Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

Əlil anası: «Nazirlə görüşə buraxılmasam da, AzadlıqRadiosu harayımı xeyirxah insanlara çatdırdı»


Əməliyyat olunan Nihat Şəkərli
Əməliyyat olunan Nihat Şəkərli
-
Şirvan şəhərində və İmişli rayonunda yaşayan əlillərlə bağlı AzadlıqRadiosunda gedən silsilə videosüjetlər düşərli olub. “Birliyə doğru” əlil və kimsəsiz uşaqlara qayğı ictimai birliyi videolarda haqqında bəhs edilən uşaqları müalicə etdirib, əlil ailələrinə yardımlar göstərib. Bu barədə adıçəkilən təşkilatın sədri Zərifə Quliyeva məlumat verib.

“DÖŞƏMƏSİ OLMAYAN EVLƏR, İLLƏRLƏ BƏDƏNİNƏ SU DƏYMƏYƏN BAXIMSIZ İNSANLAR GÖRDÜK...”

​Zərifə Quliyevanın sözlərinə görə onların bölgəyə ilkin səfərləri “Yeni il” bayramı ərəfəsində olub:

“Vətəndaş cəmiyyəti nümayəndələrinin, yerli fəalların köməyi ilə ağır, acınacaqlı şəraitdə yaşayan 50-dən artıq əlilə bayram sovqatı ilə baş çəkdik. Bəzilərinin mənzil-məişət şəraiti olduqca dözülməz idi. Onlar döşəməsi olmayan, qapı-pəncərəsi sınmış, anti-sanitariya vəziyyətində olan evlərdə yaşayırdı. İllərlə bədəninə su dəyməyən tənha və baxımsız insanlar, maddi imkansızlığa görə müalicə oluna bilməyən xəstələr gördük.

Novruz bayramı ərəfəsində bu bölgəyə ikinci səfərimiz zamanı növbəti dəfə içərisində zəruri qida məhsulları olan bağlamalar paylamaqla yanaşı, bir neçə əlil ailəsinin evinin təmirinə başladıq, ehtiyacı olanlara əlil arabaları, geyim və digər zəruri əşyalar, eləcə də nağd pul verdik”.

BİR GÜNDƏ İKİ UŞAQ ƏMƏLİYYAT OLUNUB

Martın 25-də Baku City Hospital-da Şirvan şəhərinin aztəminatlı ailələrindən olan 7 yaşlı Nihat Şəkərli və 9 yaşlı Zəhra Cəfərova “uşaq serebral iflici” diaqnozu ilə əməliyyat olunub. “Birliyə doğru” təşkilatının layihə rəhbəri Aynur Salmanova hər iki əməliyyatın uğurla nəticələndiyini və ertəsi gün uşaqların evə buraxıldığını bildirib. Birlik təmsilçisi ümid edir ki, bərpa müddətindən sonra uşaqlar sərbəst hərəkət, yerimə qabiliyyətinə malik olacaqlar.

“NAZİRLƏ GÖRÜŞƏ BURAXILMASAM DA...”
Behruzə Vəliyeva
Behruzə Vəliyeva
Şirvan şəhər sakini Bəhruzə Vəliyeva AzadlıqRadiosuna bildirib ki, martın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvana gələrkən onunla görüşə bilməyib:

“Səhərdən axşamadək serebrial iflicdən əziyyət çəkən uşaqla ayaq üstə dayanıb gözlədik. Amma məni nazirin qəbuluna buraxmadılar. AzadlıqRadiosuna verdiyim müsahibə efirə gedəndən bir neçə gün sonra “Birliyə doğru” təşkilatından gəlib mənimlə maraqlandılar. Yol xərci də daxil bütün əməliyyat xərcini təşkilat öz üzərinə götürdü. Nazirlə görüşə buraxılmasam da, AzadlıqRadiosu harayımı xeyirxah insanlara çatdırdı. Bu işdə əməyi olan hər kəsə minətdaram”.
XS
SM
MD
LG