Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:46

Əhməd Cavadın əsərləri on-line kitabxanamızda


Əhməd Cavad
Əhməd Cavad
-

Şair Əhməd Cavadın seçilmiş əsərləri on-line kitabxanamızda


Əhməd Cavad


Seçilmiş əsərləri


ŞÜKRIYYƏM ÜÇÜN

Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz!
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz!
Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!
Nə çoxdur dünyada qənirsiz pəri!
Gözümə görükməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz!
Məndən xoşbəxt varmı dünyada, deyin?
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən, yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kərəm sənsiz!
Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz;
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
Şükriyyə taleyim, şükür Xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kirpiyin oxdur,
Ürək qubar olar – can vərəm sənsiz!..
Şerimin sözüsən, sözün – ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, camalın gözəl çələngi!
Ilham yetim qalar, ağıl – kəm sənsiz!

Gəncə, 1917


QURBAN OLDUĞUM

Bir xeyli zamandır getdi, gəlmədi,
Əhdi peymanına qurban olduğum!
Istədi can verdim, qədir bilmədi,
O şirin canına qurban olduğum!
Dedim: ayrılığa yoxdur tavanım,
Ayrılıb getməsin sərvi-rəvanım!
Bir daha dönməzmi yosma tərlanım,
Adına, sanına qurban olduğum!
(O təmiz qanına qurban olduğum!)
Mən hey göyə baxdım, göy mənə baxdı,
Göylərə baxmaqdan gözlərim axdı!
Şimşək oldu, ancaq bir dəfə baxdı,
Baxdı qurbanına qurban olduğum!
Könül vermək istər bir müjdə yenə,
Sevgili yurdumun gözəllərinə!
Şerimə can verib, göylərdən enə,
O haqq divanına qurban olduğum!
O mənim şerimin ruhu, rəvacı,
Bütün gözəllərin başının tacı!
Bilməzmi ki, onsuz ömrüm çox acı,
Şöhrətü şanına qurban olduğum!
Gözəlliklər yapma, duyğular cansız,
Mənə tən eyləyir hər yetən qansız.
Atılan oxlardan çıx gəl ziyansız,
Namü nişanına qurban olduğum!
Bir gecə yatmışdım qəmli, mükəddər.
Qəlbimi sıxırdı sonsuz fikirlər.
Birdən Günəş doğdu, açıldı səhər,
Baxdı gözlərimə o qumral gözlər!
Səsimə oyandım, bomboş bir otaq,
Dağların qarına dönmüşdü yataq.
Eşqimə, duyğuma yoxdu bir ortaq,
Bu iyi dünyada ixtilat qataq!

Batum, 1916


GƏNCƏDƏN GƏLIRƏM...

Gəncədən gəlirəm, yüküm üzümdü,
Gəncənin əsgəri düzüm, düzümdü.
Bir əmim qızı var, iki gözümdü,
Özgəyə vermərəm, mən özüm allam,
Şirin qadasını canıma sallam!
Aşıq şerindən
Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yolları burma, burmadı.
Gəncədə bir qız var, teli durnadı,
Günəşə sən çıxma, mən çıxım deyir!
Gəncədən gəlirəm, yüküm çiçəkdi,
Gəncənin gülləri ləçək-ləçəkdi.
Gəncədə bir qız var, adı Çiçəkdi,
Quşlara sən uçma, mən uçum deyir!
Gəncədən gəlirəm, malım nə maldı,
Gəncədən aldığım ipəkdi, şaldı.
Gəncədə bir qız var, adı Maraldı,
Ceyrana sən qaçma, mən qaçım deyir!
Gəncədən gəlirəm, yüküm xınadı,
Könlüm dəli quşu ona qonadı.
Gəncədə bir qız var, adı Sonadı,
Sulara sən axma, mən axım deyir!
Gəncədən gəlirəm, sözə bənd olub,
Gəncənin meyvəsi şəkər, qənd olub.
Gəncədə bir qıza gözüm bənd olub,
Cavada sən baxma, mən baxım deyir!

* * *

Səhər zamanıydı əsərkən yellər,
Düşərkən jalələr oyatdı səni.
Çatıldı qaşların, darıldın bana,
Islatdı jalələr nazik bədəni.
Bütün bir səhəri yanılıyordum,
Boş qalmış qoynuna çiçək doldurdum.
Gülzarına Quran deyə əl vurdum,
Inanmadın niyə, bilmədin yəni?
And içdim ki, könlüm sənsiz yaşamaz.
Ağlar sənsiz, sınıq, o bir telli saz.
Qollarına verdin o dəm bir pərvaz,
Oxşadın sinənə cansız düşəni!
Şimdi sənsiz xəstə könlüm sərsəri,
Dolaşıyor, durur qürbət elləri.
Ey məni bir dəfə güldürən pəri,
Ağlar neçin qoydun illərcə məni?


LEYLA

Deyirlər Qarabağ bir cənnət imiş,
Bəslərmiş qoynunda gözəllərini!
Məndə qüdrət yoxdur qələm çalmağa,
Tərif eyləməyə ancaq birini.
O gərgin qaşların kölgəsindəki,
Can alıb, can verən gözlərə qurban!
Bugünkü Leylanın xoş səsindəki
Mənalı, mənasız sözlərə qurban!
Qurban qəbul edib töksə qanımı,
Nəyi var şairin, verər canını?!
Qəmzəsi qan olan, gərdişi əla,
Doğrudan gözəldir, göyçəkdir Leyla!
Çiçəklər qoynunda bəsləmiş əndam,
Çıxdı dodağında badənin canı.
Gözəlsən, incəsən, qur yeni bir dam,
Əsir et, qul eylə mahi-tabanı.
Böylədir önündə hər yeni şair,
Yeni bir yol bular, bir əməl bəslər.
Mənim təbiətdən istəyim budur,
Çoxalsın yurdumda böylə gözəllər!
Könül tazalandı sitayişindən,
Könüllər sultanı, ellər gözəli!
Qorxum var dünyanın bircə işindən,
Mümkünsə dəyişdir qələm-əzəli!
Söylə ki, çiçəklər solmasın, Leyla!
Mənim qorxduğum hal olmasın, Leyla!
Dolansın başına ulduzlar, aylar,
Bu köhnə dünyanın Leylası da var!
Gözəllər toplaşıb olsunlar bacı,
Leyla da onların başının tacı!

1934


KÜSƏYƏNLƏRƏ

Qoy nə deyir desin hər yetən çaqqal,
Bir yerdə yaşadıq, ağardı saqqal.
Bal-mal istəmərəm, deyiləm baqqal,
Şəkərim də sənsən, balım da sənsən!
Başdan zor görürəm, bezdim ayaqdan,
Bezikmişəm vallah, könül almaqdan.
Görünür bizimki əyilmiş haqdan,
Anamız küsəyən, arvad küsəyən.
Əqrəba küsəyən, övlad küsəyən.
“Can” dedim, ömrümdə eşitmədim “can”,
Biçarə qəlbimi üzdü həyəcan.
Müxtəsər, könlümə neştərlər sancan
Hər qohum küsəyən, hər yad küsəyən!
Əqrəba küsəyən, övlad küsəyən!
Fələk polad kimi qəlbi yenərmiş,
Insanın iqbalı yaman dönərmiş.
Indi anladım ki, ocaq sönərmiş,
Ev əhli küsəyən, övlad küsəyən!
Əqrəba küsəyən, arvad küsəyən!

* * *

(Şükriyyə xanıma)

Dünya dəyişmişdir artıq,
Bilməm varmı xəbərin?
Dəyişməyən bir şey varsa
O da sənin səfərin.
Bu səfər, uzun səfər,
Getdikcə uzun səfər.
Dərin boşluqdan gəlir,
Sənin kimi bir nəfər.
Nə çıxsın ki, göylərdə;
Varlığın bir yaraşıq;
Bu solğunluq yaraşmaz
Bizə işıq ver, işıq!
Işıq ver görünməmiş,
Bir dünya quranlara!
Dünyadakı boşluqdan,
Haqq-hesab soranlara!
Yoxsa bu gen boşluqda,
Tək gəzməkdən nə çıxar?
Yalqız deyilsən çox da,
Sənin də öz yerin var!

1935, 14 dekabr


AT BU ÇADRANI

Səni gözdən eləyən,
Gözdən iraqlaşdıran;
Bu uğursuz çadranı
Fırlat qaranlıqlara.
Keçdi qaranlıq gecə,
Söndü zülmət, atdı dan.
Nə gizlənmək vaxtıdır,
Iş hara, çarşaf hara?
Dörd divarın içində,
Işıq, Günəş görmədən;
Bəsdir qulaq verdiyin
Qədirbilməz səslərə.
Bir yeni hiylə tapdı
Məhvin üçün hər yetən.
Dost ikən düşmən oldun
“Can!” dediyin kəslərə.
“Namusu” zindanlarda,
Zəncirlərdə görənlər;
Ölməmiş əndamına
Kirli kəfən taxdılar.
Bir çox qanlı əsrlər,
Bilmədin ki, həyat var;
Cəhənnəm qorxusilə
Gül vücudu yaxdılar.
Nə idin, zavallı, sən:
Canlı, yaylı bir bəbək;
Güldüyün görünürdü,
Göz yaşın bilinməzdi.
Yağıydı hər kəs sənə,
Bilərək, bilməyərək.
Çökərdin bucaqlara,
Tozların silinməzdi.
Yer üzündə insanlar,
Tapınırkən sevgiyə;
Nə sevincək oldunsa,
Nəsibin oldu bir ah!
Hər dəfə sevdiyində
“Qadına haqq yox” dedi;
Müctəhidlə, padişah.
Eşitdim ta əsgidən,
Daş bütlərin önündə;
Qurbanlıq qoyun kimi
Baş əyirdin bıçağa.
Deyirlər, elə şeylər
Var dünyada, bu gün də:
Nə günlər keçirdin sən
Yetişincə bu çağa...
Bir dilsiz quzu kimi
Palaz bığlı tacirə;
– Istəməz, xatırlama –
Satıldığın günləri.
Şirvanın bazarından
Sürürdülər hər yerə;
Bağlananlar zülfünə –
Misirdən, Hinddən bəri.
Qaranlıq gecələrdə
Karvanlar keçir ikən.
Yurdunun əfsanəli,
Yoncalı yollarından;
Qaçmaqmı istəyirdin,
Ya nədən də qəflətən?
Əsirçilər yapışdı
Saçından, qollarından?
Bir az sonra Bağdadda,
Buxurdanlı sarayda;
Dərdli qəlbin qanından,
Mey sorardın vəzirə.
Dalğadan kəfəninlə
Dəclə adlı bir çayda;
Qanlı bir toy etdilər
Sən sevdiyin əsirə.
Aç tarixi vərəqlə,
Qanlı səhifələrdə;
Axıtdığın qanı gör
Əsirlər karvanında.
Eyni dərdlə inləmiş
Boğuq səsin hər yerdə.
Dünyanın hər yerində,
Misrində, Iranında.
Deyirlər, qısqanclıqdan
Bilməm hansı peyğəmbər;
Bir əbədi intiqam
Almaq üçün qadından –
Demiş ki: “Gizlənməli
Bütün çirkin, gözəllər;
Əmrdir çarşaf sizə
Allahımın adından”.
O qanlı gündən bəri,
Dodaqlarında yox qan;
O qanlı gündən bəri
Hıçqırıqla boğuldun.
Şah olsun, dərviş olsun,
Nankor imiş bu insan;
Süd verdin insanlığa,
Insanlıqdaq qovuldun.
Indi artıq yıxıldı,
Batdı qanlı saraylar.
Devirdilər taxtını
Qan içən padişahın.
Indi dinin dilində
Bambaşqa bir zikr var;
Fərqini anlayan yox
Savab ilə günahın.
Gəl, gecikmə, çıx artıq,
Çıx, qarış insanlara!
Vur başına zahidin
Eşqini, imanını;
Bir nəhayət qoy artıq
Verdiyin qurbanlara;
Insanlığın yolunda,
Qurtar, əvvəl canını!..

1929


SƏSLI QIZ

Sənin səsin, gözəl qız,
Səslərin ən gözəli.
Eşitmədim belə səs
Dünyanı dinləyəli...
Can alıb yüksəldikcə
Avazın pərdə-pərdə
Çox şeylər görən könlüm
Yenidən düşdü dərdə.
Bülbülün səsi kimi
Qaynayır incə səsin.
Sanki ömrüm uzanır
Uzandıqca nəfəsin.
Acımazsan könlümə,
Zildən enərsən bəmə.
Qız, yazığam bu dildə
Dərdimi şərh eyləmə!
Qız, qurbanmı istərsən
Inlətdiyin bu səsə?
Min dəfə ölsün canım
Söyləməsin bir kəsə.
Qəbul et qurbanımı,
Susma, Allah eşqinə.
Bundan sonra mənimçün
Yaşamaq nə, ölmək nə?!
Hər nəfəsin bir ayə,
Vəhyi-müqəddəs kimi!
Dünyada nemətmi var
Bu səndəki səs kimi?
Heç birinin lütfündən
Tapılmaz ki, bir payı.
Bilirəm ki, dərdindən
Ölənlərin yox sayı.
Qız, bu küskün könlümü
Bircə sənsən güldürən.
Sənsən məni dirildən,
Sənsən məni öldürən.
Məftunam mən səsinin
Bülluri axışına!
Məftunam gözlərinin
Atəşin baxışına!..
Sənin incə səsində
Dalğalanan nəşəyə!
Qurşandım sitayişə
“Nəfxeyi-rəbbim” deyə!
Indi şübhəm qalmadı:
Səsindəki qəhqəhə –
Doğrudan cəlb edərmiş
Sufini eşqilahə!
Səsindəki sirri mən
Gedib sordum dərvişə.
O məndən daha əvvəl
Heyran imiş bu işə!..
Bildinmi, bilmədinmi?
Açmadı sirr Allahı;
Dedi: “Haqqın cilvəsi
Görünür gahi-gahi!
Sirri-həqq hakim olmuş
Ta əvvəldən hər yerə!
Hər qövmin imanı var
Bir səsli peyğəmbərə!
Çoxdandır anlaşılmış
Bu sirr Fərat boyunda.
Axtarırmış o sirri
Kür-Arazın suyunda.
Əskilər onu sormuş
Ağsaqqal ərənlərə;
Haqq nuru, haqq sirrini
Qəlbilə görənlərə.
Demişlər ki, birinci
Gözəllik qız səsidir,
Gözəl qızda gözəl səs
Bu haqqın cilvəsidir!
Hər dinin əsli nədir? –
Qaibdən gələn bir səs!
Biçarə insanlığın
Dərdini bilən bir səs!
Bir çox gözəl qızların
Büllur kimi səsləri
Azmı xilas eyləmiş
Ölümdən bikəsləri?..
Oxudum tarixlərdə:
Qaniçən bir hökmdar
Bir ölkəni amansız
Eyləmişdir tari-mar!
Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə!
Yüz minlərlə atılan
Can yağısı oxları,
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.
Doğranmış əllərində
Qırıq qılınc qəbzəsi,
Boğulmuşdu köksündə
Igidlərin son səsi.
Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc!
O yanda qanlı gövdə,
Bu yanda gövdəsiz baş...
Bir qafa çığlamışdı
Hər qəzadan enən daş.
Yüz minlərlə qız, qadın
Dağılmışdı düzlərə.
Ölüm rəngi çökmüşdü
Saralan üz-gözlərə.
68Cənnət kimi bir ölkə
Məzarlığa dönmüşdü.
Bir çox evlər yıxılıb
Xanimanlar sönmüşdü.
Işlənməmiş qalmadı
Bir cinayət, bir günah.
Əzmişdi insanlığı
Ordusuyla padişah.
Haqsızlıq oldu qanun,
Yıxıldı xanimanlar.
Hər şeydən xəbərsizkən
Yandırıldı çox canlar.
Qalmadı ağızlarda
Yaşamağın heç dadı.
Bir çox yazıq quşların
Qoparıldı qanadı.
Əsgərsiz komandanlar
Qırıb atdı yayını,
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.
Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə,
Sana nə hüquq, nə haqq!..
Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü,
Hıçqırıqla bir diyar.
Yuyuldu divarlara
Sıçramış qan ləkəsi.
Vay səsi susduruldu.
Əmr edildi toy səsi.
Haqqı yoxdu kimsənin
Söz deyib, dərd açmaya.
Bəzənib çıxmalıydı
Gələnlər ağlaşmaya.
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.
Çiçək səpəcək oldu
Bütün qəlbiqırıqlar.
Qan içən padişaha
Hazırlandı istiqbal:
– Çıxmalısan qarşıya,
Istəyir öl, istər qal!..
Elə bil olmamışdı
Dünənki keşməkeş də,
Çıxdı güləş üzüylə
O bəxtəvər günəş də!
“Mənim də qanlı, qansız
Cilələrim var!” deyə
Çıxdı dərin göylərə,
Sıçrayaraq üzməyə.
Yüksəldikcə göylərin
Sakit gəzən sultanı;
Qaranlığın qalmadı
Dodaqlarında qanı.
Çaşdığından əvvəlcə
Buludlar da qızardı.
– Dünən buludların da
Çox dönük rəngi vardı! –
Bir az sonra onlar da
Əkildilər, getdilər.
Yerdə qalan buludlar
Matəmi tərk etdilər.
Kimdir bu sultan deyə
Sordular bir-birindən;
Eşidincə adını
Ah çəkdilər dərindən.
Ağardılar qorxudan,
Çəkildilər dağlara;
Sırmalı bəxtəvər də
Qonaq gəldi bağlara.
Bilmirəm gördünüzmü
Sabah vaxtı çiçəklər;
Çıxınca çaşqın günəş,
Nə dadlı mahnı söylər?!
Bu qıldıqsız günəşin
Sehr var baxışında.
Bir kərə göründümü
Göz yaşı axışında;
Çiçəkli kirpiyində
Yaşdan əsər qalmayır,
Qaşqabaqlı buluddan
Bir salam da almayır...
Nəşədən hallanırlar...
Içirlər zövqü incə...
Çiçəklərdə dadə vardır,
Ta qaranlıq gəlincə...
– Ömürdəndir bir gün də,
Ey çiçək, sevin, haydı!
– Ya batmayaydı Günəş,
Ya çiçək olmayaydı!..
– Bir də ki, bu həyatda
Günəşmi yalnız batan?
Az qaldı deyəcəkdim
Bütün həyat bir yalan!..
– Həyat yalan olsaydı,
Bir coşqun çiçəklər nə?..
Yox, bir günlük də olsa
Həyat həyatdır yenə!..
Dünən bir nişan yoxkən
Bağda səsdən, səmirdən.
Enincə dağdan Günəş
Quşlar da coşdu birdən.
Qarışdı qaqqıltılar
Büllur səsli cəhcəhə;
Yüksəldi hər budaqdan
Bir nazənin qəhqəhə!..
Sanki birdən çalındı
Qumrov, kaman, nayla ney,
Doldu şirin səslərlə
Kölgəli bağ, boz güney...
Məgər bəzən həyatla
Ölüm qardaş olurmuş:
Uçuşurdu yanaşı
Göyərçinlə qızılquş!..
Qorxmadan üzə çıxdı
Eldən qaçan qırqovul.
Yumuşaldı ürəklər
Qalmadı şeytan, çuğul...
Zalımın bəxti üstün
Məzlumların ahından;
Quşlar nə gözləyirdi
Ölüm padişahından!?
Quşlar da, bax, gözəl qız,
Coşdu o gün sənin tək;
Onlar da sərdi, durdu
Yollara səsdən ipək.
Bütün şəhər silkinib...
Əsər qoymadı pasdan,
Dünənki matəm hanı?
Doğrudan çıxdı yasdan.
Düşmən şahın gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər,
Qanlı sevinclə doldu.
Qəribə şeydir insan:
Al əlindən canını,
Istəyirsən ovucla
Hortlat axan qanını.
Qoparıb əz qəlbini
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə,
Heç baxma, istəyirsən
Saflığa, günaha əs;
Bir yırtıcı cəllad ol,
Doğra parça-parça, kəs.
Qadınsa, tut, boğ onun
Qan qusan fəryadını,
Qoy çıxarsın yadından
Sevdiyinin adını.
Qızsa, atın döşündə
Ləhlət gün qızmarında.
Gəlinsə hərraca qoy
Əsirlər bazarında.
Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.
Bu yoxsul insanları
Qırdırdınmı bir kərə,
Qəhrəman olacaqsan,
Düşəcəksən dillərə.
Keçmişdə coşmayırdı
Məzlumun qanlı kini;
O zamanlar güc idi
Xalqın yeganə dini.
Səyirdərək darğalar
Sağa-sola atını,
Seçdilər əhalinin
Yoxsulunu, tatını;
“Şah keçəcək yolları
Kirlətməsinlər” deyə,
Yolçularla yanaşı
Qovdular dal cərgəyə.
Ordu tirəndazları
Girdilər ellik bağa,
Çalışdılar qalmasın
Ağacda bircə qarğa.
Saçaqlı xalılarla
Bəzəndi bağlı çarşı,
Bayraqlı minarələr
Yüksəldi göyə qarşı,
Kəlisa qülləsində
Çalındı zorba çanlar.
Az qaldı deyəcəkdim
Mədən də zordan anlar.
Danqırtıyla ötdü çan,
Hazırlandı baş keşiş;
Məscid həyətində də
Eyniylə canlandı iş;
Danışdı şişman xoca
Üç saatdan yuxarı,
Hazır qıldı beyətə
Mömün müsəlmanları.
Xaçilə keşiş çıxdı
Məshəfilə şeyxana;
Çıxdılar istiqbala
Xaçla məshəf yan-yana.
Əllərində sür təsbeh,
Gümüşlü buxurdanlar,
Nazlanaraq səkirdi
Haqqdan qaçan insanlar.
Damağı çağ, kefi kök,
Qarnı tox tacirbaşı
Dingildəyib gedirdi
Şeyxlərlə yanaşı.
Insan əlindən yerə
Düşməzdi iynə atsan;
Yalnız küçələr deyil,
Evlər gətirdi insan.
Dırmaşmışdı uşaqlar
Mazqallı divarlara.
Boylanıb dururdular
Ürkək, zəif, avara!..
Dam üstündə qızların
Solğun dodaqlarında,
Boylanan gəlinlərin
Islaq yanaqlarında
Solan hüznün yerində
Indi vardır bir maraq.
Nə çiçəklər yetirir
Bu qan qoxulu torpaq!
Sayılırkən əvvəldən
Bir ölkənin pənahı,
Qarışmışdı xalqına
Ölkənin məğlub şahı.
Şahın bu gün ağır daş
Asılmışdı boynundan,
Çıxmayırdı əlləri
Xələtinin qoynundan.
Keçən gündə edərkən
O, Allah iddiası,
Indi bu son cəlala
Kəsildi, durdu ası.
Gir yerə, ey padişah!
Sənin bu boş başından
Nələr çəkdi məmləkət
Bir soruş göz yaşından.
Açıldı bayraqlar,
Çalındı boru;
Fələk görməmişdi
Bu vurhavuru.
Toz ərşə dayandı,
Göy dumanlandı;
Torpaq şaha qalxdı,
Toz da canlandı.
Qıvrıla-qıvrıla
Boz bir əjdaha;
Gəlirdi salama,
Büzülmüş şaha.
Böyüdü, canlandı
Donuq nöqtələr...
– Onlar atlılardır,
Nöqtə nə gəzər;
Bir az yaxşı dinlə,
Hey qıya bir bax?
Dördnala gəlirlər
Atlar çaparaq!
Düşmənin də olsa
Bax, bir az əylən.
Özləri igiddir,
Atları köhlən.
Olunca kefin kök,
Yollar da həmvar.
Qızışmış atlarda
Başqa ləzzət var!
O gün doğrudan da
Coşmuşdu atlar.
Uçaraq yetişdi
Qırx, əlli çapar.
Yanaşıb ədəblə
El qarğamışa;
Dedilər yoldadır
Gərdüneyi-şah.
Qaçdı məğlub şahın
Bəti-bənizi,
Coşdu, dalğalandı
Insan dənizi.
Istidən bayıla,
Dərddən boğula;
Birdən bütün başlar
Çevrildi yola.
Gözlər qıyılaraq
Qaşlar çatıldı.
Qələnin bürcündə
Toplar atıldı.
Bəzəkli qurbanlar
Sərildi yerə.
Parladı bıçaqlar
Tək bircə kərə...
Əvvəl bir sızıltı...
Sonra təpinmə...
– Dinmə, yazıq heyvan,
Ölsən də, dinmə!
Çevrilmiş gözünlə
Yollara bir bax:
Bu gələn gərdunə
Uğursuz qonaq;
Bilirsənmi, qan!..
Heyvan qanı içər,
Içməyə qan istər,
Olmasa insan.
Bax belə alqışla,
Çırpınıb dur da...
Sənin də payın var
Bu vurhavurda!
Belə bir cəlalı
Görməmisən sən;
Qabaqda Qıratın
Üstündə gələn,
O seyrək saqqallı,
Buxağı salla;
Yeddi tuğ ardınca
Gələn cəlalla;
O qanlı şərabdan
Doymayan Xaqan.
Səndən qan istəyir,
Bilirsənmi, qan!..
Nədənsə qatilləri
Boğmayırmış göz yaşı...
Gəldi uğursuz Xaqan,
Əyildi xalqın başı.
Baxaraq azğın-azğın
Qan daman gözlərilə,
Ürəkdən məğlub şahın
Əyləndi sözlərilə.
Qalxdı başlar səcdədən,
Başlandı çirkin hesab.
Dodaqlar üzəngidə –
Öpüldü çaxçur, corab.
Samur kürkün ətəyi
Öpüldükcə marçamarç;
Ayini təqdis etdi
Məshəf ilə qızıl xaç.
Nə fitvalar çıxardı
Acgözlü yaltaq xoca!
Keşiş də xaç çevirdi
Yalan qusdu bolluca.
Din bir çəkuzandısa,
Həm uzanır, bükülür;
Həm qaynar qətran olur,
Boğazlara tökülür.
Sehrli bir halı var,
Haqq çıxarır yalandan.
Yeni bir fitva tapır
Hər olandan-qalandan...
Qalmadı dal cərgədə
Burda da tacirbaşı.
Keşiş, xoca, bir yerdə
Durmuşdular yanaşı.
Əslisi gəldi sanki
Bağrı yanıq Kərəmin.
Edilən dualara
Ürəkdən dedi: “Amin!”
Ağsaqqallı bir qoca
Bir ehtişam əsiri;
Uğursuz hökmdarın
Beş tuğlu baş vəziri –
Yetirdi məğlub şaha
Buyruğunu Xaqanın:
“Malın, mülkün bizimdir,
Amanda, ancaq canın.
Qarşı çıxdın Xaqana,
Tutmadı, söndü baxtın.
Qılınc çaldıq, qazandıq,
Bizimdir tac və taxtın”.
“Yaşasın”, bağırtısı
Qopunca hər bir yandan,
Hərəkət əmri verdi
Lələkli baş komandan.
Dal qılınc rikabdarlar
Yarıb keçdi irəli.
Yol açdı gərdunəyə
Bağrışaraq sərsəri.
Beləcə əski parça
Bir çırtmayla atıldı;
Bütün bu ölkə xalqı
Çox ucuzca satıldı.
Qaldı bütün kənarda
Can verənlər, ölənlər.
Satışı təsdiq etdi
Tox qarınla gülənlər.
Axşam çökdü şəhərə,
Bir südlü, aylı axşam.
Çoxlu xəbər gətirdi
Şivənli, vaylı axşam...
Ürkək gəzən kölgələr
Qorxurkən bir-birindən,
Göz vurdu yıldızlar da
Göylərin kəfkirindən.
Hıçqırdı yer bu doğru,
Bir bax ki, göy nə hayda?
Solğun dodaqla güldü
Hər dərdə solğun ay da...
Ondan gözəl bu zülmü
Bir can ki, görməmişdi.
Qırğında fırlanarkən
Ay sanki görməmişdi...
Aydan cavab almalı
Ac, kimsəsiz qalanlar...
Çaş-baş olub baxırdı
Aydan soraq alanlar...
Axşam düşüncə susdu
Öz yoxluğilə Allah.
Allah yerində qaldı
Töyşüklü bir yanıq ah!..
Yoxsullar boğulurkən
Bu qanlı, yaslı vayda,
Xaqan dalmışdı eyşə
Bağlardakı sarayda.
Mərmər sütunlu qəsrin
Sarmaşıqlı eyvanı;
Çıraqlarla bəzənmiş
Nurladırdı hər yanı.
Çiçəkli köşkü axşam
Bəzətmişdi əski şah.
Xaqan demişdi: “Indi
Kef etməmək bir günah.
Mənim sadiq vəzirim,
Gəl, gəl baxaq hesaba:
Vəzirimin saqqalı
Boyansın bir şəraba!”
Gül əndamlı saqilər
Dad qatınca kəlamə.
Yaşıl çarşaf sərvlər
Dikildilər səlamə.
Uçuşdu rəqqasələr
Baş vəzir əl çalınca.
Mərmər döşləri üryan
Baldırlar da yalınca...
Atıldı nazlı qızlar,
Töküldü tellər üzə.
Min yerdən “can!” deyildi
Hər axan süzgün gözə...
Gülərkən gül üzlü qız,
Minalı, güllü qabda;
Büllur əyaqda coşdu
Dünya görən şərab da.
Dumanlandı beyinlər,
Süzüldü gözlər tamam.
Əl-ayaqlar göynədi,
Əzildi sözlər tamam.
Çıxardı sanki yaddan
Axıtdığı qanları;
Səvərdi sayqısızca
Orda komandanları.
Xumarlandı gözləri
Çıplaq qadınların da.
Sərildilər yerlərə
Xaqanın yanlarında.
Yüksəldi hər tərəfdən
Şəhvətli, kirli səslər;
Alınlarda dolandı
Ölüm iyli nəfəslər...
Göründü şəhvət açıq
Xaqanın sözlərində;
Ədəbsizlik qabardı
Bərəlmiş gözlərində...
Qaçışın, yazıq qızlar,
Boğsunlar, ölüm barı!
Yox, ölüm dadlı isə
Oynayın, gülün barı!
Bu axşam səs çıxarmaq
Deyil həddi kimsənin.
Günahın ondadır ki,
Adın qadındır sənin.
Elə isə durmadan
Dincəlmədən çal-çağır;
Batdımı gözəl səsin,
Bağır deyirlər, bağır!..
Ey süzən qumral qadın,
Yazıqsan, süzmə belə!
Qurtarış yoxdur sənə,
Canını üzmə belə!..
Göstərdilər Xaqana,
Kəsmə telli bir qızı;
Dedilər ki, “bu Sara –
Ölkəmizin yıldızı”.
Fərqi yox, qoy süzülsün,
Baxsın belə dərindən;
Nə anlar sərxoş baxış,
Saranın gözlərindən!?
Kim ki, Saranı gördü
Çəkdi xeyli yanıq ah.
Bir şey qanmadı ondan
O qəlbi kor padişah.
O qızıl gül damlayan
Meyli dodaqlarında;
Pənbə rəngi qızardan
Pənbə yanaqlarında;
Hər dəfə çağrılanda
Ürkək gəlişlərində;
Qorxusundan ağaran
O incə dişlərində;
Fikri dərinləşdirən
Qıvırcıq saçlarında;
Qüdrətin qələmiylə
Çəkilmiş qaşlarında;
Dolğun döşdən qabarmış
Töyşüklü sinəsində;
Dünyanı alt-üst edən
Canlı, büllur səsində;
Parlayan aləmləri
Anlarmı qan içənlər?!
Nə bilir çiçək nədir.
Kor gəlib, kor keçənlər?!
Kar olanlar dünyanın
Mənasız hay-huyundan;
Nə anlardı Saranın
Orta, oynaq boyundan?!
Donuq bir şey göründü
Duyğusuz padişaha;
“Oxusun!” əmri çıxdı,
Sara coşdu bir daha.
Can verən sərxoş gecə
Ölürkən yorğun, əzgin –
Coşdu qızın səsində
Ölkədə qaynayan kin.
Boş yerə bir ölkənin
Haqsızca axan qanı;
Saranın dodağında
Canlandı, oldu mahnı!..


BEYTLƏR, ÜÇLÜKLƏR VƏ DÖRDLÜKLƏR

Ovçu bilməz, xəyalının öz səsidir,
Öz qəlbinin, öz eşqinin nəşəsidir?!
Bu səs bəzən bir quş olur,
Bir budağa qonmuş olur,
Ötür yoncalı bağda!
Bəzən baxarsan bir maral,
Əndamının hər yeri xal, –
Gəzər dumanlı dağda!..
Ilk baharın ilk nəfəsi,
Coşan eşqin bir həvəsi;
Nə olursa, olsun adı,
Səsdir ruhumun qanadı!
Ancaq mənim duyduğum səs,
Bu səslərə heç bənzəməz.


SƏSLƏR

1. Bu səsi mən duymadım,
Ağlayan dərdli neydən.
2. Bu səs bambaşqa şeydi
Qəzəldəki gileydən.
3. Bu səsi duyammadım
Mövləvi dərgəhindən.
4. Bu səsi duyammadım
Bağrı yanıq bülbülün
Sızlayan cəh-cəhindən.
5. Mən bunu eşitmədim
Bəzmin ayaqlarından
Mey soran saqilərin
Gülgün dodaqlarından.
6. Mən bunu dinləmədim
Hicranı vüsalından
Daha çox sürən yardan.
Sızıldayan kamandan,
Qüssəli, qəmli tardan.
7. Nə mümkündür durulsun
Böylə imanlı bir səs.
Xayır, mənim duyduğum səs
Bunlara heç bənzəməz.
Bu səsi mən duymadım
Əski dövr ozanından.
Küsəgən camelərin
Titrəyən əzanından.
Bunun yanında söndü
“Ərkinəqon” naüılı.
Bundan bir şeymi anlar
Ərənlərin ağılı?!
Tarixə sordum bir gün
Haqqında əbəs, əbəs.
O da heç görməmişdir
Böylə uğurlu bir səs.
8. Çox danışdım könlüm ilə,
Birdən gəldi qəlbim dilə,
Dedi: bəzən keçmişdə;
Böylə səslər doğulmuş.
O yalınqat səslər də
Beşiyində boğulmuş.
Mən özüm də doğrusu
Bu səsin heyranıyam.
Cansızlara can verən
Nəfəsin heyranıyam!
Bu səsin Məcnunudur
Musiqi, sənət, şeir.
Çünki bu qoç döyüşlü
Bir sinifin səsidir.
Budda böyük adı ilə,
Musa öz inadı ilə;
Isa qanlı xaçı ilə
Xaçilə, torpağilə;
Məhəmməd Quranilə,
Qılıncı, qalxanı ilə;
Dinlədiyim səsdir, o səs,
Heç bir səsə bənzəməz!
Bən səninçün bəzəmişəm yolları,
Sənin üçün sevdim qürbət elləri!


NƏ YAZIM

Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
Işıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu – pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!

Dərbənd, 3 may, 1920


BUNUMU ISTƏRDIN

Çoxdan bəridir ki, bu zavallı könlüm,
Mən səndən aldığım nur ilə yaşayır.
Sənin yadigarın ruhumdakı bu ölüm,
O coşmaq istəyir də, yazıq ki, coşmayır.
Qaranlıq bir yolda söndürdün çırağımı,
Öylə zənn etdin ki, bir daha yanmayacaq.
Indi bir nazənin almaqda sorağımı,
O keçən yolların qurbanıyam ancaq!..
Mən and içmişdim ki, o gün səndən sonra
Yalvarmayacağam artıq heç bir gözələ.
Ancaq günlər keçdi, sağaldı köhnə yara,
Bax onun qəlbimdə yox bir nişanı belə!
Mən artıq əvvəlki sərsəri deyiləm ki,
Sənin dizlərində tökəm göz yaşımı?!
Bu kəskin üsyanı, sən anlamazsan bəlkə?
Bir başqa mehraba əyməkdəyəm başımı!
Istədiyim kimi, sən qalx, onları dara,
Artıq nə mənası vardır, ağarmış tellər?!
Qaldır şu güzgünü, vur dilsiz divara!
Və sonra üzünü qaranlıqlara göstər.


O QIZA

Əli Nəzmiyə

Ömür dedikləri, çarpaşıq bir yol,
O çarpaşıq yolun yolçusuyam mən.
Gəl, yolum üstündə bir sözüm vardır,
Gözəl qız, bu yolda Xızırım ol sən!
Sevda dedikləri çılğın bir dəniz,
Bən çıxdım dənizə, qaldım yelkənsiz.
Bən ölmək, qurtarmaq istəməm sənsiz,
Sənsiz hər ikisi nə gündür bilsən?!
Söylərsəm dərdimi göydə yıldıza,
Olur pək pərişan dərd yaza-yaza...
Bir soran yoxdur ki, o gözəl qıza –
Verdiyi dərdlərin dərmanı kimdən?!
Çılpaq omuzlara pərişan tellər
Tökülər, aşiqi pərişan eylər.
Neyləyim, dərd bilən deyil bu ellər,
Ağla, yazıq könlüm, yoxdur bir kimsən.

Gəncə, 1919, 5 mart


YAZIM, GƏL, BAHARIM, GƏL

Ürəyim döyünüb uçar quş kimi,
Düşər torpaqlara vurulmuş kimi!
Sellər, sular coşar qudurmuş kimi!
Vuruşar, döyüşər yorulmuş kimi,
Çəkilər yatağa durulmuş kimi!
Yazım, gəl, baharım, gəl!
Şəmsim, gəl, Nigarım, gəl!
Əsmər üzlü yarım, gəl, –
Gəl, yoxdur qərarım, gəl!
Əzəldən salmışam meylimi, meylimi sana!
Veribdir hüsnünü Leylimi, Leylimi sana?
Dönsəm, üzüm dönsün, dönmərəm səndən,
Sən dönsən mən neylim, mən neylim sana?!
Neylim gəl, ay neylim, gəl!
Sana düşüb meylim, gəl!
Məcnun qaçıb çöllərə, –
Leylim, gəl, ay Leylim, gəl!
Bu bağdan, bu dağdan keçmərəm sənsiz,
Bu sulu bulaqdan içmərəm sənsiz!
Ömür dedikləri bir göy zəmidir.
Bir dərz, oraq alıb biçmərəm sənsiz!
Mudum, mudum, ay mudum,
Sənsən mənim umudum!
Sən bəni unudubsan,
Mən səni necə unudum?!


YUXUMA GƏLMIŞDIN...

... Yuxuma gəlmişdin sən həzin-həzin,
Işvəli, qəmzəli, nazlı nazənin.
Sən coşqun bir bulaq, mən yazıq əzgin,
Sən yanar bir dodaq, mən halsız, üzgün!
Onbeşdən az idi, yaşım o zaman,
Axırdı qəlbimə yaşım o zaman.
Daşdan-daşa dəydi başım o zaman,
Yazda başlamışdı qışım o zaman!
Sən sevda buludu, mən təşnə dodaq,
Sən pək iyi bir sərv, mən solğun yarpaq.
Mən quru bir ağac, sən gül ağappaq,
Sinəmə dəyirdi oxlar şaqhaşaq!
Canımda qalmayıb nə tab, nə təvan,
Baxışın şimşəkdi, duruşun ceyran;
Dodağın lalədir, ətirin reyhan,
Onsuz da qurbanam, mən sana qurban!
Sən canlı mələksən, mən quru şəkil,
Bən sana tayammı, ay saçı sünbül?
Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!


SEVGI CANDAN AYRILMAZ

Sevən könlüm sevdi səni,
Sevgi candan ayrılmaz!
Rahibim ol, yolum göstər,
Din imandan ayrılmaz!
Pəncərəyə nə qonmusan?
Yoxsa bəni sən anmısan?
Yüzsən, minsən, milyonmusan?
Ruh gümandan ayrılmaz!
Gündüzüm tar*, gecəmsə yox,
Sevincim az, kədərim çox!
Dilim qabar, sözüm “ah”, “ox”,
Ah amandan ayrılmaz!
__________
*Qaranlıq (f.)


Məcnun çöldə, mən meşədə,
Canım div tək bir şüşədə.
Gözüm qalıb bənövşədə,
Quş ormandan ayrılmaz!
Kol dibində bitərəm mən.
Bülbül olub ötərəm mən!
Dağa qalxsam, itərəm mən,
Dağ dumandan ayrılmaz!
Dövran atar şeş-beşini,
Yelə verər peşkəşini!
Indisini, keçmişini,
Söz zamandan ayrılmaz!
Kimi ağlar, kimi gülər,
Göz yaşımı kimlər silər?
Balıq bilməz, xaliq bilər,
Gün cahandan ayrılmaz!


OLMAZ

Yəhya bəy Dilqəmə oxşatma

Dəymə, dəymə, könlüm sana aşiqdir,
Aşiqin qəlbini sındırmaq olmaz!
Mənim sözüm bir ilahi eşqidir,
Kərəmi bu qədər yandırmaq olmaz!
Göydə şimşək kimi çaxdım, ölmədim,
Özümü yandırıb-yaxdım, ölmədim!
Yoluna, izinə baxdım, ölmədim,
Məcnunu bir belə sındırmaq olmaz!
Yalvarram, yaxarram yola gəlməzsən,
Axan göz yaşımı durub silməzsən!
Nə söz anlamazsan, nə dil bilməzsən,
Doğrudan uşağı qandırmaq olmaz!
Rüsvayi-cahanam Sənandan betər,
Sən tərsa deyilsən, bu zülmün yetər!
Sinəmdə bir bülbül göynəyib ötər,
Nə fayda, sözümü andırmaq olmaz!
Qəm çəkər, qəm yeyər Cavad nə vaxtdan,
Kəm oldum taledən, kəm düşdüm baxtdan!
Qarşında qul ollam, düşməzsən taxtdan,
Bu qanlı sevdanı dandırmaq olmaz!


SƏHƏR-SƏHƏR

Şəmkirli Hüseynə bənzətmə
Yarın bağçasında güllər açılıb,
Bülbüllər ötüşür, gəl səhər-səhər!
Çarhovuz başında bir telli sənəm
Baxıb güzgülənir, bil səhər-səhər!
Güllərin üstündə parlayan şehdi,
Qəlbimdən keçənlər nə sərin mehdi!
Gözümə görükən qövsü-qüzehdi,
Hicran qubarını sil səhər-səhər!
Çətirli ağaclar sanki ormandı,
Həyat göz qırpımı, ömür bir andı!
Cavad, düşündüm ki, bu nə fərmandı,
Danış səhər-səhər, gül səhər-səhər!


KEÇƏR

Bəzən yosmalar alayı,
Əllərində nurdan ayı
Dağdan, arandan keçər!
Bəzən elin bir qadını,
Bildiyin yoxkən adını,
Gülümsər, yandan keçər!
Hərdən yumuşaq bir ipək,
Dalğalanar ətək-ətək,
Ürəkdən, qandan keçər!
Görürsən bir telli yıldız,
Şimşəyi andıran bir qız
Süzülüb, qandan keçər.
Şümşad boylu, gözü almaz,
Salam verrəm, salam almaz!
Cavadı heç saya salmaz.
Gedib, biyabandan keçər!


GÖZÜM GÖRDÜ, KÖNLÜM SEVDI

Yağış tökdü üstümüzə
Göylər birdən, bir kərəm, hey!
Güllər baxıb güldü bizə,
Iy su oldu o Sənəm, hey!
Şehli bağa bənzədi o!
Göy yarpağa bənzədi o!
Şux zanbağa bənzədi o!
Yan, ey Qərib, Şahsənəm, hey!
Batum əski Qız qalası,
Batum yurdun göz qalası!
Xaqanımın öz qalası,
Səndə doğub Şükriyyəm, hey!
Torpağında, daşındaca,
Gördüm bulaq başındaca!
“Sevdim” on beş yaşındaca,
Bundan sonra kükrəyəm, hey!
Bu ləpirlər izi imiş,
Bəy Süleyman qızı imiş!
Dilək imiş, arzu imiş!
Körük oldu bu sinəm, hey!
O Əslidir, mən də Kərəm,
Mən bu sirri gizlətmərəm!
Yarı burda gözlətmərəm,
Car eyləsin qoy aləm, hey!
Həp ağlını, kamalını,
Həp hüsnünü, camalını;
Sən Cavadın Qumralını
Yaz, ey qələm, ey qələm, hey!..

Batum, 15 mart, 1915


MƏN TAPMIŞAM

Ey Tanrının cənnət uman qulları,
Mən cənnəti bu dünyada tapmışam!
Aramaqdan bezdiyiniz yolları
Axtarmadan mən sevdada tapmışam!
Oxşayaraq ulduzunu, ayını,
Necə sayım cənnətimin sayını?!
El deyən cənnətin mən bir tayını
Açıq gözlü bir röyada tapmışam!
Eşitmədən, anlamadan yerini,
Dərvişlərin çağırdığı pirini;
Inandığım ərənlərin birini
Uc-bucaqsız bir səhrada tapmışam!
Daşıyanlar vicdanların darını,
Bucaqlarda gəzər gözəl yarını!
El cəfada diləndiyi varını,
Imanını mən səfada tapmışam!
Ürəkdən neylərə çəkdirən “yahu”!
Aşığın inləyən telə sorduğu,
Böyüklərin sanıb heyran olduğu
Nüktəyi mən macərada tapmışam!
Şərqin gülü, neyi, meyi, nəvası!
Qərbin könül sıxan ağır havası!
Rahiblərin, keşişlərin duası
Umduğunu masəvada tapmışam!
Çıxmışkən günahı vaizin dizə,
Vəz edib, durmaqda bax yenə bizə!
Söylənəcək sözü dinə, dinsizə,
Vicdanımda bir sədada tapmışam!
Mən ki, hindin sufisinə, sözünə,
Qulaq verməm, Qərbin baxdım üzünə!
Büründüyü tülə deyil, gözünə
Neydəkini mən nəvada tapmışam!
Ağlamazsa qara bəxtin buludu,
Bəsləyir vicdanım bir böyük duyğu!
Hər iki dünyanın hardadır sonu?
Cavabını intiyada tapmışam!
Inandım ki, hər fəryadın sonu var!
Bir gün gələr: Yer üzündə yaz olar!
Gələn günü düşünənlər, yazanlar,
Duyduğunu bu xülyada tapmışam!

Batum, “Açıq söz”, 1917, 20 iyun


SURƏTPƏRƏSTƏM

N.Y.-yə

Bir şeir qoşmuşam dillərdə gəzir,
Uçub oba-oba ellərdə gəzir.
Könlüm Məcnun kimi çöllərdə gəzir,
O mənim şərqimdir, o mənim bəstəm,
Mən şeir aşiqi, mən sözpərəstəm!
Cananın buxağı dümağ, ağ ola,
Eşqi buludlarda, kefi çağ ola!
Dərdi nazü-qəmzə, canı sağ ola,
Mən çoxdan sərxoşam, mən çoxdan məstəm,
Gözəllik vurğunu, gözəlpərəstəm!
Bir şəkil çəkmişəm, dünyada təkdi,
Canlanıb ilk dağı sinəmə çəkdi.
Burdan gəlib keçən o qız mələkdi,
Mən söz ovçusuyam, söhbətpərəstəm!
Mən üz dəlisiyəm, surətpərəstəm!
Mənim gördüyümü, Vaqif görməyib,
Mənim hördüyümü, Vaqif hörməyib.
Mənim dərdiyimi, Vaqif dərməyib,
Inci zərgəriyəm, naxışpərəstəm!
Mən göz xəstəsiyəm, baxışpərəstəm!
Kim deyir “düz gəzir”, “əyilməzəm mən”!?
Dosta dost, yada yad “deyilməzəm mən”!
Demirəm, poladam, “yiyilməzəm mən”;
Yarın qabağında lalam, şikəstəm,
Məhəbbət əsiri, sevgipərəstəm!
Sinəmdə yer tutub gözəllər bir-bir,
Sinəmdə bağ salıb, gəzərlər bir-bir
Sinəmi tapdalar, əzərlər bir-bir,
Çinaram, palıdam, sərv kimi şəstəm,
Aşiqəm, məşuqla sevdapərəstəm!
Ömrümü etmişəm bu yolda fəda,
Qoy gəlsin onlardan canıma qada!
Neyləyim birisi çatmayır dada;
Özümə yağıyam, özümə qəsdəm,
Leylisiz Məcnunam, Leylipərəstəm!
Onun dodağında gülüş görürəm,
Onun gözlərində öpüş görürəm.
Onun yerişində görüş görürəm;
Onların önündə acizəm, pəstəm,
Gülüş, öpüş, görüş, duruşpərəstəm!
... Bir gözəl sevmişdim altı yaşımdan...
Şəkili getməyib hələ başımdan!
O məndən utandı, mən göz yaşımdan...
Fars demiş, əzəldən “nistəm ki, nistəm”!
Mən ürkək, mən dəli ceyranpərəstəm!
Sevgi işığında gözüm qamaşır,
Xəyalım titrəyir, fikrim dolaşır.
Tanrım, o gözələ Cavad yaraşır;
Bu ilahi ziya, qüdrətpərəstəm!
Gözəl üz, gözəl göz, surətpərəstəm!!
SURƏTPƏRƏSTƏM!!!

Gəncə, 1918


BIR BILƏN YOX KI...

Bir bilən yox ki, nə çəkər sənsiz,
Sənin eşqinlə yaşayan könlüm?!
Sən keçən yolda görərək bir iz,
Izin üstündə ozana döndüm!
Çəkdiyim dərdi saza anlatdım,
Dərdli barmaqla teli ağlatdım!
“Bizə gəl!” dedin, bir addım atdım,
Bir addım yolda min cənnət gördüm!
Bulaq üstündə yığışır qızlar,
Geciksən bir az, ürəyim sızlar!
Soruşdum, bulaq dedi məndə var,
Suda əksini axtarıb tapdım!

Hacıkənd, 1918


QALDI

Mən dünyanın qucağında,
Vətən adlı bucağında;
Yandım fəraq ocağında,
Közüm söndü, külüm qaldı!
Gözlərimi açan gündən
Uzaq oldum toy-düyündən!
Nələr umdum mən bu gündən,
Neçə ayım, ilim qaldı.
Nəğmə deyən bir quş oldum,
Ürəklərə qonmuş oldum.
Məhəbbətə uymuş oldum,
Şirin-şirin dilim qaldı.
Belə imiş zaman demək?
Nə düşünmək, nə qəm yemək?
Onun-bunun nazını çək,
Özüm getdim, elim qaldı!

Batum, 1916, sentyabr


DÖNÜR

Eşqindən güc alıb bu ilhamım da,
Duyğular qəlbimdə sellərə dönür!
Ellərin verdiyi arzu-kamım da
Yenidən baş alıb ellərə dönür!
Nə böyük bir qüdrət varmış sənətdə,
Ömürlük bağlıdır söz də, söhbət də;
Çəkilən əzab da, iş də, zəhmət də
Çiçəklərə dönür, güllərə dönür!
Fikirlər içində fikrim var deyə,
Tuturam torpaqdan, qalxıram göyə!
Xəyalım uçduqca hey gələcəyə,
Gah da ötüb keçən illərə dönür!

Batum, 1916, 11 oktyabr


BIR GÜN

Hicranlar, ələmlər, tufanlar içrə
Qısıq bir səs kimi eləcəyəm bən!
Böylə göz yaşıyla keçən ömrümün
Sonunda bir acı güləcəyəm bən!
Eşqimin nə imiş bilməm günahı?
Yıxıldı qəlbimin istinadgahı.
Nəsibim olsa da dünyanın ahı,
Bir gün göz yaşımı siləcəyəm bən!
Yaxında didarın nəsib olmasa,
Ümidsizlik bəni düşürməz yasa!
Alaraq əlimə dəmirdən əsa
Bir gün hüzuruna gələcəyəm bən!
Tutuldum tufana, sarıldım sana,
Sən ey qırıq qələm, gəl bir tüğyana!
Dözmək güc olarsa böylə hicrana,
Səninlə dərdimi böləcəyəm bən!..


QITƏLƏR

Sən bəni bircə an gözləməsən də
Səni ömrüm boyu gözləyəcəyəm!
Sən bəni bircə yol səsləməsən də
Səni ömrüm boyu səsləyəcəyəm!
Min dəfə gülsən də, demərəm sağ ol,
Sən ey həyatıma, ömrümə qənim!
Qonmasa, gülmərəm, gülmərəm bir yol –
Dodaqdan-dodağa gülüşüm mənim!
Demişdin: “Ölüm də ayırmaz bizi!”
Sənə kim demişdi, de, bu cümləni?
Demişdin: “Sən qoru, saf eşqimizi!”
Aldadıb, aldadıb oynatdın bəni?!
Sənə kim demişdi, de, bu cümləni?
Məhəbbət gələndə insan ömrünə,
Sanırsan hər yerə ilk bahar gəlib,
Məhəbbət gedəndə – lənət o günə,
Sanırsan dünyaya boran, qar gəlib!
Sanki varlığımı salırlar bəndə,
Sevən könüllərdə qəm ötüşəndə!
Alışıb yanıram səməndər kimi
Məhəbbət yanılıb oda düşəndə!
Mənə nə lazımdır gündə bir gözəl,
Onları dişimə çox vurmuşam mən.
Dost, tanış çox dedi, bir sən də düzəl,
Bu yolda özümü çox yormuşam mən,
Onları dişimə çox vurmuşam mən!
Nə çoxdur dünyada qədir bilməyən,
Hər Leyli üzlüdə sədaqət olmaz!
Nə çoxdur məhəbbət nədir bilməyən,
Hər Şirin gözlüdə məhəbbət olmaz!
Hər Leyli üzlüdə sədaqət olmaz!
Səndən dövlətlisi gələndə ona,
Bir su qiymətinə satacaq səni!
Səndən şöhrətlisi güləndə ona,
Əlüstü bir yana atacaq səni,
Bir su qiymətinə satacaq səni!
Deyirlər, gözəllik gəldi-gedərdir,
Gözəllik odur ki, duyanı olsun!
Gözəllik odur ki!.. Yoxsa, hədərdir,
Başını bu yolda qoyanı olsun!
Gözəllik odur ki, duyanı olsun!!
Sevda yollarında ağlamayan kəs,
Dünyanın zövqünü duya bilərmi?
Sevda yollarında çağlamayan kəs,
Dağları, daşları oya bilərmi?
Dünyanın zövqünü duya bilərmi?!
Könül bir budaqdır, cavan yaşında
Gündə çiçək açan gülə bənzəyir!
Yarımın sevdası gəzir başımda,
Min səsli, sədalı telə bənzəyir!
Gündə çiçək açan gülə bənzəyir!
Hicran istəyənə vüsal nə lazım?
Qəm, kədər çəkənə gün nə gərəkdir?
Həqiqət sevənə xəyal nə lazım?
Nalə qoparana ün nə gərəkdir, –
Qəm, kədər çəkənə gün nə gərəkdir?!
Sən güldükcə mən ağlaram, mən ağlaram!
Sən susduqca mən çağlaram, mən çağlaram!
Sən atdıqca mən saxlaram, mən saxlaram!
Məhəbbəti, etibarı!
Məhəbbəti, etibarı!
Dünyaya yas tutdum ürəyimdə mən,
Axan göz yaşımı silən olmadı!
Cahanı güldürüm, diləyimdə mən,
Özümün dərdimi bilən olmadı, –
Axan göz yaşımı silən olmadı!!

Batum, 1916, sentyabr-oktyabr


SEVMƏSƏYDIM SƏNI MƏN?.

Inanmadın sözümə,
Bir gülmədin üzümə.
Illər məni ucaltdı,
Illər məni qocaltdı.
Deyirəm öz-özümə:
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Bağda çiçək dərəndə,
Dosta töhfə verəndə;
Hey düşürsən yadıma,
Yanıram öz oduma!
Bir gözəl gül görəndə,
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Yaylağa çıxanda da,
Dost əli sıxanda da;
Yollar çənə bürünür,
Dağdan duman sürünür!
Bir qıza baxanda da,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!
Quşlar qanad çalanda,
Çölə haray salanda;
Yenə səni anıram,
Andıqca da yanıram?
Könlüm ilham alanda,
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən?!
Gəzib çölü, çəməni.
Ən gözəl bir nəğməni,
Durub dinləyəndə mən
Yadıma düşürsən sən.
Rahat qoymursan məni!
Keçərdinmi qəlbimdən,
Sevməsəydim səni mən?!
Hər gün söküləndə dan,
Oğrun-oğrun uzaqdan
Gözlərimə baxırsan,
Ürəyimə axırsan!
Hər şeir yazan zaman:
Keçərdinmi qəlbimdən
Sevməsəydim səni mən!
Sevməsəydim səni mən?!


SƏN AĞLAMA

Bən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa;
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, bən ağlayım, gözəlim!
Uğurunda olmuş ikən sərsəri,
Bən öpmədən o qıvırcıq telləri;
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, bən ağlayım, gözəlim!
Nerdə sənin hər aşiqə, hər gəncə,
Eşq oxuyan qəlbin, sönmüş o, bəncə;
Bulmayırsa qəlbin artıq əyləncə.
Sən ağlama, bən ağlayım, gözəlim!
Bir qul idim gecə-gündüz sizlərə,
Yazıq, bəni güldürmədin bir kərə...
Baxıb şimdi əlindəki izlərə,
Sən ağlama, bən ağlayım, gözəlim!
Bən baxarkən sən vurduğun yaraya,
Şimdi zalim fələk girdi araya.
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, bən ağlayım, gözəlim!


AŞAĞI-LƏNGƏR XULUQDA

Soyuq bir cəhənnəm, bir yaman ölkə.
Soyuq güc gətirdi, sığındım kürkə.
Bu kürk olmasaydı, gəlməzdi bəlkə
Bu imansız qışın yazı Xuluqda.
Bir məktəb verdilər, eyni buzxana,
Ayaqlarım məni doydurdu cana.
Gecələr saldılar kirli yorğana,
Dedilər ol buna razı Xuluqda.
On beş gün istədim bir qalın corab,
Bir müsəlman oğlu vermədi cavab.
Mən necə söyləyim, kim çəksin hesab?
Yoxdur ki, bir adil qazı Xuluqda.
Gecə qar, gündüz qar, axşam, sabah qar,
Deməzlər ki, burda bir müəllim var...
Bağlamış qapını cüt arvadlılar,
Qızdırıb söhbəti-sazı Xuluqda.
Yığıldı hamısı – ağsaqqal, hampa,
Boyun oldu hər şey, bir də bir lampa.
Gəldilər, lampa var, şüşə yox amma,
Yandıraqmı hava qazı Xuluqda?!
Bu kənddə nə çoxdur “baş üstə”, “bəli”,
Beləliklə işlər getməz irəli.
Qorxum budur əsə bir Şimal yeli,
Müəllimin sına sazı Xuluqda?!
Yorğanlar kirlidir, basmayır yanım,
Qışda yalqız yatdım, qızmadı canım.
Işlər düzələndə, olsa bir xanım,
Haqq verə bir sərvinazı Xuluqda!

Xuluq kəndi,
1920, Pəşrin sani


MADONNAYA

A.F.

Mən doğrusu, bu boşluqda dolaşan
Məfkurəsiz, sərsərinin biriyəm.
Sən deyirsən – masallarda duyduğun,
Eşitdiyin əfsanəvi pəriyəm.
Nə lüzum var dəlil, sübut bulmaya?
Mən hazıram sənin qulun olmaya.
Heç deyildir gözlərin də bəşəri;
Inandım ki, sən pərisən, sən pəri!
Tök alnına o avara telləri,
Qoy olayım, bundan betər sərsəri!
Ağlataraq əski, qırıq sazımı,
Canlatayım bir az, sönük yazımı!
Bu doğrudur, sevda olur əzəli;
Mən şairəm, həyatımdan bezəli.
Ancaq mən bu fırtınada üzəli,
Görməmişəm sənin kimi gözəli!
Qoy başına gözəlliyin tacını!
Könlümdən al qulluğunun bacını!

1922, 17 kanun sani


NƏ ÜÇÜNDÜR

Nə üçündür bu keşməkeş... bu qovğa?..
Nə üçündür tərs yaranmış bu dünya?
Nə üçündür sabah, axşam oluyor,
Açan güllər bu tezliklə soluyor?
Bu sızlayan qəhqəhələr nədəndir?
Neçin belə son yaraşıq kəfəndir?
Kim yaratmış bu yerləri, göyləri?
Kim eləmiş məni belə sərsəri?
Neçin çoxdur yarayandan yaramaz?
Neçin belə arayandan bulan az?
Nə olmuşdur neyi gəlmiş nəvayə?
Onundamı bəxti uyğun cəfayə?
Ey ağlayan beşikdəki biçarə?
Bəxtin gəlmiş, düş beşikdən avarə!
O ki, belə məhv eləyir dünyayı,
Qıran yoxmu o uğursuz ox-yayı?
Bu hər zaman olacaqdır, eləmi?
Gül yanaqlar solacaqdır, eləmi?
Əskilərin fəlsəfəsi, hikməti,
Dünyalarca elmi-ürfan lüğəti;
Alimlərin çıxardığı haşiyə.
Zahidlərin yapışdığı haqq deyə;
Rahiblərin dindaranə ədası,
Sofilərin meti, meyi, sədası;
Bunlar hamı qurularçün əcəba?
Bu müəmma, yenə əski müəmma!
Hamı deyir inan mənə sözüm haqq!
Qarışmışdır bir-birinə haqq-nahaq.
Deyirlər ki, yerdə din var, kitab var,
Hər bəndədən sorulacaq hesab var.
Mən dedim ki, kim soracaq və nerdə?
Dedilər ki, o qəlbində, hər yerdə?
– O var isə, yalnız vicdan olacaq!
Fəqət bundan ölüm çıxmaz, mühaqqah.
Fəqət solan ortalıqda gülümdür,
Mənim dərdim ayrılıqla, ölümdür!
Mən doğrusu, daim gülmək istərəm,
Nə öldürmək, nə də ölmək istərəm!
Artıq yetər Yer üzündə axan qan,
Yetər artıq bu göz yaşı, bu hicran!
Mən istərəm yaşıllıqlar solmasın!
Sevdaların sonu hicran olmasın!
Qurumasın gözəl üzdə tər danə,
Nə ağlasın bülbül, nə də pərvanə!
Dilindəki aşiqanə qəzəli
Qoy oxusun o qəlbimin gözəli!
Ürəyində nə dərd qalsın, nə qayğı,
Mən görməyim səadətin sonunu!
Ölüm getsin, qalmasın da kölgəsi,
Olsun dünya – o bir sevinc ölkəsi!
Ah, bu günlər könül belə umunca,
Dəyişsəydi bir göz açıb yumunca!
Ey uçarkən düşüb ölən kəpənək,
Sən də gözlə, elə bir gün gələcək!..

Qusar, 1921, 3 mayıs


ADSIZ ŞEiR

Kolxozlu ellərin bərəkətindən,
Bərəkətli elin hərəkətindən,
Kim deyərdi bu gün donduran bir qış
Şərəflə bəhs edib, aldılar alqış!
Zəfərlər bayramı, bir qurultayı,
Dondura bilməz ki, bu yanvar ayı!
Ölkənin bir başqa hərarəti var,
Ona neyləyəcək göydən yağan qar?
Qorxunc əjdahalar boğan bir ölkə,
Qızğın günəş kimi doğan bir ölkə;
Borandanmı qorxar, qardanmı qorxar?
Bu tərlan yığnağı sardanmı qorxar?
Bu cuna yaşmaqlı qadınlara bax,
Qoy onlar söyləsin, onların bu haqq!
Sözləri səmimi, fikirləri saf,
Hanı bəs, ay bacı, dediyin çarşaf?!


BEŞIK

Yeni doğmuş bir körpəyə
Qul olur, qollanır beşik!
Neçin sevinməsin, nəyə
Sevinir, sallanır beşik!
Bizi gülüb dindirməyə,
Gələn körpə ağlar niyə?
Bir at istər mindirməyə,
At olur, çullanır beşik!
Uzaq bir yol, yalnız ana...
Könül kömək umar ona.
Yalvarmadan ona-buna
Yar olur, yollanır beşik!
Babanın alnının təri
Qurumazsa, vardır yeri.
Məmədən süd əmənləri
Aldadır, allanır beşik!
Bacamızdan çıxan duman
Deyir halım deyil yaman.
Evdə uşaq doğan zaman
Şən olur, dallanır beşik!
Beşik baxmaz heç bir kəsə,
Qulaq verir gələn səsə.
Nənə bir nəğmə söyləsə,
Yel olur, yellənir beşik!

Çakva, 1917, iyul


GƏLIN

Ey süzgün gözləri səhər yıldızı,
Pərişan telləri yasəmən gəlin!
Gözəllər səcdəsi gətirdiyin din,
Girdim sizin dinə bir də mən, gəlin!
Hər yetən naz etdi, qatlandım naza,
Könül verdim hər boş söhbətə, saza!
Sallan ki, can quşu çıxsın pərvaza,
Pərişan olsun qoy hər görən, gəlin!
“Sənsizlikdir” bənim bitməyən dərdim!
Bitməyən dərdimlə mən sənə gəldim!
Gülən dodaqlardan mən bir gül dərdim,
Saxlanmış qəlbimdə istərsən, gəlin!
Sığmaz ikən ruhum geniş torpağa,
Gəlmiş hüzuruna bir qul olmağa!
Gözəllik bir çiçək, məhkum solmağa,
Soldurma boş yerə onu sən, gəlin!

Gəncə, 1916, 6 iyun


AND OLSUN

And olsun dağların ağ suyu kimi
O qırıq dalğalı gülüşlərinə;
Vüsal vədə verən, ümid allahı –
Müxtəlif mənalı gülüşlərinə;
And olsun nazlanıb nazla əzilən,
Telli ulduz kimi bəzən süzülən,
Gahi rəhmət, gahi zülmət sezilən –
O qanlı-qadalı gülüşlərinə;
And olsun axşamlar nəşədən daşan,
Ürkək ceyran kimi dağlardan aşan,
Kəklik olub səkən, qan kimi coşan –
Dərbədər sevdalı gülüşlərinə;
And olsun səsinin ipəklərinə,
Bu xəstə könlümün diləklərinə.
Parlayıb can verən bəbəklərinə –
Işvəli, ədalı gülüşlərinə;
And olsun könlümün dərdli çağında,
Cilvələr yaradıb gül yanağında,
“Al” deyən, “Öl!” – deyən al dodağında –
Şəfəqli, şəfalı gülüşlərinə;
Mən sənə ömürlük bir qulam, gülüm,
Sən əmr eyləyincə, nə imiş ölüm!
Istərsən ağlayım, istərsən gülüm,
Şərh eləyim halı gülüşlərinə!

1934, 25 noyabr


GÖZƏL QADIN

Sən kimdən öyrəndin belə ədanı,
Ey xəstə şairin ilhamı gözəl?
Solğun dodağından cami-sevdanı
Içirmişdir mənə saqiyi-əzəl.
Gözəllik tacını qoydun başına,
Dünyaya çəkmədin kabusi-ələm;
Sən bir mələksən ki, baxıb qaşına
Əlində şairin titrəmiş qələm!
Söz yox ki, hüsnünə xilqət günündə
Qüdrət qələm çalmış, susmuş mələklər...
Əvvəl cansız ikən, sonra önündə
Quşlar gəlmiş dilə, gülmüş çiçəklər.
Anıldıqca sənin sevgili adın
Bulmuş kamalını şerin hünəri;
Qarşında diz çökmüş, ey gözəl qadın,
Dünyanın ən böyük sənət ərləri.

1924


ÇOBAN QIZI

Bəzəndikcə çiçəklərlə, ey çoban qızı,
Nə cənnətdir sığındığın dağların qoynu?
Qaş-göz oynar gözlərinlə göyün yıldızı,
Şair olur seyr edənlər bu coşqun oyunu.
Sanki gəldin bu cənnətə, təxtini qurdun,
Bir qat daha gözəlləndi sevgili yurdun.
Çoban qızı, eşitmişəm bir sevdiyin var,
Onun dərdi bu düşdüyün, gizlətmə məndən.
Doğru söylə onunçünmü gözlərin ağlar,
Müjdə umar hər vəch ilə gəlib keçəndən?
Sıxıldınsa, çağır gəlsin, o qalsın bir az,
Onsuz, əlbət, heç bu dərdə dəva tapılmaz.
Çoban qızı, “o” gəlmişdir, könlü də xəstə,
Qaldırma, gəl, ağlayacaq sazın telləri.
Nə ruh olur görüb səni coşmayan səsdə!
O bir şəhər yavrusudur cılız, sərsəri.
Çox başqadır incəliklər onun gözündə,
Inanma gəl, gəldi-gedən durmaz sözündə.
Anlaşılan, ayrılarkən bir boya verdi,
Verirkən də yalvardı ki, sürtülsün qaşa.
Üç günlükdür onun, quzum, sevgisi dərdi,
Can verdiyi bu sevdayı çıxarmaz başa.
Bax nə deyir eşqin üçün mən açdığım fal:
– Sürtmə onu qaşlarına, sən boyasız qal!..


UNUDULMUŞ SEVDA

Soruyorsan: səni sevdaya salan
Nerdədir şimdi o qızlar gözəli?
Bən unutmuşdum o sevdayı inan,
Duyüusuz qəlbi dövranın əli;
Bəni sarsıtdı, unutdum adını,
Bana gəl sorma o solğun qadını?!
Bəni pək gənc ikən ağlatdı zaman,
Çəkərək pərdə o xoş mənzərəyə.
Bənim ilk eşqimi ilk əldə haman,
Kümdülər, bilmədim əmma nerəyə!
Onu döndərdi xəzan yaprağına,
Nə deyim bən o yerin toprağına?!
Anlaşılmaz düşünüb, söylədiyim,
Nə durur qəlbim, o gündən, nə duyar!
Bən ki, hala yenə sərsəm kibi,
Yenə qəlbimdə o dərdin izi var!
Lənət ömrün bu ağır illərinə!
Qıydı bir şuxun ipək tellərinə!
Bir soran yoxmu o zalim fələyə,
Bu bənim gəncliyimin qatilinə;
Niyə qıydın sən o solğun mələyə?
Bu vurub yıxmağının qayəsinə?
Nə deyim, böylə bu mənasız işə?
Sonu yox, sıtmalı, sərsəm gedişə?!.


GÖZÜM YOLDADIR

Şükriyyə xanıma

A dostlar, bir qumral tərlanım uçdu,
Yollarda yolçum var, gözüm yoldadır.
On beş gün ayrılıq, on beş il keçdi,
Öldürdü intizar, gözüm yoldadır.
Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?
Qardaş bərabəri, gözəl arvadım,
Söyləyin, durnalar, gözüm yoldadır!
Getmişdi on günə, çıxdı on beşə,
Neçin saldı məni belə təşvişə?
Demədimmi saqın, könül bir şüşə,
Gec gələrsən, sınar, gözüm yoldadır.
O ki, verdi sənə həm var-yoxunu,
Qəlbimə sapladın hicran oxunu,
Yastığından aldım gözəl qoxunu
Yastığın gül qoxar, gözüm yoldadır.
Ey vəfasız, sənin ürəyin daşdan,
Neyçin söyləmədin, gülüm, bu başdan:
“Yarı az sevirəm qohum-qardaşdan”.
Qohumlu baxtavar, gözüm yoldadır!

Slavyanka, 20 iyul, 1930


Y.P.ORBELIANI

Altun gəncliyimin dəyərli dostu,
Ay gözəl Yelena, xanım Yelena!
Vəfasız deyiləm, ölüncəyədək,
Hazıram başına dönüm, Yelena!
Neyləyim ki, fələk çox yaman sıxdı,
Onsuz da viranə qəlbimi yıxdı.
Dostlarımın çoxu vəfasız çıxdı,
Heyrətdə qurudu qanım, Yelena!
Gürcüstan qəşəngdir, buna yox sözüm,
Gəzərkən yurdunda sevinir gözüm.
Gürcü yaxşı dostdur görmüşəm özüm,
Onlardan birinci canım, Yelena!
Qəlbim kimi qəlbin bilirəm safdır,
Var olsun gözlərin yaxşı sərrafdır!
Deyənlər var: “dostluq bir quru lafdır”,
Onları insanmı sanım, Yelena!
Doğrudur, dostluqda keçən bu on il,
Sevən bir qəlb üçün çox ömür deyil.
Ancaq mən istərdim, onu yaxşı bil,
Ağarsın tellərin, yanım, Yelena!

1935, 10 iyul


YARALI QUŞ

Yaralıdır könlüm quşu, yaralı,
Yaralandı yazıq şair olalı!
Bir dərinlikdə ki, hər düşən çıxmaz,
Qurtulmaq istəyir, qanad yaramaz!
Imdadına gələn ümidindən az,
Yaralıdır könlüm quşu, yaralı!
Dost ararkən ovçu çıxdı yoluna,
Əzrayıl sağına, ölüm soluna;
Vurma, ovçu, qanadına, qoluna,
Yaralıdır könlüm quşu, yaralı!
Aman ovçu, bunun halını düşün,
Gözündə yaşı var, qoy onu töksün!
Sonra amadədir ölümə hər gün,
Yaralıdır, könlüm quşu yaralı!
Kədərli bir qəlbin yanıq fəğanı,
Yandırar ürəyi daşdan olanı!
Ovçu, bu çırpınır, öldürmə bunu,
Yaralandı yazıq aşiq olalı!
Yurdundan ayrılmış, yuvadan uzaq,
Dostunun könlündən, gözündən iraq;
Ümidi sənədir, ey yaradan haq,
Yaralandı yazıq aşiq olalı!

5 dekabr, 1913


SƏN!..

Ruhum müdhiş bir qaranlıq içində
Çırpınırkən, imdadıma yetişdin!
Fırtınalar ümidimi boğarkən
Xızrım oldun, fəryadıma yetişdin!
Bir sınıq şəhpərlə çıxmışdım yola,
Üzlədigim yeri görmədim əsla;
Yorğunluq çökmüşkən qanada, qola,
Qüvvət oldun qanadıma, yetişdin!
Azmışdım yolumu, qarşımda ölüm...
Yaslara batmışdı gülüm..., bülbülüm.
Ölmüşkən əməlim, solmuşkən gülüm
Gözlərinlə sən dadıma yetişdin!

8 noyabr, 1913


DILIMIZ

Baxaq dilimizə, nələr görünür?
Oxuyub anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə:
Ki, anlasın bu söz ərəbmi, farsmı?
O ki, qaldı məna... anlayan hanı.
Çoxları anlamaz millətdən, aydın,
Bircə parçasını şair yazanın.
Gün oldu şairlər, göyə çıxdılar,
Bu yazıq millətə ordan baxdılar.
“Od” etmədi, yağdı “atəş” başına,
“Siyah” qondardılar “qara” qaşına.
Alınır “dil”ləri “zəban” verilir,
Ismarlanıb “baran”, “yağmur” kəsilir.
“Ağ”ları “bəyaz”a, “sarı”sı “zərd”ə
Döndü. Can dayanmaz bu ağır dərdə.
Dəyişdi hər şeyi, “bum” oldu “bayquş”,
“Əlbəsə” geyildi, “paltar” qaldı boş.
“Düzlüy”ün yerində bir “istiqamət”
Görərək, yeməli, zənn etdi millət.
Çalındı “qardaşı” gəldi “bəradər”,
“Bacı”nın yerində “həmşirə” gəzər.
Nədir bu qiyamət, nə işdəsiniz?
Ey bizim qocaman ədiblərimiz?
Yaxasından tutub bu “el oğlunu”
Fars ilə ərəbin bir “həmvətən”i
Şəklinə soxdunuz, baxınız sonra,
Oxunacaq lənət belə yazana!

12 aprel, 1913


QUŞLARA

Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,
Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?
Siz də bəlkə insan kimi buraxdınız yuvalarda,
O gül üzlü balanızı... Yoxsa nə var havalarda?
Aman, quşlar, mən yanıldım, sizdə ürək nur parçası,
Bizdə murdar yığınır, o məhəbbətin Kərbəlası!
Sizdə heç bir baba yapmaz belə müdhiş cinayəti,
Bizim kimi sizdə yoxdur anaların xəyanəti.
Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin,
Siz kimsədən inciməyin, kimsə sizdən inciməsin!
Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində?
Ruhum aydın bir iz arar bu qaranlıq çöl içində.
Varsa sizdə artıq qanad, Allah üçün, verin mana,
Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha!
Heç olmasa, onu alın – çox yazıqdır – yanınıza,
Nazlı quşlar, sığınmışam adınıza, şanınıza!

5 fevral, 1914


ŞERIM

Şerim, o bir sınıq könül ənqazidir bənim,
Şerim deyilmidir bənim ən zorlu düşmənim?
Bən nəşə istərəm, o fəqan dinlədir bana,
Öz sözlərim həyatıma matəmgah olmada!..

15 dekabr, 1913


M.Ş.

Sən kimsən, ey qatil, hansı millətsən?
Vicdan pəncəsilə canın didilsin.
Sən nasıl öldürdün bütün milləti?
Nasıl sərdin yerə böyük şövkəti?

2 iyun, 1913


ŞERIMƏ!

Ey çürük ruhumda doğan nəşidə,
Bən səni çox sevdim doğduğun gündə.
Səmimi bir cocuq gülüşləriylə,
Çırpınıb açdığın o dadlı dilə;
Heyran oldum, dönə-dönə dinlədim,
Uyudun, üstündə ninni söylədim.
Doğarkən təbimdə, duydum dilindən,
Əlimdən çıxarkən öpdüm əlindən.
Bilmədən başına nələr gələcək?
Sən bir çiçək oldun, bən bir kələbək!
Yeltənmə bu gün kəndini sevdirməyə yersiz,
Əlləşmə bənim açmağa qəlbimdə bir iz!
Get, qalma yolundan “sonu yoxluq” Vətənindir!
Al, get! Sana göz yaşları, bunlar da sənindir!
Gəldin də sevindim, gedər olsan yenə öylə,
Artıq o yavan sözləri şeytanlara söylə!
Şerin canı, şairdə olan canlı hərarət,
Yox səndə o, çünki bana heç olmadı qismət!
Təbimlə bərabər yürü “heçlik”, yürü “yoxluq”!
Get, get bana təsir edəməz yapma cocuqluq!

Fanili, 2 iyul, 1913


MÜƏLLIM

Döşündə üç qızıl medal,
Gözlərində bir general.
Baxışı var, yüksək boylu,
Qalın bığlı, köksü dolu;
Əllərində yun əldivən,
Kimdir bu sallanıb gedən?
Müəllimdir, bu müəllim.
Çox mükəmməl almış təlim!


ON IL SONRA

Iki medal daha artmış,
Lakin saç-saqqalı ağartmış...
Başı əsir, bel bükülü...
Ah! Ey cavanlığın gülü,
Nə tez soldun, xarab oldun?
Nədir sənin bu tutduğun?
Vəfasızlıq yolu bilməm,
Sənin ömrün nə qədər kəm?!


BEŞ IL SONRA

“Ay qardaşlar, verin, verin!
Əvəzini Allah versin!”
Əlində bir bağlı yaylıq,
Qucağında on bir aylıq;
Bir uşağı bir müəllim –
Gəzdirərkən görüb dedim:
– Kimə məxsus bu ianə?
– Qucağımda uyuyanə;
Babasını vərəm aldı,
Müəllimdən bir bu qaldı!

12 dekabr, 1913


QALDI

Bir gül əkdim, açılmamış dərdilər.
Zəhmətimdən mənə bir tikan qaldı.
Əmək çəkdim, gün keçirdim, gül əkdim,
Əməyimdən solğun bir fidan qaldı!
Nə yazım yaz, nə də günüm gün oldu,
Könlümün çiçəyi açmadan soldu.
Qanadımı bir uğursuz əl yoldu.
Yerində bir damla quru qan qaldı.
Söylədiyim boş söz, tökdüyüm qan-yaş,
Haqqıma, – kim isən – əl vurma, yavaş.
Yavaş ki, dərdimə ağlayan qardaş,
Yerində, arxamda bir düşman qaldı.
Yaralandım, sarmadılar yaramı,
Yas gününə döndərdilər bayramı.
Əlimdən aldılar son bir çaramı,
Əsəri ruhumda bir fəğan qaldı!

8 aprel, 1913


XORTDAN

Iki qonşu bir gün bəhsə girdilər,
Biri bizim Həsən, biri də Cəfər.
Həsən dəmir şişi götürüb dedi:
– Əgər bu dəmiri sən gecə vaxtı.
Bir məzara yalqız sancıb gələsən;
Nə istəsən verrəm, bu sən öləsən.
Cəfər kişiləndi, aldı dəmiri,
Həsən də göstərdi bir köhnə qəbri.
Axşam oldu, ay qaranlıq gecədə
Cəfər yola düşdü, şiş də bir əldə.
Aradı, aradı qəbrə yanaşdı,
Tələsik şişi də sağına sancdı.
Bilmədi, dəmiri çuxuya çaldı,
Getmək istəyəndə lap donub qaldı.
O qalxmaq istədi, dəmir sarıldı,
Xortdan xəyal edib zəhri yarıldı.

10 aprel, 1913


H-C

Ey axund, ey pişivayi-əhli-iman, bir utan!
Əllərindən dad edir ehkami-Quran, bir utan!
Hansı dinin əhlisən sən, yolmudur göstərdiyin?
Ümməti məhv eyləyəndə varmı iman, bir utan?
Hansı “Quran”dır sənə öyrətdi şeytan sirrini?
Işlərinçin qaldı şeytanlar da heyran, bir utan?!
Zati-napakında, yahu, hissi-rəhman yoxmudur?
Saymadın Allahı, ey Allaha düşman, bir utan!
Saldırıb sən ac köpəklər tək qan içməkdən bütün
Əllərin qan, dişlərin qan, surətin qan, bir utan!
Geydiyin əmmamə ağ, amma yazıq, qəlbin qara,
Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan?!
Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir,
Bax, onun ənqazidir bu ahu əfqan, bir utan!
Çox uzaqlaşdın həqiqətdən, dur, Allah eşqinə,
Ey həqiqət qatilə, ey canlı peykan, bir utan!
Toqi-lənətdən nişanın var, çalış – əz, parçala,
Başqa bir şöhrət qazanmaqçın yox imkan, bir utan!
Milləti sərməst edən sözlər – o pək müdhiş şərab, –
Həp sənindir, dəhşətindən xamə lərzan, bir utan!

16 aprel, 1913

* * *

Qara günlər əl götürməz yaxamdan,
Yazmasın mələklər sözümü küfran, –
Yaradılışımdan oldum peşiman!

25 mayıs, 1913


DAN ULDUZU

Bu qaranlıq gecə nə qədər sürdü,
Yetiş imdadıma, ey Dan ulduzu!
Barı sən gəl, mənə yuxu gəlmədi,
Yetiş fəryadıma, ey Dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,
Yolumda zülmət var, uçurumlar var.
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey Dan ulduzu!
Bu sönük ulduzlar məni aldadır,
Süzgün gözlərinlə gəl “onu” andır!
Gəzlərim yolunda, üzüm haqdadır,
Aman, sən “yox” demə, ey Dan ulduzu!

Gəncə, 1914, 21 fevral


QAFQAZLISAN, SEV QAFQAZI!

Sev bu yalçın qayaları,
Bunlar şahin yuvası...
Sev bu ıssız ormanları,
Bunlar ərlər obası!
Olduğunu keçmiş günlər-,
Geri dönməz, bilirsən!
Lakin şimdi günahımız
Pək böyükdür, əl vurma!
Qadınlardan belə qorxaq
Kişilərdən iş sorma!
Əsrlərcə Qara dəniz
Hayqıraraq, coşaraq;
Bu ölkənin hər yerini
Bu dağlardan aşaraq;
Yıüılsa da, cəhənnəmlik
Qara üzlər ağarmaz!..
Dünyada bütün ellər
Bir araya toplansa;
Ölkəyi gedərəməz,
Ey ulu haqq, bağışla!
Yox, müqəddəs göy üzünə
Səslərimiz gedəməz!
Namussuzluq çox alçaqdır,
Bizi haqq da dinləməz!
Qorxaq, alçaq bir millətə
Tanrı da yol göstərməz!
Ay qardaşlar, iş başına!
Biz də bir iş görəlim!
Yarın haqqın hüzuruna
Tutalqacla gedəlim!
Yoxsa bizim bənliyimiz,
Varlığımız bitəcək!
Tarix bizi lənət edib,
Namus bizi itəcək!

25 yanvar, 1911


ANA

Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var,
Nə zaman ki, xəstə könlüm ölgün düşüb inlər, aülar!
Fırtınalı göylərimi yıxmaq istər ildırımlar,
Nə zaman ki, qərib ruhum yad ellərdən cana doyar!
Sən o zaman yetişərsən bir risalət qüvvəsilə!
Bir analıq ürəyilə... Nədir, Allah üçün söylə,
Bu ərənlər silahını kimdən aldın, anlat böylə?..
Ağıldan da əvvəl mənə sən verdiyin o təmiz süd,
Vicdanıma dinlətdiyin o səmimi, o saf öyüd,
Müqəddəsdir, gücün varsa, insan oğlu, gəl də unut?!
Bəzən olur, həyatımın dağlarını duman alır,
O gün sənin titrək laylan yollarıma işıq salır!
Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır,
Inandım ki, cənnət sənin ayağının altındadır!

Gəncə, 14 mart, 1914


BALALARIMA

Aydın olsun gözləriniz,
Gəldi bahar gülə-gülə!
Gedər qışdan qalmaz bir iz,
Gəldi bahar gülə-gülə!
Oldu bahar gülə-gülə!
Çıxsın kəfəndən təbiət,
Yaz yağışı böyük nemət.
Qoy olsun yer üzü cənnət,
Gəldi bahar gülə-gülə!
Oldu bahar gülə-gülə!
Çal qış! Buyur, uğur olsun,
Qır saçını cinlər yolsun!
Gəl, ay Durna, gəl, ay Dursun;
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!
“Yaman günün ömrü azdır”!
Mövsimlərin gülü yazdır,
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!
Böyük dərddir Vətən dərdi,
Bu qış sizə ağır gəldi.
Gəlin, quşlar, yazdır indi, –
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!
Toplayıb bir dəstə çiçək
Di gəlin məktəbə gedək.
Tənbəlliyə lənət edək,
Oldu bahar gülə-gülə!
Gəldi bahar gülə-gülə!


ÜMIDIMƏ

Bənim bu gün cəhənnəmlik duman almış yollarımı,
Bir əzrayıl pəncəsi ki, sarmış cansız qollarımı.
Bir yolçuyam, səmum yeli doldurmuşdur gözlərimi,
Bir qəribəm, yad ellərdə anlayan yox sözlərimi.
Barı sən gəl, ey gözəl qız,
Ey ruhumda doğan ulduz,
Göstər mənim qibləm hanı?
Bir zülmkar dəmir qəfəs... Boğulacaq ömrüm, yazıq,
Parçalandı dərdli könlüm, parçalandı sənsiz artıq.
Günahkarın ah-zarını nə haqq dinlər, nə də insan.
Yetişərsən fəryadıma, fəğanımı duymuş olsan!
Barı sən gəl, gözəl mələk,
Gözlərimə bir qanad çək,
Göstər mənə cənnət nerdə?

Gəncə, 1914, 17 aprel


NƏDƏN YARANDIN

Sən qüdrətin aşıb coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Səhər dilli bir fırçanın əlilə
Ahuların duruşundan yarandın!
Ay işığı: gözəlliyin, qızlığın,
Çiçəklərin öpüşündən yarandın!
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın!
Qaranlıqda boğularkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin
Dan yeriylə görüşündən yarandın!
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca bir sovuşundan yarandın!
Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!

1914, 28 may


DƏRDIM

Qərib könül, yenə dərdim yüksəldi,
Gördünmü keçmişin haldan gözəldir!
Aşdın, coşdun, dünya sana dar gəldi,
Ağla, ağla, qoy tükənsin göz yaşın,
Burax o da getsin, bənim sirdaşın!
Zülm daşı döyər zülmün havası,
Azğınlarla doldu Allah yuvası.
Xəlilə söyləsin: Kəbə binası –
Yıxıldı Həccağın murdar əlindən!
Yanıq bir səs gəlir Zəmzəm elindən!
Haqq görmədim, bən anınçün saraldım,
Boş yerə deyildir qəmim və ahım.
Sınasın Əyyubi indi Allahım,
Mal, can dərdi degil, vicdan əsirdi,
Xəstə degil, yazıq insan əsirdi!
Doğmaz oldu artıq sağlıq yıldızı,
Ay görmədik, gecə saydıq yıldızı!
Nədən gəlməz, Allah, səhərin qızı?
Gülsün ki, yolçular yol üstündədir,
Bən aülaram, çünki könlüm xəstədir.
Bir xəstə ki, yazıq yol üstündədir!


ŞERIM

Şerim sınıq bir türk sazı, ağladaraq tellərini,
Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
Ben bir Turan yolçusuyam, əlimdə bir sönük məşal,
Aman, şerim, hümmət eylə, aman, təbim, bir qanad çal!
Açın qəlbim qubarını, baxın nədir baş yazısı?
Əvvəl Allah göndərəndir, sonra Türkün bayatısı!
Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı
Kölgəsində düşər yerə Türkün əgilməyən başı!


QASPIRINSKI ÜÇÜN

Milli sazlar çalır matəm... müsibət...
Başdan-başa qan ağlayır bir millət!
Dağlarına çökmüş matəm havası,
Baxdım, ağlar türkün bağı-bağçası.
Dedim nədir dərdin çarası?
Nədən qara geymiş dostlar obası?
Oxunur alnında dərin bir tasa,
Qoca Türk, sən nədən batdın bu yasa?
Tutmuşa bənzərsən xanlar qazası,
Çoxmu böyük dərdin, yoxmu dəvası?
Ortaq çoxaldıqca, kədər azalar,
Anlat, bu duruşun bəni yaralar!
Bayatına yaslı şerim qoşulsun,
Sənin dərdin, bənim şerim bir olsun!
Yıxıldı bir Kəbə mövtin əlindən,
Yanıq bir səs gəlir Zəmzəm elindən!
Hacər qurban verdi, Tanrı sınadı,
Bənimkini qoyub onu almadı.

Gəncə, 1914, 22 sentyabr


IMANSIZA

Qısqırılıb hürürsən ki: “Sənin bəndən nəyin artıq!”
Qızma, dostum, elmə qalsa, bən də sənin günündəyim.
Elmnən bizi dinləyənlər “yazıq” deyə, bizə “yazıq!”
Əsr bizdən nə istiyor onu bilə bilməyəlim?!.
Ancaq səndən fərqim bu ki, bendə sağlam bir “iman” var,
Bir kainat yaradar ki, nəşəsindən doymaq olmaz!
Sənin kibi imansızlar o cənnətdən heç anlamaz!
Bu tikanlı yollar bana gücmü sandın? Imanım var!
Bən bir dəfə inandım ki, ot kökünün üstə bitər,
Həqiqətmi, xəyalmı bu?.. Nə isə, bol-bol yetər!

Gəncə, 1914, 5 dekabr


ONA!

Görünməz yollardan gələn səsləri
Tükənməz eşqimlə səninki sandım.
Qəribsədim sənsiz “o” gündən bəri.
Şikayət olmasın, artıq “usandım!”
Sazlar, bayatılar mühitdən anlar,
Bilirmisən, bunlar səninçün ağlar!
Çoban anlar səni, düdüyü sızlar,
Ellər toy eyləməz, həp səni gözlər!
Bəzənmiş gəlinlər, nişanlı qızlar
Yolunda sərilmiş güllərə bənzər.
Qarılar, qocalar yolların üstə,
Qış görmüş ellərdən gəl çiçək istə!
Keçdiyin yerlərdə bir daş olaydım,
Öpeydim yorulmaz ayaqlarından!
Sevgin əmr edəydi, bir quş olaydım,
Vətənin hilalsız bucaqlarından, –
Yıldızsız göyündən şikayətim var!
O qədər ki, dərdim!.. Bir quş nə yapar?!

1915, 7 oktyabr


ŞƏHID ƏSIR

Əsirim, umdum ki, Xızrım gələcək,
Çıxdım ki, yollara edəm sorağın!
Dedim gəlsən, könlüm, gözüm güləcək,
Baxdım bükük boynun, solğun yanağın,
Əsir cənazənlə qarşıma çıxdın!
Bir quşa zülm etdin, bir yuva yıxdın!
Şəhid qardaş, bu gün sizin obalar,
Anar qərib səni, düşünüb ağlar.
Qardaş yada salmaq böyləmi olar?!
Qapanmaz gözlərin, bir sözünmü var?
Qəbrin “gül” açınca ağlaram sana!
“Qara gün” keçincə ağlaram sana!
Dağlar gülümsərkən, dumanlar aldı!
Bükülməz qolların nədən boşaldı?!
Gəldin, yoxsul ninən kimlərə qaldı?
Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı!
Ölsən də söz yox ki, qanın coşacaq!
Düşman boümaq üçün dağlar aşacaq!



PAMBIQ DASTANI

Oxuyurdu tarlada
Kolxozun gözəl qızı:

“Var olsun insanlığın
Beşguşəli yıldızı.
Yaşasın Şuraların
Şərəfli istiqlalı!
Yaşasın ölkəmizin
Bu pambıq istiqbalı.
Ölkəmiz cənnət oldu,
Pambığa bax, pambığa!
Bu tarlalar bizimdir,
Nə bəy vardır, nə ağa.
Aç, deyirəm aç, sənə,
Aç mənim ağ gülüm, hey!
Qış günündə qar kimi
Quşbaşı yağ, gülüm, hey!
Pambığın feyzindəndir,
Sarsıldı köhnə həyat.
Dünyaya örnək oldu
Kollektiv təsərrüfat.
Mən də qoşdum səsimi
Bu gəncliyin səsinə.
Belə bir dastan yazdım
Bu pambıq ölkəsinə.
Muğan, Mil çöllərində
Sallanır salxım-salxım;
Qaraoğlan ellərində
Camalına mən baxım.
Qarayazı düzündə
Çiçəklər tabax-tabax.
Murovdağın dizində
Əndamına gəl bir bax!
Arazın qucağında
Naz calanır nazına.
Kürün hər bucağında
Qoşulmuş el yazına.
Təpələr çətəyində
Sallanır qəşəng-qəşəng.
Dağların ətəyində
Geyinin yaşıl ipək.
Gəncə, Şirvan, Qarabağ
Sevir bu gülyanağı;
Müxtəsər... yaxın, uzaq
Ellərimin qonağı.
Hər yerdə şuxluq yapar,
Bu gözəl nə yamandır;
Yıldızlara göz qırpar,
Aman Allah, amandır.
Bulaqlardan daha şən,
Buludlarla çəkişən;
Gülxətmiyə naz satan,
Yetən gülə söz atan;
Gördüm o şəhləvəndi
Məftun eyləmiş kəndi.
Şəhərlər heyranıdır,
Dəzgahlar qurbanıdır.
Kim aşiq olmaz hələ
Belə yosma gözələ?!
Yaşıl sağrı, başmaqlı,
Ağ bənizli, yaşmaqlı.
Hər zaman siması şən,
Gəlinlərə irişən,
Qızlara “gəl-gəl” deyən
Arançıya bir hiyən.
Yaşıl geyim, gül dodaq,
Dağlardakı qardan ağ,
Dişləri var – mirvarı,
Onun yanında sarı...
Əlləri tumbul-tumbul,
Dərdindən öl də qurtul.
Yanında mərmər bir heç,
Əsir olarsan tez-gec!
Çaylardakı ağ köpük
Yanında bir boz çöpük.
Saçlarına gəlincə
Ipəkdən daha incə.
Çanı var süddən bəyaz,
Kasıbca boydan bir az.
Lakin əda, nə əda!
Darılmasın məbada!
Bir dəqiqə qoy gözdən,
Dönər verdiyi sözdən.
Itirər əməyini,
Acılar yeməyini;
Bir küsdümü barışmaz,
Xeyrə-şərə qarışmaz...
Bir gün dedim: “Gözəlim,
Sənin əslin haralı?
Hansı bağın gülüsən?
Hansı dağın maralı?
Kimlər öyrətmiş səni
Bu söhbətə, bu saza?
Can dayanmaz səndəki
Bu qəmzəyə, bu naza.
Günəşlərin altında
Qaralmazsan nədəndir?
Xəzan sənin bayramın,
Saralmazsan nədəndir?
Keçib gedən yolçunu
Öz yolundan eylərsən;
Qışın oğlan zamanı
Ağca masal söylərsən.
Gözləyir kolxozçular
Uğurlu yollarını.
Gizli, açıq düşmənin
Bağladın qollarını.
Nə yaman bir pərisən –
Sən gedincə bağlara,
Su səpildi yoluna,
Xəbər düşdü dağlara.
Bərəkətli ellərdə
Kölgəni sarqıladı;
Orda-burda keşikçin
Dal qılınc qarğıdalı.
Xəcalətdən utandı
Görüb çatma qaşını;
Darıya bax, darıya –
Dikdi yerə başını.
“Çıx yolumdan!” dedin sən
Boz yovşana, yarpıza.
Ümid verdin bir yandan,
Şamamaya, qarpıza.
Buğda: “buyur gəl!” dedi,
Bağ sənin, bostan sənin.
Arpa çaldı sazını,
Söylədi: “Dastan sənin”.
Bu gün əmək əlilə
Cənnət olan Muğanda.
Yıldızlar heyran oldu
Sən şərəflə doğanda.
Kim deyir ki, əlindən
Sevda camı içmədik!
Sən Muğana gələli
Bizlər dağa köçmədik.
Dünən Mil çöllərində
Ilanlar mələşirkən.
Bu nə sirdir: gəldin sən,
Gül açdı hər bir tikən?!
Bir qurdun yuvasıydı
Hər bir qoltuq, hər dərə.
Nə əfsun eylədin ki,
El yığıldı bir yerə?!
Bütün ellər xeyirli –
Varlı aranda qaldı.
Vaz keçib dağdan, daşdan,
Yer tutdu, yuva saldı.
Onlarda yoxkən əvvəl
Sevincin əlaməti,
Düzəldi birdən-birə
Qadınların qaməti.
Dılqır ələk, dılqır sac,
“Əlim xəmir, qarnım ac” –
Deyən yoxsulların sən
Dərdinə etdin əlac.
Gəlişin ölkəmizə
Bir uğurlu yol açdı.
Gül kimi yaslılardan
Çiçək, qızdırma qaçdı.
Hələ qulaqlarımda
Xışın xəstə nəğməsi.
Neylədin, sən gəlincə
Çıxmadı artıq səsi.
Yarıb yerin bağrını
Qəhrəman bir ər kimi.
Polad atlar tarlada
Gəzir qızmış nər kimi.
Şəkərdən daha dadlı
Daha şirin gülüşün;
Hansı nurlu yollardan
Ellərdəndir gəlişin?”
“Hindistanın bağlarından
Daşdım da gəldim.
Himalay dağlarından
Aşdım da gəldim!
Bu gün belə hindi get gəz,
Bax nə deyirlər:
Hindistanda adım “daras” –
Dillərdə əzbər.
Sərəndibdə qalmadım heç
Qaynar su içdim.
Hinddə nəfəs almadım heç
Bəhreynə keçdim.
Fironların zamanında
Əziz deyildim,
Lakin əsirlər yanında
Peşkəş edildim.*
Makedoniya kralları
Feyzimi buldu.
Adriatik kənarları
Oylağım oldu.
Yayılmışdı çox yerlərə
Uğursuz adı,
Asma adı,
Asma bağda bircə kərə
Gördüm Şəddadı.
Kefim üçün Neynavada
Xeylicə gəzdim;
O mədəni el-obada
Çox şeylər sezdim.
Bir gözəllik gördüm deyə
Pərvazə gəldim.
Şeir, qəzəl dinləməyə
Şirazə gəldim!
Türküstanda çox dolaşıb
Ceyhuna çıxdım.
Uca daülar, bellər aşıb
Seyhuna çıxdım.

__________
*Herodotun rəvayətinə görə Misir Fironu Makedoniyaya hədiyyələr göndərdiyi
zaman pambıqla bəzənmiş bir şey də göndərmişdi.

Sonra ötdüm Buxaraya
Bir nəfəs aldım;
Orda büründüm xaraya,
Qəznədə qaldım.
Hər ölkədə bir adım var:
Özbəkcə “paxta”.
Sonra qırğızlar, kazaklar
Çağırdı “maxta”.
Qədim zaman dolaşarkən
Maçin elində;
Adlanıldı “hoamien”
Çinli dilində.
Türküstanı addım-addım
Tutdum bəyaza.
Xarəzmə get, orda adım
“Amerkan qoza”.
Bilməm, kimlər nə söyləmiş
Tarixdə alman cəngavər, çarpan.
Görüb məni bəhs eləmiş
“Ağac yunu”ndan*
.
Camalımın divanəsi
Yaponlar hətta.
Məst edərəm hər bir kəsi
Adım da “vatta”.
Bir sorun ingilisdən
Nə sözdür “qofton”?
Bir səs gəlir hər dənizdən
Min bir çeşid ton.
Burda mənim gözəllərdən
Bir rəqibim yox.
Yanlış olmaz əgər desək
Rusca “xlopok”.

__________
*Almanca pambığa Die Baunbolla deyirlər. Ağac yunu mənasındadır.

Bir sasani şah məndən
Bilməm nə gördü?
Sözlərimi dinləmədən,
Qafqaza sürdü.
Qarşıladı Araz məni
Söhbətlə, sazla.
Mən Muğanda ondan bəri
Sallandım nazla.
Kürün ilıq qucağında
Yaslandım yerə.
Bu yurdun hər bucağında
Çəkildim dövrə.
Bəlkə əslim amerikalı,
Əndamım süddən;
Yaxud nəslim afrikalı,
Gəlmişəm hinddən.
Hər bir zaman əməkçilər
Çəkdi cəfamı;
Qədimlərdə veyl gəzənlər
Sürdü səfamı.
Lakin əsl yurdum mənim
Muğanla, Mildir.
Muğansız ki, mənim günüm
Bir gün deyildir.
Indi artıq bu çöllərə
Həvəslə girdim.
Qədir bilən bu ellərə
Varımı verdim.
Oylağımdır
Qarabağın çölləri!
Yaylağımdır
Qarayazı elləri!
Qaraoğlanda
Ağca günlər görmüşəm!
Mil çölündə
Çox səfalar sürmüşəm!
Sərin göllər,
Dərin çaylar keçmişəm.
Bulaqların
Gur suyundan içmişəm.
Mənim üçün
Kür baş vurur hər yerə,
Araz Məcnun olub
Düşüb çöllərə.
Dağlardakı
Coşqun sellər mənimdir,
Aranlarda
Çaylar, göllər mənimdir!
Günəş mənim,
Bahar mənim, yaz mənim;
Məclis mənim,
Söhbət mənim, saz mənim!
Dərman mənəm, dərd mənəm,
Şəhər mənəm, kənd mənəm.
Gəlinlərin adı var,
Toylarda şərbət mənəm.
Yoxsulun yoldaşıyam,
Rəncbərin sirdaşıyam;
Əməkçi xalq üçün mən
Bəzəklərin başıyam.
Mən bəzərəm yazları,
Çoxaldaram azları;
Aşıqlara ruh verib
Çaldıraram sazları.
Əkinçilər yarıyam,
Igidlər sərdarıyam;
Qızılın adı çıxmış,
Mən ondan yuxarıyam.
Naz satıram gümüşə,
O çaşmışdır bu işə;
Bir deyən yox, zavallı,
Nə düşürsən təşvişə?
Bir az əqli var isə,
Deyin çəkilsin misə.
Mən üzümü ağartdım,
Haqsızdır bir şey desə.
Dünən gördüm ipəyi,
Yerdən gedir ətəyi.
Onun fikri-zikri pul,
Mən güdmədim qəpiyi.
Görürsən bu kətəni,
Dəng eləyib yetəni.
Bizə tay olacaqmış
Bu çöllərin çətəni.
Fikirləşdim mən özüm,
Buna yoxdur bir sözüm.
Ancaq haqqa qalanda,
Ondan da toxdur gözüm.
Nə vurhavur, nə busat,
Gəlin buna içim and:
Geniş meydana çıxsam
Bir şey deyil brilyant.
Yığılsın yaqut, sədəf,
Düzülüb gəlsin səf-səf.
Kimin incisi çoxdur
Ona çalın zurna, dəf.
Hər kəsdə, hər yerdə mən,
Dərmanam çox dərdə mən,
Hər qurultay oldumu
Əyləşirəm dördə mən.
Yoxsulun yoldaşıyam,
Rəncbərin sirdaşıyam.
Əməkçi xalq üçün mən
Bəzəklərin başıyam!
De dərdini yazana,
Bu yollarda gəzənə.
Açıqdır mərmər sinəm,
Oğul istər qazana!
Adım pambıq, üzüm ağ,
Yay günündə canım sağ.
Indi dövran mənimdir,
Bəxtim ötgün, kefim çağ!

Aprel, 1931




HƏRBZADƏLƏRƏ

Ey görünməz dost elindən gələn quş!
Hansı murdar əllər yıxmış yuvanı?
Qəribmisən, yoxsa nədir bu duruş!
Əlindənmi aldı ovçu balanı?
Ovçu, görüm yavrun sənə qalmasın,
Əkdiklərin solsun, kölgə salmasın!
Qərib bacı, gözün nədən yaşarmış?
Öpmədinmi nişanlını doyunca?
– Fələk sənə nə istərsə yaparmış?.. –
Ağladınmı qaçdığın yol boyunca –
Dikmə gözün hər yalqızca məzara,
Gedən gəlməz, bacım, baxma yollara!
Aşıqlardan səs yox, sazları qalmış,
Çoban, sürün hanı, tozları qalmış?!
Ellər köç eyləmiş, izləri qalmış,
Yolları qar basmış, yox gəliş-gediş,
Sizə nə çox ağır keçdi bu yıl qış?!
Baxdım o yerlərdə buludlar ağlar,
Məzarlığa dönmüş bağçalar, bağlar,
Maralsız qaldınız, a qarlı dağlar,
Tutan olsa Sizdən maral sorağı.
Görəcək ki, hər yer düşman yatağı!
Nişan məclisində şərbət kasası
Qırılmış, yerlərə şərbət tökülmüş.
Baxdım, çalır sazlar ölüm havası;
Toylar qara geymiş, bellər bükülmüş,
– O yerlərdə daha gəlin köçərmi?!
Bu qanlardan adil Allah keçərmi?!
Didilmiş bədənlər, yolunmuş saçlar...
Dağılmış yuvalar görmək istərsən;
Qardan kəfən geymiş, yoxsullar ağlar,
O ellərdə nə var bilmək istərsən, –
Sənə bir kamança hər şeyi söylər,
Mən bir kamançayam, tellərim inlər!
“Əzizim, ay har aylar,
Hər həftələr, hər aylar.
Gözü yolda dul bacımız
“Qardaş” deyib haraylar”!
Onlar sana göz dikərkən
Şərab içmə, düşün bir az.
Ey, hər zaman “mərdim” deyən!
Bundan artıq fürsət olmaz!
Ay ağalar, ay xanımlar,
Görün, sizə göz dikən var!..

NƏ GÖRDÜMSƏ

Ərməğanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Bir yığıncaq gördüm, dedim:
Bəlkə toydur qızlar oynar?
Baxdım ellər batmış yasa,
Nə oynayan, nə gülən var.
Sordum qərib minarədən:
Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?
Belə getsə, o dağlarda
Illər keçər, çiçək bitməz.
O dağları duman basmış,
Duman getməz, yaman getməz.
Coşqun irmaq kənarında
Nə qızlardan bir nişan var.
Nə oğlanlar islıq çalır,
Nə qaynayan, nə coşan var.
Bir dul gəlin könlü coşmuş,
Yol göstərin hanı yarı?!
Oğlan çıxmış dönməz yola,
Nə nəşi var, nə məzarı.
Vicdan mənə əmr edir ki:
Belə gündə bayram etmə!
Quran mənə yol göstərir:
Yoxsulları məyus etmə!..

Gəncə, 1915, 22 mart


IMDAD

Vicdanım əmr etdi, imdada gəldim,
Məzlum səsi duydum, mən dada gəldim!
Ziyafət görmədim, yaslıdır ellər,
Çoxalmış məzarlar, dərdini söylər.
Talanmış şanələr, yolunmuş tellər,
Olduğunu duydum, imdada gəldim!
Yarılmış qorxudan pənbə dodaqlar,
Aşiqlər ah çəkər, dərdindən ağlar.
Bax, nələr söyləyir tarlalar, dağlar,
Qardaş səsi duydum, imdada gəldim!
Qonşularda toydur, bizdə ağlaşma,
Bu yerdə qız gülməz, gəl heç uğraşma!
Sən ey dərdli könlüm, burda dolaşma!
Bən səninçün deyil, imdada gəldim!
Qarları boyamış məzlumlar qanı,
Ölənlər çox, fəqət məzarı hanı?
Ayaqlar altında şöhrəti, şanı
Qalanları görüb, imdada gəldim!
Bir yerdə ki, zalım bayrağı sanca,
Göz yaşı tökülər o yerdə bunca;
Bu dərdə ağlayım, bir ah, doyunca,
Qərib səsi duydum, imdada gəldim!
Verib yad əllərə sırma telini,
Gəlinlər buraxmış gözəl elini.
Anasızdır yavru, sən söylə ninni.
Ninnisiz yavruya, imdada gəldim!
Tutmaz bacaları, yanmaz çıraqlar,
Qardaşı bacıdan ayırmış dağlar.
Bacılar nerdədir, buludlar ağlar?
Qardaşsız bacıya imdada gəldim!
Cəsədlərlə dolmuş qarların altı,
Aylar var ki, minməz igidlər atı.
Gəlmə, yaxar səni qərib bayatı!
Sus!.. qərib bayatı, imdada gəldim!
Fəlakət görməyən millət olarmı?
Düşün, bir az düşün, heç qanın varmı?!
Gözlər kormu, yoxsa könüllər darmı?
Ah, niyə bən yenə fəryada gəldim!


NIYƏ GƏLMƏDIN?

“Mey”dən könül küsdü, sana sarıldı,
“Gəldim” deyib durdun, niyə gəlmədin?
Andım səni, bana “ney”lər darıldı,
“Bildim” deyib durdun, niyə gəlmədin?!
Artıq bənim yarım deyil xəyalı,
Heç bir qaşa bənzətmərəm hilalı;
Bir dəliyəm sana məftun olalı,
“Bildim” deyib durdun, niyə gəlmədin?
Bən inləməm hər bir ufaq yaradan,
Bənim qönçəm gülmüş bahar olmadan.
“Birləşin” dedi ki, bizi yaradan,
“Bildim” deyib durdun, niyə gəlmədin?!
Pərişandır könül, pərişanam bən,
Gözəl qız, qoşarsan, dərdimi bilsən!
Gəl, bu yad ellərdə şənliyim ol sən!
“Gəldim” deyib durdun, niyə gəlmədin?!
Qələm sağər, deməz, etməz istiğfar,
Səninçün sərxoşdur, saçılar yazar.
Bən səni sevmişəm, bunu kim pozar?
“Bildim” deyib durdun, niyə gəlmədin?!

1916, 5 yanvar


IRAQ

Çoxdan ayrı düşdük biz yar elindən,
Əcəb o yerlərdə “biz deyən” varmı?
Biz anmaqdan,söyləməkdən yorulduq,
Bir düşünən bizi, söyləyən varmı?
Bizdə qələmlərin düşüncəsində,
Yazılan sözlərin ən incəsində;
Qərib minarənin yanıq səsində
Yalnız “O” var... bilməm, dinləyən varmı?
Hər kəs deyir ki, bənim könlüm nə dolğun,
Bilən yoxmu “Kim”ə məftun olduğum?


HARALISAN

Nerəlisən, cənnətdirmi məkanın?
Mələkmisən, nə dadlıdır lisanın?
Bən Tanrımın baxımı ilə əzəldən,
Bir badə içmişəm, bir gözəl əldən!
Ən ruhani nəşələrdən qanadım,
Çıxdım, səni buludlarda aradım!
Yıldızlardan sordum: – “Aydır!” – dedilər,
Aya getdim, o da sənsiz mükəddər.
“Sənsiz” gördüm, mələklərə darıldım,
Endim yerə, qələmimə sarıldım!
Yazdım... yazdım, fəqət gəlməz bizim yaz,
Heç bir şeir baxdım, sənsiz şən olmaz!
Heç “yazmayım” dedim, istəyim söndü,
Qələm sükut etdi, könül düşündü...
Bir səs duydum, qələm əldən düşüncə,
– Həp bənimçün vursun qəlbin ölüncə!..
... Bayılmışdım... durdum, gördüm ki, həp sən,
Sən imişsən, bana badə içirtən!..
Nerdə idin, cənnətmidir məkanın?!
Mələkmisən, nə dadlıdır lisanın?!

1916, Batum, 25 yanvar


MÜNACAT

Əsirgəsin Tanrım yabançı gözdən
Bizim eldə məbədinin daşını!
Acı bizə, imanımız sönməsin,
Rəhmətinlə keyit bu göz yaşını!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Vətəndə lal qalan məscid, minarə.
Gözün dikmiş səsin gələn diyarə.
Qəribliyə deyilmi bu işarə?
Məhşər oldu... atma bizi kənarə!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Sufilərin böylə olub, küsməsi,
Azanların titrəyərək əsməsi.
Xətmlərin, xütbələrin hər səsi
Çağırmaqda imdadına bir kəsi!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Ey mərdliyi ilham edən böyük haqq!
Buyruq sənin qullarına, nə sormaq?!
Pək dərdliyiz, bir arzumuz var ancaq,
Cəbrayılla göndər bizə bir sancaq!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!
Kərəminlə xəbər verdin adını,
Bizə daddır o cənnətin dadını!
Ümmətinin düşündürüb şadını,
Ağa, tikmə bizə, hər yad qadını!..
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!

28 yanvar

AXŞAMLAR

Ölkənizdə varsa sizin bir qərib,
Baxın gözlərində nə var axşamlar!
Qəribin halını vətəndən əsən
Tanrının yelləri sorar axşamlar!
Qayıq qucağında, dəniz üzündə,
Dalğanın nəğməsi deyil gözündə.
Bir şeylər söyləyir, onun sözündə
Könül bir incəlik duyar axşamlar!
Açmayır dərdini qərib bir kəsə,
Qulaq verib durur hər yanıq səsə;
Vətən müjdəçisi ruzigar isə,
Bəzi günlər olur susar axşamlar!
Bir söz ismarlamış bəlkə yar eli,
Nədən anlaşılmaz quşların dili?
Sanki boğmaq istər göz yaşı seli,
Qəribin gözləri yaşar, axşamlar!
Axşam ona kədər, ona düşüncə,
Toxunmayın, qərib qəlbi pək incə!
Yollarla söyləşir məktub gəlincə,
Onun üçün yollara baxar axşamlar!
Əcəb, yoxmu onun baxçası, bağı,
Güllərə baxmayır, gül solu-sağı;
Sən, eylə gəl, onu sanma bayağı,
Nasıl duymadınmı coşar axşamlar?!
Ey o yanıq qəlbin eli, vətəni,
Varmı səndə onun halın soranı?
Əcəb, sağmı onlar, varmı qalanı?
Varsa söylə, qələm yazar axşamlar!

Qudaud, 25 mart, 1916


MAYIS

Bən hər yılda bir mayısa
Pək çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Neysan ağlar, bən ağlaram.
Düşdüm çorluq biyabana,
Sığınamam bir insana.
Gözəl mayıs, ümid sana,
Hər yan ağlar, bən ağlaram!
Bax dumana dağ başında,
Dərdə düşmüş gül yaşında.
Coşmuş gözlər, yaz başında
Duman ağlar, bən ağlaram!
Sənsiz bir gül, ya bir şeir
Nerdən bəni məmnun edir!
Sorsa bir kəs dərdin nədir?
Soran ağlar, bən ağlaram!
Açmazmı gül sağda, solda?
Görünməzmi bəyaz alda?
Sənsiz böylə, yarı yolda
Qalan ağlar, bən ağlaram!
Olmadan axşam əzanı
Yola çıxart yol azanı!
Kəsmiş yolu dərd tufanı,
Karvan ağlar, bən ağlaram!
Səccadəyə alın sürtən,
Birlikdə bir cənnət görən:
Haqq yolunda Xəlil verən,
Qurban ağlar, bən ağlaram!
Boş çıxarsa bunca əmək,
Babalarca bu nə demək?
Qədərmidir, yoxsa fələk,
Duyan ağlar, bən ağlaram!
Xoş hər mayıs batmaz yasa,
Hər zamanmı bana taza?!
O gün də bir gün olmasa,
Vicdan ağlar, bən ağlaram!

Suxumi, 1916


OYAN

Dinlə, bir səs söylər sana,
O “səs” sənin öz vicdanın.
Deyir: “Ey sən batmış yasa!”
Gəlir yenə bəyin, xanın;
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Oxutma ölüm fərmanın,
Ver yolunda gözəl canın.
Göyərçinlər xəbər söylər –
Gəlir təxti-Süleymanın.
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Oldun yadlar oyuncağı,
Yurdun arsızlar ocağı.
Tapınma azğın şeytana,
Yüksəldi “birlik” sancağı!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Səs yox sizin yapılarda.
Yol azmış gözlərin harda?!
Uzaq yoldan yarın gəlir,
Qurbanın yox qapılarda.
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Kim demiş: cansız daş ol!
Azğınlara gəl yoldaş ol!
Yadlaşan qardaşın gəlir,
Yenidən and iç, qardaş ol!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!
Bir qız gəlir sevinci var,
Qızın boynunda inci var.
Yoxsa, sevən bizim yurdun,
Bir dəlisi, ya dinci var?!
Sən ey yatan, oyan, oyan!
Qiyamətdir, olmuş əyan!

1916, 5 dekabr


AZƏRBAYCAN BAYRAĞINA

Ingilislərin Bakıya gəlişindən
sonra birinci dəfə Bakıya getdiyim
vaxt – 10 aprel 1919-da parlament
binası üzərində dalğalanan milli
bayrağa söylənilmişdir.

Ə.Cavad

Türküstan yelləri öpüb alnını
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərmağan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma!
Izn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

1919, aprel


BƏN KIMƏM?

Soranlara, bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
“Haqq!” bağıran səsiyəm!
Bən şairəm, doğru, amma
Başqa dilim, diləyim!
Bu gördüyüm xərabədə
Nə nəşidə söyləyim?!
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax, nə haqsız bir axın var
Yoxsulların elinə?!
Sən nə dersən bu sevdalı,
Həm bu dərdli gedişə?
Ey yarımın həsrətilə
Boynu bükük bənövşə!..
Bən qıyamam yar gəlirkən
Salladığım məndilə,
Ah, ey fələk, ağlar isəm
Göz yaşımı kim silə?..

Gəncə, 1919, 20 dekabr





GƏLMƏ

Albərk təkrar Bakıya gələcəkləri
xəbəri çıxdığı vaxt söylənilmişdir.
Ə.Cavad

Bu dağlar bənimdir, yeni gün gördü,
Boğar səni ahım, ey duman, gəlmə!
Inanma fələyə, dönükdür üzü,
Bir üzə gülməyir, hər zaman, gəlmə!
Ey yağmursuz bulud, uğursuz kölgə,
Dəyişməm bən “alı”, o çirkin rəngə!
Sevdası könlümdə bir darğın ölkə,
Baxar yad gözlərə pək yaman, gəlmə!
Könüllər bir dəniz, coşdurma onu,
Coşqun könüllərin fırtına sonu!
Sən ey Şimal yeli, gəl etmə bunu!
Yox isə əmrinə uymayan, gəlmə!
Sən ey gözlərimə batan quruntu,
Sağlam bir imana səndən nə qorxu?!
Bəslərsə vicdanlar pək böyük duyğu,
Yenilməz bir qala – hər vicdan, gəlmə!


AL BAYRAĞA

Gül rəngində bir yaprağın
Ortasında bir hilal!
Ey Al Bayraq, sənin rəngin
Söylə neyçün böylə al?!
Hakim olub bir torpağa,
Ona etmək böylə naz?
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?
Bu bənzəyiş nədən gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..

Bakı, 1919, 24 iyul


RÖYASINI GÖRMÜŞDÜM

Bən röyada nazlı yarın
Tellərini hörmüşdüm!
Bu sevincli zamanların
Röyasını görmüşdüm!
Elin dalğın olduğu gün
Xülyam bəni güldürdü!
Inanmayan imansızın
Dərdi bəni öldürdü!
Bir zamançün bizim Günəş
Qara tülə sarıldı.
Hər kəs ondan ümidsizkən...
Bənim könlüm darıldı.
Unudaraq “kor” sevdayı
Yaşıl söyüd dallarında
Bənim gözüm ilk aradı
Onu “Turan” yollarında!
Bir gün oldu bizimkilər
Oldu bizi bəgənməz!
Bən dedim ki, Millətimin
Sərmayəsi tükənməz!

Hacıkənd, 1918, 5 avqust


YAZIQ

Azərbaycan mühərrir və şairləri
tərəfindən nəşr edilən “Qardaş
köməyi” üçün yazılmışdır.
Ə.Cavad

Dəniz dərdə düşər, dalğalar ağlar,
Dağlara dərd gəlsə, dumana yazıq!
Sənsiz öz elində qərib kəsilib
Durnalardan xəbər umana yazıq!
Bir quş oxur bizə sabah əzanı,
Çağırmaqda yola yoldan azanı.
Ərənlər söyləyən, Allah yazanı
Duymadan yox olan imana yazıq!
Zəmzəmin dərdini dinləyən qardaş,
Ölkəndə bir könül yapmaya uğraş!
Açılınca yollar Kəbəyə birbaş
Bir könül yapmayan vicdana yazıq!
Gün batanda sarı bulud sarısı,
Söylər sizə düşmüş dərdin yarısı!
Ey elin xanımı, qızı, qarısı.
Əl açmış bacılar düşmana, yazıq!

Çakva, 1917, 10 fevral


ISTANBUL

Mən sevdiyim mərmər sinəli yarın,
Deyirlər, qoynunda yabançı əl var!
Baxıb üfüqlərə, uzaq yollara
Ağıyormuş mavi gözlər, axşamlar!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Bənim sevdiyim qız dünya gözəli,
Ona bu dünyada eş yaranmamış!
Deyirlər, könlünü fələk pozalı
Sürməli telləri heç daranmamış!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Qırıq dala qonmuş dün yavru bir quş,
“O”ndan xəbər verdi, gözüm yaşardı.
Gəl, zavallı könlüm, sorma nə olmuş?
Sorma ki, sevdiyin kimlərə vardı?!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Deyirlər, sevdiyim “Qız qülləsi”ndə,
Baxıyorkən qırıb rübab telinə!
Uçuyorkən şerin sevdasında,
Bir yılan sarılmış incə belinə!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Ey yolum üstündə yüksələn dağlar,
Gizli sevda üçün çırpınan dəniz!
Yol verin, yol verin, bənim dərdim var,
Qeyb etdim yolumu, qaldım kimsəsiz!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Bu qəlbimdən qopan yanıq bir fəryad,
Çəkdiyim dərdlərin tərcümanımı?
Yoxmudur kimsədən könlümə imdad,
Bu bəxtsiz sevdamın son zamanımı?
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!
Yarəb, bilməzmidin qəlbimi sən də,
Ki, qırdın sazımın canlı telini?!
Doğuyorkən yeni bir ümid bəndə,
Neyçün məyus etdin Turan elini?!
Ah, ey solğun yüzlü, dalğın Istanbul!
Mavi gözləri, ipək bayğın Istanbul!

Gəncə, 1919, 19 mart


AŞIQIN DƏRDI

Soraraq yıldıza, Aya,
Ararkən gözlərim səni;
Bənim kimi bir sevdaya
Düşən gördüm bir də bəni!
Nə zaman ki, insan oğlu
Azar qərib eldə yolu;
Bənim kibi gözlər dolu
Yaşla salamlar Vətəni!
Bəncə, dərdin ən yamanı
Itirmək dərd anlayanı!
Hər yetənə sordum hanı,
Göstər bir dərd anlayanı?!
Ah, ey gözəl elim, günüm,
Düşsə sənə bir də yönüm?!
Tanrım, olsun ən son günüm
Göstər bana “can” deyəni!
Ayrı düşdüm bən elimlə,
Gedən bulud, getmə, dinlə;
Ağla bana öz dilimlə,
Türk aşiqi söyləyəni!
Aşiqin bir el dərdi var,
Ellər oxur, ellər yazar!
Bən düzərəm, zaman pozar,
Göz götürməz bu gülşəni!

Kutais, 1916, 31 avqust


KUROPATKINƏ

Kimdir bizim minarədə əzanları susduranlar?
“Doğru yola sapma!” deyib qanlı irin qusduranlar?
Kimlər böylə qara pərdə çəkdi bizim bu minbərə?
“Qari!” deyə xitab etdi Türküstanda yigitlərə?
Təkmələyib Türküstanın əgilməyən başlarını?
Kimlər çaldı babaların əski məzar daşlarını?
Kimdir qəzetlə, kərpiçlə muzeyləri dolduranlar?
Kəndimizi heyvan sanıb, yurdumuza od vuranlar?
Hansı qanun əllərilə, hansı yasa, hansı yazı?
Söyüdlərin yerlərinə dikti Sibir akasıyası!
Heç bir tarix göstərməzkən türkün xain olduüunu,
Kimdir çalan türk ərzini, türk elinin var-yoxunu?
Sənin kimi kölgəsindən qorxanlar,
Sənin kimi düşünənlər, duyanlar!
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!..
“Din” söylədik, Quranların təbdilinə yeltəndiniz,
“Dil” söylədik, fikrimizə məzar oldu Qara dəniz.
Zəngin idik, qurd oldunuz, yurdumuza saldırdınız,
Gözəllərin köksündəki altunları çaldırdınız!
Adlarını dəyişdirib məmləkətin, ilin, ayın,
Siz “şapqasız” sadə türkü məktəblərə buraxmayın,
Xor baxaraq əcdadının adətini sevənlərə,
Zəhər verin can yerinə, sizə “can” söyləyənlərə;
Elinizdən rahib olub itiqafə çıxanlara,
Söyləyin ki: başqa şeylər düşünürsən, haydı ora!
Sonra bizi Avropada vəhşi deyə yazın, pozun,
Bunun doğru olduğuna inandınmı sənin özün?
Sənin kimi bir çox miras yedilər,
Bizi daha nələr... nələr etdilər;
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!
Bu ellərin toprağına, daşına
Çökən, ölmüş yigidlərin yasıdır!
Duman deyil, bu dağların başına
Qonan, məzlumların ahı, vayıdır.
Vətən xarab oldu, siz onda bayquş,
Of, bənim gözəlim kimlərə uymuş?
Sibiryada qazmaların guşəsi
Məzlumların kəmikiylə doludur!
Sənin kimi “əskiklərin” peşəsi,
Getdiyi yol azğınların yoludur!
Xoş hər vaxt gecə getməz, dan atar,
Bilməzmiydin səni bir gün qan tutar?
Söyləyiniz, hansı yurdun balası,
Əlinizdən ölüm canmı içmədi?
Göstəriniz hansı mülkün havası,
Sizin üçün saflığından keçmədi?
Sənin yavrun beşigində gülümsər,
Ərənlər yurdunda ancaq yel əsər.
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!
Bir katolik kilsəsi qədər lal,
Türküstanın cəlladına nifrətim.
Sənin kimi azğınlara bir məlal
Gəlməzmi heç? Bən o günə həsrətim!
Türküstandan başqa bir çox yerlər var!
Sizə lənət edir, darğın obalar!
Unut, əski günü, unut!
Bax, göydəki qara bulud
Məzlumların ahıdır!
Dərdə düşmüş insan oğlu yolunda,
Ey hürriyyət, dərman sənin əlində!
Asılmaya məhkum olan qardaşı,
Qurtaracaq fərman sənin əlində!
Yad ellərdə yurək ver haqq qoluna,
Günəşlər saç zavallının yoluna!

Çakva, 1917, 20 mart


BISMILLAH

Atıldı dağlardan zəfər topları,
Bürüdü elləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!
Ey döyünən yürək, dumanlı şəhər,
Bilirmisən, bu zor gurultu nədir?
Aç sisli qoynunu, ordumuz gəlir,
Nişanlın qoynuna girər, bismillah!
Ey hərbin taleyi, bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gələr, bismillah!
Ey Baku, sən qorxma, gəldik, gələli,
Səninçün atıldıq daim irəli!
Sağ qalanlar annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, bismillah!
Ey düşman, alnının yazısı qara,
Öldürməz bizləri, vurduğun yara!
Yolladığın qurşun ərməğan sana,
O kirli alnını öpər, bismillah!
Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər;
Sağlandığın topraq qanını içər,
Yurdun olmaz sana sipər, bismillah!
Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan.
Tək bir səslərini uzaqdan duyan,
Düşmənimi zaman istər, bismillah!*

Yasamal, 1918, 16 iyul


BƏN BULMUŞAM

Ey Tanrının cənnət uman qulları,
Bən cənnəti bu dünyada bulmuşam!
Aramaqdan bezdiyiniz yolları
Aramadan bən sevdada bulmuşam!
Oxşayaraq Yıldızını, Ayını,
Bən sayamam cənnətimin sayını!
El deyən cənnətin bən bir tayını
Açıq gözlü bir röyada bulmuşam!
Eşitmədən, anlamadan yerini,
Dərvişlərin çağırdığı pirini;
Inandığım ərənlərin birini
Uc-bucaqsız bir səhrada bulmuşam!
Daşıyanlar vicdanların dərini,
Bucaqlarda arar gözəl yarını;

__________
* Haman tarixdə türk əsgəri tərəfindən Bakıya hücum edildiyi vaxt yazıldı.

El cəfada diləndigi varını,
Imanını, bən səfada bulmuşam!
Yürəkdən “ney”lərə çəktirən ya hu!
Aşiqin inləyən neylə sorduğu;
Böyüklərin sanıb, heyran olduğu,
Nöqtəyi bən macərada bulmuşam!
Şərqin gülü, milli meyi, nəvası,
Qərbin könül sıxan ağır havası;
Rahiblərin, keşişlərin duası
Umduğunu masivada bulmuşam!
Çıxmışkən günahı vaizin dizə,
Vəz edib durmaqda bax yenə bizə!
Söylənəcək sözü dinə, dinsizə,
Vicdandakı bir sədada bulmuşam!
Bən ki, hindin sofisinə, sözünə.
Qulaq verməm, Qərbin baxdım yüzünə.
Büründüyü tülə degil, gözünə,
“Ney”dəkini bən nəvada bulmuşam!
Ağlamazsa qara bəxtin bulutu,
Bəsliyor vicdanım bir böyük duyğu!
Hər iki dünyanın nerdədir sonu,
Cavabını intihada bulmuşam!
Inandım ki, hər fəryadın sonu var,
Bir gün gələr Yer yüzündə yaz olar!
Gələn günü düşünənlər, yazanlar
Duyduüunu bu xülyada bulmuşam!

Çakva, 1919, 11 aprel





ÇIRPINIRDIN QARA DƏNIZ

Çırpınırdın Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!..” deyərdin, heç ölməzdim
Düşə bilsəm ayağına!
Ayrı düşmüş dost elindən,
Illər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
Incilər tök, gəl yoluna
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
“Həmidiyyə” o Türk qanı!
Heç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şeir, salam söylər!
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!.

Gəncə, 1914, 4 dekabr


INGILIS

Bakuya gəlmisiz salam verməyə,
Ey Xan sarayını tutan ingilis!
Gedirkən Kəbəyə hacı karvanı,
Hacılar yoluna çıxan ingilis.
Damağında Çanaqqala ağısı,
Sənmisən türk ellərinin yağısı?
Islam dünyasının ölüm çalğısı,
Ölüm ninnisiylə yaxan ingilis!
Sarıb Hindistanın cansız qolunu,
Gəldin bağlamaya “Turan” yolunu.
Aldadıb hər yerdə Tanrı qulunu,
Insanları ucuz satan ingilis.
Bax, yenə qarşında köksümü açdım,
Bakı dağlarına al bayraq sancdım.
Sən meydan oxudun, gəldim, ulaşdım,
Mərd deyil meydandan qaçan ingilis!
Sən bağla hər yolu, süngüm tez açar,
Üç ayda gələnlər, üç gündə qaçar.
Zənn etmə, qurşunum havaya uçar,
Türkdür, bu qurşunu atan, ingilis!
O xain gözünü dikdiyin ellər,
Bənim nişanlımdır, türkülər söylər...
Göz dikmə təxtimə, bax, əlim titrər,
Düşəcək təxtinə talan, ingilis!

1918, 12 iyul


EY ƏSGƏR!

Dağa, daşa sancağını öpdürüb
Duman kimi bu dağları bürüdün!
Dənizlərə salam rəsmi yapdırıb
Göylərdəki bulud kimi yürüdün!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!

__________
* Bu parça əsgərimiz tərəfindən Bakı mühasirə edildiyi vaxt Bakı ətrafında
bulunan Güzdəkdə söylənilmişdir.

Baş əydi bax, toplarının səsinə
Yad ellərin yıldırımı, şimşəyi!
Quzğun kimi qurumağa başladı
Səni görən cəlladların biləyi!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Arslan kibi saldırdığın düşmana,
Ər oğlu ər olduğüunu göstərdin!
Fələk bu gün uyüun sana diyor ki,
Türk əsgəri, sən böyləmi istərdin?!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Qardaşlığın fərmanına baş əyib,
Məzlumların imdadına yetişdin!
Qaranlıqda süngün sana yol açdı,
Sən o yoldan muradına yetişdin!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Ey Türk, sənin hansı dində olduğun,
Minarəyə buyur, bizə söyləsin!
Eşitməyən qulaqlara səsini
Əsən yelə buyur, xəbər eyləsin!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!
Şu qarşıkı duman çıxan bacadan
Sən gəlmədən iniltilər çıxardı!
Geciksəydin, məzlumların fəryadı
Yeri, göyü, kainatı yıxardı!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doüan Günəş yüzünə!
Ey Türk, bana sevda çiçək bu şeylər,
Göydə hilal, yerdə sənin sancağın!
Durnalarla göndərdiyim salamı
Yetirdimi, sana ninen torpağı?!
Yürü, yürü batan günün izinə!
Gülümsəyir doğan Günəş yüzünə!


TÜRK ORDUSUNA

Ey şanlı ölkənin şanlı ordusu,
Unutma Qafqaza girdiyin günü!
Gəlirkən qovmağa Turandan Urusu,
Ayağını Qara dəniz öpdümü?!*
Ilk atarkən əsgi bürcə addımı,
Kars qalası salam topu atdımı?
Sən yaparkən orda zəfər şənliyi,
Məğlub düşman qaşlarını çatdımı?
Çıxdığın gün Allah Əkbər Dağına
Dağıstan dağları qibtə eylədi!
Baxdım ki, sarayın viran tağına
“Sən gəlirsən, şən oluram!” söylədi!
Gəldiyin gün Kürün axar-baxarı
Əski günahlardan silkindi, çıxdı!
Eşidib Cümrüdə təkbir səsini
Araz sevincindən dünyanı yıxdı!

Gəncə, 1918

__________
* Bu parça Bakını fəth edən əsgərlərə ithaf edilmişdir.



ŞƏHİDLƏRƏ

Azərbaycandakı Osmanlı şəhidlərinə

Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər!
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəni tökdüyün qanlar!
Bax nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, bən də bərabər!
Sənin qanındanmı düzlərdə böylə,
Qüdrət bitirmişdir sayılmaz lalə?!
Dost elindən qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?!
Keçərkən göylərdən bir qatar durna
Ağlar buraxdığın gözləri sorma!
Bax, doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bu gün gülümsər!
Çarıqlı qardaşın, sadədil köylü,
Gəldi məzarına bir örük urdu.
Toplanıb baş-başa hər üçü, dördü,
Hər gün köylü qızlar dərdini dinlər!

Gəncə, 1919, 10 mayıs


OF, BU YOL

Bənim yolum yalançı
Girdablarla dolmuşdur.
Yıxılmamaq bu yolda
Bana haram olmuşdur.
Iman etmək güc olmuş,
Bir doğruya, yalana.
Hər kəs əngəl oluyor
Bir imanda qalana!
Hər gün yeni bir ümid,
Hər gün yeni bir xəbər;
Ancaq dünya əsgidi,
Haqq və doğru nə gəzər?!
Insaniyyət, o bir kitab –
Hər oxuyan yalançı.
Güc, bir həyat meydanıdır –
Hər bir güclü talançı!
Yazıq bir çox məhkumlar
Hər bir sözə inanmış!
Sonra baxmış, qızaran
Şəfəq deyil, qan imiş!
Göy üzünün şimşəyi,
Yıldırımı, yağmuru
Soyutmadı, bu insan
Qanı içən dəmiri!
Ey Allahım yanıltdın
Hər bir doğru addımı,
Yoxsa, yoxsul dünyadan.
Ədalətin qalxdımı?
Ey dinlinin, dinsizin
Inandığı son qüvvət!
Qalmadımı səndə də
Insanlara mərhəmət!
Bən ki bilmək istərdim,
Kimlər ağlar, kim gülər?
Onunçündür etmişdir
Fələk bəni dərbədər!
Ariyorkən təsəlli
Baxdım mavi göylərə!
Bulamadım bir nöqtə,
Çıxamadım bir yerə.
Bən söylədim dərdimi,
Tazə yaşıl yaprağa!
Daha dərdim bitmədən
O sərildi toprağa!
Nə yoxsuldur təbiət,
Ömrü nə az çiçəyin?!.
Yazıq bağban sana ki,
Boşa çıxdı əməyin!..
Bezdim artıq qəhr olsun,
Murdarlaşdı bu əsr!
Yaxşı günlər keçiyor,
Tövbə ölüm gətirir!..


NOVRUZ ŞEIRLƏRI

ÇILLƏ ŞƏRQISI

Qabağı yazdır çillənin,
Ömrü azdır çillənin.
Yer bürünür ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı Qış gedir,
Al bayraqlı Yaz gəlir!
Nağılçılar xoş gedir,
Ozan, aşıq, saz gəlir!
Böyük çillə çıxmamış,
Kiçik çillə gəlməmiş;
Boz Ay çapır atını,
Bilir qışın zatını.
Bənövşə açıb gəlib,
Yatağı torpaq olur;
Çiçəyi yarpaq olur!
Xan çobanın arzusu,
Gəlir qumral quzusu!
Yağış ruzu gətirir,
Novruz gəlib yetirir!
Qüvvət dolur qollara,
Ellər çıxır yollara;
Dürnaları gözləyir!
Bülbül gülü izləyir,
Şaxta, boran sovuşur!
Yer düzəldib qəddini,
Gözəl Yaza qovuşur!


YAZA XITAB

Novruz çıxıb taxtına,
Güllər düşüb baxtına.
Kosa gəlir qabağa,
Nəzər salır tabağa.
Çörəyi yoxdur Kosanın,
Xörəyi yoxdur Kosanın.
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana!
Kosa döyür gözünü,
Itiribdir özünü.
Ocaq üstə sac qalıb,
Bütün qışı ac qalıb;
Torbasını uzadır,
Hamı bilir, qaydadır.
Kosaya pay verirlər,
Kosaya hay verirlər.
Boz Keçi – Saqqal Ağa,
Kosanı çəkir sağa,
Deyir doldur torbanı,
Söndür daha sobanı.
Sonra da gəl güləşək,
Dilimizlə yer eşək.
Kosa baxır keçiyə,
Ürəyinə xof düşür, –
Tez aradan sürüşür.
Keçiyə əl edərək.
Qarı Nənə gələrək,
Deyir Qışı ötürdük!
Gedib Yazı gətirdik!
Yaza çıxdı oğlağım,
Qış gözünə barmağım...
Qarının gəlir sözü
Keçinin çox xoşuna
Dövrə vurub – Novruzun
Dolanırlar başına!


BÖYÜK ÇILLƏ

Onun ömrü qırx gündür,
Payızın davamıdır.
Uzun qış əyyamıdır...
Qar səpir asta-asta,
Gülür tanışa, dosta.
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi.
Yorğan salır şum üstə,
Qarğalar dəstə-dəstə
Uçub yerə qonurlar,
Sanki qohumluğu var.
Qara qarğa gətirib
Dimdiyində ilk qarı.
Yolub yerə tökübdür
Ağacdan yarpaqları.
Ölmüş qurd-quş olubdur
Qarğaların yeməyi.
Qış öyrədib onlara:
“Qar-qar”, “Qar-qar” deməyi.
Qarğa hara, qar hara?
Çox mahaldır, – deyirəm.
Ağ qar üstdə qarğalar
Qara xaldı, – deyirəm!
Ağ libasda düymə tək,
Parıldayır qarğalar!
Qar kəsəndə “qarr” deyə,
Qarıldayır qarğalar.
Sonu çatır çillənin,
Çaylar buz altda axır.
Qar getdimi, görməzsən,
Qarğalar yoxa çıxır.


KIÇIK ÇILLƏ

Böyük tufan başlayır
Böyük qardaş gedən tək.
Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək, –
Vıyıldayır küləklər
Budaqları əyərək.
Miyoldayır pişiklər
Bəzən gecə sübhəcən.
Yeri,göyü bürüyür
Dörd tərəfdən duman-çən.
Ocaqlar bərk qalanır,
Qazanda hədik bişir.
Pəncərələr açılmır,
Qapılar tamam şişir.
Küçə, bayır görünmür,
Aynalar naxış olur.
Heç bilmirsən, haradan,
Otağa soyuq dolur.
Kiçik qardaş zalım olur
Böyük qardaşdan yüz yol.
Başını da qaldırmır
Nə bir ağac, nə bir kol.
Dəliqanlıq eləyir
Iki qat az ömrünü.
Tezcənə başa vurur
Yarıda öz ömrünü!


XIDIR NƏBI

Xıdır Nəbi bölərək
Az ömürlü çilləni,
Çırpır onun üzünə
Tərsinə bir silləni.
Deyir on gün bəsindir,
Qırıb-çatdın aləmi,
Sən qonaqsan, dünyanı
Dağıdarlar beləmi?
Qalan on gün mənimdir
Hər şey dönüb taxtaya.
Hansı canlı tab edər
Bu küləyə, şaxtaya?
Külək əsir, qoy əssin,
Qırılmasın ağaclar.
Qırılmasın meşələr,
Boş qalmasın yamaclar.
Yalquzağa qalmasın
Çöllər, düzlər, çəmənlər.
Evdə dustaq olmasın
Dehqanlar, yer əkənlər.
Qoyun-quzu qorxmadan
Çıxsın çölə, bayıra.
Kim qıyar insanları
Işdən, gücdən ayıra.
Iş, həyat hərəkətdir,
Hərəkət – bərəkətdir.


YEL BABA

Yel baba, dağıt çəni,
Qov dumanı çöllərdən.
Apar qarı, şaxtanı,
Bu soyuğu ellərdən.
Buludları parçala,
Qoy göy üzü görünsün.
Qışı çıxart dağ başına,
Qoy quzeyə sürünsün.
Günəş daim gülsün bizə,
Camalından nur tökülsün!
Dan ulduzu işıq saçsın,
Fəcir aydın, qoy sökülsün!
Gündüz günə boyansın,
Yer altında qarışqalar,
Çöldə quşlar oyansın.
Qoy açılsın bulaqların
Buz bağlamış göz qapağı.
Şırıldasın axan sular;
Qoy ərisin buz da, qar da.
Otlar çıxsın qar altından
Hər mahalda, hər diyarda.
Yer tərləsin, buğlar qalxsın
Topa-topa bulud kimi!
Səhər mehi sığal çəksin
Arzu kimi, umud kimi!
Çöl çağırsın, düz səsləsin
Körpələri qucağına.
Qoca Nənəm kösöv qoysun
Həyətdəki ocağına.
A Yel Baba, a Yel Baba,
Qoy çağlasın su-sel, Baba!


QARININ BORCU

Yaz gəlmişdi, Qış getmişdi,
Gün çıxmışdı, ot bitmişdi.
Qarı Nənə sevinmişdi,
Oğlaqları Yaza çıxmış;
Yaz hələlik təzə gəlmiş,
Qış hələlik təzə çıxmış.
Qarı Nənə qarlı qışın
Qar kürkünü tullamışdı.
Arxasınca, dönməz deyə
Bir söyüş də yollamışdı:
– Yaza çıxdı oğlaqlarım,
Qış gözünə barmaqlarım...
Sən deməynən o qart qışın
Bir hiyləsi varmış hələ;
Bir fəsadı, bir tufanı,
Bir fitnəsi varmış hələ.
Qəlbi təmiz gözəl Yazdan
Tək üçcə gün o borc almış.
Bu üç gündə çovğun salmış,
Görünməmiş tufan salmış, –
Şaxta salmış, boran salmış!
O sevimli oğlaqları
Çöldə tutub öldürmüşdü.
O, qarıya ibrət üçün
Öz zərbini bildirmişdi.
Çox yaxşı ki, Keçi hələ
Çıxmayıbmış o gün çölə.
Qarı nənə ağladıqca,
Deyirmiş ki, heç çəkmə qəm;
Qış üç oğlaq apardısa,
Mən beş oğlaq verəcəyəm!..
Yaz yolunda şəhid olmuş,
Üç çəpişin beş bacısı
Oynayaraq çıxdı çölə.
Qarı Nənə gülə-gülə
Dedi: “Get, get, ey qarlı qış,
Atdım sənin dalınca daş.
Üç oğlağım bil, beş olar,
Bir az keçər on beş olar.
Sən nə etdin söylə, mənə?
Ancaq pislik qaldı sənə.
Yaza çıxar oğlaqlarım,
Qış gözünə barmaqlarım!”


BOZ AY

Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır.
Günəş çıxır, tez də batır
Yazla-qışın arasında.
Hava meyxoş, hava sərin,
Qışla-Yazın arasında.
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır.
Günəş doğur, bəs Günəşin,
O istisi harda qalıb?
O həniri, hərarəti,
Yoxsa ondan qışmı alıb?
Soyuq, şaxta Yerə hopub
Işləmişdir iliyinə.
Şehlər dönüb qrov olub,
Səpələnib Yer üzünə!
Qar da, buz da yağış təkin,
Çisək təkin tez-tez yağır.
Qarı Nənə ətəyini
Bulud kimi tez-tez sıxır.
Qara bulud durulaşır,
Pambıq kimi dümağ olur.
Qara yağış – Ağ yağışa,
Yağa-yağa urcah olur.
Quşlar damı hasarından
Yuvasını sökür daha.
Aüacların kəlləsində
Yeni yuva tikir daha.
Qonur köhnə ovlağına,
Sanki çıxır yaylağına.
Hamı Yaza hazırlaşır,
Sığırçınlar qaqqıldaşır.
Durna köçü səmt götürür.
Karvan çəkib köhnə yurda!
Bülbüllər də tez-tez ötür
O qoruqda, bu qoruqda.
Boz Ay dönüb qızardıqca
Boz bülbüllər sarı olur.
Ilk çiçəyi qoxlayan da
Bal toplayan arı olur!
Boz Ay Qışı sıxışdırır,
Yaza yeni yollar açır!
Qışdan sonra gələn Yaza
Çöllər geniş qollar açır.
Xonça tutub el-obalar,
Sanki Yazı izləyirmiş.
Düzlər boyu xalı sərmiş,
Sanki gəlin gözləyirmiş!

Quba-Qusar, 1920-1921


DÖRDATLI YENICƏ GÜN

Novruz bayramı
Minib dörd atını, çapır dördnala,
Düzlərdən, çöllərdən gəlir Yenicə gün!
Yelqanadlı, odürəkli, suüzlü,
Yolların bağrını dəlir, Yenicə gün!
Öldürür sazağı, qovur soyuğu,
Yaşıl xalı edir bağı, qoruğu.
Boy verib qaldırır nazik çubuğu,
Dağlardan, sellərdən gəlir Yenicə gün!
Torpağa çatınca toxtayır bir az,
Arxada qarlı qış, öndə güllü yaz.
Göyərmiş bənövşə, ləçəyi ətlas,
Qrovu, qarını silir Yenicə gün!
Bu torpaq cövhərdir başdan, binadan,
Nə atadan olub, nə də anadan.
Asılı qalıbdır ulu səmadan.
Ətirli güllərdən gəlir, Yenicə gün!
Qardan, buzdan çıxan nərgizlərə bax,
Rəngindən qan daman o qızlara bax!
Yerə həsrət çəkən yıldızlara bax!
Cocuq gözlərində gülür Yenicə gün!
Istəyi, amalı ox ucundadır!
Gücü Yel gücündə, sel gücündədir!
Yerin xəbər alsan Qız bürcündədir,
Özünü Günə tən bilir Yenicə gün!

Gəncə, 1919


DÖRD ÇƏRŞƏNBƏ


BIRINCI ÇƏRŞƏNBƏ

Açıldı hava,
Qurtardı dava.
Getdi qış,
Gəldi yaz.
Doğdu Günəş,
Bitdi ayaz.
Çölə çıxdı
Qoyun-quzu.
Güldü yenə
Göyün üzü;
Güldü yenə
Yerin üzü.
Düzlər yenə çiçək açdı,
Günəş qovdu, soyuq qaçdı.
Soyuq qarla isti Günəş
Yazda Qışın davasıdır.
Görən deyir:
– Üzə dəyən
Meyxoş meh də
Gözəl Yazın havasıdır!


IKINCI ÇƏRŞƏNBƏ

Bulaqların gözü açıq,
Ormanların üzü açıq;
Durnalardır uçub gələn
Qaqqıldaşa-qaqqıldaşa!
Çaylar axır dəryalara
Şaqqıldaşa, şaqqıldaşa!
Duman qalxır göyə doğru
Meşələrin nəzərindən.
Buzlar düşür parça-parça
Şüşələrin üzərindən.
Puçurlayır yavaş-yavaş
Ağacların budaqları.
Mehdən əsir həzin-həzin
Gül-çiçəyin yarpaqları!
Dərədə sel qıjıldayır,
Şən arılar vızıldayır.
Hər yandan xoş avaz gəlir,
Sular deyir: Yaz.., Yaz gəlir!


ÜÇÜNCÜ ÇƏRŞƏNBƏ

Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi.
Qızıl öküz tərpənir,
Torpaq sanki dillənir:
Çəmənim harda qaldı?
Səmənim harda qaldı?
Getdi qarlı yorğanım,
Getdi çənim, dumanım!
Gəlsin xalı-xalçalar,
Yollar boyu yoncalar.
Qoy bağ olsun, əkin olsun,
Mənim ana qucağım!
Səpin olsun, biçin olsun,
Gülsün hər bir bucağım!..


DÖRDÜNCÜ ÇƏRŞƏNBƏ

Mən oddan yaranmışam,
Oddur südüm, nəfəsim.
Od rənginə boyanmışam,
Oddur gücüm, oddur səsim!
Taxılım da oddur mənim,
Oddur gülüm, çəmənim!
Qaynar sular canımdadır,
Vulkanları qanımdadır!
Ömrüm, günüm odda yaşar,
Meyvələrim oda oxşar.
Odlar mənim hakimimdir,
Mən odların hakimiyəm!
Babam oddur, anam oddur,
Odur ki, mən od kimiyəm!
Odsuz daşa oxşayardım,
Odsuz sonsuz yaşayardım!


MARŞ

Millətimin tarixinə
Şan-şöhrət əkməliyəm!
Bu qarşıda yad qalaya
Bir al bayraq dikməliyəm!
Düşmənlərə göstərdim ki,
Mənim kimi əsgəri yox.
Mənim qılınc vurmadığım
Dünyanın heç bir yeri yox!
Ismarladım nişanlıma –
Mən Turana gediyorum.
Qardaşımı qurtarmağa
Türküstana gediyorum!
Bayrağıma xain baxan
Xain gözə mən tikanam.
Vurulursam kölgəsində
Həlal olsun ona qanım!
Şəhid olsam dost elində
Mənə məzar qazılsın da!
Qazandığım yerin adı
Xaqanıma yazılsın da!
Gəncə – Cavad

“Gənclər yurdu”, 14 avqust, 1918


GƏNCƏYƏ ITHAF

FRAQMENTLƏR

Bərdədən çıxan karvan,
Yürüyür ağır-ağır,
Yeriyir rəvan-rəvan,
Anam, Gəncəyə sarı!
Sonam, Gəncəyə sarı!
Beş il bağlarında gəzdim, əyləndim,
Içdikcə doymadım suyundan, Gəncə!
Sənsən salan bəni bu dadlı dərdə,
Boynumda borcun var, verimmi, Gəncə?!
Yaşıl bağlarının gül xiyabanı,
Cənnətdən də bil ki, yaxşıdır, Gəncə!
Güllərinin rəngi behiştdən dadlıdır, Gəncə!
Ey qayğılar görüb, günlər keçirən,
Haqqında dastanlar yazıla, Gəncə!
Yaşıl bağlarında gül xiyabanı,
Cənnətdən gözəldir, yaxşıdır, Gəncə!
Adına dastanlar yazıla, Gəncə!


“VANKƏ”

Allaha yalvardım: “Ağ daş, qara daş,
Yalqızlıq çətindir, bana bir qardaş!”
Axund Mərhumun ruhu Sibirə,
Gedib bir Məryəmi salıbdır girə.
Nəhayət iş gəlib, çatıb bir yerə,
Qardaşın susamış qanıma, Vankə!
Peşiman oldum çox, bir az sonradan,
Göndərə bilmədim puldan, paradan.
Intiqam almağa qəlbi qaradan,
Yaxşıca calandı canıma, Vankə!
Qarışdırdığımdan hesab-kitabı,
Çoxdandır çəkirdim vicdan əzabı.
Nəhayət çəkməyə haqqı-hesabı
Gəlmişdi bir gecə yanıma Vankə!
Allahın bəlası bir ağır yuxu,
Qoymadı göstərim ona var-yoxu.
Bölünməmiş qaldı şeylərin çoxu,
Bu, yaraşmaz mənim şanıma, Vankə!
Yoxsa da əlimdə tüfəng, tapancam,
Bu iş fənalığa bulurdu əncam.
Çox da ki, mən bu gün çılpağam, acam,
Sən məndən razı qal, yayınma, Vankə!
O qədər nanəcib deyilsən gerçək,
Təmizlədik evi, məscidə köçək.
Bu insanlıq nədir, sən ondan əl çək,
Ömründə mərhəmət tanıma, “Vankə”!


QUQ-QULU-QU!

Quq-qulu-qu! xoruz ötər,
Bizə deyər, uyqu yetər.
Tənbəlləri sevməm əsla!
Haydı, gedin iş başına,
Qalxın artıq, yetər uyqu!
Rəncbər, qıra yollanmalı,
Çapa, sapan qollanmalı,
Əkmək lazım buğda, arpa,
Dünya bəklər səndən qida.
Quq-qulu-qu! Quq-qulu-qu!
Sabah oldu, yetər uyqu!
Zərif cocuq, xoruz dinlə,
Nə xoş ötər, şən ötər,
Başla deyir dərslərinə
Tənbəl olma, uyqu yetər.
Quq-qulu-qu!
Gün uyqusu, fəna uyqu!

“Məktəb” 1912, 21 sentyabr


MILLI MARŞ

(Azərbaycan Xalq Cümhuriyyətinin himni)

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın
Şanlı Vətəni!
Səndən ötrü can verməyə,
Cümlə hazırız!
Səndən ötrü qan tökməyə
Cümlə qadiriz!
Üçrəngli bayrağınla
Məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu.
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan!
Sənə hər an can qurban!
Sənə bir çox məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən,
Azərbaycan, Azərbaycan!


DAĞLAR

Dağıstan xatirəsi

Dərdli sinəndəki əski cığırlar
Insan izlərinə bənzər, a dağlar!
Bu ağır başlıca baxışın mənə
Qanlı əfsanələr söylər, a dağlar!
Oxunmaz olmuşdur daşlarda yazı,
Lal olub qalmışdır aşiqin sazı...
Gedərdi dərdimin bəlkə bir azı
Söylətsəydi səni bir ər, a dağlar!
Sinəndə hesabsız dastan düzülmüş,
Çox ahlar çəkilmiş, gözlər süzülmüş.
Yollarda bir aşiq yaman üzülmüş,
Dərdinə bir dərman istər, a dağlar!
Bir aşiq deyir ki: “Bilməm nədənsə,
Aşarkən karvanlar bir dağı kəsə;
Oxuyurdu qızlar verib səs-səsə,
Uzaqmı sürəcək səfər, a dağlar?!”
Eşitdim əskidən, bilmədim nerdə?
Çöldə bir karvanın qonduğu yerdə
Tutularaq bir qız bir adsız dərdə
Ağlarmış hər axşam, səhər, a dağlar!
Nerdən biləyim ki, çıxarkən yola,
Dedinmi onlara “Uğurlar ola!”
Sən söylə o coşqun türkə, moğola,
Artıq qara günlər yetər, a dağlar!
Mən dinləyim böylə, gəl nişan ver sən,
Altun ordulardan, igid ərlərdən.
Karvanlar qonuğu kölgəliklərdən
Kimlər gəlmiş, keçmiş kimlər, a dağlar?!
Hər keçən millətdən qalmış bir ulus,
Sonra vuruşmalar, qovğalar sonsuz.
Sən istərsən söylə, istər isən sus,
Bilirsən onları əzbər, a dağlar!
Keçərkən igidlər Kürdən, Arasdan,
Çıxardı sinəndə qılınclar pasdan;
Indi mən anlamam duyduğum yasdan
Çoxmudur onlardan əsər, a dağlar!?
Gördün çarpışırkən soylar, oymaqlar,
Oynardı göylərdə qanlı mizraqlar.
Sahibi qovğada ölmüş qısraqlar
Gördünmü nə yanıq kişnər, a dağlar?!
Qulaq verən bilir əski dastana,
Igidlər saldırıb hərə bir yana;
Boyandıqca hər il qarların qana
Nə canlar getmişdir hədər, a dağlar!
Keçiyorkən coşqun Elxan ordusu,
Duydumu ürəyin ölüm qorxusu?
Əyilməmiş başın, sözün doürusu,
Əyilən yaşamaz, ölər, a dağlar!
Altun mədənimi bu yoxsul ölkə?
Nəyin saldırmışdır ərəbi türkə?
Yerli igidlərin səsidir bəlkə?
Qalmışdır qoynunda gurlar, a dağlar!
Keçənlər sayğısız Samur çayını,
Igidlər əlindən aldı payını.
Ölənin, qalanın bilməm sayını,
Bəlkə sən verirsən xəbər, a dağlar!
“Qaf” deyə anarmış səni hər bəndə,
Sınarmış gücünü igidlər səndə;
Yetişmiş olsaydım o gün Dərbəndə
Bilərdim kimdədir hünər, a dağlar!
Pozulmuş qalalar, tökülmüş qanlar,
Yalçın qayalardan düşmüş insanlar;
Məzar daşlarında əski dastanlar,
Sən varkən şahidi neylər, a dağlar?!
Sabutay adında bir komandanı,
Göndərmişdi Qərbə göylər Xaqanı.
Igid əllərdəki moğol fərmanı,
Gördünmü nə qollar bükər, a dağlar!
Iranın arslanı, Türkün hilalı,
Ürkütdu göyündə uçan qartalı.
Qanlı qarlar sənə düşmən çıxalı,
Görmədim üzünü gülər, a dağlar!
Bir gün gəldi, oldu imanın kamil,
Ki, qurtarır səni qəhrəman Şamil!
Fələk dedikləri sən deyən deyil,
Namərdlər dost yolu kəsər, a dağlar!
O zamandan sənin dərdlidir başın,
Ağlar görünürdü torpağın, daşın;
O dərdli günlərdə yoxdu yoldaşın,
Yalqızlıq ən böyük kədər, a dağlar!
Bu yaxın günlərdə qopdu bir tufan,
Devrildi ahınla qurulmuş divan!
Ən dar günündə də kim idi qoşan,
Kim idi sinəsi sipər, a dağlar?!
Gördüm qoynunda var yalqız məzarlar,
Nədir bu qəriblik, onlarda ki var?
Qərib türk üçünmü daşların ağlar,
Durmaz, göz yaşını tökər, a dağlar!
Titrək əllərilə ixtiyar ləzgi,
Bir misal söylədi, dedim: pək əski;
Yenisi başlandı, fəqət bitməz ki,
Nədir bu bitməyən cövhər, a dağlar?!
Nədir o qaynayan qəm baxışında,
Köylü qızlarının çatıq qaşında?
Bu darğınlıq nədir bu gənc yaşında?
Aç dərdli qəlbini, göstər, a dağlar!

1920, 1 aprel,

“Qurtuluş” jurnalı


AZƏRBAYCAN, AZƏRBAYCAN

Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
Səhraların sünbüllüdür,
Il müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!
Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!
Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan! Azərbaycan!
Ilxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azərbaycan!
Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!
Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!
Ipək, pambıq, yunun çoxdur!
Arpa, buğda, dügün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!
Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!
Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!

Gəncə, 1919




GƏNCƏM, HEY...

Bura Şahsevəndi, bura Bağmandı,
Bura Sərdar bağı, bura Ozandı!
Görənlər, bilənlər sana heyrandı!
Bəzənsin çöllərin, Gəncəm, Gəncəm, hey!..
Nizami gələrmi bir də cahana?!
Sənə oğul oldu, sən ona ana!
Neçə cahangirə, neçə arslana
Toy tutdu əllərin, Gəncəm, Gəncəm, hey!..
Sən Dədə Yedyarın yadigarısan!
Sınıq könüllərin payidarısan!
Yağının qənimi, dostun yarısan!
Söylənir fellərin, Gəncəm, Gəncəm, hey!..
Ziyadxan evləri cərgə-cərgədi,
Hər çinar qoynunda bir sərkərdədi!
Sazında, sözündə pərdə-pərdədi
Qovğalı illərin, Gəncəm, Gəncəm, hey!..
Üstünə gələnlər gəlməz özünə!
Bir başına döyər, bir də dizinə!
Ox kimi süzərək – xain gözünə
Sancılar millərin, Gəncəm, Gəncəm, hey!..
Mən nəyə söykənim, nəyə inanım!
Bir sana, tək sana gəlir gümanım!
Bu Cavad qalası dinim, imanım –
Açılsın güllərin, Gəncəm, Gəncəm, hey!..
Başının üstündə Ulduz-Ayın var!
Hər günü bir tarix ilin, ayın var!
O tay-bu tay axan Gəncə çayın var!
Car olub sellərin, Gəncəm, Gəncəm, hey!..
Keşiş ağlar qoydu Zəhra ananı!
Soldurdu, saraltdı o Natəvanı!
Əslin köçüb getdi, Kərəmin hanı?
Danışsın dillərin, Gəncəm, Gəncəm, hey!..
Düşmənim, inşallah, hər vaxt xar olar!
Gen dünya başına daim dar olar!
Necə ki sən varsan, Vətən var olar!
Var olsun ellərin, Gəncəm, Gəncəm, hey!..

Gəncə, 1918


VOLQA ACLARINA

Gəlir Şimaldan bir aclıq səsi,
O bəxtsiz fəryadın yoxmu kimsəsi?
Idil boylarında yeni bir Tiran,
Minlərlə insana ağladıyor qan.
Bu qış həyatından qabarlı əllər,
Səadət yerinə əsiyor yellər...
Deyirlər çıxmayır kimsənin səsi.
Nə zəbanəsi, nə xoş nəğməsi...
Insan yox, meydanda yaşayan kölgə,
Yürüyən ölüylə dolmuşdur ölkə.
Beşiklər nəşəsiz, qucaqlar boşdur,
Biçarə annələr candan olmuşdur.
Nə döşdə süd qalmış, nə qolda qüvvət,
Oxunur hər yerdə aclığa lənət!
Haqq üçün illərcə çar nişanları,
Canan yolundakı canfəşanları
Qəhr pəncəsində eyləmiş zəbun,
Qırılmış qanadı, qolu yoxsulun!
Biçarə annələr, biçarə qızlar...
Bu müdhiş qayğıya ürəklər sızlar.
Insanlıq budurmu haqq üçün söylə,
O yanda Avropa dolmuş mey ilə?!
O yanda möhtəşəm krallar, şahlar!
Bu yanda göylərə dayanmış ahlar!
Bizim boynumuzda bir ağır pəncə,
Yaxır ruhumuzu dəhşət, işgəncə!
Bir yanda hakimdə böyük bir bolluq,
Bizim nəsibimiz aclıq, yoxsulluq!
Onlarda süzgündür sürməli gözlər,
Bizim ağzımızda qurumuş sözlər!
Hər yerdə küdurət, fəryad hər yerdə,
Qapansın istəməm, bu müdhiş pərdə...


MASABƏYININ NITQI
ZARAFATYANA

Şadlıq məclisləri tamam xeyirdi,
Hikmətdir, arzudur, sözdür, şeirdir.
Məclis dilə gəlib sanki deyirdi,
Məclisə – gülməyə qaçasan gərək!
Gülən göz görürsən hara baxırsan,
Çay kimi o səmtə sən də axırsan.
Özgə fərəhinə şərik çıxırsan,
Sevincə qoşulub uçasan gərək!
Şadlanmaq, oynamaq ustalıq istər!
Hünərin varsa da, utanma, göstər!
Sevinməyə bilməz istəyən kəslər,
Günəştək al şəfəq saçasan gərək!
Bir xeyri yoxdursa, yemək nə lazım?
Həmişə “ye” demək – xörək nə lazım?
Xörək xörəkdirsə, demək nə lazım?
Uzaqdan görəndə acasan gərək!
Qəmdə də gəl qəmə dikmə gözünü,
Yaxına buraxma, saxla özünü!
Nəinki sevinci, sevinc sözünü
Bağrına basasan, qucasan gərək!
Göz yolda qalmadı, qulaq da səsdə,
Yığılıb başına dost dəstə-dəstə!
Hamı sənə baxır, məclis arəstə,
Qaydadır, məclisi açasan gərək!


VƏTƏNDAŞ

Fəlakət qayğısı çəkər başına,
Kim ki yardım etməz öz qardaşına.
Qonşuda göz yaşı və aclıq dərdi,
Yardıma borcludur hər insan fərdi.
Sən bəkləmə hər şey fələkdən olsun!
Çox olsun, az olsun, ürəkdən olsun!
Sənin də qəlbində bir alov yansın,
Sənin də borcun var, sən də insansan.
Çünki Volqa boyu nə var sənindir!
O ac qalan, o insanlar sənindir!
Düzülmüş yollara aclar karvanı,
Karvanla bərabər ağlar, sənindir!
Yaxın gəl, yaxınsan, uzaqdan baxma,
O göz yaşları ki axar, sənindir!
Vətəndaş, şərik ol onun dərdinə,
O göz ki yollara baxar, sənindir!

Qusar, 1920, 1 avqust


AĞLAYIRDIM, GÜLÜRƏM!

Arkadaşlar, dörd yanıma baxdıqca,
Ağlayırdım, ağlayırdı irmaqlar!
Yurd oülunun göz yaşları axdıqca,
Ağlayırdım, ağlayırdı topraqlar!
Bir əl mənim boğazımı sıxırdı,
Yol verməzdi deyəm-güləm, danışam.
Gözüm yaşı sular kimi axırdı,
Yurd oğluyla qoymaz idi tanışam.
Qoca yigit ulusumun orucun,
Göz önündə sasıq*
əllər kəsdikcə;
Axırdı mənim də üzə göz yaşım,
Ağlayırdım, düşgünləri gördükcə!
Ağlamaqda çox az idi yoldaşım,
Oyatsızlar**
bizə dəli deyərdi.
Qaçar idi məndən bütün tanışım,
Çıldır-çıldır baxıb mənə gülərdi!
Şimdi isə dəyişildi həp işlər,
Onda baxıb bizə dəli deyənlər
Görürlər ki, başqalaşmış gedişlər.
Mən gülürəm, gülür bizə gülənlər!
Ay yurd oğlu, ağlayanlar keçəndə
Istər idi bu gün səni güldürsün!
Sarı yüzlü dayduları***
gör sən də,
Qoyma bir də işığını söndürsün!
Əsirgədi bu gün səni yaradan,
Öz yurdunu verdi sənin əlinə!
Dayduları çıxartmısan aradan,
Saqın, bir də sataşmasın gözünə!
Göstərməsən bundan sonra sən ərlik,
Beş gün çəkməz yurdun-yuvan dağılar!
Qardaş kimi eyləməsən həp birlik,
Yenə girər torpağına yağılar!

“Azərbaycan”, 6 aprel, 1920, ¹68

__________
*Sasıq – murdar, çirkin
**Oyat – insan
***Daydu – hiyləgər, şarlatan


AZƏRBAYCANA

Coşmuşdu yürəgim, şişmişdi başım,
Zülmkar olmusan, axıdıb yaşım!
Ey gözəl Vətənim, ey dağım-daşım,
Bir sazım olsaydı söylərdim sana!
Nə gücdür ayrılıq, doymamış yardan,
Artırdı dərdimi hər keçən karvan!
Duysaydım səsini bir yanıq tardan,
Bilməzsən nə söylər, neylərdim sana!
Boğar dəryasından bir qoşun səsi,
Söylər ki, könlünün yoxmu gecəsi?
Sənsiz ki, ilhamın gəlməz nəfəsi,
Gəlsəydi, şairlik eylərdim sana!
Kəsmişdi yolumu keçilməz dağlar,
Bənimlə bərabər ormanlar ağlar!
Ey göz işlədikcə görünən bağlar,
Əhd ilə bir salam göndərdim sana!

Gəncə, 1920


DILBOYU ACLARI

Kimlərdir şu keçən səfil qafilə?
Ovurdlar çökmüş, gözlər batmış yas ilə.
Şu gənc qadın bir ay əvvəl gözəldi,
Əli tumbul, pənbə, zərif bir əldi.
Şimdisə quru gəmik, bir dəri,
Oxunur içində ölüm əsəri.
Əlindən tutduğu baxtsız yavrucuq,
Qarın şişkən, bacaq, qol, üz qavruq.
Bir qazalaq şimdi ötədə pürnur,
Qoşar alır, yalar, yalar, ovulur.
Bir qaç saat qaldı ancaq mərkəzə,
Orada baxarlar əlbəttə bizə.
Biz tam üç il bütün artan məhsulu
Verdik, qoruduq əsgəri, həm yoxsulu.
Bizim milyonlarla yoldaşımız var,
Onlar bizi məhəbbətlə qucaqlar.
Nə yapalım, yağmadı qətrə yağmur,
Dedi fəqət gətirdiyin heç fütur.
Bu cəbhənin də şəhidləri həm olur,
Bu uğurda ölənləri ad bulur...
Faciəyi görən gözüm yaşardı,
Volqa hissiz, mərhəmətsiz axardı.
Qəlbə tazə qüvvət ilə qafilə,
– Başında o mühib, vüqur əmələ.
Təvəkkül təkrar düzəldi yola,
Yardım gərək ta səfalət son bula.


222KÖLGƏM ILƏ MƏN

Bir gün bezdim, mən kölgəmə dedim ki:
– Bəsdir daha, əl götür bir yaxamdan!
Gecə-gündüz işin-peşən yoxmudur?
Çəkilməzsən bir dəqiqə arxamdan.
Uf demərəm aylar-illər uzunu1
,
Mən görməsəm o mübarək üzünü!
Kölgəm dedi: – Ey vəfasız, səninlə
Bir saatda gəlmədikmi dünyaya?
Dadsız ömrü nə eylərdim? Əzəldən,
Mən səninçün düşmədimmi qovğaya?!
Eh, bilsən də, bilməsən də, eyniyik –
Mənə qalsa biz ayrılan deyilik.

1921, 2 dekabr

UŞAQLARIN ƏYLƏNMƏSI ÜÇÜN

Toyuqlarım xoruzsuz,
Dərdinə qalmaq gərək.
Bir kilo buğda verib
Bir xoruz almaq gərək.
Qışda soyuq güc eylər,
Qutuya salmaq gərək. _
Sabah desin quqqulu qu,
Qalmasın səndə yuxu.

1922


YENI TÜRK ƏLIFBAÇILARA

Mən bir aşiqəm ki, bu çaldığım saz
Dumanlı dağlara səs salacaqdır.
Anlatdığım dildə inləyən avaz
Elin xatirində çox qalacaqdır!
Doğrayacaq səsim dağda dumanı,
Dinləyəcək məni dağın çobanı!
O mənim sorduğum “sevdiyim hanı?”
Təbiət dəyişib, yaz olacaqdır!
Qorxutmayır məni bu yanmayanlar,
Israfil surundan oyanmayanlar!
Göstərdiyim yola inanmayanlar
Yenilik yolunda ad alacaqdır!
Mən şahid tuturam ayı, yıldızı,
Ayılacaq yurdun oğulu, qızı;
O yankı ellərin özbək, qırğızı,
Bu yeni dərgaha yol bulacaqdır!


TARIXI-MÜQƏDDƏS

Yıldızlı şıq qabı,
Parçalanmış kitabı, –
Ay altında dun gecə
Dəli bir dərviş kibi,
Mumu sönmüş, rehləsi yerə devrilmiş kibi,
Oxudum saatlarca.
Yıldızlı şıq qabın
Parçalanmış qoynunda o yuxlayan kitabın
Çevirdikcə kif qoxan hər sarı torpağını
Sanki eşiyorum bir məzar toprağını.
Incə əl yazıları canlandı bir-bir,
Masallarda cızılan yüzləri göstərdilər.
Iblis bir yılan oldu. Adəm Həvvayə qaldı;
Qardaşını öldürən lənətli ruhi gördüm.
Qoca taxta bir gəmi ümmanlarda qalqaxdı.
Üfüqlərdə gövərçin bəkləyən Nuhi gördüm;
Ismayılın topuğu qumdan çıxardı zəmzəm,
Nuri – Sinada Musa qaldırdı qollarını.
Əsasını vurunca yarıldı bəhri Qülzəm,
Buldu Bəni – Israil Qüdsün yollarını!
Zəkəriya zikrini
Bir sonsuz ahə verdi.
Doğru həpsi... bikrini
Məryəm Allaha verdi.
Qüreyi Məhəmmədə qucaq açdı Mədinə,
Bir atəş-məzar oldu Kərbəla Hüseyinə.
Səhifələr döndükcə bunlar həp birər-birər
Doğrulub duruldu.
Ay batdı, günəş doğdu,
Qəlbimdə atəş doğdu:
Yıldızlı şıq qabı,
Parçalanmış kitabı.
Varsın kümülsün deyə bir əbədi uyquya
Atdım kor bir quyuya.
Yazıq... yazıq bizə ki, əsrlərcə aldandıq!
Qaranlıqda cızılan izləri görmək üçün,
Görüb yüz sürtmək üçün.
Yazıq!.. Yazıq bizə ki, bir çıraq kibi yandıq!
Nə göydən çıraq gəldi, nə bir parça mərhəmət.
Çalışan əsirlərə Musa, Isa, Məhəmməd
Sadə bir sətir ilə bir vnotsubuxor verdi,
Masal*
cənnətlərinin yollarını göstərdi.
Nə baş vaxtın əzanı, nə Anjelis çanları
Zəncirdən qurtarmadı yoxsul çalışanları.
Niyə biz kölələriz... Əfəndilərimiz var!
Niyə hər məlundan yusunlanmış bir divar,
“Əsir”, “Əfəndi” deyə qoymuş da adlarını;
Iki baxma ayırmış ərzin evladlarını.
Əfəndi işlətiyor, əsir işləyir yenə;
Yenə əfəndilərin gümüşlü süfrəsindən
Qar kibi əkməyindən, şərab dolu tasından;
Qırıntı, artıq belə düşməyir işləyənə!
Yenə biz əsir keçən hər günün axşamında
Evə sadə bir loğma əkmək gətiriyoruz.
Gecə yağmur inlərkən evimizin damında;
Isına bilmək üçün, günəş bəkləyir kimi,
Bir-birinə soxulan xasta köpəklər kibi
Yırtıq yorğanımızın altında titrəyiriz.

__________
*Nağıl

Cüftümüz, sapanımız sonsuz çalışmamızla,
Əsrlərlə köksündə inləyən qazmamızla.
Həyəcana gəldi qara toprağın qəlbi,
Kəndini təslim edən tazə bir qadın kibi!
Dürlü-dürlü eyşlərlə doldu iştə hər ağac,
Fəqət ondan bir koku belə gəlməyir bizə.
Biz dilənçilər kibi gümülüb iczimizə;
Kəndi ağacımızın dibində ölürkən ac,
Əfəndilər göstərib sırıtan dişlərini
Birər-birər toplayır bütün yemişlərini.
Əfəndilər, ağalar, evliyalar, keşişlər!
Əbədi qaranlığın bu sönük qollarında.
Artıq təmiz ruhların aydınlıq yollarında,
Sadə bir din, bir qanun, bir həqq, işləyən dişlər!


OLSUN QOY

Həyata gəldiyim andan bəlaya çarpıldım,
Alışdı qəmlərə könlüm, o yarım olsun qoy!
Sənin ki, eşqinə ruhum pərəstiş eylərdi,
Fəqət dedin dəli ruhun şikarım olsun qoy!
Vəfalısan dedim, eşqin könlümdə bərkitdim,
Könül, yürək nə var aldın da, məhv olub bitdim.
Səninçün hər şeyi, həp kainatı tərk etdim,
Bu göz yaşında fəqət ixtiyarım olsun qoy!
Yalançı bir görnüş ay, günəş, bu yıldızlar,
Yalançı həp bu baxışlar, bu nazənin gözlər.
Yalan şu eşq, şu sevda, şu atəşin sözlər,
Bu sonda bari həqiqət şüarım olsun qoy!
Neçün bu cür mənə, Tanrım, bəlalı gün verdin,
Şu nazlı afətə vurğun cahana göndərdin?
Bu bahar eşqimi, yavrum, xəzanə döndərdin,
Bu dərdli günlərim, artıq baharım olsun qoy!
Nigari-xilqətə sordum: nədir bu mənalar?
Bu eşq, nalə, bu hicran, bu dadlı xülyalar?
Nədir həyata gülən bu dərin müəmmalar?
Götür bu pərdeyi bir aşikarım olsun qoy!
Dedi həyat özü ayrılıq, kədər, bir qəm,
Nə çarpıyorsa, həpsi bir yığın matəm.
Bu göz yaşında boğulmaqsa taleyi-aləm,
Mənim də göz yaşım hicran məzarım olsun qoy!
Bəşər həyata tapınmış, o bir yığın topraq,
Vücudi, varlığı yüz min bəlaya oynaq!
Bu gün varsa da, yarın kim bilir nələr olacaq?
Fəqət bu bir neçə söz yadigarım olsun qoy!


SƏNƏT QƏHRƏMANLARINA

Demişlərdi mənə: “Sən də bir şey yaz
Bu fənn ordusunun nəfərlərinə.
Öz yaşından böyük iş görənlərin
Bir afərin söylə hünərlərinə”.
Məncə hər yazıdan daha parlaqdır
Kiçik dəmirçinin alnındakı tər.
Ey kiçik dəmirçi, duyduğun haqdır,
Çalış yurdun üçün özünü göstər.
Zamanı gəlmişdir, sıran yetişmiş,
Çalış qulluq elə bəşəriyyətə!
Göstərdiyin hünər, yaratdığın iş
Haqdan qüvvət alır, haqdan əlbəttə.

1924



GÖY GÖL

Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göy göl!
Yaşıl kərdənbəndi gözəl boynunda,
Əks etmiş dağların camalı Göy göl!
Yayılmış şöhrətin Şərqə, Şimala,
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala,
Bir cavab almamış soralı Göy göl!
Bulunmaz dünyada bənzərin bəlkə,
Zavvarın olmuşdur bir böyük ölkə.
Olaydı gönlümdə bir yaşıl kölgə,
Düşəydi sinənə yaralı, Göy göl!
Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır yıldıza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!
Kəsin eyşi-nüşi, gələnlər susun,
Dumandan yorğanı, döşəyi – yosun.
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göy göl!
Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdır, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı, Göy göl?!
Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar.
Öpər yanağından qurbanlar otlar,
Ayrılıq könlünün qıralı, Göy göl!
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?..
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl!

Göy göl, 1925

* * *

Ey Göy gölüm,
Ey göy gülüm!
Qoy göyərib,
Qoy mən ölüm!
Assınlar məni!
Kəssinlər məni!
Qoy türmələrə
Bassınlar məni!
Neynirəm könlü?
Neynirəm dili?
Səndən yazmasam
Neynirəm əli?!
Nəsən, kimsən sən?
Nisgilimsən sən!
Qoy açıq deyim,
Sevgilimsən sən!
Borana düşdüm,
Yüz qana düşdüm!
Adını çəkdim,
Zindana düşdüm!
Könlüm tel olsun!
Yaşım sel olsun!
Bu dar qəfəs də
Qoy Göy göl olsun!..

Bakı, 1925


FÜZULI

Üfüqlərdə günəş söndü bir axşam çağı,
Çox uğursuz bir qaranlıq çökdü dünyaya;
Görüncə ki, sönməkdədir sənət ocağı,
O yalvardı, həm sığındı “təbi-vala”ya;
Öz kimsəsiz torpağına baxdı Füzuli,
Bir sönməyən şimşək oldu, çaxdı Füzuli!
Çulğamışkən qonşuları şənlik, əyləncə,
Susmuş idi doğma yurdun söhbəti, sazı...
Ağ saqqallı hər qocaya, sevdalı gəncə
Öyrədənlər çoxalmış “razi-niyaz”ı;
El dərdinin dərmanını buldu Füzuli,
Onunçündür böyük şair oldu Füzuli!
Çəkmək üçün o boşluğa yeni bir pərdə,
Iş qalmışdı bir sevimli, parlaq ulduza.
Elmi ürfan qazanmağa getdiyi yerdə
Əsir oldu, aşiq oldu bir qumral qıza!
Ilhamını o qumraldan aldı Füzuli,
Susmuş elə bir yeni səs saldı Füzuli!
Kömək etdi o coşquna bir gözəl pəri,
Ovutmağa dərdlərini qəm ölkəsində;
Gözəlliyə tapındığı o gündən bəri
Bir başqalıq duyulmaqda onun səsində;
Çox doğrudur, sevdiyindən yandı Füzuli!
Sevdiyindən dərdi də xoş sandı Füzuli!
Dörd yüz ildir tutulmuşdur bir adsız dərdə,
Ummaqdadır yalnız ondan dərdinə çara!
Dörd yüz ildir həmvətənim olan yerlərdə,
Hər bir sevən qəzəl yazar sevgili yara!
Cam içilən əyaqçaya döndü Füzuli!
Şairlərə bir içim mey sundu Füzuli!

1925


IŞÇI

Dəmirdən qolların, daşdan duruşun,
Boğulmuş rənginlə, çəkic uruşun;
Boğunuq səsində canlanan vüqar,
Vüqarla gəziyor diyarbədiyar.
On beş il oldu, görənlər bilir,
Köhnə dünya bir gün yalanlar qusdu.
Milyonlarca xalqın susdu vicdanı,
Əyrilər hayqırdı, doğrular susdu!
Ucaldı cəlladın əmrü-fərmanı,
Kəsilən başların töküldü qanı.
Dəyişdi hər şeyin əski mənası,
Qasırğalar çökdü, yıldırım çaxdı!
Çoxaldı dünyanın matəmi, yası,
Tanrılar dünyaya yenidən baxdı!
Döndü dumanlara yüksələn ahlar,
Eşqin matəmini dutdu günahkar!
Çoxdan çiçək görüb gülməyən çöllər,
Buzlu, qarlı çöllər bitirdi lalə!
Uğursuz bir qüvvət çöküb hər yerə,
Əlində bir suslu, qanlı piyalə!
Dərman zənn eyləyib düşdüyü dərdə,
Sevənlər də içdi, sevməyənlər də!
Varlının gəliri, xalqın ziyanı,
Birləşib ikisi – bir oldu adı!
Milyon insanların qusduğu qanı,
Beş-altı sərsəri içib doymadı!
Yıldırımlı bir səs, bir sıcaq nəfəs,
Söylədi dünyaya: “Daha bəsdir, bəs!..”
Bəşər dərdlərinin dərmanı birdir,
Doğru bir yol ancaq gələcəkdədir!..
“Maarif və mədəniyyət”,


GƏLMIŞƏM PAMBIQLAR DIYARINDAN...

Gəlişim yaxındadır,
Pambıqlar diyarından;
Ağ donlu tarlalardan,
Salamlar gətirmişəm!
Ölkəmizdə su basan
Bir qarış yer qalmamış.
Bu il daha həvəslə,
Əkmişəm, bitirmişəm!
Mən bu günün Rüstəmi,
Yoxsulluq bir əjdaha.
Yıxaraq əjdahanı,
Çıxdım polad nərlərimlə!
Qoy görsün bütün dünya,
Qoy görsünlər bir daha!
Qoy mənə dost deyənlər,
Sevinsin hünərimlə!
Mən tarlada ər kimi
Çalışarkən, vuruşarkən;
Dostlarım çoxalırsa,
Düşmənim də var hələ.
Pambığımın hər şaxı
Düşmən gözünə tikan.
Sərhəddin xaricində
Bu dağlardan o yana
Göz dikənlər də vardır
Tarlamın ipəginə.
Onların həddi varsa,
Bir baxsınlar bu yana;
Əlimdəki dırmığı
Taxaram bəbəyinə!
Arxam sənə dayanmış
Yaxşı, yaman günümdə.
Alıyorlar mədənində
Çalışan işçi yoldaş.
Kimdən qorxum var mənim?
Sən var ikən ölkəmdə!
Ay mənə pul göstərən,
Bilikli fəhlə qardaş!
Mən bir xəbər deyirəm,
Yandı bir az ürəyim.
Dost ağzından eşitdim
Deyirlər “kəsirin var”...


HƏCV

Özləri məhrumkən feyzi-ədəbdən,
Günahı bizlərdə görənlərə bax!
Parlayıb bir zaman, düşdülər dəbdən,
Bazara yeni mal verənlərə bax!
Hələ biri vardır, “kişidir, kişi”,
Bərəldib gözünü, ağardıb dişi.
Yaxşıca tapılıb peşəsi, işi –
Bizim arxamızca hürənlərə bax!
Deyir yazdığınız, bu “nə həyatdır?”
Çömçəyə əl tutan, qoldur, qanaddır.
Dediyi kiflənmiş, fikri boyatdır,
Özünü irəli sürənlərə bax!
Dün biri haykırdı, çaldığım sazdır,
Xəzanım bulunmaz, günlərim yazdır.
Baxdım rəngi solğun, ruhu da azdır,
Dost-yad arasına girənlərə bax!
Deyir uçurursan “bizim dövləti”,
Bu böyük binanı, bu səltənəti.
Dolayıb əlinə bütün milləti
Xalqına yun corab hörənlərə bax!
Deyir talayıbsız bizim elləri,
Bomboş qoymusunuz böyük çölləri.
Metrdən uzundur – uzun dilləri,
Bağ, bostan becərib dərənlərə bax!
Arpasın bölənməz iki ulağın,
Qapı dalındadır uzun qulağı.
Daldada gizlənib, danos yazmağı,
Üzdə sinəsinə vuranlara bax!
Sağdan da, soldan da yüksəlir səslər,
Doğma qardaşına nifrinlər bəslər.
Cavidi, Cavadı sevməyən kəslər, –
Onların yerində duranlara bax!
Yazıb-pozduğunuz nədir sözünüz!
Bu bizim üzümüz, sizin üzünüz!
Gəlib nə yapdınız, deyin özünüz?
Sənət keşiyində duranlara bax!
Biz aydan arıyıq, sudan duruyuq!
Günəşin zərrəsi, haqqın nuruyuq!
Ona-buna baxıb, bulayıb quyruq,
Bizdən haqqı-hesab soranlara Bax!
Sənət keşiyində duranlara Bax!!.

Bakı, 1929


MƏSCIDDƏ MEYXANA

Eşitdim, tapıbsan bir gözəl peşə,
Təbrik eyləyirəm səni, can qardaş!
Deyirlər, giribsən bir yağlı işə,
Qoyubsan papağı indi yan, qardaş!
Qardaşım Əhmədxan, Əlxan ibni xan!
Eşitdim: Gəncədə açıbsan dükan.
Hayıf zəhmətinə, yoxdurmu zəkan:
Çaxır satarmı heç böylə xan, qardaş?!
Çaxır paylamaqda dəliyə, dincə,
Onun xanı baxmaz zəhmətə, məncə.
Gör nə hala gəlib bəxtəvər Gəncə,
Görünür hər yerdə hey piyan, qardaş!
Kifayət etməyir məsciddə klub,
Ağzından-içinə meyxana dolub.
Bax, bu günkü gündə biz bidin olub,
Içməkdə çıxartdıq “şərəf-şan”, qardaş!
... Heyif ki, saqqala dən düşən vaxtda
Fələk gec çıxartdı səni bu taxta.
Indi çoxalmışdır sərin otaqda
Ömrünə dualar oxuyan, qardaş!
Göndər dostlarına, bir az da su qat!
Çarəsi qolaydır: azaldı sovqat.
Hilal Mamedovla Əliyev Fərhad,
Görmədilər bunda bir ziyan, qardaş!
Xislətin demokrat, özün xanzadə,
Demokratı keçdin həddən ziyadə.
Mənim sözlərimi saldıqca yada,
Bir az ehtiyatla gəl dolan, qardaş!

Qoytul, 1926 iyul


ŞAIRƏ SATAŞDINSA

Eşitdim, dəyibdir külüngün daşa,
Balçılı qatırı çullayan qardaş!
Yedirib pulları yara-yoldaşa,
Bizə töhmət yazıb yollayan qardaş!
Dedim: fəlsəfəyə gəl vermə ürək,
Qalmayacaq bir gün damında dirək.
Indi axşam-sabah əlində kürək
At-eşşəyə zibil tullayan qardaş!
Korruq çəkdinmi ki, puldan-paradan,
Səs verdin axırda karvansaradan.
Yığdığını verib bir az sonradan,
Hücrədə burnunu sallayan qardaş!
Nə oldu əvvəlki o zərbü-şəstə?!
Başında saxlardı səni hər rəstə.
Gör axırda harda oturdun bəstə,
Kimlərdir gününü gülləyən, qardaş?!
Əvvəldən olmuşdun anbar müdiri,
Eylədin tərəqqi, sən kiri, kiri.
Təəccüb eylərəm: qalıbsan diri,
Sefullaya camış nallayan qardaş!
Axşam gec gəl evə, obaşdan da get,
Nə deyir bu işə şaqalad Məmməd?!
Get Zülfüqara bir ərzi-niyaz et,
Odur səni əvvəl ballayan, qardaş!..
Dəzgahın üstündə qucub dizini,
Bax, Iskəndərbəyə satır bezini.
Tapmışdır o kişi həqqin izini,
Çöllünün kökünü kollayan qardaş!
Sataşdın şairə, yıxıldı damın,
Bəyənmədin bizi, qırıldı camın.
Tuf olsun zatına belə adamın.
Ki, olmuş gönünü zollayan qardaş!


GƏNCƏLI DOSTLARIMA

Aradı canımız qürbətdə yarı,
Könül arzulayır doğma diyarı.
Bu yay gəldim bizim dağlara sarı,
Dedim ki, keçirim yazı, müxtəsər.
Yığıldı ariflər, söz anlayanlar,
Dedim: daha getdi qüssə zəhrimar!
Yerim yaşıl dağlar, dost var, aşna var!
Xoş keçəcək çoxu, azı, müxtəsər!
Umdum ki, düşəcək əski gün yada,
Gəlintək gəzəcək məclisdə badə.
Zövqü həzz olacaq həddən ziyadə,
Oxunacaq şeir, yazı, müxtəsər!
Ancaq mənim ruhum sevgili Gəncə,
Görən kimi bizi başladı rəncə.
Burda könül qırmaq olub əyləncə,
Qalmadım bu yaydan razı, müxtəsər!
Bir gün zəmanənin şeyxi-nəjadı,
Qoydu boynumuza xudpəsənd adı.
Əlbət qohum üçün sorular yadı,
Çəkilməz ki, yadın nazı, müxtəsər.
Oldu əski hamam, əski tas yenə,
Ta birinci gündən başlandı “iynə”.
Anlamadı dost nə, neştərləmək nə?!
Gördüm hoqqa asi qazı, müxtəsər!
Zövq alan bir dostum ədəbiyyatdan
Gah itdən dəm vurdu, gah da ki, atdan.
Xülasə, fərqimiz olmadı yaddan,
Ürkütdüm ördəyi, qazı, müxtəsər.
O qədər içdim ki, dişləmə çayı,
Bilinməz hesabı, tutulmaz sayı.
Xaloğlu, əmoğlu, bacoğlu, dayı...
Qupquru qurumuş tazı, müxtəsər!
Narzanın üstündə gündə bir kərə,
Köhlən dəvə kimi çökərdik yerə.
Başlardıq baxmağa “iyirmi birə”,
Atmışdı söhbəti, sazı, müxtəsər!
Allahın nadanı, eşşək naşısı
Bir yerin ki, oldu dəstəbaşısı;
Qırılar şişəsi, sınar kaşısı,
Daha uzatmayın sözü, müxtəsər!
“Kişiyəm”, deyərək yeddi-səkkizi,
Pulsuz görüb, qoyub qaçdılar bizi.
Gedərmi sinəmdən bu dərdin izi?!
Qaçdılar həm dazı, vazı, müxtəsər.
Cəbri-nəfs eylədim, yazdım yumuşaq,
Kişiyəm deməsin hər uşaq-muşaq.
Yaxşıdır bunlardan bir qatıqurşaq,
Laçın etmək olmaz bazı, müxtəsər!

Slavyanka,1928, 9 sentyabr


DOSTUM XANƏNDƏ ƏSGƏRƏ

Bizi məclisdə qoyub
pul dalınca getməsi münasibətilə

Əsgər, sən arifsən, fikrü zikrini,
Nə pula, dövlətə, nə də vara ver.
Dadlı səsindəki nazlı nəşəni
Sədaqətli dosta, gözəl yara ver!
Yığıldıq bir axşam aşina, yoldaş,
Dilxor etdin getdin dağıldıq obaş.
Sənə kim söylədi sənətkar, qardaş,
Nazı bizə, zövqü vartazara ver.
Əvvəl sərraf idin, yenə sərraf ol,
Saxla sifətini, təmiz ol, saf ol.
Ariflərdən sayıl, əhli-insaf ol,
Könlünü şairə, bir də tara ver.
Böylə düşmüş bizim işlər əzəldən,
Dostların zövq alır şerü qəzəldən;
Bizdə badə içdin bir gözəl əldən,
Çətin dərdimizə yetiş, çara ver!
Sən ki, anlayırsan ahı, ahəngi,
Qoşaşdır ahimlə ləhni-sarəngi;
Oynadaram sənə bir ləzgi həngi,
Bizə az kələk gəl, azca qara ver.

Gəncə, 1933, 3 mart

* * *

Başa bax, peysərə bax, vərdişə bax,
Yaxşı can bəsləmisən, can, a qazaq!
Sağdışı – ibn özüm, soldışı – ibni Nağıdır,
Zalımoğlu elə bil Daşkəsən yaylağıdır!

1932, sentyabr


Bir neçə yerdə yaltaqlıq edib, yersiz
olaraq əleyhimə gedən bir nəfərə dərs
vermək üçün yazdım. Fəqət cavab yazmadı.
Bən də gerisindən əl çəkdim.


QOCALIQDA YORĞALIQ

Gözüm aydın, qələm düşüb əlinə,
Həcv də yazırsan, mızmızı dostum!
Yerdə qanovları görə bilmirsən,
Sayırsan göylərdə ulduzu, dostum!
Yazdıq hökumətə, verdik ərzi-hal,
Kar, kor, lal var, dedik, əskikdir motal.
Bu günlər Gəncədən talağını al,
Bəlkə gətirdilər həm sizi, dostum.
Gəl əyri oturaq, düzgün danışaq,
Bu sınmış ayaqla necə qoşaşaq?!
Bizə nə tab eylər hər yetən uşaq?!
Meydana çağırma gəl bizi, dostum!
Bizdə qafiyə var: qılıncdan iti!
Qayçıyam: cıraram hurivəş çiti!
Sənə hardan çatdı şair bileti,
Görməmiş qafiyə, vız-vızı, dostum!
Yazırsan: əcdadın olmuşdur hacı...
Nə çıxsın, ay yazıq, kirdarın acı?
Mərd tutmaz əyyaşı, yalan leylacı,
Nanədən ayırmaz yarpızı, dostum!
Geysən də əyninə ipəkdən qəba,
Heç şişmə boş yerə, qabasan, qaba!
Neyləyəcək bir də rəhmətlik baba,
Babanın qalmışmı bir izi, dostum?!
O rəhmətliklər qoyub getmişlər səni,
Biz olub sancırsan gəlib-keçəni.
Heç xeyir tapmazsan, dindirmə məni,
Salarsan başına sal buzu, dostum!
Ayıbdır, yeyirsən çoxdan duz-çörək,
Tökərəm burnundan, qıraq dur görək!
Dayanmaz pəncəmdə – sümüyün kövrək,
Incitmə arvadı, baldızı, dostum!
Yəqin bil, ay hərif, oğlanam, oğlan,
Sən yüyür imana, sandığa bağlan.
Yay günü qaloş gey, qış günü buğlan,
Biz hələ görərik pəhrizi, dostum!
Yanımdan yavaş keç, deyiləm tayın,
Girməz qulağıma harayın-hayın!
Mən neyləyim: sənin qırıqdır yayın,
Saxlaya bilmədin bir qızı, dostum!
Mənə neyləyəcək quru vəlvələ?!
Barıtın qurtarmış, soğulmuş lülə...
Indi sənin yerin məsciddi, lələ,
Gedib hücrələrdə bük dizi, dostum!
Kişimi sayıldın, ay Məhəmmədxan?!
Görürsən yuxunda hər gecə xoxan.
Vəfasız bir dosta varmıdır baxan?
Ipəyə tay tutma sən bezi dostum.
Tərlanam, uçmuşam qarlı dağlardan,
Məxmər yamaclardan, güllü bağlardan.
Utan yedirtdiyim kərə yağlardan,
Tutar səni, vardır gec-tezi, dostum!
Qəlbim, ürəyim də əmin ol safdır,
Neyləyim ki, fələk çox biinsafdır.
Sənin ki, türklüyün bir quru lafdır,
Çağırma heç türkü, qırğızı, dostum!
Ayğır olub indi dünənki daylar,
Adətdir, mürtədlər cənnət haraylar.
Təmizləməz səni dəryalar, çaylar,
Gəncənin gur axan kəhrizi, dostum!
Dostluüun yazdığın kağızdan bəlli,
Öyləmi verərlər dosta təsəlli?!
Dəyişmişdir tamam ayaqlı-əlli,
Sənin hər bir şeyin Təbrizi, dostum!
Heç şişmə, tanıyır səni arvad da,
Hansı qoçaqlığın qalmışdır yadda?
Igid idin ancaq Kərimabadda,
Gəzərdin-gözlərin qırmızı, dostum!
Mən gəldim, Gəncədə meydanın xali,
Təngə gəlmiş səndən bütün əhali.
Bari yaxşı saxla əhli-əyali,
Şənləndir bir evi, dəhlizi, dostum.
Bayanlı qız səni salınca bəndə,
Boyadın bığları, düşdün kəməndə.
Axsaya-axsaya gedirsən kəndə,
Sənin eşqin keçib saqqızı, dostum!
Ona neylədin ki, böylə tutaşdı?
Zülfüqar da sənə yaxşı sataşdı.
Deyir, hüzurunda itlər çataşdı,
Keçən mart ayının səkkizi, dostum!
Deyir, iş düzəldir, arvad alırsan,
Həm qazanır, həm də dərdə qalırsan.
Turan oğlunu da tora salırsan,
Kəsdirirsən çilə qarpızı, dostum!
Tərlan ovçu göydə didər turacı,
Kefin qalxmaz sənin, ay ibn hacı!
Ciblərin boş, ayaq topal, dil acı,
Ovçuluğun səndə yox izi, dostum!

Gəncə, 1935, 10 may


Şerin sonunda şairin “Əlhac ibni hac
Məhəmməd Atəşbəyə” qeydləri vardır.


HƏCV I

(Ixtisarla)

Bəni saldın bu ağır dərdə...
Ananı, bir də... bir də...
Ədə, xər ləhcəsinin varmı babandan xəbərin?
Qoy tüpürsün üzünə gorbagor olmuş pədərin!
Maşallah ki, danos verməkdə varmış hünərin,
Sənətin artmalı hər yerdə...
Ey... ağzındakı pəltək dilinə,
Yeni sənətlə gözəl xidmət edirsən elinə.
Ver bütün milləti, dostları fitnən felinə,
Kişisən xeyirdə yox, şərdə...
Bilmiyormu o bana sən nələr etdin də nələr!?
... Otura vayına hər şamü səhər.
Sən gəbər, bən ona tapmaqda varam yaxşıca ər,
Səni görrəm yeni bir ərdə...
Bən sənə neyləmişdim, a rəzil oğlu rəzil?
Bənim evladımı qoydun başaçıq, zarü səfil!
Barü gəl... o kosa saqqal ilə sil,
Bu zadı yeməmiş xər də...
Saldırıb şairi sən böylə dəmirdən qəfəsə,
Başı üstündən onun qoyma ki, bir quş da əsə!
It ki, itdir bu böyüklükdə bir... yesə,
Utanar, səndə ki, yox tər də...
Bən bu gün məsləkim üstündə ölürsəm nə zərər?!
Məsləkli ölüm bil ki, o dünyaya dəyər!
Məqsədin qəhbəliyilən yaşamaqdırsa əgər,
Qazanarsan ki, bir az zər də...



SƏLLALLAH

(Ixtisarla)

... Sən seyid olasan, ətin də acı,
Bu öylə dərddir ki, yoxdur əlacı.
Soxasan gözünə təndiri, sacı,
Aşmaz yenə onun kari, səllallah!
Öyləsi vardır ki, çıxır minbərə,
Yol-ərkən öyrədir peyğəmbərlərə.
Düşüncə əlinə fürsət bir kərə,
Qoymaz qalsın kini, vari, səllallah!
Gəncədə seyid ki, hər şeydən çoxdur,
Az nəsil vardır ki: seyyidi yoxdur.
Hər kim ki, çolaqdır, bir az buruqdur,
Xızr olur, söndürür nari, səllallah!
Ancaq bənim dostum Kəblə Seyidəli,
Başqa seyidlərtək deyildir dəli.
Səxavət əhlidir, açıqdır əli,
Görübdür dövləti, vari, səllallah!
Ömründə əlinə almamış qumar,
Nə kart çəkər xəlvət, nə də nərd oynar.
Doğrudan, kişidə zühdü təqva var,
Alnında möhürün yeri, səllallah!
Bağğa üzüm basar şaraphaşarap!
O sirkə üçündür, həqdir bu hesab.
Əmri-şərifində içməmiş şərab,
Tökülməmiş onun ari, səllallah!
Cavan günlərində anladı, qandı,
Kərbəlaya getdi, bərkidi andı.
Müxtəsər ki, dostum bir başqa candı,
Yazın gülü, qışın qarı, səllallah!
Deyirlər, yağ çəkib sünbülü bığa,
Gedib cavanlıqda nişanbazlığa.
Eyvanın altında cumubdu zığa,
Süzələnmiş evə sari, səllallah!
Bəzi dostlarımız edir ki, irad,
Ona çətin deyil dünyada heç zad.
Azdır bir kişiyə söz yox bir arvad,
Cəddi çağırtmışdır cari, səllallah!
Aranda dözməyib qarğa-quzğuna,
Çıxıb ki, Gəncədən yaylağa qona...
Birinci arvadı basıb furquna,
Saxlamış yanında yari, səllallah!
Mücaviri-iman, şeyxi-pürxətər,
Xəbər verdi bənə dostu Iskəndər.
Var imiş aşnamın fikrində səfər,
Salamat gələydi bari, səllallah!
Çıxmadı Iskəndər heç çəlpəşikdən,
Qumarda əl çəkməz bircə qəpikdən;
Ən yaxın dostuna döşər təpikdən,
Bizə şahin çıxmış sari, səllallah!
Şeyx var – şərrə qardaş, fitnəyə bacı,
Hamısı çəpkeçən, ətləri acı.
Hər nədən dəm vursan, onun leylacı,
Sevərlər növhəni... tari, səllallah!
Qanlı Israfildir müridlərə xas,
Silinmiş, qalmamış ürəyində pas.
Deyirlər, o tapmış əvvəl asi-nas,
Seyidlərin yari cari, səllallah!
And olsun bağında bişən kababa,
Bağda çalışmağı gəlməz hesaba.
Fikir verib kişi dərsə, kitaba,
Bayraqların rəngi sari, səllallah!
Cəddi Rəsulillah yetsin dadına.
Çox şeylər söylənir onun adına.
Biz də yetək, o da öz muradına! –
Sevinsin qız, oğlan, qari, səllallah!

Slavyanka, 1928, 25 iyul

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG