Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

Şah İsmayıla qələbə qazandıran hərbi bicliyi


Şah İsmayıl
Şah İsmayıl

►Çox keçmir ki, Şeybani xan tələyə düşdüyünü və bu tələdən sağ çıxmağın mümkün olmadığını anlayır...

Şah İsmayıl özbək hökmdarı, Çingiz xanın nəslindən olan Məhəmməd Şeybani xanın əlindən elə yanıqlı idi ki, məğlub edəndən sonra onun kəllə sümüyündən badə düzəltdirmişdi.

"İRANIN SAPIQ ŞAHI"

Orta Asiyanın qüdrətli hökmdarı Şeybani xan dəfələrlə "İranın sapıq şahı" adlandırdığı Şah İsmayıla hədə dolu məktublar yazmış, onu şiəlikdən imtina etməyə, "həqiqi din yoluna qayıtmağa" çağırmış, üstəlik də "kəmağıl" adlandlrmışdı.

Şah İsmayıl gəlib onu Mərv şəhərində yaxalamışdı.

Şeybani xan səfəvi ordusu ilə açıq döyüşdən yayınıb Mərv şəhərinin qala divarları arxasında gizlənmişdi.

Amma Şah İsmayıl hərbi dərsliklərə düşəsi fənd işlədərək onu oradan çıxarmışdı.

Əgər məşhur "Troya atı" əməliyyatı bir yunan mifidirsə, Şah İsmayılın elədiyi bir gerçəkdir.

Bu barədə irəlidə ətraflı danışacağıq. Hələliksə iki hökmdar arasında tarıma çəkilmiş münasibətlər haqda.

İMAM RZANIN QƏBRİ

Şeybani xan Şah İsmayıla bəzi məktublarında heç şah da demir, onu monqolca "daruqa" adlandırır. Yəni dövlətə yox, onun hansısa əyalətinə rəhbərlik edən şəxs. Bir dəfə isə o, Şah İsmayıla dərviş çomağı və sədəqə kasası göndərmişdi. Bununla şahın zadəgan yox, "dərviş nəslindən" olduğuna işarə etmişdi.

Şeybani xan
Şeybani xan


Şeybani xan Şah İsmayıla yazır ki, sünnəni tanısın, haqq yoluna qayıtsın: "Əks halda İranı saysız müharibələr meydanına çevirib, qüdrətli qolumdan güc olan qələbə qılıncımla, sənin möhkəmləndirdiyin İsfahanı yerlə yeksan edərəm. Baxmayaraq ki, onun qala divarlarını göyün yeddinci qatına qaldırmısan. İran əhlini elə cəzalandıraram ki, məhşər gününə qədər yadından çıxmaz".

Şeybani xan qonşu dövlətin güclənməsindən, ərazisini genişləndirməsindən ehtiyat edirdi. Şah İsmayılınsa doğrudan da özbəklərə ərazi iddiası vardı. Bu da Şeybani xanın nəzarətində olan Xorasan idi. Şiələrin müqəddəs saydığı İmam Rzanın qəbri olan yer.

Şah İsmayılın Orta Asiyaya yürüşü Şeybani xan üçün qətiyyən əlverişli olmayan bir vaxtda başladı. Həmin vaxt xana Səmərqənddən xəbər çatdırmışdılar ki, oğlu Məhəmməd Teymur qazaxlarla döyüşü uduzub. Xanın özü isə Əfqanıstan tərəflərdən yenicə qayıtmışdı. Onun xəzərələrə qarşı yürüşü elə də uğurlu olmamışdı. Qoşunları yorğun idi. Bir tərəfdən də Şah İsmayılın dalbadal tutduğu şəhərlərdən qaçıb gələn özbək əsgərlər döyüşəsi halda, ovqatda deyildi.

Səfəvi ordusu Xorasanı, Məşhədi asanlıqla alıb Mərv üzərinə yeriyir. Şəhəri mühasirəyə alır.

Amma bir müddət sonra - 1510-cu il dekabrın 2-də (bəzi məlumatlara görəsə, noyabrın 30-da) Şah İsmayıl gözlənilmədən mühasirəni dayandırır.

Şeybani xana belə bir məzmunda məktub yazır: "Sən söz vermişdin ki, bizimlə İranda, yaxud Azərbaycanda görüşəcəksən, amma sözünün üstündə durmadın. Amma biz vədimizə əməl etdik və Xorasana gəldik. Bizimlə üz-üzə gəlməkdən yayındın. İndi biz qışı Xorasan ətrafında keçirmək üçün geri çəkilirik, yazda - zanbaqlar açanda yenidən səninlə döyüş meydanına atılacağıq".

"GERİ ÇƏKİLMƏ" ƏMƏLİYYATI

Mərv döyüşü
Mərv döyüşü


Səfəvilər doğrudan da çadırlarını söküb, yır-yığış edib gedirlər. Şah İsmayıl "geri çəkilmə" əməliyyatının mümkün qədər inandırıcı alınmasına çalışır. 2-3 min köhnə çadır yandırılır, guya düşmən əlinə keçməməsi üçün.

Şeybani xan şahın məktubunu alandan sonra Şah İsmayılın iradəsizlik və zəiflik göstərdiyini düşünüb qoşunu ilə birlikdə Mərvdən çıxaraq "geri çəkilən" səfəvi ordusunu izləməyə başlayır.

Bu zaman səfəvi qoşunu "dabanına tüpürüb" qaçmağa başlayır. Şəhərdən 24 kilomet aralıda yerləşən körpünü də keçir. Onların ardınca isə Şeybani xanın qoşunu.

Amma çox keçmir ki, xan özünü tələyə saldığını və bu tələdən sağ çıxmağın mümkünsüzlüyünü anlayır.

Çünki Şeybani xanın qoşunu keçəndən sonra səfəvi əsgərləri çay​ üzərindəki həmin körpünü dağıtmışdılar və özbəklərin geriyə yolu bağlanmışdı.

Şah İsmayılın 17 minlik ordusu Şeybani xanın əsgərlərini dövrəyə alır. Şiddətli döyüş başlanır, qan su yerinə axır.

Özbəklərdən qırılan qırılır, qaçanları isə səfəvi əsgərləri haqlayıb qılıncdan keçirir.

Başını itirən Şeybani xan 500 nəfərdən ibarət qvardiyası və əyan-əşrəfi ilə birlikdə qaçıb özünü çardivara salır.

Bu, yalnız bir girişi olan, çöllükdə mal-heyvanı yığmaq üçün istifadə edilən və dörd tərəfdən qum təpələrilə əhatələnmiş bir yerdi.

Səfəvi əsgərləri çardivarı dövrəyə alıb xanın dəstəsi üzərinə ox yağışı yağdırmağa başlayırlar.

Özbəkləri bir tərəfdən oxlar qırır, o biri tərəfdən isə öz hürkmüş, yaralanmış atları tapdalayır.

BAŞ BİR YANA, QOL BİR YANA...

Meyitlərin altından Şeybani xanın da ruhsuz bədəni çıxarılır.

Başı kəsilib Şah İsmayılın ayaqları altına atılır.

Səfəvi imperiyası
Səfəvi imperiyası


Şah Şeybani xana və əmirlərinə məxsus yaraq-əsləhənin döyüşdə xüsusi fərqlənmiş səfəvi əsgərləri arasında bölünməsini əmr edir. Döyüşdə ölən düşmən əsgərlərinin başından isə piramida düzəldilir.

Şah İsmayılın əmri ilə Şeybani xanın başının dərisi çıxarılıb samanla doldurulur və onun müttəfiqi olan Osmanlı sultanı 2-ci Bəyazidə göndərilir.

Xanın kəsilmiş qolu isə onun digər müttəfiqi - Mazandaran hökmdarı Ağa Rüstəmə göndərilir.

Şah nifrət etdiyi Şeybani xanın kəllə sümüyündən qızıldan tökmə qədəh hazırlamağı əmr edir. Və həmin qədəhdən öz məclislərində istifadə edir.

İran və Azərbaycanın bütün şəhərlərinə qasidlər bu möhtəşəm qələbə haqda xəbər çatdırır və bu, məscidlərdə, küçələrdə təntənəli şəkildə camaata elan edilir.

Böyük Azərbaycan şairi Məhəmməd Füzuli də "Bəngü badə" poemasında görkəmli Azərbaycan sərkərdəsi Şah İsmayıl haqda yazacaqdı:

Ol ki başlar zamanda bəzmi-fərağ,
Padişahlar başından eylər əyağ*.

________
*badə

Mərv zadəganları Şah İsmayılı itaətkarlıqla qarşılayırlar. Şah da şəhər əhalisini bağışlayır. O, yerli əhalinin rəğbətini qazanıb buranı Səfəv İmperiyasının ucqarında möhkəm qalaya çevirmək niyyətində idi...

Mənbə: Рустан Рахманалиев. "Империя тюрков. Великая цивилизация", Противостояние Шейбани-хана и шаха Исмаила

Mərv döyüşü
Mərv döyüşü

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG