Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:03

S.Rüstəmxanlı. İqtidar «ideoloqlarının» tarixi belə gülünc şəkildə saxtalaşdırmaq cəhdləri...


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
-

...Bəziləri hətta müstəqil dovlətin yaranma tarixini 1995-ci il Konsitutsiyasına bağlamağa calışırlar...

...Müstəqil dövlətimizdə böyüklərimizə beləmi baxılmalıdır? Yəqin Bəhlulzadənin də oğlu-uşağı qalsaydı, qohumları vəzifə sahibi olsaydılar, ona belə sayğısızlıq göstərilməzdi!

...Rüşvət, korrupsiya bizi dünyada biabır edir... - "Olmadı da! Bizim möhtəşəm, qüdrətli dövlətimizi görməyib də belə şeylərdən danışmaq yaraşmaz sizə! Baş qoşmayın belə balaca qüsurlara!"


Sabir Rüstəmxanlı


BİR DAHA “XIRDA” MƏSƏLƏLƏR HAQQINDA


Bu mövzuda, Milli Məclis də daxil olmaqla, çox məclislərdə danışmışam, yazmışam, amma görünür hələ çox danışmalı, çox yazmalıyıq.

SSRİ-nin dağılacağı ağıla gəlməyən, güclü çağlarında ermənilərin Ermənistandan çox, Azərbaycanda təbliğ edildiyi və Yerevandan çox, Bakıda qol-qanad açıb zənginləşdikləri, istədiklərini maneəsiz şəkildə Azərbaycan hökumətinə qəbul etdirdikləri dövrdə “Səttar Bəhlulzadə küçəsi haqqında Şəhər Sovetinə açıq məktub” adlı bir şeir yazmışdım.

Geniş, rahat, işıqlı
Əmiryan küçəsindən
Ayrılır cığır kimi
Bəhlulzadə küçəsi.
Gündüzü toz içində
qaranlıqdır gecəsi.
Xutorun yarıuçuq
evləri arasında,
Qəlbimin yarasında
Yaşayır əyri-üyrü
quruca bir budaqtək.
Eni beşcə addımdır,
boyu adından gödək.
Paslı, qara dəmirdən
yamaq-yamaq hasarlar
Gecəqondu evlərin
çirkab suları,
Divarların dibində
tüstülənən zibillik,
Köhnə ayaqqabılar,
konserv qutuları...
Səttar Bəhlulzadənin
adınadır bu küçə!
Yoldaş Şəhər Soveti!
Harda belə deyilmiş?
Üstündə gəzdirdiyi
bir dahinin adına
Gördüm köhnə divarlar
tablamayib əyilmiş...
Vətənin hər dağında
bir möcüzə görən kəs,
Yurdun milyon rəngini
dünyaya göstərən kəs,
Hər ağaca, hər quşa
daimi ünvan verən,
Fırçasında Bakının
daşına da can verən
Rəngsiz, cansız, hayansız
divarlara sinərmiş!
Ömrü zirvədə keçən
axır gəlib bir xəlvət
döngədə gizlənərmiş!
... Balaca küçələrə
verdik böyük adları.
Qala divarlarına,
bir dalana sıxılıb
Sabirin qanadları.
Nizamiylə Füzuli
bir ünvana şərikdir,
Cabbarlı küçəsinin
boyu bircə çəlikdir.
Bir şəhərdə nə qədər
“Zavaqzalnı” olarmış?
“Perevalnı” olarmış?
“Onuncu Paralelnı”,
“Otuzuncu Bazarnı”...
Niyə ucuz görmüşük
bu küçə bazarını?
Mənim halal yoluma
verilən adlara bax,
Hər dildən nişanə var
mənim dilimdən qabaq...
Düzü, heyrətə gəldim
bu küçəni görəndə.
Amma heyrət neyləsin?
Burda qeyrət gərəkdir.
Qoparıb qaranlıqda
darıxan lövhələri
Düzəsən yaylaqların,
çəmənlərin, çöllərin
ondan ölməzlik almış
çiçəkləri içinə.
Adına bir dalan oldu-olmadı,
Bəhlulzadənin nə vecinə?!


Publisistik poeziya nümunəsi olan bu şeir hamının ürəyindən xəbər verdiyinə görə auditoriyaları yerindən oynadırdı və əsas görüşlərimin “repertuarında” möhkəm yer tutmuşdu. Özüm unudanda da dinləyicilərin xahişi ilə deməli olurdum.
Səttar Bəhlulzadə
Səttar Bəhlulzadə

Bir dəfə Filarmoniyada, rəsmilərin iştirak etdiyi bir poeziya axşamından sonra, o şeiri yəqin artıq dəfələrlə dinləmiş Bakı Şəhər Partiya Komitəsinin birinci katibi gizli bir qəzəb və istehzayla məndən soruşdu: “Nə qədər oxuyacaqsınız bu şeiri?” Mən halımı pozmadan dedim: “Səttar Bəhlulzadəyə qarşı ədalətsizliyə son qoyulana qədər! Ya o küçəni düzəldin, ya da Səttar Bəhlulzadənin adını layiqli bir yerə verin!”

Mənə izah eləməyə çalışdı ki, o küçənin böyük perspektivi var, abadlaşacaq, darıxmayın!

Dediyinə inanmırdım, bilirdim ki, Karl Marks heykəli ilə 3-cü mikrorayon arasındakı Xutoru bütövlüklə söküb Səttar Bəhlıulzadə küçəsinə çevirsələr də, onu Avakyan, Əmiryan, Şaumyan küçələrinə bənzədə və ya çatrdıra bilməzlər. Bu, boş bir vəddir.

Bu cür şeirləri qısa zaman üçün yazdığımı düşünürdüm. Küçə düzələr, sorun həll olunar, şeir də tarixə, xatirəyə çevrilər... Yəni Səttar Bəhlulzadə küçəsinin tezliklə böyük rəssamın, təbiət gözəllikləri aşiqinin adına layiq şəklə salınması mənim şeirimin əhəmiyyətini azaldacaq, auditoriyalarda əsas silahlardan birini əlimdən alacaqdı. Mən də məhz bunu arzulayırdım.

Kaş bütün bu tipli məsələlər həll olunsun və bizim siyasi, publisist lirikamıza heç bir ehtiyac qalmasın!


***


...Müstəqillik illərində şeir məclisləri yaddan çıxdı. Yaddan çıxmasa da, artıq mən o şeiri oxumazdım.

Ayrı mövzularımız vardı.

Əmiryanların ömrü bitmişdi. Milli hökümət milli rəssamın haqqını qaytaracaqdı.


***


...Bu yaxınlarda yolum yenidən "Xutor" deyilən əraziyə düşmüşdü. Düşünürdüm ki, Səttar Bəhlulzadənin adına yeni küçə verilməsə də, hər halda, bu adı yarısı uçurulub zibilxanaya dönmüş Xutorda da saxlamazlar.

Təəssüf, Sovet dövründən daha bərbad və utandırıcı bir vəziyyətlə rastlaşdım.

Xutorun Ziya Bünüyadov küçəsinə bitişik sahəsi böyük bir xarabalığa, uçurulmuş evlərin zibilxanasına çevrilmişdir.

Bura Səttar Bəhlulzadə küçəsinin başlanqıcıdır. Amma heç yerdə ad yoxdur. Yalnız zibilxana ilə gecəqondu evləri ayıran bir dalanın üstündə adamın qanını donduran bir lövhə gördüm. “1-ci Səttar Bəhlulzadə döngəsi”. Ha axtardım, Səttar Bəhlulzadə küçəsinin özünü tapa bilmədim.

Hətta Xutorun köhnə, biabırçı küçəsi də ona çox görülmüş, üç yerə bölünmüş, əvvəli zibilxana və ya “1-ci Səttar Bəhlulzadə döngəsi”, zibilxanadan İstanbul restoranınadək olan hissə “Eldar Babayev küçəsi”, qalanı da “1-ci sıra” adlandırılmışdır.

Bura sözün tükənən yeridir...

Yaxşı, bu rayonun böyüklərinin gözünü başqa şeylər tutub, ya da heç Bəhlulzadəni tanımırlar, bəs burda yaşayanlar? Axı onlar sürü deyil, canlı insanlardır, aralarında təhsilli, bilikli adamlar var. Bəs onların səsi, iradəsi, etirazı nə vaxt, nə işdə lazım olacaq? Böyük rəssama qarşı bu həqarətli münasibətə onlar necə dözür, niyə yazmır, haray salmır, gərəksiz lövhələri divarlardan qoparıb atmırlar?

Fikirləşdim ki, yox, belə getsə, mənim şeirim heç vaxt köhnəlməyəcək!

Bu gün də oxunmalıdır!

Nə fərqi "Perevalnı", "Zavaqzalnı", "Naqonı" adlarının yerini "Ambassador"lar, "Ekselsior"lar, "Primyer"lər, "Alpin"lər və s. tutub. Biz dünyada tanınmış böyük otel şəbəkələrinin Bakıya gəlişindən qürurlanırıq, lakin otellərə, şadlıq evlərinə, alış-veriş yerlərinə millətimizə və torpağımıza aidiyyəti olmayan bu qədər yabançı adların gəlişi "brend" işi deyil, dil işğalıdır...

Zibilxana yerindədir, Bəhlulzadə küçəsi də zibilxanada bir döngəyə çevrilib.

Müstəqil dövlətimizdə böyüklərimizə beləmi baxılmalıdır?

Yəqin Bəhlulzadənin də oğlu-uşağı qalsaydı, qohumları vəzifə sahibi olsaydılar, ona belə sayğısızlıq göstərilməzdi!


***

Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabitləri (1918-1920)
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabitləri (1918-1920)

Milli birlik, həmrəylik idealımızdır. Mən həmişə ayıran cəhətlərdən çox, birləşdirən tərəfləri, pisliklərdən çox, yaxşılıqları görməyə çalışıram.

Amma nə etmək! Zorla birlik olmur! Deməklə, yazmaqla şüur dəyişilmir! Dəyərlərə baxış fərqi ortadadır və azalmaq əvəzinə artır....

Bu barədə “Biz və onlar” adlı ayrıca məqalə də yazmışam! “Onlar” da yad deyil, bu ölkənin vətəndaşlarıdır. Lakin bir çox cəhətlərə görə başqadırlar.

Dövlət müstəqilliyinin gətirəcəyi əsl milli intibaha bağlanan bir çox ümid və arzular həm də “onların” ciddi dirənişi, gizli maneələri nəticəsində həyata keçmir.

Tariximizi saxtalaşdırmaq, xalqımızı öz kökündən qoparmaq cəhdləri Sovet dövründə də, indi də bu zümrədən olanların işidir... Məhz “onlar” belə bir təsəvvür yaratmağa çalışırlar ki, 1918-1920-çi illərdəki milli hökumətin bərpasından “söhbət gedə bilməz” (?), çünki “XX əsrin əvvəllərində, yaradılmamış süquta uğradılan, cəmi iki yaşı olan müstəqil cümhuriyyətdən nəinki bərpa olunası bir möhkəm təməl, sadəcə xronoloji olay və şüarlardan başqa heç bir siyasi, hüquqi, ideoloji, iqtisadi irs qalmamışdır”(?). Yəni o vaxt heç bir iş görülməmişdir, müstəqillik quru sözdən başqa bir şey olmamışdır və 1991-ci ildə qəbul edilmiş Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitutsiya Aktındakı “bərpa” sözü də simvolik xarakter daşıyır, əsil müstəqillik 1993-cü ildən başlanir...

Bəziləri hətta müstəqil dovlətin yaranma tarixini 1995-ci il Konsitutsiyasına bağlamağa calışırlar. Bu ifadələrin mənbəyini yazmağa ehtiyac duymuram, çünki iqtidar “ideoloqlarının” yazıları bu tipli yanaşmalarla doludur... Tarixi belə gülünc şəkildə saxtalaşdırmaq cəhdləri barədə indi danışmaq istəmirəm... Bu daha geniş söhbət mövzusudur. Təkcə onu demək istəyirəm ki, milli hökumətimizin iki ildən də az vaxt ərzində gördüyü işlərin üstündən belə məsuliyyətsiz şəkildə xətt çəkmək insandan cəsarət istəyir.

Həmin fikri təbliğ edənlərə belə cəsarəti verən bu yolla guya Heydər Əliyevin xidmətlərini daha da böyütmək, onun “dövlət yaratmaq elminin banisi” (?) obrazını yaratmaq istəyidir. Halbuki Heydər Əliyevi böyütmək üçün 1918–ci ildə son dərəcə ağır şəraitdə, müharibə alovlarında yoxdan bir dövlət qurmuş, onun adını, dövlət rəmzlərini, ordusunu, pulunu, bayrağını, himnini, parlamentini yaratmış, aydın ideoloji xəttini müəyyənləşdirmiş, torpaq bütövlüyünü qismən qoruyaraq, sərhədlərini cızmış, beynəlxalq aləmdə tanınması yolunda ilk addımlarını atmış, hətta 1918-ci ildə ermənilərin törətdiyi vəhşilik və soydırımın nəticələrini araşdırıb sənədləşdirmiş, Qarabağ savaşını udmuş, xarici təzyiqlərə baxmayaraq, Naxçıvanın Ermənistana birləşdirilməsinə imkan verməmiş, başı dərdən ayılmayan şərəfli insanların zəhmətini bu cür allahsızcasına kiciltmək lazım deyil!

Çünki Heydər Əliyevin buna ehtiyacı yoxdur, onun öz halal zəhməti özünə yetir, Məmməd Əmin Rəsulzadələrlə, Xan Xoyskilərlə, Tapçubaşılarla... və nəhayət, Əbülfəz Elçibəylərlə Heydər Əliyevi qarşı-qarşıya qoyub, tarixi də konfliktlər mövzusuna çevirmək milli nihilizmdir.

Əksinə, onları yan-yana, möhkəm varislik əlaqələri ilə bağlı görməklə tarixin məntiqini, millətimizin mübarızə əzminin qırılmazlığını, böyüklərimizin müxtəlif şəraitlərdə də milli ideallara sədaqətlərini nümayiş etdirmək lazımdır. Belə görünür ki, Heydər Əliyevə sədaqətdən, onun yolunun davamçıları olmalarından dəm vuran bu adamların Heydər Əliyevdən heç xəbərləri yoxdur.

Çünki 1918-1920-ci illər tarixinə Heydər Əliyev qədər sayğıyla yanaşan şəxs tapmaq çətindir. Həm də bu sayğı əməli işlə təsdiqlənmişdir. Məhz Heydər Əliyev 1998-ci ildə Xalq Cümhuriyyətinin irsinin öyrənilib nəşr edilməsi haqda sərəncam imzalamış və Azərbaycan Xalq Cümhuriyyətinin sənədləri, parlament fəaliyyəti 8 cildlik zəngin bir xəzinə kimi ortaya qoyulmuşdur. Hazırda qeyd etdiyimiz bayramlar Xalq Cümhuriyyətinin adı ilə bağlıdır və onların məhz həmin tarixlə qeyd olunması barədə sərəncamların böyük əksəriyyətini də Heydər Əliyev vermişdir.
Heydər Əliyev
Heydər Əliyev

Anlamaq olmur, bu adamlar Heydər Əliyevun o sərəncamlarını nəzərə almadan, bu cildləri yox sayaraq, yenicə 95 illik yubileyini keçirdiyimiz Ordu Gününü (polislərin, təhlükəsizlik orqanları işçilərinin və s. peşə bayramlarını) görməzdən gələrək, hansı əsaslarla özlərini alim və əliyevçi sayırlar? Heydər Əliyev özü tarıxə məhz bu cür baxırdı və 1918-ci ildə qurulmuş milli hökumətə də, onun yaradıcılarına da, 1988-ci ildən başlanmış Milli Azadlıq Hərəkatına da, saxta məddahlarından fərqli olaraq, yüksək qiymət verirdi və bunu sübut üçün onun irsi toplanmış kitablardan onlarla misal çəkmək olar.

“Onlar” belə bir təsəvvür yaratmağa çalışırlar ki, bir neçə boğazdanyuxarı, şablon və bəzən mənasını dərk etmədikləri ifadəylə Heydər Əliyevi və ya indiki iqtidarı tərifləyəndən sonra nə qədər istəsən, böhtan deyə, Azərbaycanın indi yaşayan və yaşamayan böyüklərindən kimi istəsən kiçildə, ləkələyə bilərlər.

Bu yanaşma metodu yalnız söz olaraq qalmır, həyatımızın bütün sahələrinə yansıyır...

***

Səttar Bəhlulzadənin adını təsadüfi çəkmədim.

Onlar belə şeylərə əhəmiyyət vermir, bunları “kiçik şeylər” sayırlar.

Məmurlar ana dilində danışmaz, uşaqlarını ana dilində oxutmaz, uşağını əsgər göndərməz! - "Önəmli deyil! Kiçik şeydir..."

Milli Məclisin 125 deputatı, rəsmi toplantılara qatılan vəzifə sahibləri milli himnin sözünü bilməsə, oxumasa da keçər. Çünki bu, əhəmiyyətsiz məsələdir!

Bakıda yabançı reklamlar qanunlarımıza meydan oxuyur. Yerli müəssisələrə, mədəniyyət ocaqlarına, şadlıq evlərinə, ticarət obyektlərinə, sanki and içiblərmiş kimi, bir dənə Azərbaycan adı qoymurlar; - "Eybi yox, onsuz da millətin başı qarışıqdır, belə “balaca” məsələlərə əhəmiyyət vermir..."

Dərsliklərimiz qüsurlarla, televiziyalarımız millətə başucalığı gətirməyən verilişlərlə doludur, bu milləti meyxana xəstəliyinə alışdırırlar... - "Off! Yaşlı-başlı adamlar da belə məsələlərə baş qoşar? Xırda mövzulardır...."
Prezident İlham Əliyev seçki posteri Bakıda dükanın şüşəsinə vurulub. 14 oktyabr 2008
Prezident İlham Əliyev seçki posteri Bakıda dükanın şüşəsinə vurulub. 14 oktyabr 2008

Toylarımız - şadlıq evləri mafiyasının əlində, yasxanalarımız - İran mollalarını yamsılayanların cəhalət dəllalxanası... Dağ kəndlərimiz boşalır... Abşeronda sahillər millətin üzünə bağlanır... Rüşvət, korrupsiya bizi dünyada biabır edir... - "Olmadı da! Bizim möhtəşəm, qüdrətli dövlətimizi görməyib də belə şeylərdən danışmaq yaraşmaz sizə! Baş qoşmayın belə balaca qüsurlara!"

Soyqırım muzeyi, xaricdən oxumağa gələn soydaşlarımıza dövlət səviyyəsində qayğı, dəyərli kitablarımızın xarici dillərə tərcüməsi, informasiya sistemində önləyici mövqelərə çıxmaq və s. onlarla məsələlər var ki, xalqın taleyi baxımından çox mühümdür və hər biri haqqında Milli Məclisdə dəfələrlə danışmışıq. Amma məmuru rahatsız etməz! Onlar qlobal dünyada qloballaşma işləriylə məşğuldur, belə xırda işlərin tozuna bulaşmazlar...

Bu məsələlər barədə çox danışmaqla hörmətli vəzifə sahiblərinin dincliyini pozmaq olmaz!

***

22 ildir hələ də bu xalq imperiyanın işğal damğası olan yabançı soyadlardan qopa bilmir. - "Danışma, papulistlik eləmə, xırda söhbətlərə vaxt sərf eləmə!"

Olsun! Danışmadıq! Səsimizi qısıb gözlədik ki, türkün "bəy" sözündən qorxub ərəbin müəllimini, cənabını seçən, “bu işdə tələskənliyə yol vermək olmaz!” deyənlər nə yapacaqlar. Əgər 20 il bundan öncə Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının verilməsiylə bağlı müəssisələrinə MM-in qərarına uyğun bir tapşırıq verilsəydi, yaşlı nəslə toxunmadan, yeni doğulanların soyadları “ov” şəkilçisi yerinə milli soyad sonluqlarıyla yazılsaydı, bu gün əhalinin böyük bir qismi, özəlliklə, gənclik, şagirdlər, tələbələr bu işğal damğasından xilas olmuşdular. Buna ki xüsusi vəsait tələb olunmur!

Yüz minlərlə Əhmədovlar, Məmmədovlar, Kərimovlar, Əfəndiyevlər, Mirzəyevlər, Əsədovlar, Əsgərovlar, Qurbanovlar, Heydərovlar, Cabbarovlar, Əliyevlər, Quliyevlər, Mehdiyevlər, Hüseynovlar, Həsənovlar (adlar şərtidir və bu siyahını davam etdirmək də olar) indi Əhmədli, Məmmədli, Kərimli, Mirzəli və ya Mirzəbəyli, Əsədli, Əsgərli, Qurbanlı, Heydərli, Cabbarlı, Əlibəyli, Qulubəyli və ya Qulusoy, Mehdili, Hüseynli, Həsənli və s. olmuşdu.

Nümunə göstərdiyim soyadlar ən populyar və geniş yayılmış soyadlardır və ölkə əhalisinin çoxu məhz bu soyadları daşıyır.

Bu təmizlənmənin ümumi milli ruha təsirsiz qalmayacağına heç bir şübhəm yoxdur.

Ancaq indi bəlli olur ki, 20 il keçsə də, bu sahədə heç bir iş görülməyib. Sanki gizli bir əl milli kimliyin dərki, Azərbaycan xalqının öz sifəti ilə görünməsi yönündə atılan bütün addımları təkidlə və düşməmçiliklə önləyir: "Olmaz! Rusun sonluğu qalmalıdır". Niyyət nədir?

İzahatlar gülüncdür. “Biz bu familiya ilə tanınmışıq, indi gedib başqa familiya götürəcəyik?” Başa düşmürük, bunlar harda tanınıblar? Deyək ki, Əliyev dünyada doğrudan da tanınan bir soyaddır. Bəs, yerdə qalanların tanınması nədən ibarətdir və misal üçün, Qəhrəmanovun Qəhrəmanlı, Sadıqovun Sadıqlı olmasıyla bunlar unudulub gedəcək və daha heç kim bunları tanımayacaq?! (Əslində bu mümkün olsa, bəzilərinin xilası və mənəvi rahatlığı olardı).

Eyni əllər erməniyə, gürcüyə toxunmadığı halda, bizi 1300 ildən bəri işlətdiyimiz ərəb xürafatından qoparmış, latın, kirill, yenə latın labirintlərindən keçirə-keçirə keçmişimizdən və ən əsası, Quzey Azərbaycandan ayırmış, türk-islam aləmini bir-birindən qoparıb uzaqlaşdırmışdır.

Həmin gizli əllər Azərbaycanın bu gün də Rusiyanın mənəvi müstəmləkəsindən çıxmasına imkan vermir və görünür, “bəlkə də qaytardılar” psixologiyası ilə Azərbaycanın yenidən şimal əjdahasının ayaqları altında tapdalanacağı günü gözləyirlər. Bəlkə bugünün özündə də Rusiyanın gizli kəşfiyyatına işləyən adamlar var ki, köhnə imperiyanı həvəslə bərpa edərdilər. Belələrinin arasında qarışıq ailələr, erməni, rus yeznələri, bölücülk iddialı azlıqlar üstünlük təşkil edir...

Başqa məntiq və başqa yozum yoxdur! Milli məsələylə bağlı hansı sahəyə əl atsaq, durum belədir.

***

Bütün bunlar dövlətimizi çətin problemlərlə üzləşdirir. Özünü, kimliyini, tarix boyu yaratdığın mənəvi sərvətləri qorumaq üçün millətin böyük müqavimət gücü, birliyi, gələcəyə yönəli səfərbəredici milli idealları olmalıdır. Vətəndaş həmrəyliyi, sosial ədalət, qanunun aliliyi... Təbliğ edilən ideologiya dövləti sevdirməli, ona və yönəticilərə etimad mühiti yaratmalıdır.

Təəssüf ki, bizdəki mənzərə tamam ayrıdır. Sanki qəsdən gecə-gündüz elə bir siyasət yürüdülür ki, millətin öz dövlətinə inamı azalsın, ümidsizləşsin, apardığı milli-azadlıq mübarizəsi gözündən düşsün, hətta bəzilərinin ürəyində köhnə günlərin xiffəti baş qaldırsın. Bunu hər addımda müşahidə etmək mümkündür. Milli xəyanətin buynuzu olmur ki! O elə bu cur, qəsdən xırda sayılan, xırda göstərilən məsələlərdən başlanır...

Bu gün onlar iqtisadi imkanlar hesabına millətə hər cür həqarətlərini qorxusuz-ürküsüz davam etdirir, bununla sanki acıq verirlər bizə: yəni sizin mübarizə, müstəqillik, milli bayraq, milli dövlət deməyinizlə deyil ki! Baxın, biz yenə nə istəyirik onu eləyirik!

Onların belə arın–arxayın yaşayıb, meydan sulamalarının günahkarı bizlərik!
XS
SM
MD
LG