Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Xaricdə döyüşənlərlə bağlı fətva verildi


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi
-
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Azərbaycandan Suriyaya döyüşə gedənlərlə bağlı yanvarın 28-də fətva verib.

Qazılar Şurasının fətvasında deyilir: «Bəzi vətəndaşların digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması İslam dininin mahiyyətinə ziddir».

QMİ Qazılar Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir əsası yoxdur.

Fətvada bəzi təriqətlərin adı çəkilib. Bildirilib ki, Qazılar Şurası «xalqın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək» həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımları qınayırlar.

Qazılar Şurası din xadimlərinə tövsiyə edib ki, öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən, gənc nəslə çatdırsınlar.

«OĞLUM SURİYADA DÖYÜŞÜR»

Ancaq bu fətvadan xeyli əvvəl Masallının Həsənli kəndində yaşayan Qurbanəli Vəlişovun iki oğlu ölkəni tərk edib. O, AzadlıqRadiosuna deyir ki, böyük oğlu hələ ötən ilin sentyabrında ailəsini də götürüb Suriyaya döyüşməyə gedib. «Bunu nədən bilirsiniz» soruşanda isə deyir ki, o qaynanasıgillə əlaqə saxlayır. Qurbanəli Vəlişov deyir ki, oğlu Suriyaya getməmişdən xeyli əvvəl onun hansısa qruplara qoşulmasından şübhələnib:
Suriyada döyüşlər, 1 aprel 2013
Suriyada döyüşlər, 1 aprel 2013

«Evdə bizimlə dalaşırdı, bizi dindən çıxmış sayırdı. Evdə bişən yeməkləri murdar sayırdı. Onun dediyini deməyənləri kafir sayırdı. Hətta məni döyməyə qədər qalxdı. Mən keçən il mayda, «Eurovison»da 102-yə zəng elədim ki, oğlum xoşagəlməyən qruplara qoşulub, öyrənsinlər, araşdırsınlar. Masallı polis idarəsindən məni çağırdılar, gedib rəsmi qaydada ərizə verdim. Yazdım ki, sabah Azərbaycanda hər hansı bir partlayış törətsələr, məni çağıracaqsınız. Mən bir valideyn kimi bunu qabaqcadan sizə deyirəm. Sonra eşitdim ki, onu Bakıda Binəqədi polis idarəsinə çağırıblar. İki-üç gün saxlayıb buraxıblar. İndi oğlum Suriyada döyüşür».

«OĞLUM KİMİLƏR DÖVLƏTƏ TƏHLÜKƏ OLA BİLƏR»

Qurbanəli Vəlişov hesab edir ki, hüquq-mühafizə orqanları Suriyaya döyüşə gedənlər barədə məlumatlıdır:

«Mənim kimi bəlkə yüzlərlə valideyn rayon polis şöbələrinə gedirlər ki, uşağım bu işlə məşğuldur, bunun qarşısını al. Onlar da elə bilirdilər ki, hamısı gedib Suriyada qırılacaq, bunların başı ağrımayacaq. Amma sabah Suriyada müxalifət hökumətlə saziş bağlasa, sağ qalanlar geri qayıdacaq. Həm dövlətə, həm də millətə, onlar kimi düşünməyənlərə təhlükə olacaqlar».

Qurbanəli Vəlişov deyir ki, Biləcəridə bir ata kimi oğluna öz əlləri ilə «ürəyi istəyən ev» tikib. Oğlu isə Bakıda tanınmış kolbasa sexlərinin birində çalışırmış, yüksək əməkhaqqı alırmış, amma evini qoşulduğu qrupa verib. Üstəlik, kiçik qardaşını da təsiri altına alıb: «Kiçik oğlum ustadı, əlləri qızıldır, o da ailəsini götürüb ölkədən gedib, amma hələ ki, Türkiyədədir».
İlham İsmayıl
İlham İsmayıl

«DİŞSİZ FƏTVA».AMMA...

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Qazılar Şurasının fətvasını «dişsiz» sayır. Deyir ki, ciddi bir maarifləndirici proqram hazırlanmalıdır. İlham İsmayılın fikrincə, Suriyada döyüşənlərlə bağlı hökumətin ciddi narahatçılığı var və bu da əsassız deyil:

«Suriyada döyüşənlərin mübarizəsi cihad deyil, mənsəblərarası davadan ötrü gediblər. Sabah həmin davada döyüşənlər Azərbaycana transfer ola bilərlər. İndi ölkədə sünni-şiə dominantlığından başqa digər təriqətlər də təşəkkül tapır. Çox radikal düşünən dini qruplar Azərbaycanda şəriətlə, dinlə, ölkənin idarəedilməsi ilə bağlı radikal addımlar ata bilərlər. Bəziləri potensial terrorçular ola bilər».

İlham İsmayıl deyir ki, hökumət ondan da ehtiyat edir ki, bu adamlar beynəlxalq terror təşkilatların üzvü olub Azərbaycana hansısa tapşırıqla qayıda bilərlər:

«Buna görə Azərbaycan hökumətinin əndişəsi normal qarşılanmalıdır».

Amma o hesab edir ki, hüquq-mühafizə orqanları vəziyyətdən istifadə edib dini icmalara qarşı hücuma da keçməməlidir:

«Bu mübarizə Suriyaya gedənlərə, onları göndərən qruplara qarşı olmalıdır. Yəqin ki, fətvada da bu nəzərdə tutulur. Yoxsa hansısa vəhhabiyə, sələfiyə, sadəcə dini inancına bağlı adama qarşı yönəlməsi düzgün qarşılanmayacaq.
Hacı Qamət Süleymanov
Hacı Qamət Süleymanov
Belə kobud müdaxilələrlə rastlaşmışıq, kimlərisə əsassız olaraq polisə aparıb saqqalını qırxıblar, şalvarının balağını uzadıblar. İndi hökumət də nəzərə almalıdır ki, belə kobudluq əks-reaksiya doğura bilər».

«FƏTVA AZDIR...»

Artıq fəaliyyəti dayandırılan «Əbu-Bəkr» məscidinin imamı Hacı Qamət Süleymanov isə deyir ki, hüquq-mühafizə orqanları radikalla qeyri-radikalları ayırır:

«Biz elə dəstələrlə qarşılaşmışıq ki, onlar heç öz valideynlərini saymırlar. Onları kafir sayırlar. Onlara belə fətvalar təsir etməz. Sadəcə maarifləndirici iş aparmaq lazımdır. Onların fikirlərinə qarşı dəlilli-əsaslı fikirlər qoymaq lazımdır ki, bu cavanları aldada bilməsinlər».

Amma Hacı Qamət onu da əlavə edir ki, o, Azərbaycanda güclü maarifləndirici iş apara bilən məscid tanımır.

«AŞURBƏY MƏSCİDİ BAĞLANILSIN» TƏKLİFİ

Qafqaz Müsəlmanları İdarəsində həm də dini icmaların iştirakı ilə yığıncaq keçirilib. avropa.info yazır ki, həmin yığıncaqda sələf camaatının toplaşdığı Aşurbəy Məscidinin qapadılması təklifi səslənib. İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır:

«Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclərdir».

«MƏSCİD BAĞLAMAQ ÇIXIŞ YOLU DEYİL»

İlahiyyatçı Elşad Miri isə avropa.info-ya deyib ki, Aşurbəy Məscidini bağlasan, həmin insanlar yığışacaqlar elə Hacı Surxayın axund olduğu Cümə Məscidinə.
Elşad Miri
Elşad Miri
Sonra oranı da bağlayacaqlar, yığışacaqlar Təzəpir Məscidinə:

«Beləliklə bütün ibadət yerlərini bağlayacaqsınız? Məscidləri nəinki bağlamaq lazım deyil, əksinə sayını artırmaq lazımdır. Sadəcə düzgün maarifləndirmə işi aparmaq gərəkdir».

Üstəlik, bəzi ekspertlər hesab edirlər ki, fətva özü dini təriqətlər arasında münasibətlərin bir qədər də gərginləşməsinə xidmət edə bilər. Onların fikrincə, hökuməti narahat edən məqamlardan biri də indi Türkiyədə baş verən «yolsuzluq» olaylarıdır. Həmin ekspertlərə görə, Erdoğan hökumətinin bəzi üzvlərinə qarşı korrupsiya ittihamlarını dini cərəyanlara yaxınlığı ilə seçilən polis və müstəntiqlər ortalığa qoymuşdu. Eyni zamanda ölkədə radikal dini meyllər güclənirsə, bu, hakimiyyətə fundamental azadlıqları boğmağa və bunu Qərb qarşısında əsaslandırmağa imkan verə bilər.

TƏZYİQLƏR?

Qazilər Şurasının fətvasından sonra isə «fetullah gulen sevdalilari» adlı elektron ünvandan bəzi media qurumlarına Şeyxülislam Hacı Allahşükür Paşazadəni korrupsiyada suçlayan e-mail-lər göndərilib.

Hacı Allahşükür Paşazadə isə yığıncaqda bildirib ki, QMİ-nin Suriya və digər ölkələrə cihad adı altında döyüşməyə gedənlərlə bağlı verdiyi fətvadan sonra bəzi dini məzhəblər tərəfindən onlara təzyiqlər ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG