Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 23:59

Şəhriyar del Geranidən yeni hekayə


Şəhriyar del Gerani
Şəhriyar del Gerani
-

Cəhənnəmə olsun e, heç mənim də uşaqlardan xoşum gəlmir, əgər allah məni eşidirsə qoy heç vaxt mənə uşaq-muşaq qismət eləməsin!..


Şəhriyar del Gerani


“QIÇ YAMAN ŞEYDİ...”


“Qadın – onun “qıçını qaldıran”ı sevir,
ayağını yuyanı yox”... H.Ə.


Atamın xalasıdı, belini şalla bürmələyir, başqa heç nə.

Adı Tamaradı, 68 yaşı var, bütün qarılar kimi cavanlıqda gözəl olub, lap əntiqə olub, başqa heç nə.

17 yaşında ailə qurub, deyirlər sevirmiş, amma, inanmıram, kəs başımı inanmaram. Bir dəfə əri buna gül alıb gətiribmiş. Siqaret çəkməyə çıxıb, qayıdıb görüb gülün ləçəklərin yeyib, budaqların da atıb bir küncə. Sıçalar belə məhəbbətin içinə, başqa heç nə!..

Həzrətqulu olub adı. Sevib ailə qurduğunu deyirəm. Vaxtsız köçüb dünyadan, vərəmdən gedib. O vaxtların vərəmi indinin xərçəngi kimi bir zadmış.

Açığı heç bilmirəm vərəm harda olur, xərçəng nədi. Eləcə adlarını eşitmişəm. Amma onu deyim biləsiz, zəhləm gedir bu adlardan, ondansa birinin adın Ferrari qoyardılar, o birinin də Bugatti. Düz sözümdü. Gözəl aurası var, məsələn, bir də gördün kimsə ağlayır, soruşursan “ay yoldaş, neyçün ağlayırsan”? O da cavab verir, “anam bugattiylə öldü”. Sən də gülürsən, “noolsun, mənim də arvadım ferrariylə getdi dəə, amma sənin anana həsəd apardım lap, kaş mənim də o sovxa arvadım bugattidə öləydi”- deyirsən.

Əladı. Deyəsən xoşunuz gəldi axı, ay sizi ...sərsəmlər, yaxşı, hadisənin dalına qulaq asın. Daha sonra Tamara öz istəyilə başqa birinə ərə gedib. Bədirxan adında bir bənnaymış ikinci əri. Yazıq-fağırın biriymiş Bədirxan.

Zaman o zaman olur ki, bu Tamara xanım xəstələnir, düşür yatağa. Bu Bədirxan dediyimiz də buna uşaq kimi qulluq göstərir, altına qab aparır, çayın-suyun kəm eləmir, əlin-ayağın yuyur, saçların darayır, hörüklərini dəyişir...

Hər dəfə də bu matah arvad bir qəmbərqulu çıxardır. Daha doğrusu həzrətqulu.

Misal: Bədirxan baxır görür sevimli arvadının dırnaqları uzanıb, tez qaçıb çayı qoyur dəmə, (hələ qaçanda büdrəyib yıxıldığı da olur) nədi-nədi dırnaqları təmizlənəndə Tamara xanım darıxmasın, çaylasın özüyçün.

Sonra gedib vanna gətirir, suyu qızdırıb tökür vannaya, sonra arvadının corabların çıxardır, sonra öz ayağıyla suyu yoxlayır. (ələ ilıq olan su çox vaxt ayağa isti olur deyə hər dəfə belə eləyir), daha sonra ehmalca arvadının ayaqların salır vannaya, dırnaqları yumşalır, sonra xəfifcə dırnaqlarını düzəldir, təmizləyir-filan-beşməkan.

Gedib mehrəba gətirir, sərir yerə, ayaqlarını çıxardıb qoyur mehrəbanın üstünə, vannadakı kirli suyu dəyişir, təzədən su gətirir, yenə öz ayağıyla hərarəti yoxlayır, sonra arvadının ayaqlarını yuyur, qurulayır, təmiz corab geyindirir. Bədirxan bunları eləyən vaxtda Tamara çaydan qurtum-qurtum hörtüldədib birinci ərini xatırlayaraq ah çəkib deyir: "hardasan ay Həzrətqulu, hardasan"?...

O, bu sözləri ucadan deyir. Bədirxan da ufuldaya-ufuldaya təkrar eləyir: "ay baxtım-taleyim"... Oysa bunları laap astaca deyir, ürəyində. Heç bəlkə ürəyində də demir, götündə-zadda mızıldanır.

Daha sonra vannanı götürüb çölə çıxanda Tamara deyingən arvad tövrüylə "çayın kəkotusu yoxuydu ay yetimçə"! - deyə zəvzəkləyir.

Bədirxan vanna əlində bədənini də geriyə sanki səcdə eləyirmiş kimi, nə bilim kövrək budaq üstünə paltar atarkən budağın əyildiyi kimi bədənini çevirib (onu daha çox vannanın ağırlığı əyir) məsumca deyir "Allah Həzrətquluya qəni-qəni irəhmət eləsin, yeri behişt olsun"...

Elə bu dəm Tamara özündən çıxır nə çıxır: “ədə irədd ol burdan, yesirçə, o bəy olube, sənin kimi yetim-yesirin, hörgüçünün rəhmətinə qalmayıv”, dalıyca da stakanı selbə sıxıb “çulu yamağ kopayoğlu” – deyir.

Tfu sənə, qancığ! Məni necə də əsəbiləşdirdi e bu dıllağı qırışmış qəhbə! Bağışlayın siz allah, əslində mən müəllif kimi kənarda qalmalıyam, kiməsə rəy bildirməli deyiləm bəlkə də, ancaq bu itin dölü məni elə hirsləndirdi ki! Tfu, sütünə itlər işəsin, küçə itləri! Ölməli bayquş! Siz allah bağışlayın, özümü saxlaya bilmədim, nə isə, lənət şeytana.

Sən mənim ölmüşüm eşit, bu Həzrətqulunu sevib eləməyib e, özünü qoyub tülkülüyə. Nədi-nədi o gic kişi bunu bir-iki dəfə Moskvaya aparıb, orda güllü-çiçəkli don alıb, nə bilim zolaqlı lifçik-trusik alıb filan, çiyələkli dondurma alıb, canına azzar alıb. Sonra da gətirib evə “qıçın qaldırıb”-zad, vəhşi eşşək. Sizə bir söz desəm nifrət eləyərsiz bunların hər ikisinə, kişi deyiləm yalan deyirəmsə. Elə deyəcəm də. O ki Bədirxana belə eləyib, mən də bunu açıb hamıya deyəcəm.

Düzü, mən söz saxlayan adamam, amma, insanın sözün, belə heyvərənin ki yox! Deməli bu Tamara hamilə (özü də birinci uşağa) olanda o bəy dediyi peysər qızıb gəlir evə. Bu yanıq ifritə də necə olursa atılıb-düşür, başlayırlar “qıçqaldırdı” oynamağa, elə ordaca təzəcə yetişən döl zədələnir, pox olur məhəbbətin içinə. Bax belə, ondan sonra heç uşaqları da olmur. Cəhənnəmə olsun e, heç mənim də uşaqlardan xoşum gəlmir, əgər allah məni eşidirsə qoy heç vaxt mənə uşaq-muşaq qismət eləməsin! Düz deyirəm. Sözüm onda deyil. Dediyim bu ki, bu qanmazlar, donuzlar, cındırlar belə qatildilər, ehtiras qatili. Guya o bəydiliş barmaq boyda şeyinə yiyə dura bilməzdi? Yoxsa bu xanımdiliş o kələm kimi açılmış mirətinə sahib çıxa bilməzdi?! İndi görməmiş qızı görməmişin yadına o vaxtlar düşür, Moskva, don, qıçqaldırdı... Bəy olub, yox bir pox olub. Dayçanın qızı məni necə özümdən çıxartdısa heç bilmirəm e nə yazım...

Bilirəm ki, siz də əsəbiləşdiz. Kişiləri deyirəm. Heç qadınların məni oxumaqlarını da istəmirəm, gedib qoyunlarını otarsınlar, inəklərini sağsınlar, nə bilim, şəkil çəkdirib xoşbəxt olsunlar.

Atam deyir bir gün eşitdik Bədirxan canın tapşırıb. Aparıb dəfn elədik. Gecə qəfil ürəyi tutubmuş, eləcə sağ əli ürəyində keçinib. Elə o cür arvadla ancaq ürək ağrısından ölmək olar. “Xudabəndi-aləm heç kafara qismət eləməsin eləsini”. Anam belə deyərdi həmişə.

İndi görün noldu. Bədirxan öldü, qırxı çıxdı. Tamam həyət-baca boşalır. Bir nəfər də olsun Tamaraya yiyə durmur. Razılaşırlar ki, Bakıda qocalar eviylə danışıb aparsınlar ora. Danışıqlar bir neçə gün vaxt aparır. Günlərin bir günü günün günortası gedib görürlər gəbərib. (zarafat edirəm, g-lara görə belə yazdım)

Nə isə razılaşırlar qocalar eviylə, elə gedirlər Tamaranı aparsınlar, nə görsələr yaxşıdı, elə dəmir kravatındaca murdar olub. Əməlli-başlı murdar olub. Poxun-sidiyin iyindən yaxın dura bilmirlər. Sıçıb altına, işəyib üstünə, elə nəcisinin içindəcə murdar olub. Başqa heç nə...

Heç kəs yaxın dura bilmir. Lovğalıq olmasın, dost-doğmaca əmim yaxınlaşır, əlini nəbzinə qoyur, görür yox, hələ sağdı. Hələ də sağdı, yaddaşını da itirib. Rayona gedəndə baş çəkirəm. Adamın yazığı gəlir. Bütün günü gecə namazlarında ona dua eləyirəm – “allah, çox şükür sənə, o arvada bir az da ömür ver”...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG