Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 18:04

«Dissidentlər Ensiklopediyası»na düşən 2 azərbaycanlı


Çingiz Abdullayev və Cahid Hilaloğlu
Çingiz Abdullayev və Cahid Hilaloğlu
-
Cahidlə Çingizin başına gələnlər «İz» proqramında səslənəndən sonra böyük maraq doğurduğundan mövzunu davam etdirmək qərarına gəldik.

Beləliklə, ötən əsrin səssiz qəhrəmanlarını daha yaxından tanımağa çalışaq. Ona görə «çalışaq» yazıram ki, bu şəxslər barədə bilgilər elə də çox deyil.

Təbii ki, bu yazıda daha çox Əli və Əzizə Şamillərin 15 il öncə Polşanın KARTA təşkilatı üçün hazırladıqları araşdırmadan yararlanacağıq.

13 YAŞINDA XƏBƏRSİZ İRANA KEÇİB

Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda doğulub. Deyilənə görə, ailə İrandan köçübmüş. Cahid ilk vaxtlar Şirinov soyadını daşıyıb. Ailə Cahidin kiçikliyində Bakıya köçüb. Atası neft mədənlərində çalışır, Cahid də 13 saylı məktəbdə oxuyurmuş.

1941-ci ilin avqustunda Cahid sovet qoşunlarına qoşularaq, ata-anasından xəbərsiz, Arazı keçir. 13 yaşlı Cahid iki il İran Azərbaycanında qalır. Başına olmazın işlər gəlir və axırda Bakıya dönə bilir.

ÇİNGİZ ABDULLAYEV KİM İDİ?

Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Yeniyetmə çağlarından diribaşlığı, hər şeyə şübhə ilə yanaşması, sözü üzə deməsi özünə diqqət oyadıb. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və Cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb. Vəssalam. Çingizin uşaqlığı barədə bundan artıq məlumat almaq mümkün deyil.

DEMOKRATİK SEÇKİLƏR, MÜSTƏQİL DÖVLƏT!

1947-ci ildə Cahid Bakıdakı 13 saylı orta məktəbi bitirərək, Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Təsadüf onu eynən özü kimi düşünən bir gənclə qarşılaşdırır. Bu, Çingiz Abdullayev idi. Uzun söhbətlərdən, fikir mübadiləsindən sonra gizli tələbə dərnəyi qurmağa, sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verirlər. Bu vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar!

Vərəqələr, təbii ki, xüsusi xidmət orqanlarının nəzərindən yayınmır. Onu divara vuranları aşkarlayırlar. Çingiz 1948-ci ildə «dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq»da ittiham edilərək üç il həbsə məhkum olunur. Onu Teatr İnstitutundan da xaric edirlər. Dərnəyin başqa üzvlərini tənbeh etməklə kifayətlənirlər. Həbsdən sonra Çingizə Bakıda yaşamağa və işləməyə icazə vermirlər. Ancaq Çingiz müxtəlif yollarla Cahidlə bağlantı qurur.

Cahid Hilaloğlu 1952-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsini bitirir və Dövlət Opera və Balet Teatrında işə başlayır. Amma yenə, yeri gələndə, quruluşla bağlı fikirlərini söyləyir...

ÜÇRƏNGLİ BAYRAQ QIZ QALASINDA!

1956-cı il. Gündəmdə Stalinin şəxsiyyətinə pərəstişlə bağlı kommunist idarəçilərin öz təşəbbüsüylə və gizli məktublardan qaynaqlanan şayiələr dolaşır.

Mir Cəfər Bağırovun məhkəməsi gedir. O məhkəməyə qatılmağa 2-cə saatlıq buraxılış kağızı alanlar, qorxa-qorxa da olsa, daha sonra inanılmaz məsələlərdən söz açırlar. Bir sözlə, siyasi ab-hava dəyişir və gözlərdən böyük bir sual işarəsi oxunur.

1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın qatıldığı mitinq keçirilir və sovet ordusu bu mitinqi vəhşicəsinə dağıdır. Nəticədə ölənlər, tutulanlar olur. Bu əhvalat gənclərin etiraz ruhunu daha da alovlandırır.

Cahidlə Çingiz xaricə getməyə, mühacirətdə olan Azərbaycan Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyə, daha sonra BMT və digər beynəlxalq təşkilatlarla bağlantı qurmağa, Azərbaycanın acınacaqlı durumunu dünyaya çatdırmağa qərar verirlər.

«DƏMİR PƏRDƏ»Nİ NECƏ YARMALI?

Gənclər İran yolunu seçirlər. Mədəniyyət Nazirliyinin xətti ilə sərhəd məntəqəsi olan Lerikdə işə düzəlmək və ordan xaricə keçmək baş tutmayanda, (bu barədə ötən yazıda geniş yazmışıq – S.İ.) Çingiz qeydiyyatdan çıxmaq ümidi ilə Moskvaya gedir və orada başqa yollar aramağa başlayır. Cahidlə telefon söhbətlərində aradığı yollardan da danışır və onu, lazım gələndə, Moskvaya çağıracağını bildirir. ABŞ səfirliyi ilə bağlantı qura bilsə də, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) onun görüşlərindən xəbər tutur və o, həbs olunur. Çingiz 10 il həbs kəsilir. Bir il sonra ədliyyə nazirinə yazdığı ifşaedici məktubdan sonra onun işinə yenidən baxılır. Cəza müddəti bir il də artırılır və o, Vladimir şəhərindəki xüsusi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir...

CAHİD ÇİNGİZİN XARİCƏ GETDİYİNİ DÜŞÜNÜR

Çingiz ikinci həbs həyatını yaşamaqda olsun, görək Cahid nə edir? 1956-cı ilin mayında Çingizin taleyindən xəbərsiz Cahid Bakıda dostundan ayrı fəaliyyətə başlayır. O, Çingizin artıq xaricdə olduğunu güman edir və Bakıda qalan həmfikirlərini başına toplayaraq mayın 28-də Cümhuriyyətin yaranışını məxsusi qeyd etməyi – Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmağı qərarlaşdırır.

CAHİD BAYRAĞI NECƏ HAZIRLAYIR?

Doğrudan da, Cahid indi kiçik uşaqların da rənglərini əzbər bildiyi o bayrağı necə düzəldə bilir? Görünür, bu milli dövlət rəmzinin hansı rənglərdən oluşması, üstündəki səkkizguşəli ulduz və aypara barədə gənclərin məlumatı olub. Çingizin yaxın qohumu Türkiyədə mühacirət həyatı sürmüşdüsə, bayrağın təsvirini Cahidə elə Çingiz də söyləyə bilərdi. Bəs bayraq necə hazırlandı? Yəqin ki, bunu heç vaxt öyrənə bilməyəcəyik. Axı istintaq işində bayrağın adı belə çəkilmir. Əli Şamil demişkən, bu inanılmaz hadisə ancaq yaddaşlarda qalıb, özü də çox möhkəm!

ƏZABLI YOLLARLA...ÇİNGİZ

1963-cü ildə sakit oturmadığını görüb Çingizi Mordvadakı xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə, 1964-cü ildə isə Ümumittifaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna «müayinəyə» göndərirlər. İnstitutun direktoru – DTK-nın ilk rəhbərlərindən F.E.Dzerjinskinin qızı M.F.Talsenin başçılıq etdiyi komissiya 1956-cı ildə Çingiz Abdullayevə «anlaqlı» diaqnozu qoysa da, 9 il sonra o, «anlaqsız» hesab edilir. Beləcə, Çingiz Yaroslavl vilayətinin Rıbinsk şəhərinə – SSRİ Daxili İşlər Nazirliyinin xüsusi tibbi-psixiatrik xəstəxanasına məcburi müalicəyə, daha sonra Sçov şəhərindəki xəstəxanaya göndərilir. 1968-ci ildə Smolensk vilayətinin Sçov şəhər xalq məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar...

MAŞTAĞA XƏSTƏXANASINDA NADİR AĞAYEVLƏ TANIŞLIQ

Başı çox müsibətlər çəkmiş Çingiz Vətənə döndüyünə sevinmir. Xəstəxananın baş həkimi onunla pis davranır. Üstəlik, olub-keçənlər onun səhhətinə pis təsir edir. Mədəsində və onikibarmaq bağırsağında xora və pankreatin xəstəliklərinə tutulur... Tibbi komissiya ona ikinci qrup əlillik verir. Ən maraqlısı, Çingiz burada onun kimi məcburi «müalicəyə» göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb onun qohumlarına göndərir. 14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu «müalicəxana-həbsxana»dan azad edirlər.

İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq... burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağıl pozuntusundan belə danışır...

(ardı burada)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG