şənbə, Dekabr 20, 2014 Bakı vaxtı 16:11

Verilişlər / Oxu zalı

Anar Mahmudovun 20-liyə düşməyən hekayəsi: "Skanvord"

x

Bunu da oxu

"Ədəbi Azadlıq-2013" müsabiqəsinin hekayə 20-liyi elan edildi

Azadliq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az-da keçirilən...
-

- Hə, daş düşəydi o tələbəliyimə. Sənin problemin budur da: həmişə elə bilmisən ki, 50 qəpiyə cənnət həzzi almaq olur...


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. A.Mahmudovun "Yutub" hekayəsi ötən ilki müsabiqəmizdə üçüncü mükafata layiq görülmüşdü.  



Anar Mahmudov


SKANVORD


- Rusiyada şəhər. 11 hərfdir, başdan 4 hərfini tapmışam: “Ə”, “ü”, “h”...

- Dördüncüsü də “ö”. Hə?

- Yox. “Ö” niyə? Sən məni lap savadsız yerinə qoymusan e.

- Yaxşı, bağışla, Gülü. Bəs nədir dördüncü?

- “Ğ”

- Bir dəqiqə. Zəng gəlir. Hə, Nəmiş... Qızım, Vüqara demişəm, Natiq müəllimin əlyazmasının surətini çıxardıb sənə versin. Onu Fuada çatdır. Yoldadır, gəlir... Qəzetləri gətiriblər? Bugünkü nömrəmizdən birini də verərsən Fuada. Elşən müəllimə de, planlaşdırmanı mənsiz keçirsin, təsisçinin qəbuluna gedirəm... Sağ ol... Əzizim, bir az gözləyə bilərsən? Məni təsisçi yanına çağırıb. İndi ora gedirəm. Deyəsən narazılıq eləyir, qəzetimiz satılmır.

- Sənin buraxdığın qəzet satılmaz da. Bu nə skanvorddur qoymusan? Heç biri düz gəlmir. Bir dənə də maraqlı yazı yoxdur.

- Bir dəqiqə. Zəng gəlir. Alo? Hə, Funtik. Nəmiş dediyimi çatdırdı?.. Dünən başa saldım da səni... Ünvan stolumun üstündədir... Ordan bir qələm də götür, onu da verərsən. Bir dəfə getmisən, yadında qalmış olar... Ay sağ ol...

- Tez ol görüm!

- Sən bir 10 dəqiqə gözləyə bilərsən?

- Yox. Əcəb adamsan e. Kimdən soruşmalıyam? “Feysbuk”a yazmalıyam?

- Mən indi yoldayam axı. Nəysə, poz o dörd hərfi.

- Hamısı düz gəlir axı. Niyə pozmalıyam?

- Qulaq as...

- Heç nəyi pozmayacam.

- Axı səhv yazmısan. O şəhər ya Vladivostok olacaq, ya da Vladiqafqaz. De görüm, birinci hərf, o “ə” hansı sözün “ə”sidir?

- Yazılıb: “müğənni İslam”. Xatirə İslam deyil?

- Yox, İslam Rzayevdir o. Poz, “Rzayev” yaz. “V”sı da Vladivostoka, ya Vladiqafqaza uyğun gəlir.

- Yaxşı. Sizin qəzetin krosvordunu kim hazırlayır e? Başqa qəzetlərin krosvordunu beş dəqiqəyə doldururam.

- Bir dəqiqə. Təsisçinin katibəsi “Cin”imə zəng eləyir.

- Uff!

- Alo? Hə, Aydan xanım, gəlirəm. Yoldayam. Siz Camal müəllimi bir az sakitləşdirin, indi özümü çatdıracam... İkinci hərfi, o “ü”nü də poz, “l” yaz.

- Niyə? Qara salmaq istəmirəm. “Yalan” nə olar? “Böyük” deyil?

- Nə “böyük”?

- “Böyük yalan” da. Serial.

- Yox, “Yalan”, yəqin ki, “hiylə” olar.

- Qapqara oldu e krosvordum. Bir düz-əməlli qəzet də buraxa bilmirsən.

- Üçüncü hərfi də poz. “H” hərfini. 

- O biri sözlə düz gəlir axı.

- Hansı sözlə?

- “Maestro”. Ceyhun deyil? Maestro Ceyhun. 

- Yox, Niyazidir.

- O kimdir?

- O da yaxşı musiqiçi olub.

- Neçəyə gedirdi?

- Hara?

- Toya da. Dəhşətsən e.

- Yaxşı, dördüncü hərf nə idi?

- “Ğ”

- Nəyin “ğ”sıdır o “ğ”?

- “Qardağalı”nın.

- “Qardağalı” yox, “qarğıdalı”. Düzəlt. Bir dəqiqə. Zəng gəlir. Alo, Elşən, sən həmsədrlərin bəyanatlarını izlə, ola bilər, manşetə onu çıxaraq... Sağ ol... Hə, harda qalmışdıq? “Ğ”nı da düzəltdin? 

- Düzəltdim. Bir də axırdan ikinci hərfini tapmışam.

- Aha. Hansı hərfdir?

- “Ə”

- ...

- “Qədir” yazıblar. “Qızılsəs” olar da.

- Rüstəmovdur. Qədir Rüstəmov. Onu da düzəlt. O şəhərin adını tam yaz, qurtaraq onunla: “Vla-di-vos-tok”. 

- “Vla-di-vas-dok”.

- “Vla-di-vos-tok”.

- “Vos-tok”.

-  Gülü, sən 5-10 dəqiqə gözlə, hər şeyi həll eləyəcəm.

- Əcəb adamsan e. Nəyi gözləməliyəm mən? Tez ol, kömək elə, qurtaraq bunu. Bir də sizin qəzeti almayacam mən. Bu nə krosvorddur? Qapqara oldu... Qulaq as. Şokolad nə olar? “B” ilə başlayır. 6 hərf.

- Pahoo. Yadına sal da. Tələbəlikdə sənə nə alardım?

- “Baqquş”?

- “Baunti”!

- Hə, daş düşəydi o tələbəliyimə. Sənin problemin budur da: həmişə elə bilmisən ki, 50 qəpiyə cənnət həzzi almaq olur. Nəysə. “Baunti”. Bəs “Əcəmi” nədir? 5 hərf. “Metro” olar da.  

- Yox, “memar”.

- Uff. Qapqara oldu.

- Sən 5 dəqiqə döz, sürpriz eləyəcəm.

- Olmaz sənin sürprizlərindən. Yenə 1 manatlıq nərgizlərdən alıb gələrsən üstümə.

- Bir dəqiqə qulaq as...

- Nəyə qulaq asım e? Mən bu krosvorddur-skanvorddur-nədir, bunu doldurmalıyam bu dəqiqə. “Səyyad” nədir? 4 hərf. “Əlizadə” düz gəlmir.

- “Səyyad” – “ovçu”. Bir dəqiqə, Gülnar. Zəng gəlir. Hə, Elşən... Mənim kompyuterimdə, “De” diskində, bu nömrəmizin qovluğunda. Parol? Ci, yu, el, en, ey, ar. Bir də, Elşən, xahiş eləyirəm, ordan qonorar siyahısına düzəliş elə, mənim qonorarımdan 20 manat çıx, Funtikə mükafat yaz. Çox qovuram uşağı. Sağ ol.

- Dəhşətsən e sən. Funtik kimdir?

- Kuryer.

- O ərik qurusu? Maaş almır?

- Yetim uşaqdır.

- Sənsə yesir. Özün acından günorta durursan. “Pərvanə” kimdir? 7 hərf.

- “Kəpənək”

- Tağıyev olub mənimçün. Dayan görüm. Nə qələm? Get hələlik karandaşla yaz, bunu qurtarım, sonra pozub ruçkayla yazarsan. Alim olub e qırılmışın hamısı.... Az donquldan orda. Əcəb eləyirəm, biriylə saçımı yığıram, o biriylə də krosvord doldururam. Atan o gün 10 dənəsini almışdı. Hanı? Get hələlik kompyuterdə oyna, sonra zəhləmi tökürsən. “Odnoklasniki”ni bağlama.  

- Qulaq as, saxla da o krosvordu. Qələmi ver, uşaq dərsini yazsın. Mən də avtobusda ayaq üstəyəm, iki telefonla danışıram, kitab-dəftərim qoltuğumdan düşür.

- Eybi yoxdur, əsas odur, şalvarın düşməsin. Natiq kimdir? Ox-zad qoymayıblar.

- Skanvordu hazırlayan müəllifin adıdır, bəzən elə xanalara yazırlar.

- Daş düşsün təpəsinə. Ay qız, karsan? Qapını döyürlər. Dur, aç da... Rusiyada çay – 3 hərf. “Nil”?

- Yox. “Oka”.

- “Oka”. Boks meydanı – 4 hərf.

- “Rinq”.

- Dayan görüm. Kim idi, ay qız? Nə gətirib? Nə qəzet?  

- Krosvorddur, gülüm. Həmin krosvorddur, təzə qəzetdə. O biri kağızdakı da cavablarıdır – müəllifin əlyazması. Bax, köçür bir-bir. Qara salma. Demişdim axı – sürpriz eləyəcəm. Kəmhövsələm mənim.

- Sağ ol e. Ruçka da göndərmisən. Bir dənəsən də. Bircə bığlarını da qırxsan, sənə çatan olmayacaq. Ay qız, gəl götür ruçkanı.

- Sağ ol, Gülnar. Öpürəm. Alo, hə, Fuad. Hə, bilirəm. Ora idi, narahat olma. Bu şəhərdə taxta qapılı bircə mənzil qalıb.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Kenan Haradan: Ucar
08.06.2013 20:44
..tebrik edirem Anar...size gelecek yaradiciliginizda ugurlar arzulayiram
Cavab

Kimdən: müəllif
10.06.2013 12:09
Təşəkkür edirəm, Kənan.

Kimdən: dilçi
27.05.2013 19:15
Adımızda "r" hərfi olmadığına görə, keçən il "səxavətlə" bizə təklif olunan qonaqlıqdan məhrum oluruq.
Bu səbəbdən, bizim üçün ayrılan kütüm payını Ataqamın "QaRa pişiyinə" verməyinizi rica edirik.

Cavab

Kimdən: Rəşid
30.05.2013 12:30
Həqiqətən üslub deyilən bir şey varmış. Üslubunuzdan kimliyinizi elə asan bilmək olur ki...
Siz, "yeriməyə təzə başlayan" biz cızmaQARAÇILAR üçün məclisimizin ən şərəfli yerində əyləşməyə layiq qayğıkeş əzizimizsiniz.
Amma Allah xətrinə düzünü deyin, mənim şərhimdə səhf olan nədir? Sizcə düz demirəm? Dost dosta necə deməliydi ki, - durub ütülü sözlər deməliydim? "Yutub" super idi, "Krasvord" isə bərbad!
Deyirəm bizim şərhləri toplayıb (yəqin ki bir gün bu da olar:)) orasına-burasına əl gəzdirib çap eləsələr maraqlı essedən-zaddan alınar ey, ya da yeni "Ədəbiyyat Nəzəriyyəsi" dərsliyi üçün izahlı lüğət...
Əsas odur ki, Siz və mən dostumuz Anarı internet məkanında tək qoymadıq - şad (bəlkə də ağır) günündə yanında olduq. Dostluq da bundan ibarətdir.
Cavab

Kimdən: dilçi
04.06.2013 14:11
Başqa yazı axtarırdım, "yolüstü" buraya da baxıb şərhinizi gördüm.
Xoş sözlərə görə sağ olun (bilmirəm, "qayıdıb" oxuyacaqsızmı).
Anarın cavabında inciklik yoxdur, məncə) Zarafat var.
Qəsdən "Krasvord" yazmısız?) "Yutub"dan zəifdir, amma zəif deyil. Düzgün qurulub, hekayə tələblərinə cavab verir. Dərin məzmun və ideya, ismarıc yoxdur - sadə məişət hekayəsidir. Salam Qədirzadənin əksər hekayələri bu tərzdədi.

Kimdən: Rəşid Haradan: Bərgüşad tərəfdən
27.05.2013 09:54
"Yutub"un heç yadımdan çıxmır dostum. Vaxtilə eyni cəbhədə nemesə birlikdə güllə atan dost kimi deyirəm, - "Bir qapa köpüklük yazı deyil bu! Hətta, belə bir şey yazdığın üçün, xətrinə dəyməsəydi - "sənə ayıb olsun" deyərdim! Bu tip yazılara mən "ekspress lağlağı" deyirəm. Yoxsa tükənmisən!? Bəlkə ilham pərin qoşulub qaçıb?". Yox.., qələminə bircə yazısıyla bələd olduğum qardaşım incə yumorun ustası olmalıydı axı...
Demək münsiflər həddən artıq ədalətliymişlər. Səni 20-liyə buraxmaq ən böyük ədalətsizlik olardı.
Mənə, - "adam ilk zərbədən yıxılmaz" - deyib ürək-dirək verən dostum, sənə nəysə olub deyəsən... Ədəbiyyat vaxtilə desək, sənin pöhrə verən vaxtın olmalıydı, amma qürubun görsənir. Gəl bu günlərdə bir-iki kütüm yeyib dərdləşək səninlə.
Amma, səni çox sevirəm dostum. Daim ucalıqlarda olmağını təmənna edirəm. Çünki sən buna layiqsən və bunu bacararsan! Bir də krasvord tipli yazılar yazma... Ya da heç yazma - "Yutub" bəsindir!
Bütün günümü lomka elədin:)) Ya da, açıqla və izahatını ver - nədir bu yazıda göstərmək istədiyin məğz, hanı üsluba sadiqlik, təhkiyə, düşündürən fikir ("Bu şəhərdə taxta qapılı bircə mənzil qalıb" - təkcə bumu?), ədəbi cəhətdən qabardılan mahiyyət və s....
Cavab

Kimdən: müəllif
27.05.2013 15:15
Sındırdın e təmiz. ))) Yaxşı ki, səni münsif seçməyiblər, mükafatlandırmaya çağırıb döyərdin məni ictimai şəkildə. ))
Mən də burda hazırlaşırdım saytla davaya çıxım ki, 20-liyə düşməyən hekayəni bura niyə qoymusuz, dostlar oxuyub görəcəklər necə yaxşıdır, buranı dağıdacaqlar. ) Bu da dost.
Kütümü bir dəfə də "r"lı aylarda təklif elə də. Yay gələn kimi balığa çağırırsan. )) Qışda da pivəyə dəvət eləyərsən yəqin )
Ataqamla ikimiz bütün qışı gözləmişik ki, bəlkə təklifini "refreş" eləyəsən.))
Cavab

Kimdən: Rəşid
27.05.2013 15:47
AraRla R(R)əşidin "R"ları bütün fəsillərdə balığı yeməli edər. Qoy "ədəbiyyat Müntəxabatı" dərsliyini oxuyanda gələcək nəsil deməsin ki, - "Bu iki dahi yazıçı, bir-birini tanımadan eyni zəmanədə yaşayıb yaratmışlar":)
Ataqama da "R"sı olan bir nik fikirləşib gəlin. Həqqi deyirəm. Azadlıq -2012-nin uğurlarını hələ qeyd etməmişik.
Sən yenə yaxşısan - 28-ci yeri də olsa tutmusan, - mənim yazım hansı zibil yeşiyini bəzəyir, onu bir olan Allah bilir. Mənə ədəbi üslubiyyatdan elə dərs keçirdin ki, deyirdim, - "Allah, bu cavan gələcəyin Pinteridir, Selinceridir...". "Yutub"unla Biləcərini güclə keçmişdin, "Skanvordla" səni Goradil tərəfə eliktriçkayla qayıdan görürəm. Üzülmə dostum, uğurların hələ çox olacaq. Bibiheybətdə "krasvord" tipli yazılarımıza görə xısın-xısın gülərik.

Kimdən: Dilçi
24.05.2013 18:09
Təşəkkürlər.
Deyəsən 20-yə düşməyən hekayələri oxumalı olacam))
Cavab

Kimdən: müəllif
27.05.2013 18:57
Çox sağ olun oxuduğunuza və rəyinizə görə.

Kimdən: Zebani Haradan: Cehennem
24.05.2013 17:34
Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

07.05.2013

Cavab ver - iPod qazan!

Bu, hansı əsərdəndir?

"“Masa arxasında oturub blaknotunda nəsə qaralayan Tanrıya baxır və düşünürdüm ki, O da səhv edə bilərmiş.

Bizə qeyri-adi demək olmaz.

Amma biz sadəcə, çürüyən üzvi materiya da deyilik.

Biz varıq, mövcuduq.

Sadəcə, mövcuduq və olacağa da çarə yoxdur.

Onda Tanrı mənə belə dedi:

- Yox, elə deyil."

Cavabınızı mayın 14-ə qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Verdiyiniz sualın üstündən 2 il keçib hələ də cavabı çıxmayıb.
Cavab

Kimdən: Moderator
24.05.2013 18:21
Sizə məktub yazılıb. Cavabı düz tapanlardan birisiz, təəssüf ki, püşkatmadan keçməmisiz.
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
24.05.2013 19:45
Moderator, mənə maraqlı deyil udub udmamağım, sadəcə cavab maraqlandırırdı. Udsaydımda hədiyyəni götürə bilməyəcəkdim. Çünki bu il Azərbaycana gəlməyəcəm.

Pen klub

Əjdər Tağızadə (ön planda) və Tariyel Faziloğlu

Dinlə Güntay Gəncalp: "Pişəvəri saxta qəhrəmandır" [Debatda ona etirazlar]

Əjdər Tağızadə: "Mən bilmirəm biz hansı xəstəliyə tutulmuşuq. Bu millətin böyüklərini qırıb, gözdən salıb qaralayırıq, Güney Azərbaycanda baş verən xalq hərəkatını şübhə altına alırıq..." davamı

Ən çox oxunan