Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 20:02

Köpəyin Yusifi... (Nizaminin tərcüməsində kobud səhvlər)


Nizami Gəncəvinin xəyali portreti
Nizami Gəncəvinin xəyali portreti
-

"Mütərcim mənaya diqqət yetirmədiyindən uydurmaçılığa keçmişdir. Onun tərcüməsinin Nizami misraları ilə heç bir əlaqəsi yoxdur".


"Xəmsə"nin Azərbaycan dilinə filoloji tərcüməsində yol verilmiş biabırçı səhvlər haqda (Xəlil Yusiflinin məqaləsi)


Xəlil Yusifli


NİZAMİ ƏSƏRLƏRİNİN TƏRCÜMƏ VƏ TƏDQİQİ HAQQINDA

(ixtisarla)

əvvəli burda

..."Ovçu, it və tülkünün hekayəsi"ndə nizamişünasların mübahisələrinə səbəb olan bir beyt vardır:

Şir səgi daşt ke çun pu gereft
Sayeye-xurşid bər ahu gereft.


Filoloji tərcümədə (bu məqalədə Rüstəm Əliyevin "Nizami Gəncəvi. Sirlər xəzinəsi (filoloji tərcümə)" (1981) kitabı tənqid edilir. - Oxu zalı) bu beyt təhrif olunmuş şəkildə aşağıdakı kimi çevrilmişdir: "Onun şir kimi bir iti vardı. O, qaçmağa başlayanda günəşin kölgəsi (olan nura) nöqsan tutardı". Birinci misranın tərcüməsi əsasən düzdür. İkinci misrada isə Nizami göstərir ki, ovçunun iti günəşin kölgəsini ceyranın üstündə tuturdu. Bu, itin çox sürətlə qaçdığını göstərən çox orijinal bir mübaliğədir. Əvvələn, qeyd edək ki, günəşin kölgəsi nurdur, işıqdır. Ovçunun iti ceyranın üstünə düşən günəşin işığını tuturmuş, yəni ona yerindən tərpənmək imkanı vermirmiş, qımıldanan kimi kölgə onun üstündən qaçar, yox olar. Güzgü. yaxud onu əvəz edən hər hansı bir əşya üzərinə düşən işıq şüasının az bir tərpəniş nəticəsində kölgə düşən divarda necə sürətlə hərəkət etdiyini xatırlayın. Burada günəşin kölgəsi dedikdə, məhz belə bir mənzərə, vəziyyət nəzərdə tutulur. Bu, itin çox sürətlə qaçması haqda aydın təsəvvür yaradan maraqlı bir bənzətmədir. Tərcüməçi isə bu həqiqəti verməkdənsə, günəşin kölgəsi olan nura nöqsan tutmaqdan söhbət açır və Nizami şeirini əsla başa düşmədiyini nümayiş etdirir...

Filoloji tərcümədə bəzən mötərizə içərisində verilən söz, izah düzgün seçilmir, şairin fikrini düzgün başa düşməyə kömək etmək əvəzinə dolaşıqlıq, anlaşılmazlıq yaradır. "İnsanın dastanı" hekayəsində belə bir beyt vardır:

Qorq səgi bər qozər oftade bud,
Yusefəş əz cəh be dər oftade bud.


Filoloji tərcümədə bu beyt belə verilir: "Keçiddə canavar (boyda) bir it yıxılmışdı, onun
"Sirlər xəzinəsi"nə illüstrasiya
"Sirlər xəzinəsi"nə illüstrasiya
Yusifi (gözü) quyusundan çıxmışdı". Beyti daha doğru çevirən mütərcim "Yusifi" sözünün qarşısında yazdığı "gözü" sözü ilə hər şeyi dolaşdırmış, kobud səhvə yol vermişdir. Nizami "Yusifi quyudan çıxmışdı" deyəndə itin canının bədəndən çıxdığını söyləmək istəmişdir. Burada itin bədəni quyuya, canı isə Yusifə oxşadılmışdır. Mütərcim isə elə güman edir ki, burada itin gözünün çıxmasından danışılır.

Nizamiyə görə hər şeyin öz gözəlliyi, öz üstünlüyü var. Hər şeydə eyb də var, hünər də. Bununla əlaqədar Nizami maraqlı. yaddaqalan bir bənzətmə işlədir və yazır:

Minətəvan jaft be şəb dər çerağ,
Dər qəfəse-ruz təvan did zağ.


Filoloji tərcümədə bu beyt belə verilmişdir: "Gecədə bir çıraq (işıqlı cəhət) tapmaq olmaz, gündüzün qəfəsində (işığında) yalnız qarğa görmək olar". Açıq deyək ki, qəribə tərcümədir. Nizami demək istəyir ki, qarğanı gecə çıraqla da tapmaq olmaz, gündüzün qəfəsində isə onu görmək mümkündür. Özü də çıraqsız-filansız. Mütərcim isə mənaya diqqət yetirmədiyindən uydurmaçılığa keçmişdir. Onun tərcüməsinin Nizami misraları ilə heç bir əlaqəsi yoxdur.

Tamahkarlıq, acgözlük, var-dövlət hərisliyi Nizaminin ən çox tənqid etdiyi eybəcərliklərdəndir. Nizami insanları bu eybəcərlikdən xilas etmək, onları tərbiyələndirmək üçün hər dəfə yeni-yeni boyalar işlədir, gah axirətlə qorxudur, gah bu dünyada onun insana yetirdiyi ziyandan danışır. Bu münasibətlə məqalətlərin birində yazır:

Çun bone dər bəhre-qeyamət bərənd,
Biderəman can be səlamət bərənd.


Nizaminin bu son dərəcə aydın, müdrik misraları filoloji tərcümədə aşağıdakı kimi çevrilmişdir: "Sursatı qiyamət dəryasına göndərənlər dərmansız canlarını salamat qurtarıblar". Orijinalla bu tərcümə arasında yerlə göy qədər fərq vardır. Hər şeydən əvvəl mütərcim "biderəman" (dirəmsizlər, pulsuz-parasızlar) sözünü səhvən "bidərman" şəklində oxuyub tərcümə etməklə böyük qüsura yol vermişdir. Əslində tərcümə belə olmalı idi: "Elə ki köçü qiyamət dəryasına aparacaqlar, dirəmsizlər canlarını salamat qurtaracaqlar"...

Filoloji tərcümədə orijinalın doğru variantını seçə bilməmək halları olduğu kimi, doğru mətni düz oxuya bilməmək halları da çoxdur. Bu da tərcümədə tez-tez məna təhriflərinə gətirib çıxarır. Məsələn, "Bülbül və şahinin hekayəti"ndə bülbülə cavab verən şahin daim mənaya diqqət yetirdiyini, məna əhli olduğunu bildirərək deyir:

Mən ke həme məniyəm, in seydqah
Sineye-kəbkəm dəhəd o dəste-şah.


Filoloji tərcümədə bu beytin qarşılığı belə verilib: "Bu ovlağın mənası mənəm, kəklik öz ürəyini, şah isə öz əlini mənə verir". Tərcümə büsbütün səhvdir. "Bu ovlağın mənası mənəm" nə deməkdir? Şahinə verilənləri axı Nizaminin dediyinə görə şah və kəklik vermir. "Sineye-kəbk" ifadəsi niyə kəkliyin ürəyi olsun? Axı bu, kəkliyin döşü deməkdir. Şahinə kəkliyin döş ətinin yedirildiyindən söhbət gedir. Təəssüf ki həmin söz hekayənin başqa yerlərində də səhv olaraq "kəkliyin ürəyi" kimi tərcümə olunmuşdur. Beytin az-çox dəqiq tərcüməsi isə belə olmalıdır: "Mən büsbütün mənayam, (ona görə də) bu ovlaq mənə kəklik döşü və şah əli qismət edir (verir)"...


(Nizami Gəncəvi-850 kitabından)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG