Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:53

Simli kvartet (Günel Mövludun tərcüməsi)


Virginia Woolf
Virginia Woolf
-

- Axı biz bədənlərimizi o ziyafət salonunda qoymuşuq. Bu otun üstündəkilər isə bizim ruhlarımızın kölgələridi.

- Deməli, indi qucaqlaşan bizim ruhlarımızdı...



Virginia Woolf


SİMLİ KVARTET

Budur, biz yığışdıq, zala azacıq göz gəzdirmək kifayətdir ki,o dəqiqə əmin olasınız, metro və tramvaylar, bəzən də lap şəxsi ekipajlar, hətta cəsarət edib, deyərdim ki, atlar qoşulmuş landolar da Londonun bu başından bu başına buna görə şütüyürlər.

Buna baxmayaraq, yenə də şübhələr mənə hakim kəsilir...

Əgər buralarda danışılanlar doğrudursa, yəni Ricents-strit boyu gediş bağlanıb, sülh imzalanıbsa, ilin bu fəsli üçün o qədər də soyuq deyilsə, bu qiymətə otaq tapa bilməzsənsə, qripə yoluxanlar üçün ən təhlükəli şey iltihabdırsa; əgər qəfildən fərqinə varıramsa ki, buzluqdakı axın barədə yazmağı unutmuşam, əlcəyimi də qatarda unutmuşam, əgər qan yaddaşım məni qaba uzanmış əlimi xəstə kimi, bir az da tərəddüdlə əsdirməyə məcbur edirsə...

- Yeddi ildir ki görüşmürük!

- Venesiyadan bu yana.

- İndi siz haralarda olursunuz?

- Neynək, axşam mənə lap uyğundu, əlbəttə, deyəsən, bu mənim tərəfimdən lap sırtıqlıq oldu...

- Bir damcı da dəyişməmisiniz!

- Nə deyirsən, de, amma müharibə müharibədi...

Əgər ağlı belə yüngül oxlar deşə bilirsə və insanların birlikdə yaşayışının qanunlarına görə o oxlardan artıq biri buraxılıbsa, ikincisi də hazırdı. Buna görə qızdırma başlayır, elektrikdə problemlər yaranır, hər söz uzanır, düzəlişlər, bəhanələr başlayır, istək, ambisiyalar və həsrət güclənir – əgər hər şey belədirsə və şlyapalar, şərflər, fraklar, qalstuklardakı mirvarilər üzə çıxırsa – bu, ağlasığan bir şeydirmi?

Axı məhz - nə? Elə məsələ də budur ki, nədən olduğunu demək hər dəqiqə daha da çətinləşir, hər şeyə zidd olaraq, budur, mən burada oturmuşam və yadıma sala bilmirəm ki, axırıncı dəfə məhz nə vaxt və nə hiss eləmişəm.

- Ayini gördünüz?

- Kral deyəsən, donmuşdu.

Yox, yox, yenə də yox. Hə, amma söhbət nədən gedir?

- O qadın Mamzberidən ev alıb.

- Onu təbrik eləmək olar.

Mənə isə əksinə, açıq-aşkar elə gəlir ki, o qadının kim olmağından asılı olmayaraq, onu, öz mənzilləri, şlyapaları, qağayıları ilə birlikdə rahatca cəhənnəmə rədd eləmək olar, bəlkə də burada oturmuş, bəzənib-düzənmiş, özlərini qalaq-qalaq mirvarilərin, xəzlərin, məmnunluğun altında gizləmiş yüzlərlə cənaba və xanıma da elə gəlir.

Mən özüm də qızılı kürsüdə sakitcə əyləşib, məzara gömdüyüm keçmişi qurdalayıram, axı hamı, əgər mən özümü aldatmıramsa, bəzi göstəricilərə görə, hamımız həmişə çalışırıq ki, nəyisə yada salaq, keçmişdə nəyisə axtarırıq.

Narahatlıq nəyə lazımdır ki?

Kostyumun necə tikilməyindən niyə narahat olaq ki? Əlcəyini düymələdin, ya yox, nə fərqi var?

Və şəklin qara fonundakı bircə dəqiqə əvvəl işıqlı, canlı, kübar görünən, indisə kədərli, sanki kölgə düşiüş kimi tutqun bu yaşlı sifətə diqqətlə baxmaq. Divarın o tayında ikinci skripkanı kökləyirlər – elə deyilmi? İçəridən əllərində alət tutmuş dörd qara fiqur çıxır, yağışın altındakı ağ kvadratların yanına oturur, skripkanın oxunu püpitrlərin üstünə qoyurlar, ahəngdar bir hərəkət, titrəyiş və qarşı tərəfdə oturan musiqiçilərə baxaraq, birinci skripka başlayır – bir, iki, üç...

Atəşfəşanlıq, gərginlik, partlayış! Dağ başındakı armud ağacı. Fontanlar fışqırır, damcılar dörd yana səpələnir. Ronanın dalğaları dərin və gur axınlarla, yosunları daraya-daraya, balıqların üzərinə kölgə sala-sala körpülərin altı ilə uçur - bura çayın ən çətin yeridir, su burulğanları ilə doludu – çırpınış, sıçrayan damcılar, iti üzgəclər suları yaralayır, axın buxarlanır, qaynayır, burulur, burulur, aha, buraxdı, indi aşağı yatır, yatır, aşağı, aşağı, amma yox, budu, nazik prujin kimi yenə, sanki aeroplan altından qalxırmış kimi, qalxır, yuxarı, yuxarı, yuxarı...

Torpaq üzərində şən addımlarla, gülümsəyərək addımlayan, nadinc, yekəpər balıqçılar yüz dəfə gözəldirlər! Onlar körpülərin altında oturub, danışıb-gülür, uğuldaşır, yırğalana-yırğalana yola düzəlirlər!

- Motsartın ilk əsrlərindəndir, əlbəttə...

- Hə, amma bu melodiya, onun bütün melodiyaları kimi, adamı sarsıdır, demək istəyirəm ki, ümid verir... Hə, mən nə demək istəyirdim? Bu musiqi nə dəhşətli məsələdir! Adamı rəqsə, gülməyə, dondurma yeməyə, turş, sərt çaxır içməyə həvəsləndirir. Öz aramızdı, bu yerdə ədəbsiz bir lətifə də yerinə düşərdi. Adam yaşlandıqca ədəbsiz şeyləri daha çox xoşlayır. Ha-ha. Bude, gülməyim gəlir. Görəsən, niyə? Axı siz gülməli heç nə demədiniz, elə o yaşlı cənab da... Amma, icazə verin... Şşş!

Kədərli çay bizi uzaqlara aparır. Söyüdün sallaq buqaqları arasından ay boylanır və mən sənin üzünü görürəm, səsini eşidirəm, biz budaqların altından ötəndə quş cəh-cəh vurur. Sən nə pıçıldayırsan? Kədər, kədər. Sevinc, sevinc. Ay işığı altında bir-birinə sarmaşıb, parıldayan qamışlar. Bir-birinə dolaşmış, qorxunc, ağrıdan, kədərdən dartılmış qamışlar – vayyy!

Qayıq batır. Ahənglər tarıma çəkilir, yüksəlir, nazilir, sanki bulanıq kabusa çevrilirlər və kabus odlu tiyəsi ilə qəlbimdəki ikiyə qatlanmış ehtirasını kəsib doğrayır. O mənim üçün oxuyur, mənim kədərimin şifrəsini açır, günəşsiz dünyanı sevgi ilə isidərək, rəhmimi alovlandırır və nəvazişini azaltmır, səngitmir. Amma öz hörgüsünü ustalıqla, incəliklə hörməyə davam edir, ta ikiyə parçalananlar birləşməyənə qədər; uçuş, iççəkmə və rahatlıq, kədər, sevinc.

Onda kədərlənmək nəyə lazım? Bir də – «nə?» soruşmaq? Bir də nəsə istəmək? Axı hər şey yerləşdirilib. Bəli, qızılgül ləçəklərindən, qopub tökülən qızılgül ləçəklərindən ibarət örtüyün altında yerləşdirilib. Qızılgül ləçəkləri tökülür. Ah, yox, daha tökülmür. Ləçəklərdən biri ağlagəlməz yüksəklikdə gözəgörünməz aerostatın altındakı balaca paraşüt kimi fırlanıb, titrəyir. O bizim yanımıza uçub çata bilməz.

- Yox, yox. Mən heç görmədim də. Bu musiqi ilə bağlı elə axmaq arzular olur ki. Deyirsiz, ikinci skripka geri qalır?

- Qoca missis Manroudu, çıxışa tərəf irəliləyir. İldən-ilə yazıq qarı lap pis görür, buranın da döşəməsi elə sürüşkəndi ki.

Gözsüz qocalıq, çalsaçlı Sfinks... İndi səkidə dayanıb, qırmızı avtobusu əyləyir.

- Necə də gözəldir! Onlar necə də gözəl çalırlar! Gözəl, gözəl, gözəl!
Sümüksüz dil. Sadəliyin özü. Yaxınımda oturanın şlyapasındakı lələklər elə əlvan və cazibədaərdı ki, elə bil uşaq oyuncağıdı. Pərdələrin arasından çinar yarpağının yaşılı işıldayır. Necə də qəribədi, necə də yaxşıdı.

- Gözəl, gözəl, gözəl! Şşş!

İki sevgili otların üzərində…

- Əgər siz, xanım, lütf edib, mənim təklif etdiyim bu əli qəbul etsəniz...

- Mən qəlbimi də sizə etibar edərdim, cənab. Bundan başqa, axı biz bədənlərimizi o ziyafət salonunda qoymuşuq. Bu otun üstündəkilər isə bizim ruhlarımızın kölgələridi.

- Deməli, indi qucaqlaşan bizim ruhlarımızdı.

Limon və dəfnə ağacları başlarını yelləyib, təsdiqləyirlər. Durna sahildən uzaqlaşıb, yuxulu-yuxulu ortalara can atır.

- Hə, nə olsun? O məni dəhlizdən yola saldı və dönəndə krujevalı ətəyimi tapdaladı. Mən: "Ah!" deyə qışqırdım. Dayandım, əyilib, baxdım, başqa nə edə bilərdim ki? O isə qılıncını sıyırıb, sanki kimisə deşəcəkmiş kimi qabağa uzatdı və qışqırdı: "Ağılsızlıq, ağılsızlıq!" - və mən çığırdım, Şahzadə isə həmin vaxt pəncərənin qabağında perqamentə nəsə yazırdı. O ayağında xəzli ayaqqabılarla otaqdan çıxdı, divardan İspan Kralının hədiyyəsini – rapiranı dartıb qopardı. Bu vaxt mən qaçdım, plaşı üstümə saldım ki, ətəyimin cırığı görünməsin və qaçdım... Bir dəqiqə, sakit olun! Ovçu şeypuru!

Cənab xanıma elə həvəslə cavab verir, qadın pilləkənləri elə pərvaz edərcəsinə qalxır, onlar lütfkar və ağıllı sözlərlə bir-birilərinin xətrini elə xoş edirlər ki, söhbətləri ehtiraslı köksötürməyə çevrilir, sözlər itir, amma məna tam aydındır – sevgi, gülüş, qaçış, göylərin xeyir-duası, bunların hamısı sevinci yerə-göyə sığmayan nəvazişləri şən dalğalarla əhatələyir…

Yaşıl bağ, üzərinə ay işığı düşən bulaq, limonlar, sevgililər, balıq – hər şey dumanlı səmada əriyir. Artıq trubaların dəstəklədiyi, klarnetlərin həvəsləndirdiyi valtornlar mərmər sütunların üzərində şəffafca ağaran burumlar ucaldır... Qələbə uğultusu. Səs-küy və cingilti. Möhkəm vəziyyət. Sərt təməllər. Milyonların marşı. Çaşqınlıq və xaos darmadağın olub. Amma bizim yol aldığımız şəhər – daşdan, mərmərdən olmayan – möhkəm bir şəkildə ucalır, bərk dayanıb, bizi qarşılamağa nə təbəssümü, nə də bayraqları var. Qoy çürüsün bizim umidlərimiz; mənim sevincim səhrada çürüyür: açıq hucum. Dəstələr çılpaq, qəddardı, onların kölgələri yoxdu, onlar parlayır, qaralır. Və mən daha heç nə istəmirəm, mən ancaq burdan getməyi arzulayıram, öz küçəmi tapmaq, evimi tanımaq, göyərti satan qadına gülümsəmək, qapını üzümə açan qulluqçu qıza:

- Nə ulduzlu gecədir! – demək istəyirəm.

- Gecəniz xeyrə, gecəniz xeyrə. Sizə bura lazımdı?

- Yox, təəssüf ki, mən ora getməliyəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG