Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:08

NİDA-çılar: «Üstümüzə gözyaşardıcı qaz sıxandan sonra nəfəs ala bilmirdik»


"Azərbaycanda siyasi fəallara qarşı qanun pozuntuları heç vaxt araşdırılmır"
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

"Azərbaycanda siyasi fəallara qarşı qanun pozuntuları heç vaxt araşdırılmır"

-
«Aprelin 1-də Kürdəxanı təcridxanasına gedəndə olduğumuz maşında bizim hüquqlarımız kobud şəkildə pozulub. Maşın təcridxanaya daxil olmaq üçün növbə gözləyəndə biz yarım saat dözülməz havasız yerdə qalmışdıq. Məndə astmatik tutma, İlkində ürək tutması oldu. Nəzarətçiyə dedik ki, nəfəs ala bilmirik, heç bir reaksiya vermədilər. Onda maşının dəmir divarlarını döyməyə başladıq. Bu dəfə qapını açıb üstümüzə 4 saniyə gözyaşardıcı qaz sıxdılar. 10-15 saniyə nəfəs ala bilmədik, İlkin huşunu itirdi. 15 dəqiqə bu vəziyyətdə qaldıq».

Bunu aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların məhkəmə prosesində ittiham olunanlardan biri Zaur Qurbanlı dedi.

«GUYA BİZ QAÇMAQ İSTƏMİŞİK»


Zaur Qurbanlı bildirdi ki, bundan sonra onlar təcridxanada məsələnin araşdırılmasını tələb ediblər. «Penitensiar Xidmət çalışırdı ki, bizi təqsirkar çıxarsın. Guya biz qaçmaq istəmişik, ona görə üstümüzə bibər qazı sıxıblar».

Vəkil Əshabəli Mustafayev vəsatət qaldırıb bildirdi ki, baş verənlər pis rəftardır, hadisəni prokurorluq orqanları araşdırmalıdır: «Çünki tədqiqat aparan Penitensiar Xidmət maraqlı orqandır. Bununla bağlı Sabunçu rayon prokurorluğuna müraciət olunmalıdır».

Hakim Cavid Hüseynov bildirdi ki, vəsatət müzakirəyə buraxılmır. Əgər prokurorluğa müraciət etmək istəyirsinizsə, bunu vəkillər etməlidir.

Penitensiar Xidmətin məlumatında bildirilirdi ki, məhkəmədən geriyə - Bakı İstintaq Təcridxanasına qaytarılarkən təcridxananın təhvil-təslim yerində başqa avtomobil olduğundan təqsirləndirilən şəxslərin olduğu maşın bir qədər gözləməli olub. Bunu narazılıqla qarşılayan bir neçə təqsirləndirilən şəxs etiraz edərək avtomobili döyəcləyib, səs-küy salıb. «Həmin şəxslər qarovul heyəti tərəfindən intizama dəvət edilsələr də buna məhəl qoyulmamış və öz hərəkətlərini davam etdiriblər. Ona görə qarovul heyəti «Penitensiar sistemində təhlükəsizlik tədbirləri və onların tətbiq edilmə qaydaları haqqında Təlimat»ın tələblərinə tam müvafiq olaraq təhlükəsizliyi təmin edilib. Bu zaman heç bir şəxs xəsarət almayıb».

«BİZƏ QARŞI CİNAYƏT TÖRƏDİLİB»

Bundan sonra ifadələrin dinlənilməsi davam etdirildi. İttiham olunan gənc fəal Üzeyir Məmmədli bildirdi ki, nə o, nə də digər ittiham olunanlar özlərini təqsirli bilmir. «Çünki bizə qarşı cinayət törədilib. Bu, bizə qarşı yönəlmiş siyasi sifarişdir».

Üzeyir Məmmədli dedi ki, ittihamnamədə NİDA Hərəkatı mütəşəkkil dəstə kimi qələmə verilir. «Ancaq belə deyil. NİDA rüşvətxorluğa, korrupsiyaya, insan hüquqları pozuntularına qarşı yaranıb. Biz hakimiyyətə gəlmək uğrunda mübarizə aparmamışıq. Azərbaycanda demokratik dövlət qurulmasını istəyirik. Məqsədimiz həm də təkcə hakimiyyətin yox, cəmiyyətin dəyişməsi olub».

Üzeyir Məmmədli dedi ki, onlar əsgər ölümlərinə etiraz olaraq keçirilən mitinqlərdə iştirak ediblər. Ancaq ittihamda göstərildiyi kimi, Molotov kokteyli hazırlamayıblar: «Biz siyasi sifarişlə tutulmuşuq».

Vəkillərin suallarına cavab verəndə bildirdi ki, istintaq vaxtı maddi sübut kimi onlara Molotov kokteyli təqdim olunmayıb.

Zaldakılar Üzeyir Məmmədlini alqışlayanda hakim xəbərdarlıq etdi. Dedi ki, bura mitinq yeri deyil, bir də kim əl çalsa, o zaldan çıxarılacaq.

«BU İTTİHAM NAĞILDIR. NƏSƏ TAMAŞA GEDİR»

Zaur Qurbanlı ifadəsinə başlamamışdan hakimdən xahiş etdi ki, o ifadəsini dəmir barmaqlıqlar arasında vermək istəmir. Hakim onu tribunaya dəvət etdi. Zaur Qurbanlı tribunaya çıxanda qollarını qandalladılar.

Zaur Qurbanlı ifadəsində bildirdi ki, bir ildən çoxdur həbsdədir. «Bu müddətdə ittihamnamədə mənə aid olan cinayət əməlimi axtarmışam, tapmamışam. Mənim hansı əməli törətdiyimi ittiham tərəfi özü də bilmir».

Zaur Qurbanlı məqsədlərinin demokratik cəmiyyət qurmaq olduğunu, Molotov kokteyli hazırlamadıqlarını bildirdi. «Bu ittiham nağıldır. Nəsə tamaşa gedir. Ancaq istəyərdim ki, məhkəmə olsun». Çıxışının sonunda Zaur Qurbanlı məhkəmədən onlara bəraət verilməsini tələb etdi.

Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

İTTİHAMLAR

NİDA-çı gənc Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qaldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

«Azad Gənclik» Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» müttəhimləri «vicdan məhbusu» elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG