Keçid linkləri

Təcili xəbərlər

Ana «Facebook»dakı yazılarına görə oğlunun həbs edildiyini deyir


Əbdül Əbilov
Əbdül Əbilov
-
«Oğlumu şərləyib tutublar, o, internetdə hökuməti tənqid edən yazılar yazırdı, bu səbəbdən də həbs olunub».

Bunu «Facebook»un 31 yaşlı istifadəçisi Əbdül Əbilovun anası Nurcahan Əbilova noyabrın 27-də AzadlıqRadiosuna deyib.

Əbdül Əbilov «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin admini olub.

Ananın söylədiyinə görə, oğlunu noyabrın 22-də saxlayıblar. Əbdülü tezliklə buraxacaqlarını dediklərindən məsələni ictimailəşdirməyiblər. Hətta oğlu zəng edərək bazar ertəsi evə gələcəyini də bildirib:

«9 nəfər mülkigeyimli evə girdi. Onlar ciblərindən nə isə çıxarıb oğlumun cibinə qoymaq istəyəndə, buna imkan vermədim, əllərindən aldım. Amma yenidən əlimdən aldılar. Nə qədər elədim alınmadı, oğlumu apardılar. Noyabrın 23-də getdim Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, dedilər oğlunuzu filan yerə göndərəcəyik. Onda başa düşdüm ki, bizi aldadıblar».

Nurcahan Əbilova oğlunun tez-tez internetdə tənqidi fikirlər yazdığını deyir:

«Heç yerdə iş tapmırdı, elə kasıblıqdan yoldaşını müalicə etdirə də bilmirdi. Bu səbəbdən 3 uşaq itiriblər. Bu şeylərə görə əsəbiləşir, internetdə tənqidi fikirlər yazırdı».

Orxan Mansurzadə
Orxan Mansurzadə
«NARKOTİKİN ONA MƏXSUS OLDUĞUNU ETİRAF EDİB»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Əbdül Əbilovun konkret əmələ görə saxlandığını bildirir:

«Polislər əməliyyat məlumatları əsasında evinin qarşısında Əbdül Əbilovun üstündən heroin tapıblar. Narkotik maddənin ona məxsus olduğunu etiraf edib, onu evdə də saxladığını bildirib. Özünün iştirakı ilə evlərində axtarış aparılıb. Şahidlərin gözü önündə evlərindən külli miqdarda narkotik maddə götürülüb. Cinayət işi açılıb, barəsində həbs-qətimkan tədbiri seçilib. Onun «Facebook»dakı tənqidi fikirlərinə görə həbs olunması barədə deyilənlər doğru deyil. Bu, ictimai fikri yayındırmaq məqsədi daşıyır».

Nurcahan Əbilova isə oğlunun həbsi ilə əlaqədar prezidentə teleqram vurduğunu bildirir:

«Teleqramda hadisənin necə olduğunu göstərmişəm. Yazmışam ki, mənim oğlum hökuməti tənqid edirdisə, buna görə həbs edəydiniz, cəza da verəydiniz. Amma onu bu cür şərləmək Allaha xoş getməz».
XS
SM
MD
LG