Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:35

Astara: Kim sevirsə idmanı...


Astarada Olimpiya İdman Kompleksi
Astarada Olimpiya İdman Kompleksi
-
Astarada Olimpiya İdman Kompleksi 2 il əvvəl istifadəyə verilib. Kompleks Astaranın tarixində nəhəng idman obyekti hesab olunur. Böyük bir ərazini əhatə edir. Üstəlik, rayonun Ərçivan kəndində boks mərkəzi də tikilib. Hər iki mərkəzin açılışında ölkə prezidenti iştirak edib. Bütün bunlara baxmayaraq, Astara idmançıları məşq etmək üçün vaxtaşırı olaraq yer axtarışına çıxırlar. Köhnə idman zallarına üstünlük verirlər.

«OLİMPİYA KOMPLEKSİNDƏ BOKS ÜÇÜN ŞƏRAİT YOXDUR»

Əməkdar idman ustası Vaqif Ağayev də boks zalını 1991-ci ildə kənd mədəniyyət evində yaradıb. Onunla birlikdə boks zalında olduq. O deyir ki, məşqləri istər Olimpiya İdman Kompleksində, istərsə də boks mərkəzində keçirtməyi lazım bilmirlər:

«Bizdə tikilən olimpiya idman kompleksində boks üçün şərait yoxdur. Mən getdim, istədim öz işimi orada qurum, rinq qurmağa şərait tapa bilmədim. O elə tikilib ki, orda boks nəzərə alınmayıb. Rayonun başçısı Qəzənfər Ağayev mənə dedi ki, get, orda nə istəyirsən elə. Mən gəldim, gördüm mümkün deyil».

«NURLAN MƏMMƏDOV, FƏRİD ƏSƏDULLAYEV, VAHİD AXUNDOV BURDAN ÇIXIBLAR»

Vaqif Ağayev deyir ki, böyük futbolu və boksu çıxmaq şərti ilə qalan idman növləri üçün olimpiya idman kompleksində şərait var.
Vaqif Ağayev
Vaqif Ağayev
Onun fikrincə, məşq üçün boks mərkəzi də kara gəlmir. Buna görə də yenidən köhnə zala qayıtmalı olub. O deyir ki, idmançını yetişdirmək üçün təkcə olimpiya idman kompleksi bəs etmir:

«Mən bu zalı 1991-ci ildə yaratmışam. Burda mən şərait qurdum. Burda mən Avropa, dünya birinciliyində 2-ci, 3-cü yerləri tutan idmançılar yetişdirmişəm. Nurlan Məmmədov, Fərid Əsədullayev, Vahid Axundov burdan çıxıblar. Buna görə də dövlət mənə pullu mükafat, əməkdar məşqçi adı verib».

Məşqçinin dediyinə görə, soyuq havada zalı çox rahatlıqla qızdıra bilirlər. Lakin nə olimpiyada idman kompleksində, nə də boks mərkəzində idmançılar üçün lazımi temperatur yaratmaq mümkündür. Astarada rütubət yüksək olur. Bu baxımdan da idman zallarında istilik yaratmaq lazımdır.

«BELƏ ÇIXIR Kİ, O KOMPLEKS SADƏCƏ VARLILAR ÜÇÜN TİKİLİB»

İdmançılardan Rəşad Abdullayev isə deyir ki, olimpiya idman kompleksi inşa edilərkən seviniblər. Ancaq sevincləri uzun çəkməyib. O hesab edir ki, kompleks varlılar üçündür:
Rəşad Abdullayev
Rəşad Abdullayev

«Onun nə yararı var? Orda hər şey pulludur. İdmançılar ancaq pul verib, orda məşq edə bilərlər. Hər hansı bir uşaq orda idmanla məşğul ola bilməz. Onu ora buraxmazlar. İstər üzgüçülük olsun, istər onun zalı olsun, istərsə də futbol meydançası - orda hər şey vaxtladır. Bir saatı filan məbləğə. Verisən, girirsən, oynayırsan. Belə çıxır ki, o kompleks sadəcə varlılar üçün tikilib».

«GUYA BİZDƏ OLİMPİYA KOMPLEKSLƏRİ VAR»

Astara şəhər sakini, idman həvəskarı Nəcibəddin Məmmədov da kompleksin istifadə qaydasından şikayət edir:

«İnsanların maddi cəhətdən imkanları yoxdur ki, pul ödəyib məşq eləsinlər. Onu görüntü kimi atıblar ortaya, camaatın başını aldatmaq üçün, guya bizdə olimpiya kompleksləri var. Rayon mərkəzindən kənardadır. Ona görə kompleksin xeyri yoxdur».

«BURDA YÜKSƏK SƏVİYYƏDƏ ŞƏRAİT VAR»

Astara Olimpiya İdman Kompleksində də olduq. Kompleks 2 korpusdan ibarətdir. Qonaqların qalmaları üçün də burda yer var. Böyük idman zalında məşq gedirdi. Oyunu izləyən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev suallarımıza belə cavab verdi:
Ərçə Əliyev
Ərçə Əliyev

«2012-ci ildə bu olimpiya idman kompleksi istifadəyə verilib. Ölkə prezidenti bunun açılışında iştirak etdi. O dövrdən bu günə qədər bizim çox işimiz rahat gedir. Biz burda yerli tədbirləri keçiririk. O cümlədən respublika birinciliyinə aid mütəmadi olaraq oyunlar keçirilir. Həm də burda yüksək səviyyədə şərait var, zallar var, çimərlik hovuzu var. Olimpiya idman kompleksləri işimizi daha da sürətləndirir, əlverişli şərait yaradır».

O, olimpiya idman kompleksi ilə bağlı deyilən iradlarla razılaşmır. Rəisin dediyinə görə, kompleksdə yeniyetmələrin məşqi üçün heç bir ödəmə edilmir. Üstəlik, respublika əhəmiyyətli idman yarışları dövlət hesabına aparılır.

Astara Olimpiya İdman Kompleksinin rəhbərliyi ilə isə görüşmək cəhdimiz alınmadı. Öyrəndik ki, olimpiya kompleksi təsərrüfat hesabı ilə işləyir. Burda qazanılan pullar kompleksin saxlanmasına sərf olunur. Əmək haqları isə heç də yüksək deyil.

«140 MANATA HEÇ BİR YAXŞI MƏŞQÇİ ORA GETMİR»

Əməkdar idman ustası Vaqif Ağayev də deyir ki, aşağı əməkhaqqı ilə heç kim keyfiyyətli iş görməz.

«Azərbaycanın əməkdar məşqçisiyəm. Mənim maaşım 1000 manatdan aşağı olarsa, mən işləmərəm, mənə sərf eləmir. Gedərəm ağac əkərəm, təsərrüfatımla məşğul olaram. Olimpiya kompleksində məşqçiyə 140 manat maaş verirlər, 140 manata heç bir yaxşı məşqçi ora getmir».
XS
SM
MD
LG