

Bəli, dəfələrlə sınanılıb - hər bakılı Allah rəhmətinə gedəndə, Abşeronda bir bağ da vəfat edir elə bil...

Qara keçinin südünü əmən nənəm, tez zamanda dirçəlir, başlayır keçi kimi ora-bura dırmaşmağa...



Yazıçı Həmid Herisçinin "Zero" nəşriyyatında çap edilmiş "Solaxay" adlı yeni romanından parça


Həmid Herisçi


SOLAXAY


Öz həyat təcrübəmi… yox, belə deyək, xatirələrimi qələmə alarkən, mən, qəfil dayandım, süküta daldım bir müddət…

Düşündüm, hardan başlayım öz uzun, nöqtəli-vergüllü söhbətimi, sağdan, yoxsa soldan?

Sağamı döndərim düşüncələrimin sükanını, yoxsa ki sola?

Qəribə gəlir bu sizə?

Hə…görünür qəribə gəlir…

Qəribə gəlməsin…

Mən solaxayam…Buna görə də soldan başlayıram yazmağa öz acı-şirin qeydlərimi…

Öz həyat yolumu…

Yaddaşınıza birdəfəlik həkk olunsun-indicə xatirələrim, sol əllə qələmə alınıb. Sol əl, sol ayağ, sol göz, qısası, sol hərəkət trayektoriyası isə tam başqa bənzərsiz, təkrarsız dünyaya dartıb aparacaq səni…

Özün düşün, sən bu əcaib səyahətə hazırsanmı heç?

Tərki-dünyalığım təkcə elə bu dünyayla kifəyətlənsəydi nə vardı ki? Mən, yadda saxla, həyatımın sağ tərəfindən də əl çəkmişəm. Təəccüblənmə, öz sağ qolumdan küsmüşəm.

Bu möcüzəli, bənzərsiz “sol” səyahətin ilk fəsli, əzəl mübtədası mənimçün üç-dörd il əvvəl başladı. Nənəm Zəhra xanımın-Allah ona rəhmət etsin!- uyuduğu qədim, vahiməli Pirşağı qəbirstanlığında növbəti dəfn mərasimindəydim. Qaralmış, mamır basmış məzar daşlarının sükunəti, tez bir zamanda bizlərə-mərhumun üzü qəmli yar-yoldaşına, ağlar qohumlarına da təsir etdi.

“Yasin” surəsinin səsi qulaqlarımızda səslənincə, kütlə artıq o qədim daşların ağır hokmü altındaydı. İlk baharın ilıq nəfəsindən, bəlkə də mollanın xoş avazından ilhamlanmış qurd quş havada bir-iki dövrə, dairə vurur, sonra mütləq gəlib bizim bədənimizə çırpılırdılar. Qəfil diksintidən sonra xəfif küləyin qoynunda uzaq ünvanlara doğru yol alıb gözdən itirdilər.

Qəbir çalasından qalxan nəm torpaq ətri burnuma vurdu, tanımadığım bir səs də qulaqlarıma:

-Dünəndən elə işlər tərs, bəd gəlir, axırı da bax bu. Seyid Ramin, qonşumuz, hörmətli-izzətli kişidi, ancaq dünən səhər, bilmirəm niyə, qəfildən möhkəm söyüş söydü… Ünvansız söydü, elə-belə…Mən onu heç indiyədək söyüş verən görməmişdim…

-Hə, o cür nəcib seyidin söyüş söyməyi, özü də qəfil, birdən-birə, bəli, ağır məsələdi. Qəribədi…

- Allah rəhmət etsin…

- Hələ də inanmıram ki…

Bəli, dəfələrlə sınanılıb-hər bakılı Allah rəhmətinə gedəndə, Abşeronda bir bağ da vəfat edir elə bil.

Dəfn mərasimlərinin bu cür ənənəvi söhbətləri, molla avazının fövqündə səslənən müxtəlif pıçıltılar, ah-uflar, qulağa danışan dil-dodaqlar tezliklə, hə, lap darıxdırdı eey məni…Hiss etdim ki, bu dar məqamda sol ayağım məndən tam xəbərsiz, icazəsiz hərəkətə keçdi, dartıb apardı məni məzarlığın lap qədim, ən qəliz, ot-alaq basmış hissəsinə. Qatma-qarışıq, pərakəndə məzar daşlarının içindən bu sol ayağım özünə necə, nə təhər cığır açıb yol gedirdi, bu, mənim üçün çox təəccüblüydü əvvəlcə… Hə, bəzən adamın özü deyil, məhz onun ayaqları bir də görürsən, qəfil hərəkətə keçdi, dartıb apardı səni taleyinə yazılmış bir görüş ünvanına… Burda, gərək çaşmayasan, diqqət edəsən ki, hansı?-sağ, yoxsamı sol ayağın düşüb irəli? Tale hökmünün hərəkətə gəldiyi belə nadir anlarda gərək nə qorxasan, nə çaşasan. Elə ayaqlarına da verəsən bütün ixtiyarını.

Diqqət edəsən hansı sirli ünvana, hörümçək toru basmış künc-bucağa dartıb gətirəcək bu dəfə səni öz sol ayağın?

Dəqiq desək-möcüzəli sol hərəkət istiqaməti…

Tezliklə pal-paltarım toz-torpağa bulaşdı, şalvarımın gen balağına tikan-qanqal başladı ilişməyə. Əl atdım üst-başımı çırpmağa, gördüm xeyri yoxdu. Bir an beləcə yerimdə dayanıb qaldım… Bu dar məqamda hara, hansı sirli ünvana doğru biixtiyar irəlilədiyimi yavaş-yavaş dərk etdim. Hə, məni özünə doğru çəkən laməkan cazibə qüvvəsi, 1983-cü ildə dünyasını dəyişmiş nənəmin dəbdəbəli daş məzarıydı.

Qəribə xanım idi rəhmətlik. Lap uşaqkən Şüvəlandakı əncirli-üzümlü, hovuzlu-quyulu bağlarında yelləncəkdən sinəsi ustə yıxılmış, ağır zədə almış, aşkar ölümdən geri qayıtmışdı. Türkəçarə kənd loğmanları o vaxt məsləhət görmüşdülər ki, bir qara keçinin əmcəyini əmsin o. Guya zədəli sinəsinin çarəsi yalnız bundaymış.

Keçinin əmcəyi, təmiz qalsın deyə, salınır ayrıca xüsusi torbaya, düyünlənir belinə. Verilir nənəmin ixtiyarına. Qara keçinin südünü əmən nənəm, tez zamanda dirçəlir, başlayır keçi kimi ora-bura dırmaşmağa. Kənd loğmanlarının digər gizli məlhəmləri də öz məxfi işini görür, nəticədə, nənəm çox əcaib istedad sahibinə çevrilir…

Həmin bu istedad, ay bərəkallah, görünür elə indi də dinc durmur-görürsən məni necə qəfil ovlayır, salır öz iti caynağına? Gətirir mübarək hüzuruna?

Hə, kənd məzarlıqlarında sehirli qüvvələr çoxdu. Biri də, özün görürsən- rəhmətlik nənəmin elə bax bu rahatsız, səyyar ruhu.

Sol ayağımın ixtiyarı, - kor kor, gör-gör!-, bəlkə də çoxdan bu cür narahat ruhların, tilsimlərin ixtiyarında, tabeçiliyindədir. Birinci dəfə deyil ki, o qəfil ixtiyarımdan tam çıxır, qəribə ünvanlara, görüşlərə aparır məni.

Adətən çox maraqlı, deyərdim ki, tale yüklü olur bu gürüşlər. Bu ecazkar, məcaralı səyahətlər. Eynən Sindibadın səfərləri kimi.

Hə, nəhayət gəlib yetişdim nənəmin məzarı üstünə…Bahar otlarının ətri başımı gicəlləndirir, ətrafımı saran dərin sükunət ruhumu oxşayır.

Şanapipik, taclı-papaqlı şahlıq quşu kimi, az qalır başıma qonsun. İlbizlər, addımlarım altında qalıb xırçıldayır.

Ancaq…

Ancaq sinədaşına elə ilk baxışım diksindirib sarsıdır məni. Şahidi olduğum vahiməli, təkrarsız mənzərə məni o günə salır ki, beş-on dəqiqə özümə gəlib qərar verə bilmirəm. Bir-iki dəfə dərindən udqunmağımın da xeyri olmur.

Nənəmin sinədaşı üzərində qəribə amanat var-nəhəng Bakı gürzəsi öz dərisini çıxarıb bu əziz ünvanda…

Tam hərəkətsiz, nəfəssiz qalıram bir müddət. Handan-hana ayılıb, həmin bu uzun ilan dərisini, bir başqa baxış bucağı altda diqqətlə gözdən keçirirəm. Yamanca incəlib, nazilib bu dəri. Xeyli şəffafdı. Sehirli, ovsunludur elə bil-bir müddət, vallah, qorxuram ona toxunmağa. Bir-iki uğursuz cəhd göstərir, əllərimi irəli atır, sonra tez də geri çəkirəm.

Sonra başa düşürəm ki, ancaq sol əlim bu sehrin tilsimini qıra bilər burda…

Saysız fikirlər ani ildırım sürətiylə beynimdə çaxır, lap axırda son qənaətə gətirir məni-“Hə, bunun görünür hərfi deyil, çox güclü rəmzi mənası var…köhnə həyatımız bitdi axır ki…dərisini çıxardı…indi gərək mənə verilmiş bu sirli mənzərəyə, lal suala düzgün cavab verəm…üstümə təzə dərinin gəlişi də görünür bu cavabımdan asılı olacaq”…

Hə…gürzədən sonra növbə indi mənimdi. Gərək mən də, belə deyək, köhnə dərimi çıxarım burda. Şərait də münasibdi, xəlvət yerdi, kimdi burda məni görən?

Daxilimdə başqa lal suallar, fikirlər də doğur…Onları day sizinlə bölüşmürəm…
Axırda dərk edirəm-hə, bu sol əlimin, sol ayağımın sirli işləri, cadulu əməlləridi…Gör hara dartıb gətirdilər məni. Taleyimin ana nüvəsinə…Burda gərək yaddaş dəftərçəmi yenidən vərəqləyim. Burda gərək həyatımın ən həlledici anını xatırlayım. Özüm də bilmədən, qəfil, bir sirli düyməyə yenə də sol əlimin barmaqlarını basım. Yaranmış uğultudan, hərəkətdən, titrəyişdən qəfil diksinim, bir iki addım geri çəkilim…

Görüm hardan başlayır söhbətə həyatımın gizli süjeti.

Varlığımda əbədi yuva qurmuş gizli, xəlvət sol hərəkət trayektoriyası…

Görüm burda…nənəmin hüzurunda, köhnə dərimdən çıxa bilirəmmi?

Köhnə Bakı bağlarının, məzarlıqlarının gürzə ilanları kimi…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG