Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:34

«Krım məsələsində rəsmi Bakının susqunluğunu anlamaq olar»


Vladimir Putin və İlham Əliyev, Bakı - 13 avqust 2013
Vladimir Putin və İlham Əliyev, Bakı - 13 avqust 2013
-
Əslində, sanki dünyanın çaşqın duruma düşdüyü bir məsələdə rəsmi Bakının zahiri susqunluğu anlaşılandır. Üstəlik, tam susqunluqdan da söhbət getmir. Məsələn, ötən ay Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında demişdi ki, «Ukraynanın ərazi bütövlüyü və sabitliyi Azərbaycan üçün vacibdir. Ukraynanın sabitliyi birbaşa Mərkəzi Avropanın stabilliyinə təsiredici faktordur». Başqa misal da var. Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Azərbaycanın nə istədiyini açıqlamışdı:

«Azərbaycan Ukraynada sabitliyə, sülh və milli birliyə zərbə vuran radikalizmin və ekstremizmin qarşısını almağa çağırır. Azərbaycan ölkə konstitusiyası əsasında vəziyyətin ən qısa zamanda sabitləşməsinin tərəfdarıdır».

«GUAM DA BU MƏSƏLƏLƏRDƏ PASSİV MÖVQE TUTUR»

Ekspertlər deyirlər ki, Rusiyadan çəkingənlik Azərbaycana Krımda baş verənlərə açıq münasibət bildirməyə imkan vermir.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın Krım separatçılığına qarşı bəyanatının olmaması şimal qonşunun əsəbi reaksiyasından ehtiyatlanma ilə bağlıdır:

«Azərbaycan hakimiyyətində düşünürlər ki, bu cür bəyanat Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Ancaq bu, yanlış siyasətdir. Axı Ukrayna strateji tərəfdaşımızdır. Biz birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməliyik. Özümüzün oxşar problemimiz var. Rusiya Gürcüstanı işğal edib, Abxaziya və Cənubi Osetiyanı ondan ayırıb. İndi eyni siyasəti Krımda həyata keçirir. Digər tərəfdən Ukrayna həm də GUAM-da bizim tərəfdaşımızdır. GUAM da bu məsələlərdə passiv mövqe tutur. Ona görə Azərbaycanın bu siyasəti, məncə, yanlışdır, mövqeyi ortaya qoymaq lazımdır».

«HAKİMİYYƏT UKRAYNA HADİSƏLƏRİNİ FƏAL ŞƏKİLDƏ ŞƏRH EDƏ BİLMƏZ»

Politoloq Vəfa Quluzadə deyir ki, Rusiyanın Krıma qoşun göndərməsi təcavüzdür. Azərbaycanın reaksiyasına gəlincə, o, Araz Əzimovun Ukraynanın ərazi bütövlüyü haqqında dediklərini xatırladır.
Vəfa Quluzadə
Vəfa Quluzadə
Bildirir ki, bunu Azərbaycan hakimiyyətinin mövqeyi kimi qəbul etmək lazımdır:

«Azərbaycan dövləti hakimiyyət səviyyəsində Ukrayna hadisələrini fəal şərh edə bilməz. Torpağımızın 20 faizini erməni adı ilə Rusiya işğal edib. Hər dəfə sülhə addım atıla biləcəyi zaman bu imkanları Rusiya dağıdıb. Rusiyanın Minsk qrupunda iştirakı o deməkdir ki, məsələ Rusiyanın istədiyi kimi olacaq. İndi Rusiya istəyir ki, nə hərb, nə sülh olsun. Azərbaycan Avropa Birliyinə, NATO-ya doğru addım ata bilməsin. Rusiya Azərbaycanda çox fəsadlar törədə bilər. Ona görə Azərbaycan hakimiyyətinin Rusiyanın hərəkətlərini qiymətləndirməkdə tələsməməyini mən tamamilə normal hesab edirəm».

PARLAMENT SPİKERİ: «QOHUM DÖVLƏTLƏRDİR... ÖZ ARALARINDA HƏLL EDƏCƏKLƏR»

Bir neçə gün əvvəl Azərbaycan parlamentində Ukraynadakı vəziyyətə münasibət bildirilərkən, deputat Fərəc Quliyev Krımda baş verənləri işğal adlandırmış, rəsmi Bakının seyrçi mövqeyindən narahatlığını dilə gətirmişdi:

Oqtay Əsədov
Oqtay Əsədov
«Krımda baş verənlər bir işğaldır. Hansı şəkildə desək də, dünya bunu bu cür qəbul edib. Biz bu məsələlərdə seyrçi mövqedə qalarıqsa, gələcəkdə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı beynəlxalq instansiyalarda Ukrayna tərəfindən bir az soyuq münasibətlə qarşılaşarıq».

Milli Məclisin spikeri Oqtay Əsədovsa parlamentin bu məsələyə münasibət bildirilməsini düzgün saymamışdı:

«Rusiyanın öz narahatçılığı var. Orda rusdillilər yaşayır. Kiyevdə bəzi məsələlər oldu. Hamımız gördük. Onlar özləri böyük dövlətlərdir, qohum dövlətlərdir, pravoslavdırlar, öz aralarında həll edəcəklər».

TBİLİSİ VƏ YEREVAN NƏ DEYİRLƏR?

Bəs Azərbaycanın Cənubi Qafqazdakı qonşuları Krım probleminə necə yanaşırlar? Rusiyanın Krıma müdaxiləsindən bir gün sonra Gürcüstanın baş naziri Irakli Garibashvili demişdi ki, «Biz Krımda baş verən hərəkətləri çox narahatlıqla izləyirik. Orada baş verənlər bütün regionda gərginliyin artması üçün təhlükə mənbəyinə çevrilə bilər».
Maia Panjikidze
Maia Panjikidze

Gürcüstan baş nazirinin bəyanatında o da deyilirdi ki, «Rusiya hökumətinin Ukraynaya əlavə qoşun göndərmək qərarı Ukraynanın suverenliyinin və beynəlxalq hüququn açıq-aşkar pozuntusudur».

Gürcüstanın xarici işlər naziri Maia Panjikidze ukraynalı həmkarı Andriy Deshchytsia ilə telefon söhbətində rəsmi Tbilisinin Kiyevi dəstəklədiyini, Rusiyanın suveren və müstəqil Ukraynaya təcavüzünü Gürcüstanın pislədiyini bildirmişdi.

Ermənistanın Krımda baş verənlərə susqunluğu ölkədə narazılıq oyatmış və müxalifətin kəskin tənqidlərinə tuş gəlmişdi. Rəsmi Yerevan susqunluğunu yalnız martın 6-da pozdu. Həmin gün Dublində – Avropa Xalq Partiyasının qurultayındakı çıxış edən Serzh Sarkisian Ukraynada baş verənlərə toxunaraq demişdi:

«Biz əvvəlki kimi yenə belə düşünürük ki, tərəfdaşın biriylə geniş və dərin münasibətlərin qurulması ayırımçılığa aparıb çıxarmamalıdır. Ermənistan qarşılıqlı maraqların uyumlu şəkildə gerçəkləşdirilməsinə yönəlmiş siyasətini davam etdirəcək».

Sitatlardan da görünür ki, ehtiyat və çəkingənlik Cənubi Qafqazın hər 3 dövlətində açıq-aşkar hiss olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG