Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Ünvanlı sosial yardımın ünvanı açıqlandı


Foto: Arxiv
Foto: Arxiv
-
Bundan sonra – varlı və ya kasıb – heç kəs ünvanlı sosial yardım aldığını gizlədə bilməyəcək. Noyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardım alanların adlarını açıqlayıb. İndən belə kimin sosial yardım aldığını öyrənmək üçün nazirliyin internet səhifəsinə göz atmaq yetər.

«ŞƏFFAFLIĞIN OLMAMASI HAMIYA MƏLUMDUR»

Nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev noyabrın 27-də keçirdiyi brifinqdə ünvanlı sosial yardımların verilməsində korrupsiya hallarının olmasını etiraf edib. Xidmət rəisi vətəndaşlara üz tutaraq, onları aztəminatlı təbəqəyə aid olmadan yardım alanları üzə çıxarmağa çağırıb:

«Ünvanlı sosial yardımın verilməsində heç də şəffaflıq təmin olunmayıb. Neqativ hallar hamıya məlumdur. Biz bu yardıma ehtiyacı olan, amma onu ala bilməyənlərin köməyi ilə həmin adamları aşkar etmək istəyirik».

Ünvanlı sosial yardımların verilməsinə 7 il öncə başlansa da, indiyədək bundan yararlananların adı açıqlanmırdı. Adları açıqlamaq tələbinə nazirlikdən eyni cavab eşidilirdi: «İddia qanunaziddir. İnsanların şəxsi məlumatlarını açıqlamaq olmaz».

«YARDIMLARIN YARISI MƏNİMSƏNİLİR»

İndiyədək bir sıra QHT ünvanlı sosial yardım alanlar siyahısının açıqlanması üçün nazirliklə davamlı müzakirələr aparıb.

Keçmiş deputat Pənah Hüseyn Sabirabad rayonu üzrə belə yardım alanların siyahının açıqlanması tələb edib. O bu tələblə Ali Məhkəməyədək gedib çıxsa da, həmin siyahı açıqlanmayıb:
Pənah Hüseyn
Pənah Hüseyn

«Birbaşa iddia etmək olar ki, büdcədən ünvanlı yardım üçün ayrılan pulların ən azı 50 faizi mənimsənilir. O vaxt bu iddiaları üzə çıxarmaq üçün parlamentdə məsələ qaldırdım, daha sonra məhkəməyə müraciət etdim. Heç bu məsələni yaxına buraxmaq istəmirdilər. Hətta bir məhkəmə iddiamı təmin eləmişdi, amma sonradan mənə məktub gəldi ki, iddiam təmin olunmayıb. İndi məhkəmə sənədlərinin hamısını saxlayıram. Nazirlik bu siyahını açıqlayıbsa, çox maraqlı hadisədir».

«KASIB OLMAYA-OLMAYA YARDIM ALANLAR UTANSIN»

Siyahının açıqlanmasından məyus olanlar da var. Vaxtilə özünün və yaxınlarının yardım aldığını deyən Təranə Əhmədova nazirliyin son addımını doğru saymır:

«Bu, düzgün deyil. İstəməzdim adım açıqlansın, kimlərsə mənim yardım aldığımı bilsin. Bu, mentalitetimizə uyğun deyil. Yardım aldığımı ailəmizdən başqa heç kim bilmirdi. Bütün respublika adımı biləcək. Baxmayın, bura Azərbaycandır, deyəcəklər ki, filankəs kasıbdır, 50 manatın ümidinə qalıb və s. və i.a.».

Yardım üçün bir neçə dəfə üz tutan, amma istəyinə çatmayan Fəxri Şərifzadə alacağı halda adının açıqlanmasında problem görmür.
Sahib Məmmədov
Sahib Məmmədov
Deyir, «kasıb olmaya-olmaya, yardım alanlar utansın».

«5 AVTOMOBİLİ OLAN YARDIM ALIRMIŞ»

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov nazirliyin addımını müsbət qarşılayır. Hesab edir ki, çatışmazlıqlar olsa da, açıqlanan siyahı bundan sonra imkanlı adamların korrupsiya yolu ilə yardım almasına imkan verməyəcək:

«Bunadək heç kim bilmirdi ki, kim yadım alır, kim almır. Biz o vaxt monitorinq keçirərkən, həyətində beş xarici avtomobili olan adamın yardım aldığını aşkar etmişdik. Amma o ailənin yardım aldığını heç kim bilmirdi. Biz bunu təsadüfən, bir vasitəçinin bələdçiliyi ilə tapmışdıq. Siyahının açıqlanması artıq çəkindirici faktdır. Bundan sonra çox varlı adamlar bu məsələdən çəkinəcək».

«PULUN HARA GETDİYİ AÇIQ OLMALIDIR»

İqtisadçı Azər Mehtiyev məsələnin mentalitetə və şəxsi həyata bağlanmasını doğru saymır. Onun fikrincə, büdcədən harasa pul ayrılırsa, bu, cəmiyyət üçün açıq olmalıdır:
Azər Mehtiyev
Azər Mehtiyev

«Adların açıqlanması vətəndaş cəmiyyətinə imkan verəcək ki, yardımın həqiqətən imkansızlara verilib-verilmədiyini aydınlaşdırsın. Burda heç bir alçaldıcı hal yoxdur, çünki adamın bugünkü həyat durumu onu belə bir yardım almağa məcbur edir. Vətəndaş yardım üçün müraciət edirsə və ona büdcədən pul verilirsə, həmin pulun hara getdiyi cəmiyyətə açıq olmalıdır».

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev adların açıqlanmasını doğru qərar sayır. O düşünür ki, bu addım rüşvətxorluq və korrupsiya hallarının qarşısını almaqla yanaşı , həm də sosial ədalətin tam bərpasına kömək edəcək.

GƏLƏN İLƏ 206 MİLYON

Ünvanlı sosial yardımların verilməsinə 2006-cı ilin iyunundan başlanıb. Bu ilin iyulunadək olan məlumata görə, ölkədə 120 mindən çox ailə (531 min 885 nəfər) ünvanlı sosial yardım alır. Yardımın orta aylıq məbləği 119 manatdır.

Hər il dövlət büdcəsindən ünvanlı sosial yardımlara 180 milyon manatadək pul ayrılır. Gələn ilin büdcəsində bu məqsədlə 206 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
XS
SM
MD
LG