Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:33

İmişlinin Çaxırlı və Xubyarlı kəndlərində örüş yerləri tutulur...


-

Kiçik Qafqazı aşındıran güclü sel axınları Araz çayının vaxtilə keçib getdiyi yerlərdə və onun qolları boyu düzənliklərdə çınqıl yataqları yaradıb. Geologiya İnstitutu hələ 1975-ci ildə İmişlinin keçmiş Kalinin adına kolxozunun ərazisinə daxil olan 117 hektar sahədə 20 milyon kub metr həcmində yataq aşkarlayıb.

Sovetlər dönəmində yatağın kiçik bir hissəsindən - 11,5 hektarından sənaye məqsədilə istifadə edilib. Ölkədə tikintilər vüsət alandan bəri bu yatağa maraq da artıb.

ARAN KƏNDLƏRİNİN ÜSTÜNÜ QARA TÜSTÜ BÜRÜYÜB

«Dəfinə axtaranlar» İmişlinin Çaxırlı və Xubyarlı kəndlərinin ərazisindəki kənd təsərrüfatı torpaqlarını qazıq-qazıq edib. Yerli sakinlər bildirir ki, buradakı karxanaların sayı 20-ni keçib. Bəzi müəssisələr yerin təkindən çıxarılan tikinti qumu və çınqıl xammalını elə buradaca emal edir. Ərazidə dəmir-beton, asfalt zavodları fəaliyyət göstərir.

Yatağın əhatə etdiyi əraziyə yaxınlaşdıqca daş «üyüdən» dəzgahların səsindən qulaq tutulur. Ağır tonnajlı yük maşınları torpaq yollarda toz qaldırır, asfalt zavodlarının bacasından havaya qalxan tüstü kəndlərin başı üstünə qara örtük çəkir.

XUBYARLI SAKİNLƏRİ RELSLƏRİN QARŞISINI KƏSİB

Məhsulların Bakı və digər şəhərlərə daşınması üçün əraziyə dəmir yolu çəkilib. İstehsal sahələri genişləndikcə bu yol da yaşayış məntəqələrinə yaxınlaşmaqdadır. Artıq relslər Xubyarlı kəndindəki örüş sahəsinə daxil olub. Bu məqsədlə sahənin bir hissəsi ot örtüyündən və ağaclardan təmizlənib. Amma sakinlər dirəniş göstərdiyindən, dəmir yolu xəttinin çəkilişi dayanıb. Ağır texnikalar və fəhlələr ərazidən kənarlaşdırılsa da, işin davam edəcəyi bildirilir.

KƏNDLİLƏR TORPAQSIZ, MAL-QARA ÖRÜŞSÜZ QALA BİLƏR

Kənd sakini Rafiq Məmmədov deyir ki, dövlət fondundan sonra bələdiyyə mülkiyyətində olan torpaqlara da əl qoyulub:

«Aqrar islahat aparılarkən əhalinin payına düşən torpağın bir hissəsi bələdiyyənin perspektiv inkişaf fondunda saxlanılmışdı. O yer çoxdan satılıb. 18 hektarlıq bu sahə isə mal-qaranın otarılması üçün əhalinin ümumi istifadəsindədir. Əlimizdə dövlət orqanlarının təsdiqlədiyi xəritə var. Amma dəmir yolu çəkilməyindən görünür ki, bura da satılıb. Bu gedişlə adamlar torpaqsız, mal-qara örüşsüz qala bilər. Kənddə yaşayanların pensiyadan başqa gəlir mənbəyi yoxdur, hamı torpaqdan dolanır. Örüş olmayandan sonra camaat heyvanı harada otaracaq? Qışın soyuğunda üşüsək də, buradakı yulğun ağaclarının bircəcəyini də qırmırıq. Bunlara toxunmaq olmaz – «Qırmızı kitab»a düşüb. Baxın, nə qədər ağacı məhv ediblər».

«BAXIN MƏN...»
Kənd sakini Ağahüseyn Mahmudov deyir ki, onlar şirkət təmsilçisindən bu işi görmək üçün sənədin olub-olmağını öyrənə bilməyiblər:

«Əyninə futbolka geyinmiş bir oğlan idi. Ondan torpağın istifadəsinə verilməyi barədə sənədini soruşduq. Şəxsiyyət vəsiqəsini göstərib dedi: -baxın, mən məlum regiondanam».

«DÖVLƏT BİZİ BAŞQA YERƏ KÖÇÜRSÜN»

Cahət Mahmudov əhalinin müdafiəsiz qaldığını deyir:

«Bura gələnlər əhali ilə qol gücü, hədə tonu ilə danışır. Görünür arxalarında hansısa nazir, vəzifəli, imkanlı şəxs dayanıb. Mübahisə yarananda icra nümayəndəsi ilə bələdiyyə sədri yaxın gəlmədi. Əgər bu torpaqdan istifadə etməyə, burada yaşamağa bizim haqqımız yoxdursa, dövlət bizi başqa yerə köçürsün».
Əhliman Vəliyev
Əhliman Vəliyev
Hər gün qoyunlarını bu yerdə otaran Əhliman Vəliyev deyir : «Məni güllə ilə vursalar da, torpağı verməyəcəyəm».

«ÖRÜŞ YERİ SATILMAYIB VƏ ORADA APARILAN İŞLƏR DAYANDIRILIB»

Məzrəli bələdiyyəsinin sədri Mirzağa Seyidov Xubyarlı kəndindəki örüş sahəsinin heç bir hüquqi və ya fiziki şəxsin istifadəsinə, icarəsinə, yaxud mülkiyyətinə verilmədiyini deyir:

«O torpaq həqiqətən əhalinin ümumi istifadəsindədir. Yerli bələdiyyə onun bir hissəsini icarəyə verə bilər - amma sakinlərin özünə və yalnız mal-qara otarmaq üçün. Tam məsuliyyətlə bildirirəm ki, örüş yeri ilə bağlı bələdiyyənin heç bir qərarı olmayıb. Bu sahəyə dəmir yolu xətti çəkmək istəyirdilər, dərhal yerli icra hakimiyyətinə məlumat verdik. Orada aparılan işlər artıq dayandırılıb».
XS
SM
MD
LG