Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 04:44

Almaniyadakı məsciddə azərbaycanlının başına gələnlər (Seçmə hekayələrdən)


Vüqar Dəmirbəyli
Vüqar Dəmirbəyli
-

— Atam sünniydi, anam şiə.

— Hə, eləmi? Bəs sən özün hansına üstünlük verirsən, şiəliyəmi, yoxsa sünniliyəmi?

Mürsəl yenə duruxdu. Bir az da fikrə gedəndən sonra hacının sanki həyatda çox şeydən hali olan bir adamın daxilini əks etdirən gözlərinə baxdı:

— Vallah, mən heç birini seçməmişəm, din qırğınından o qədər eşitmişəm ki, belə bir seçimdən ikrah eləmişəm...



Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Vüqar Dəmirbəyli
(Almaniya)


QƏDİR GECƏSİ


(Hekayə)


Mürsəlin yaşı qırxı yenicə haqlamışdı, özü isə bir neçə ay idi ki, yoxsulluq üzündən Azərbaycanı tərk eləyərək, arvadını və uşaqlarını da götürüb Almaniyaya gəlmiş və burada ucqar bir kənddə məskən salmışdı.

Bir gün Mürsəl həmin kənddə yaşayan, artıq tanış olmağa imkan tapdığı türklərin birindən eşitdi ki, Ramazan ayı başlayıb və yeddi-səkkiz kilometr aralıdakı türk camisində bu münasibətlə hər gün pulsuz yemək verirlər.

Mürsəl bircə həmin adamdan almanların camiyə nə dediklərini soruşdu, o da cavab verdi ki, “Moschee”. Bundan sonra Mürsəl özünü düzəldib deyilən yerə səfərə hazırlaşdı.

Əvvəl istədi arvad-uşağı da özüylə götürsün, sonra fikirləşdi ki, bəlkə buna yaxşı baxmazlar və yol da uzaqdı, ona görə də tək getməyi qərara aldı.

Amma arvadına xəbərdarlıq eləməyi də unutmadı:

- Bəlkə mən gecəni elə orada qaldım, camilərdə yatmaq üçün yer olmamış deyil. Heç narahat olma, bircə gözün uşaqların üstündə olsun.

Qışın oğlan çağı, yəni yanvar ayıydı. Beləcə qarlı-şaxtalı bir gündə Mürsəl avtobusa pul xərcləməmək üçün piyada caminin yerləşdiyi şəhərə üz tutdu və bir çətinliklə gəlib oraya çatdı.

Çatandan sonra Mürsəl başladı burada rastlaşdığı adamlardan dili dolaşa-dolaşa “moşe, moşe” deyə soruşmağa.

Almanlar “moşe” sözünü eşidəndə üz-gözlərini turşudur, Mürsələ nifrət və ikrahla baxırdılar.

Amma beləcə könülsüz, qeyri-dostcasına da olsa, hər dəfə ona almanca uzun-uzadı izahat verir və camini necə tapacağını başa salmağa çalışırdılar.

Mürsəlsə almanların niyə “moşe” sözünü eşidəndə belə narazı və qəzəblə baxmaqlarının səbəbini anlamasa da, yalandan başını yırğalayır, guya ki, onları başa düşdüyünü bildirirdi.

Nəsə birtəhər həmin küçəni və sonra da camini tapdı. Zahirən bunun cami olduğunu bildirən heç bir əlamət yox idi, tək üzərində “… camii” yazılmış iri lövhədən başqa.

Bu, o qədər də böyük olmayan adicə ikimərtəbəli bir bina idi və yanında tam onun bənzəri olan başqa bir bina da vardı ki, üzərində heç nə yazılmasa da, onun da bu camiyə aid olduğunu düşünmək olardı.

Amma giriş qapısına yaxınlaşanda bir az sıxıntı hiss elədi:

“İndi məndən soruşsalar ki, niyə gəlibsən camiyə, nə deyim? Deyim ki, müftə yemək paylandığını eşidib gəlmişəm? Yəni ki, mən — ömrü boyu namazdan-orucdan xəbəri olmayan bir adam — indi ehsan yeməyə gəlmişəm? Nə deyərlər adama, mənim haqqımda nə düşünərlər? Söhbət əsnasında gərək çalışıb gəlişimin məqsədini başqa cür anladam”.

İçəri girib, dəhlizdə ayağını soyundu, yavaşca namaz qılınması üçün düzəldilmiş olduqca böyük bir otağa keçəndə yerə salınmış xəlilərin üstündə iki nəfərin oturduğunu gördü.

Birisi ağ ipəkdən əba geyinmişdi, başına da çalma bağlamışdı, özü də cavan idi və uzun qapqara saqqalı vardı. O birisi qoca da olsa gümrah görünürdü. Onun da qısa vurdurduğu ağappaq saqqalı vardı, amma əbası ağ da olsa, ipəkdən deyildi və onun da başında çalma vardı. Mürsəl içəri girəndə ikisi də başlarını oxuduqları kitabların üstündən qaldırdılar. Mürsəl bir az çəkinə-çəkinə :

- Salaməleyküm, — dedi.

- Vəəleyküməssalam, — deyə ikisi də birdən ona cavab verdilər.

Adətən istər son illər Azərbaycanda, istərsə də Almaniyada gördüyü türklər salamlaşanda “mərhaba” deyirdilər. İndi o yaşadığı kənddə gördüyü türklərlə hərdənbir təmasda ola-ola bir çox türk sözlərini də öyrənmişdi və onlarla danışanda çalışırdı fərqli kəlmələri türkcə desin ki, onu başa düşə bilsinlər.

Amma indi bu cür salamlaşma Mürsəli sevindirdi və onun özünə inamını elə bil bir az artırdı, baxmayaraq ki, sıxıntısı yenə də tam keçmədi.

Mürsəl utana-utana cavana yaxınlaşdı, əllərini yanına sıxıb, başını aşağı saldı və zorla eşidiləcək bir səslə yarı türk, yarı azəricə bircə onu deyə bildi ki, Azərbaycandan gəlib.

- Azərbaycandan? Çox gözəl, - dedi gənc və sonra da camiyə gəlməkdə məramını soruşdu.

Bunu eşidəndə Mürsəl duruxdu və bilmədi ki, həmin gəncə nə cavab versin.

— Müsəlmanmısan?- deyə bu dəfə yaşlı olanı soruşdu.

— Hə, müsəlmanam, müsəlmanam… – Mürsəl bu sualı eşidəndə ürəklənib sevincək cavab verdi.

— Namaz qılırsanmı? – deyə yenə də yaşlı olanı soruşdu.

— Həə ... — Mürsəlin dili burada pəltək vurdu. — Öyrənirəm.

— Necə yəni öyrənirəm? – ixtiyar bu dəfə ona tərs-tərs və narazı baxdı.

— Bizdə, bilirsinizmi, belə şeylər qadağan idi, bilirsinizmi, yox idi, adamları namaz qılması və dindarlığı üstündə həbs eləyə bilərdilər. Ailəmizdə isə hamı kommunist idi. – Mürsəl, yenə qocanın az qala qəzəbli görkəmini görüb, dayandı. – Tək məndən başqa.

- Oruc necə, tutursanmı? – deyə yaşlı tayı yenə ondan inamsız-inamsız soruşdu.

- Oruc? Hə, əlbəttə, amma… – Mürsəl yenə çaşdı, dili bir də dolaşdı və bundan sonra

ilk beyninə gələn fikir bu oldu ki, bu adamlarla xudafizləşib tezliklə camini tərk eləsin.

Amma bu dəfə də gənc onun köməyinə yetişdi.

— Canım, ola bilsin ki, türkcəsi o qədər də yaxşı deyil, nə demək istədiyimizi tam anlaya bilmir, — deyib cavan hacı qocanı sakitləşdirməyə çalışdı və yanında Mürsələ yer göstərdi. – Gəl otur burdan, qardaş, və məramını anlat. Mənim adım Hacı Suatdı, bu kişininki isə Hacı Nemətdi. Sən də zəhmət olmasa, öz adını bizə de.

Mürsəl göstərilən yerdən hacılar kimi, bir az naqolay da olsa, bardaş qurub oturmağa çalışdı və sonra da öz adını bu təzə tanışlarına dedi. Amma bilmədi ki, onlara camiyə gəlməkdə məramı haqqında nə desin. Sonra birdən elə bu cür oturmasından uşaqlığı yadına düşdü: nənəsi ona balaca olanda bardaş qurub oturmağı öyrədərdi. Mürsəl bir az oturandan sonra ayaqlarında, xüsusən dizlərinin ətrafında kəskin ağrı hiss eləyər, oturuş vəziyyətini dəyişib, sadəcə yanını yerdən qoyaraq ayaqlarını bir tərəfə uzadardı. Nənəsi ona başa salmağa çalışardı ki, ağrıya əvvəlcə bir az dözsə, sonradan öyrəşəcək. Amma bu, Mürsəlin ağlına batmadı ki, batmadı. O bir az böyüyəndən sonra isə onların evində hamı kürsüdə oturmağa başladı, tək nənəsi elə ölənə kimi yerdən bardaş qurmağa davam elədi. Mürsəlin özünə qalanda o bir dəfə də olsun indiyədək məsciddə olmamışdı, namaz qılıb, oruc tutmağa həmişə rişxəndlə, geridə qalmışlıq, cəhalət, mövhumat və nə bilim daha nə kimi baxmağa adət eləmişdi. Amma tək omu, yoxsa ki, Azərbaycanda, az bir qismi çıxmaqla, hami onun kimi düşünmürdümü? Ölkədəki axır vaxtların dağıntısı, müharibə, camaatın sonuncu qəpiyini belə əlindən almağa hazır olan məmurların özbaşınalığı onu da bir çox həmvətənləri kimi ümidsizlik, pərişanlıq, süstlük girdabına yuvarlatmışdı. Son illərin yoxsulluğu, işsizliyi, pulsuzluğu və indi də Almaniyadakı qəribçilik onu elə sıxmışdı ki, haradan, necə olursa-olsun bir az maddi vəziyyətini yaxşılaşdırmaq ən birinci istəyiydi. Buraya gələndə də fikri tək yemək deyildi, həm də düşünürdü ki, pulsuz yemək verən adamlar bəlkə ona bu qərib ölkədə bir yol da göstərə bilər, bəlkə yanlarında bir iş də verərlər. İndi, düzdü, Azərbaycandakı kimi daha ailəsi aclıq çəkmirdi, borc ala-ala yaşamırdı, ərzağı nisyə almırdı — ona burada aylıq vəsait verirdilər, qaçqın kimi. Düzdü, bu çox az idi, hər markanı hesablamaq lazım gəlirdi, amma yenə birtəhər girələnirdilər. İndi o nə etməliydi, bəlkə ona nə qədər qəribə görünsə də, çıxış yolu elə doğrudan da camiyə gəlib-getmək, namaz qılmaq idi; bəlkə bu onu doğrudan da nəyəsə gətirib çıxaracaqdı. Bir də ondan cavab gözləyənlərin sifətinə çəkinə-çəkinə baxdı və dedi ki, məramı elə camiyə gəlib-getmək, buradakı adamlarla bərabər namaz qılmaq və bu qisimdən bilmədiklərini də onlardan öyrənməkdi.

— Hə, deməli, namaz qılırsan, oruc tutursan və bu mübarək Qədir gecəsi ərəfəsində də əsl bir müsəlman kimi camiyə gəlibsən? - deyə Hacı Suat yarı sual, yarı təsdiq formasında bir də üzünü ona tutdu.

— Doğrudur, — deyə Mürsəl onun dediklərini təsdiqlədi. — Bundan başqa istərdim ki, dinimizdən də bəzi şeylər oxuyam – eşitdiyimə görə camilərdə dinə dair kitablar olur, — deyə kişi bir az cürətlənmiş kimi sonra əlavə elədi.

— Bizdə belə kitablar var, satılır. O qədər də baha deyil – iyirmi markaya, otuz markaya… — deyə Hacı Suat başı ilə ona otağın divarına bərkidilmiş kitab düzülü rəf cərgələrini göstərdi.

— Yox, canım, məndə pul hardandı? — elə bil Mürsəl bunu deyəndə bir az şənləndi də. – Dedim, bəlkə oxuyub sonra qaytararam.

— Hə, onda kitabları elə burada oxuya bilərsən, — deyə Hacı Suat bir də başı ilə kitab dolu rəflərə işarə elədi. Sonra Hacı Neməti göstərib: — Bu kişi din müəllimidir, — dedi, — çox yanda vaxtında dərs deyib. Bilmədiklərini ondan soruşa bilərsən.

Vaxt günortaya yaxınlaşırdı və Mürsəl getdikcə daha çox aclıq hiss eləməyə başlayırdı; səhər çıxanda da heç nə yeməmişdi. Amma yeməkdən söhbət salan yox idi. Birdən gözü divara vurulmuş bir elana sataşdı: «Gətirdiyiniz fitrə və zəkatlar vaxtlı-vaxtında fəqir-füqəraya paylanır». Mürsəli az qaldı ki, gülmək tutsun: “Bu lap keçmişdə olanlara bənzəyir ki”, – deyə düşündü. Hacı Suat əlindəki kitabı bir yana qoydu və Mürsələ müraciətlə dedi ki, bir azdan günorta namazıdır və yaxşı olardı ki, o da onlarla bərabər namaz qılsın. Mürsəl əvvəl istədi ki, etiraz eləsin, çünki namazın necə qılındığını bilmirdi və ona elə gəlirdi ki, bunu camaatın içində qılmaqdan əvvəl öyrənmək lazımdır. Amma, deyəsən, daha iş-işdən keçmişdi və Mürsəl də içindən qırıla-qırıla namaza qalmağa razılıq verdi. Bir qədər keçmiş içəriyə adamlar dolmağa başladı. Gələnlər hacıları salamlayır, xəlinin üstündə yer seçib otururdular. Bir azdan cami doldu. Nəhayət yenə uzun saqqallı, yaşlı, amma qıvraq görkəmli, arıq və hündür bir adam içəri girəndə, Hacı Suat onu Mürsələ göstərib:

— Bu adam caminin xocasıdır, yəni imamıdır. İndi səni onunla tanış edəcəyəm, — dedi.

Xoca camaatla salamlaşıb Hacı Suata yaxınlaşanda, o əliylə Mürsəli göstərdi:

— Bu adam Azərbaycandan gəlib, camimizə bundan sonra həmişə gəlib-getmək fikri var.

— Çox gözəl! Azərbaycandakılar müsəlmandılar, elə deyilmi? — deyə xoca öz dərin və inamsızlıq əks etdirən baxışlarını Mürsələ zillədi.

Mürsəl yenə çaşan kimi oldu:

— Hə, əlbəttə, müsəlmanıq biz də… Amma uzun müddət qadağan olub bizdə din. İndi yenə də qayıdırıq dinimizə.

— Qayıdırsınız, deməli, dininzə? Çox gözəl, çox pakizə… – amma xoca bu sözləri deyəndə başını yırğaladı.

Sonra Mürsəli durduğu yerdə qoyub, başqa səmtə döndü və orada oturanlarla söhbətə girişdi. Xocanın onunla bu cür davranmasından Mürsəl bir az məyus da olsa, özünü toplayıb, mərasimin sonuna qədər dayanmağı qət etdi. Bir azdan xoca, lap başa keçib, üzünü divara çevirdi və onun arxasınca da bütün camiyə yığışanlar, ayağa qalxıb, həmin tərəfə çevrildilər və namaz başlandı. Xoca, arxası camaata ola-ola, əvvəlcə əllərini və başını göyə qaldırdı, nəsə ərəbcə oxudu, sonra, əllərini qurşağına endirib, bir əliylə o biri əlinin biləyindən yapışdı və nəsə pıçıldamağa başladı. Bir azdan, əllərini dizlərinə gətirib, qəddini əydi, sonra dikəldi, dərhal da “Allahu-əkbər” deyib tam yerə əyildi və, başını xəliyə dayayıb, nəsə pıçıldadı. Sonra başını qaldırıb azacıq bu vəziyyətdə dayandı və yenə də başını yerə dayayıb durduqdan sonra təkrar ayağa qalxdı. Xocanın arxasınca hamı onun etdiyi hərəkətləri təkrar eləyir və “Allahu-əkbər” deyib, əyilərək başlarını yerə vururdular. Mürsəl isə əvvəldən özünə Hacı Suatın arxasında yer seçmişdi və o nə edirdisə, Mürsəl də onun arxasınca həmin hərəkəti təkrar eləməyə və ya ona oxşatmağa çalışırdı. Amma bəzən çaşır, hansısa bir hərəkəti ya başqalarından tez, ya da bir az gec başa vururdu. Yanında duranlardan biri Mürsəlin hərəkətlərindəki qəribəlikləri deyəsən sezmişdi və aradabir dönüb ona tərs-tərs baxırdi. Bir dəfə isə Mürsəl yerindən tez durmaq istəyəndə həmin adam əliylə onu kobud şəkildə dayandırdı və aşağı basdı.

Axır ki, namaz bitdi və Mürsəl də ayağa durub, bir az rahat nəfəs aldı. Bundan sonra isə, camiyə yığışanlar, otağın divarlarına doğru çəkilib oturaraq, söhbətləşməyə başlayanda Mürsəl də onlara qoşuldu. Bu dəfə o bir nəfər gənclə yanaşı düşmüşdü. Həmin gənc özü Mürsəllə maraqlanmağa başladı və haradan gəldiyini soruşdu. Öz növbəsində isə dedi ki, o, Bolqarıstan türküdür və Almaniyaya pul qazanmaq üçün gəlib, amma burada sənədsiz-filansız, yəni gizli qalır və Hacı Suatın yanında işləyir; küçələrə daş döşəyirlər. Mürsəl ondan bəs harada yaşadığını soruşanda gənc cavab verdi ki, caminin yanındakı bina mehmanxana kimi icarəyə verilir, gecəsi adambaşına otuz markaya və o da başqa bir yoldaşı ilə bərabər oradakı otaqlardan birində qalır. Sonra da bir xeyli ordan-burdan söhbətləşdilər, bir azdan isə Hacı Suat yaxınlaşıb:

— Camaati-müslüm, iftarın vaxtı yetişdi, — deyə elan etdi, — düşün həyətə və yeməkxanaya keçin.

Hamı yerindən qalxıb həyətə aparan qapıya tərəf yollandı. Mürsəl də çıxmaq istəyəndə Hacı Suat onu saxlayıb orta yaşlı bir türkə qoşdu və həmin adama müraciətlə:

— Bu qardaşımız Azərbaycandan gəlib, — dedi. – Özü də əsl müsəlmandır: namaz qılır, oruc tutur. Bərabər yemək yeyərsiniz, sonra bir də götürüb gətirərsən geriyə.

Həyətə düşüb, sağa buruldular və camaatın artıq doluşmuş olduğu iri bir yeməkxananın qapısından içəri girdilər. Mürsəlin bələdçisi iki nəfərin artıq yemək yeməyə başlamış olduğu bir masaya yaxınlaşıb oturdu və yanındakı boş kürsüdə də Mürsələ yer göstərdi. Sonra, yeməkxananın bir küncündə qoyulmuş başqa bir masaya yaxınlaşıb, yemək götürdülər. Əvvəl dərin bir boşqabı şorbaya bənzər bir yeməklə doldurdular. Sonra lobya, düyü, kişmiş qarışıq bir yeməyə, sonda da içərisi yəqin ki, mal əti ilə doldurulmuş iri qoğallara girişdilər. Haqq üçünə yeməklərin hamısı çox ləzzətli idi; Mürsəl istər Azərbaycanda, istər burada nə vaxt belə dadlı yeməklər yediyini xatırlamırdı. Yeyib qurtarandan sonra bir az yeməklərin dalınca gözü də qaldı. İstədi gedib yenə də yeməklərdən götürsün, amma fikirləşdi ki, ayıb olar və yerindən tərpənmədi. Onlarla bir masada əyləşən başqa birisi də Mürsəllə maraqlandı və Azərbaycandan olduğunu biləndə lap çiçəyi çırtladı. Bu da orta yaşlarında bir adam idi, adı da Xəlildi. Xəlil söylədi ki, ticarətçidir və Azərbaycanda dəfələrlə olub, özü də Azərbaycanı və onun xalqını çox sevir.

Yeməkxanadan durub yenidən camiyə tərəf gedəndə, Mürsəl, istər-istəməz bayaqkı bələdçisini unudub, bu mehriban adamın yanına düşdü və onun həm ilıq, həm də maraqlı söhbətlərini dinləməyə davam etdi. Amma yadına düşəndə ki, yarım saatdan sonra bu şəhərdən onun yaşadığı kəndə sonuncu avtobus yola düşəcək, bu yeni tanışını da buraxıb, Hacı Suatı axtardı və tapanda ondan getməyə icazə istədi. Hacı Suat heç gözləmədiyi halda rəncidə olmuş kimi onun biləyindən yapışdı:

— Canım, hara gedirsən, bu gecə Qədir gecəsidir, biz burada səhər saat dördə qədər namaz qılacağıq. Hələ nə təamlar yeyəcəyik, heç Çin köftəsini demirəm. Qalmağın məsləhətdir, sənin üçün burada yatmağa yer də təşkil eləyəcəyik. Yemisən heç indiyə qədər Çin köftəsi?

Mürsəl başını buladı, bir az duruxdu, istədi getmək üçün yenə də bir dəlil gətirsin, bu yandan özünü onlara yetirən Xəlil dilləndi:

— Çin köftəsi doğrudan da çox dadlıdır. Sonra biz də burda, yaxında oluruq. Hərəmiz bir döşəkdən-balışdan gətirrik. Qalsan, yaxşı olar.

Mürsəl əvvəlcə o qədər anlamadı. Əgər onlar mənim qalmağımı istəyirlərsə, şübhəsiz mənə mehmanxanadakı otaqlardan birində bu gecəlik yer verməyi düşünürlər. Bəyəm bu otaqlarda yorğan-döşək yoxdur?

Amma sonra fikirləşdi ki, bəlkə elə yenə də mehribanlığından Xəlil onun hamının yatdığı yataqda yatmasını istəmir, istəyir təmiz yataq olsun, evdən gətirilmiş.

Bunu fikirləşəndə bir az qürrələndi də: gör ona necə qiymət verir, necə qayğısına qalırlar, hələ bu Çin köftəsi nə olan şeydir, onun da bir dadına baxmaq pis olmazdı. Bunları bir göz qırpımında beynindən keçirib, tələsik qalmağa razı olduğunu hər iki türkə bildirdi.

Yenə, içəri keçib, xəlinin üstündə oturdular; bu dəfə Mürsəl Xəlillə yanaşı idi. Xəlil ona Azərbaycandakı sərgüzəştlərindən danışdı, yenə də insanların orada çox gözəl olmasını dedi, amma tək gömrükdən şikayət elədi ki, onu gedəndə orada çox incidirlər. Bir az keçmiş Hacı Suatın səsi eşidildi:

— Camaati-müslüm, səf-səf düzülün namaza.

Adamlar, qalxıb, səf-səf düzüldülər. Mürsəl tez imkan tapıb Xəlildən namaz zamanı niyə belə düzləndiklərini soruşdu. Xəlil cavab verdi ki, xocalardan eşitdiyinə görə Məhəmməd səlavatüllah islamı qorumaq və yaymaq üçün apardığı mübarizədə müsəlmanları bu cür səf-səf düzərmiş – həm namaz qılmaq üçün, həm də döyüş üçün.

Yenə xoca başa keçdi və hamı onun etdiklərini təkrar eləməyə başladı. Bu dəfə namaz uzun çəkdi, yəni haradasa bir saatdan artıq davam elədi. Mürsəl üçün bu qədər namaz qılmaq o qədər asan deyildi; o artıq yorulduğunu hiss eləyir və namazın tez bitməsini arzulayırdı. İndi daha başqalarına o qədər diqqət eləmir, az-çox elə bu gün öyrəndiyi hərəkətləri özü yerinə yetirirdi. Birdən başını qaldıranda Hacı Suatın diqqətlə ona baxdığını gördü. Fikirləşdi ki, bəlkə də bayaqdan bəri davam edən namazdan yorulduğu üçün hərəkətləri indi bir az süstləşmiş, yəni ki, candərdi kimi görünür. Namaz bitəndən sonra Hacı Suat ona yaxınlaşdı:

— Sən bir mənə de görüm, azəri qardaş, Azərbaycandakılar sünnidirlərmi, yoxsa ki, ələvimi?

“Ələvi” sözünü Mürsəl əvvəlcə başa düşmədi və handan-hana ona çatdı ki, hacı şiələri nəzərdə tutur. Bunda sonra:

— Əksərən şiədirlər, — deyə cavab verdi. — Amma sünnilər də var.

Hacı fikirli-fikirli saqqalını qaşıdı:

— Mən sənə bayaq fikir verdim, sən dörd dəfə səcdəyə getdin, bizlər bunu iki dəfədən artıq eləmərik. Ələvilərin ya şiələrin hamısımı belə edir, əcəba? Hər halda bunu Hacı Nemətdən soruşmaq lazımdır, o bilməmiş olmaz. Sən özün amma, bir de görüm, ələvisənmi, ya sünnimi?

Mürsəl fikrə getdi. Ömrü boyu belə şeylərə əhəmiyyət verməmişdi və inanmazdı ki, bir gün gələcək, ondan, bax bu cür divara dirəyib, məzhəbini soruşacaqlar. Onun dünyaya gəlib yaşadığı əyalətdə bir işi naqolay, ya yanlış tutan adama “məstəfsiz” deyərdilər. Çox sonradan öyrəndi ki, bu söz kitab dilində “məzhəbsiz” deməkdir və məzhəb deyəndə də Azərbaycanda adamın sünni və ya şiə olduğunu nəzərdə tuturlar. Atasının hərdənbir sünni olduğunu deyəndə anasının necə dodaq büzdüyünü uşaqlığında bir neçə dəfə sezmişdi. İndiyə qədər bilmirdi ki, indi rəhmətə getmiş atası onun kimi dünyasını dəyişmiş anasına bunu deyəndə zarafatmı eləyirdi, yoxsa ki, doğrusunu söyləyirdi. İndi də bu cavan hacıya necə yadında qalmışdısa da, o cür də cavab verməyi qərara aldı.

— Atam sünniydi, anam şiə.

— Hə, eləmi? Bəs sən özün hansına üstünlük verirsən, şiəliyəmi, yoxsa sünniliyəmi?

Mürsəl yenə duruxdu. Bir az da fikrə gedəndən sonra hacının sanki həyatda çox şeydən hali olan bir adamın daxilini əks etdirən gözlərinə baxdı:

— Vallah, mən heç birini seçməmişəm, din qırğınından o qədər eşitmişəm ki, belə bir seçimdən ikrah eləmişəm.

Hacı Suat yenə fikirli-fikirli başını yırğaladı:

— Heç birini seçməyibsən indiyədək, deməli, nə olar, bu da maraqlıdır. Amma siz Allahın evinə “camimi” deyirsiniz, “məscidmi”?

Mürsəl cavab verdi ki, “məscid” və sonra da bu fərqin haradan yarandığını soruşdu. Hacı Suat, onun qolundan yapışıb, aram-aram:

— Hə, əslində şiəliklə sünnilik arasındakı bu ədavət islamı parçaladı və sonda onu zəif saldı, — dedi. — Peyğəmbərdən sonrakı üç xəlifəni – Əbu Bəkri, Öməri, Osmanı və sünnəni – peyğəmbərin buyruqlarını qəbul eləyənlər çoxluq təşkil edirdi, yəni, camaatdı, «cami» sözü də burdan yaranıb. Şiələrin əsas davası budu ki, Allahın Rəsulundan sonra gələn hər üç xəlifə qanunsuzdur, çünki ancaq peyğəmbərin qan qohumları, yəni ki, Əli və onun Fatmadan olan övladları islam hümmətinə başçılıq eləyə bilərdilər. Bir də şiələr üçün tək Quran əsasdır, sünnə yox, Allahın evinə də onlar “məscid” deyirlər. Hər halda Hacı Nemət mənə bunları belə başa salıb.

Hacı Suat Mürsəli tək qoyub harasa getdi, o biri namaz qılanlar da divara doğru çəkilib oturdular və söhbətə girişdilər. Mürsəl Xəlili tapıb onun yanında yerə əyləşdi və yenə də onun həm ticarət, həm dinlə bağlı söhbətlərinə qulaq asmağa başladı. Bir saat keçmiş yenə də namaza durdular, amma o bu dəfə o qədər uzun sürmədi. Namaz yenicə bitmişdi ki, içəri şişman, başına bahalı xəz papaq qoymuş bir şəxs girdi və xoca onu, çox ehtiramla qarşılayıb, lap yuxarıya, mütəkkələr qoyulmuş baş tərəfə keçirdi. Mürsəl yanındakıların birindən eşitdi ki, bu gələn adam bu caminin də aid olduğu qurumun bölgə başçısıdır. Bir azdan qonaq sözə başladı:

— Müsəlman qardaşlarımı bu mübarək gündə təbrik eləyir, ürəkdən salamlayıram. Bu gün hər yanda müsəlmanların vəziyyəti ağırdır: düşmənlərimiz hər tərəfdə üstümüzə ayaq alır, müqəddəs dinimizə təcavüz edirlər. İndi Çeçenistanda baş verənlər bütün dünyanı utandırmalıdır: kiçicik bir torpağın, azacıq bir xalqın üzərinə ən ağır, öldürücü silahlarla silahlanmış bir ordu yeriyir. Bu qəhrəman xalq isə hələ də vuruşur, amma düşmən çox güclüdür.

O hələ danışmağına davam eləyirdi ki, Hacı Suat, yenə də hardansa peyda olub, Mürsələ yaxınlaşdı və:

— Gəl səni onunla tanış eləyim, — deyib hörmətli qonağı göstərdi.

Mürsəl cavan hacının arxasına düşüb qonağa tərəf gəldi. Onun bir yanında yerə döşədilmiş bəzəkli mütəkkələrdə Hacı Nemət, bir yanında isə caminin xocası oturmuşdu.

Onlar yetişəndə qonaq nitqini bitirmişdi və qabağına qoyulmuş pürrəngi çaydan ləzzətlə içməkdə idi. Hacı Suat əlini Mürsəlin çiyninə qoyub:

— Bu adam da o tərəfdən gəlib – Qafqazdan, Azərbaycandan, – deyə onu qonağa təqdim elədi. – Hər halda o yanlardakı vəziyyətdən də agah olmamış deyil.

Bölgə başçısı laqeydcəsinə Mürsəli süzdü və, sanki çox maraqsız bir əhvalatı dinləmək məcburiyyətində qalan bir adam kimi, gözlərini azacıq qıyıb, yüngülcə başını tərpətdi və ləng-ləng çayını içməyə davam eləyib:

— Hə, Çeçenistanın, səncə, bu müharibəni təzədən başlamağa ehtiyacı vardımı? – deyə soruşdu.

— Amma çeçenlər Rusiyadan ayrılıb müstəqil olmaq istəyirlər, Rusiya isə buna, təbii ki, razı olmur, həm də çeçenlərin başqalarına nümunə olmasından qorxur, — deyə Mürsəl çəkinə-çəkinə öz fikrini bildirdi.

— Çeçenistan zatən öz müstəqilliyini qazanmışdı, bu yeni müharibəni başlamağa da heç bir lüzum yoxdu, — deyə başçı narazı-narazı onun dediklərinə düzəliş vermək istədi.

Sonra Hacı Nemət Azərbaycanda müsəlmanların hakimiyyətə gələ bilməsi üçün şəraitin olub-olmadığını soruşdu. Mürsəl bu suala cavab verməkdə çətinlik çəkdiyini dedi. Bir az da keçdi, müsahibləri Mürsələ olan maraqlarını tam itirdilər və yenidən öz aralarında nəyisə müzakirə eləməyə başladılar. Xoca da onlara qoşulandan sonra Mürsəl daha burada qalmağı yersiz hesab elədi. Elə yerindən qalxıb buradan uzaqlaşmaq istəyirdi ki, birdən xoca ayağa qalxıb üzünü camaata tutdu və ucadan dedi:

— Camaati-müslüm, dünyanın çox tərəfində əzilən, tapdanan müsəlman qardaşlarımıza yardım etməyi bizlər gərək unutmayaq. İndi də Çeçenistana kömək eləməliyik. Kim nə qədər bacarırsa o qədər pul versin ki, çətinlik çəkən dindaşlarımıza göndərək.

Bunları deyəndən sonra xoca əlinin işarəsiylə sarışın saqqallı bir gənci çağırıb ona nəsə dedi, o da otaqdan çıxıb bir neçə dəqiqədən sonra iri dəyirmi bir məcməyi ilə geri qayıtdı. Otaqda bu zaman artıq xeyli — bəlkə də yüzə qədər — adam toplaşmışdı. Həmin gənc yavaş-yavaş adamların arasını dolaşmağa və pul toplamağa başladı. Mürsəl hacıların yanından durub yenə də Xəlilə tərəf gedirdi ki, pultoplayan onu yaxaladı. Mürsəl bir onun sarışın saqqallı sifətinə, bir də artıq qalaq-qalaq əskinasların yığılmış olduğu səthi bir az batmış və bir az da paslanmış güllü-çiçəkli məcməyiyə baxdı: ən az atan iyirmi marka atmışdı. Mürsəl istər-istəməz hesaba vurdu: iyirmi markaya restoranda tək yemək yeyə bilər, ya bir neçə qədəh şərab və ya pivə içə bilərdi. Ya da elə bütöv ailəsi ilə birgə türk qəlyanaltılarından birində yemək yeyə bilərdi. Amma indi pul verməsə olmazdı, pultoplayan onu gözləyirdi və artıq Mürsəlin ləng tərpənməsindən onun bir az əsəbiləşən kimi olduğu da hiss olunurdu. Mürsəl əlini cibinə salıb iyirmi marka çıxardı; bu üstündə olan axırıncı pul idi. Sonra da yalvarıcı tərzdə sarı saqqallı gəncə baxıb:

— Mən ancaq on marka verə bilərəm, on markanı zəhmət olmasa qaytar, — dedi və əli əsə-əsə pulu bu adama uzatdı, özü isə gözünü ondan çəkmədi.

Sarışın gənc, deyəsən, əvvəlcə bir az çaşdı, amma sonradan, əlini cibinə salıb və oradan on marka çıxarıb, ona qaytardı, özü də gülümsəyib:

— Səninki oldu əsgəri, — dedi və sonra da oturub onu gözləyənlərə tərəf irəlilədi.

Nəhayət pulyığma mərasimi bitdi. Şişman bölgə başçısı özü ilə gətirdiyi nəfis diplomatını açdı, pulları onun içərisinə yığıb qapadı və, tələsik camaatla sağollaşıb, camini tərk elədi.

Bir az keçmiş bir də namaza durdular. Bu dəfə namaz yaman uzandı — heç qurtarmaq bilmirdi ki, bilmirdi. Mürsəlin dizləri hər enəndə sərtliyini nazik xalının o qədər də azaltmadığı daş döşəməyə dəyib sürtülməkdən və onların üstündə durmaqdan, pəncələri isə səcdəyə gedəndə dartılı vəziyyətdə qalmaqdan ağrımağa, sızıldamağa başlamışdı. Belə fiziki ağırlığa öyrəşmədiyi üçün beli və ombaları da ağrımağa başlamışdı. Bəzən ona elə gəlirdi ki, daha davam gətirə bilməyəcək və az qala, namazı yarımçıq buraxıb, ayağa qalxmaq üçün bir neçə dəfə qəsdləndi də. Amma yenə də axıra qədər dözdü və nəhayət namaz bitəndə yenə də rahatlıqla nəfəs aldı.

Bir də divarlara doğru çəkilib oturanda Mürsəl özünü yenə də Xəlilin yanına verdi. Mürsəlin bütün əzaları ağrısa da, o yenə də özünü gümrah göstərmək istəyir, Xəlilin cürbəcür ölkələrə səfərlərindən danışdığı məzəli əhvalatlara qulaq asır və ondan eşitdiyi suallara da tez, çevik cavab verməyə çalışırdı. Bir azdan ikinci mərtəbədə namaz qılan qadınlar dəstə ilə aşağı endilər, özləri ilə gətirdikləri ət, göyərti, tərəvəzlə bərabər bir kənarda bardaş qurub oturdular. Yanlarında xeyli uşaq da vardı və onlar da öz analarına kömək eləməyə çalışırdılar. Mürsəl də Xəlildən eşitdi ki, onlar həmin o deyilən Çin köftəsini indi hazırlayacaqlar. Oturan qadınlar başladılar doğrudan da nəyisə elə bil təmizləyib-arıtlamağa və nəyisə nəyəsə bükməyə.

Bu vaxt Hacı Nemət, başda qoyulmuş natiq kürsüsünə çıxıb, Qədir gecəsinin məziyyət və savablarından danışmağa başladı.

— Bu gecədə namaz qılan adam elə bil səksən üç il namaz qılıb.

Sonra yenə də müsəlmanların ağır vəziyyətindən, düşmənlərin qəddarlığından danışdı və sonda müsəlmanlara dözüm və güc arzuladı, kafirləri isə Allaha tapşırdı:

- Sənin müqəddəs dininə, milyard yarımlıq ümmətinə təcavüz edənlərin cəzasını ver, ya Rəbbi.

Ondan sonra kürsüyə xoca çıxdı və Qədir gecəsinin nə qədər mühüm və faydalı bir gecə olduğunu dedi:

— Bu gecə cəmi mələklər yerə enir və insanlara doğru gəlir; ölmüş insanların ruhu camilərdə öz qohumlarını axtarır. Amma təəssüf ki, müsəlmanların hamısı namaza, oruca əməl eləmir. İndi bu gecə onların ölmüş qohumları öz əzizlərini camilərdə axtaracaq, amma tapa bilməyəcəklər.

Xoca bunları deyib, kürsüdən endi və yenə də harasa getdi. Az keçmişsə dedilər ki, Çin köftəsi hazırdır və gənclərdən bir neçəsi məcməyilərdə çörək, göy-göyərti daşıyaraq oturanların qabağına düzdülər. Bir azdan hamı təama girişdi. Mürsəl ortadan iki bölünüb içərisi doldurulmuş olan çörək parçasından bir dişləm alanda onun içərisində ucu bir kənardan sallanan göydən başqa ət də olduğunu hiss elədi, özü də elə bil ət çiytəhər idi. Nə isə bunu araşdırmağa, ya çörəyin içərisindən çıxarıb baxmağa heç həvəsi də yoxdu və o öz payını yavaş-yavaş yeyib axıra çıxdı.

Camaat təamı yenicə bitirmişdi ki, Hacı Nemət gəlib ortada oturdu və üzünü qarşısındakılara tutdu:

— Hə, sizinlə bərabər çox dadlı və gözəl Çin köftəsini də təam etdik. İndi sizlərə başqa bir namazdan danışmaq istəyirəm. Bunun adı təsbeh namazıdır. Buyurulub ki, onu hər bir müsəlman heç olmasa gündə bir dəfə qılmalıdır. Yox əgər bunu bacarmazsa, onda həftədə bir dəfə qılması vacibdir, o da olmasa, ayda bir dəfə, yox bunu da eləyə bilməsə, onda ildə bir dəfə, daha bu da əmələ gəlməsə, onda heç olmasa ömründə bir dəfə də olsa bu namazı qılmalıdır.

Bunu deyib, Hacı Nemət, əlindəki təsbehin daşlarını çəkə-çəkə və bəzi ərəb kəlmələri söyləyə-söyləyə, namaz qılmağa, camaat da onun ardınca bunu təkrar eləməyə başladı. Mürsəl, çətinliklə də olsa, bu dəfə də namaza davam elədi, amma bu dəfə uzun sürmədi. Hacı Nemət, bundan sonra camaata qısa müddətə istirahət verib, bir müddət keçəndən sonra dedi:

— İndi də biz sizinlə zikr edəcəyik.

Mürsəlin artıq yorğunluqdan gözləri qapanır, yuxusu gəlirdi, ona görə də hacının son dediklərinin fərqinə vara bilmədi. Bir də hiss elədi ki, Xəlil onun yavaşca böyrünü dümsükləyir:

— Hə, bu gecəlik namazımız bitdi, indi də gedib bir çay içək.

Yenə həyətə düşüb, həmin yeməkxanaya getdilər. Mürsəl onun divarındakı saata baxanda gördü ki, artıq səhər saat beşə işləyir. Xəlil və başqa iki nəfərlə oturub sakitcə çay içdilər; deyəsən, hamı yorulmuşdu, ona görə də heç kimin söhbət eləməyə həvəsi yoxdu. Mürsəlin yenə yuxusu gəlir və o aradabir hətta mürgü də vururdu. Bir də gözünü açanda gördü ki, masanın arxasında tək oturub, ümumiyyətlə, hamı, iki-üç nəfərdən başqa, yeməkxananı tərk eləyib. Bayıra çıxıb, Xəlili soraqladı, birindən eşitdi ki, Xəlil maşınına minib evə getdi. Mürsəl bundan bir az məyus olsa da özünü tox tutmağa çalışdı, fəqət yerdə qalanların da bir-bir maşınlara doluşub getdiklərini görəndə istər-istəməz təlaşlandı və camiyə girib harada gecələyəcəyini Hacı Suatdan soruşmaq istədi. Amma hacının döşəmədən azacıq yüksəklikdə qurulmuş taxtda düzlənmiş mütəkkələrin üstündə, nazik bir örtüyün altına girib, yuxuya keçməyə hazırlaşdığını görəndə lap çaşdı. Cami indi bomboş idi, hami getmişdi və onun içəri girdiyini duyan hacı:

— Qızdırıcı batareyalardan birinin yanında uzan yat, — deyə otağın qarşı tərəfini göstərdi.

Mürsəl əvvəlcə başa düşmədi: axı daş döşəmənin üstündə, nazik xalı ilə örtülü də olsa, necə yatmaq olar, özü də qış vaxtı? Amma bir azdan məsələ ona aydın oldu: yəqin, Xəlil buna görə bayaq yorğan-döşəkdən danışırmış… Mürsəl, dəhlizə çıxıb, divardan asdığı gödəkcəsini götürdü və divara bərkidilmiş batareyalardan birinin yanında uzandı, gödəkcəni də üstünə saldı. Əslində heç yata bilmədi, çünki həm soyuqdu, həm də yeri çox narahatdı: sərt döşəmə kürəyini və tazını qırırdı, canından da tez-tez gizilti keçirdi. Düzdü, batareyadan bir az istilik gəlirdi, amma bu onun ancaq bir tərəfini tuturdu.

Hələ heç işıqlanmamış Hacı Suat onu qaldırdı ki, dur, sübh namazıdır. Xoca gəldi və hər üçü birlikdə namaz qıldılar. Xoca gedəndən sonra Hacı Suat ona yenə dincəlməyi işarə elədi, özü də bayaqkı yerinə uzandı. Mürsəl haradasa bir saat da döşəmənin üstündə o tərəf bu tərəfə eşələndi.

Sonra belə "dincəlməyin" cəhənnəm əzabından təngə gəldi.

Camini tərk eləməyi və evə getməyi qərara aldı; indi yəqin ki, avtobuslar da hərəkətə başlamışdılar.

Mürsəl evə dönəndən sonra bir həftə xəstə yatdı: möhkəm soyuqlamışdı. Sağalıb ayağa durandan sonra camidə keçirdiklərini də yavaş-yavaş unutmağa başladı. Amma qış gələndə bir gün təsadüfən yenə onunla bir kənddə yaşayan türklərdən birinə rastladı. Həmin adam sürdüyü iri avtomobili saxlayıb, özündən əks tərəfdə olan qapını açdı və Mürsələ:

— Biz camiyə gedirik, gəl bərabər gedək, bu gecə Qədir gecəsidir, — dedi. — Səhər dördə qədər namaz qılınacaq, Çin köftəsi, sonra nə bilim nə kimi təamlar verəcəklər. Arvad-uşağı da özünlə götürə bilərsən, — bunu deyib, o başlarını maşının açıq pəncərəsindən bayıra çıxarmaq istəyən balacalara və arxada qürurla oturmuş çarşablı qadınına işarə elədi. – Bir də bilirsən nədir, səni camidəkilərin çoxu tanıyır: Hacı Suat, Hacı Nemət, hətta xocanın özü də. Bir də Xəlil deyə bir nəfər var, tez-tez camiyə gəlir. Bir kənddə yaşadığımızı bilirlər və görəndə həmişə səni soruşurlar. “O azəri qardaş” deyirlər. Hə, indi nədir, gedirsənmi? Uşaqları da götürsən yaxşı olar — hamınıza yer çatar. Pulsuz yemək verirlər, pisdi məgər?

Mürsəl cavabında:

— Yox, getmirəm, — dedi.

— Niyə axı, bəs soruşsalar nə deyim?

— Soruşsalar, de ki, mən keçən Qədir gecəsindən sonra hələ də tam sağalmamışam.

Kişi deyəsən Mürsəlin nə demək istədiyini başa düşmədi.

— Necə yəni sağalmamışam, nə olub ki, sənə, dəf kimisən.

— Sən onlara elə də, bəlkə başa düşdülər.

Türk, narazılıqla üzünü ondan döndərib, maşının qapışını bərk çırpdı və gücü gəldikcə qaz verib, sürətlə Mürsəldən uzaqlaşdı.

Bad Kamberq, 2002-ci il

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG