şənbə, May 28, 2016 Bakı vaxtı 19:59

    Verilişlər / Oxu zalı

    Məsumə Əhədova. Yağış duası

    Məsumə ƏhədMəsumə Əhəd
    x
    Məsumə Əhəd
    Məsumə Əhəd
    -

    Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


    Məsumə Əhədova


    Xoşbəxtliyin şəkli

    Qoy gedim, ana, çəkil yolumdan,
    Sənə, getdiyim yerlərdən
    Xoşbəxtliyin şəklini çəkib göndərəcəyəm,
    Xoşbəxt olacağam mən.

    Asarsan oturma otağında divara
    Bacımla oğlunun şəkillərinin yanına.
    Göstərərsən qohumlara, dosta-tanışa,
    Deyərsən ki, qızım çəkib,
    O xoşbəxtdir,
    Salamı var hamınıza.

    Bilirəm ki, anlamayacaqlar, ana
    Gözlərinə batacaq şəkildəki rəngarənglik də, qaranlıq da.
    Görməyəcəklər xoşbəxtliyin şəklindəki
    Sevinci, kədəri,
    Məğlubiyyəti, zəfəri,
    Dadmayacaqlar gülüş səslərini, göz yaşlarını,
    Peşmanlığı, cəsarəti, qorxunu və ümidi
    Eyni anda.
    Onlar yekrəngliyə inanan insanlardır, ana,
    Anlamayacaqsan sən də məni.

    Mən gedirəm, ana,
    Mən getməliyəm.
    Heç vaxt doğulmamış bil,
    “Öldü” de kim soruşsa,
    Ancaq mən getməliyəm.
    Sənə getdiyim yerlərdən
    Xoşbəxtliyin şəklini çəkib göndərəcəyəm,
    Xoşbəxt olacağam mən...


    Qar adamı (melanxolik uşaq şeiri)

    Qışda doğulmuşdu,
    Qışı sevirdi,
    Özü də qış kimi soyuq idi
    Qar adamı.
    Onu qışın ən şaxtalı çağında
    Sevgiylə düzəltmişdi
    Qartopu oynayan uşaqlar.
    Üşüyüb xəstələnməsin deyə
    Biri papağını taxmışdı başına,
    O biri əlcəklərini keçirmişdi budaqdan əllərinə,
    Bir başqası şərfini sarımışdı boynuna,
    Digəri də paltosunun düymələrini qopardıb
    iki göz,
    bir burun,
    bir gülən ağız düzəltmişdi
    Qar adamına.

    O qış başqa qışlardan daha uzun
    Daha şaxtalı,
    Qartopu oynayan uşaqların sevgisi
    Elə təbii və saf idi ki,
    Hər şeyin elə belə də qalacağına,
    Bu qışın heç bitməyəcəyinə inanmışdı
    Qar adamı.
    Hiss etməmişdi yazın gəldiyini,
    Günəşin onu yavaşca əritməyə başladığını.
    Və bir gün
    Əlcəklərini, papağını, şərfini, düymələrini götürüb
    Bir başqa fəslin oyunlarını oynamağa getmişdi
    Qışda qar topu oynayan uşaqlar.
    Üşümüşdü Qar adamı.

    Qışda doğulmuşdu,
    Qışı sevirdi,
    Bir yaz səhərində ölmüşdü
    Qar adamı...


    Gizlən-qaç

    "Gözlərini yum, yüzə qədər say" dedin.
    Tez-tez saydım əlliyə kimi
    Sonrasını beş-beş, on-on adladım.
    "Alma" desəm gəl, "armud" desəm qal,
    Axtardım səni skamyaların altında,
    Yarpaqların kölgəsində,
    Açılmamış güllərin ləçəklərində,
    Parkda gəzən insanların cibində
    axtardım səni, tapmadım.
    "Alma, alma" deyərək dolandım
    Birgə gəzdiyimiz küçələri,
    İtməyim deyə çörək parçaları tökdüm yoluma.

    "Almanı, almanı gördünüzmü?"
    Soruşdum səni keçid altındakı dilənçilərdən,
    Şirin pambıq satanlardan,
    Tərəziylə çəki ölçənlərdən
    Bütün şəhər səni soruşurdu bir-birindən
    Heç kəs görməmişdi almanı.

    Quşlar yemişdi yollara tökdüyüm çörək parçalarını,
    İtmişdim mən.
    İçimdə bir ümid, bəlkə ordasan deyə
    Yolu soruşa-soruşa qayıtmışdım səni itirdiyim yerə.
    Dişdəm vurulmuş armud var idi saymağa başladığım yerdə
    Göydə ay, yerdə mən-tək qalmışdıq.
    Gizlən-qaç oyun deyildi,
    Ulduzları da dərib özünlə aparmışdın.


    Yağış duası

    Çətiri açmadan əvvəl
    Əlimi açdım göyə,
    Damcılar ovcumu deşdi.
    Şəhərə yağış yağırdı,
    Kiminsə başına damcı tökülərək
    işgəncə verilirdi bəlkə indi haradasa.
    Yağış duası edən kənd camaatı sevinirdi,
    Başqa bir kəndi su basırdı bəlkə də.

    Bu şəhərdə asfalt rəngini dəyişirdi hər yağışda,
    Hava torpaq qoxurdu,
    Kiminsə çətiri tərs çönürdü,
    Gölməçəyə girirdi kimisi,
    Ayaqqabıdan sızan su isladırdı corabı,
    Nəmdən qabarırdı qızın saçları,
    Eynəkli kişi şəhəri damcılı görürdü eynək şüşələrindən.
    Yağış duası edirdi kəndimin ağsaqqalları
    Mən də palçıq olan yollarını düşünürdüm kəndimizin,
    O yollarda yıxılıb qalmış uşaqlığımı hər yağışda.

    Səkilərin altı dolu idi yağışın kəsilməyini gözləyənlərlə
    Mən də onu gözləyirdim
    Yağışın altında, əlimdə çətir.
    Vacib görüşüm olmasaydı, islanardım mən də
    Zəhləm gedir çətirdən, özümü yağışdan qorumaqdan,
    Saçlarımın qabarmasından da zəhləm gedir görüş qabağı.
    Yağış duası edirdi kəndimin ağsaqqalları.
    Vedrə-vedrə su boşaldırdı evlərindən qonşu kənddə insanlar,
    Kiminsə başına damcı tökülərək işgəncə edilirdi bəlkə indi haradasa,
    Sanki beynim dağılırdı içəridə
    Vacib görüşüm var idi.


    "Tarqovı"dan insan mənzərələri

    Orada tərəziylə insanların çəkisini ölçərək pul qazanan qoca kişi var idi. Elektron, danışan, nəinki çəkini, həmçinin boyu da ölçən alətlərin yayılmasıyla onun müştəriləri azalmışdı, amma o yenə də tərəzisini götürüb Tarqovıya gəlirdi. 20 qəpikdən çəkirdi və mən onun tərəzisindən həmişə kədərli ayrılırdım.
                                                      
    ***

    Çox vaxt evimizlə məktəb arasında dilənən qoca bir qadın var idi. Məktəbdə yoxlama işi, imtahan olanda anam ona nəzir verirdi, mən də hamısından yaxşı qiymətlər alırdım. Bir dəfə hansısa jurnalda şəkilləri çıxmışdı. Və bir dəfə o tamamilə yox olmuşdu. Çox qoca idi... Daha sonra onun yerində başqa qoca qadın dilənməyə başlamışdı. Bəlkə də bacısı idi, ona çox oxşayırdı. Onun kimi çox qoca idi.
    Yeni Ulduz yarışmasında iştirak edən Rəcəb Musayev üçün də ona nəzir vermişdik (konturla səs vermək yerinə) və o qalib gəlmişdi. Rəcəb keçən il öldü, kədərləndim.
                                                      
    ***

    Tarqovıda qəzet satan bir rus kişi var idi. Bir ayağı şikəst idi. Ondan həmişə "Supermarket" qəzeti alırdıq. O vaxtlar hələ televizora baxır, izləmək istədiyimiz veriliş və filmlərin altından xətt çəkir, eyni sualların fırladılıb verildiyi krossvordları açırdıq.
                                                      
    ***

    Keçid tərəflərdə tütək çalıb dilənən balaca Musa var idi. Azadlıq radiosunda müsahibəsini dinləmişdim. Daha çox Rəqsanənin "Bivəfa" və "İnanımmı?" adlı mahnılarını çalırdı. Xalaqızım Jalə ilə tarixdən hazırlığa gedəndə onu tez-tez görürdük. Yeni il ərəfəsində şaxta baba paltarı geyinmişdi. Yəqin indi böyük oğlan olub.
    Hələ o vaxt ağzında qızıl diş var idi. Anam deyirdi ki, bütün dilənən qaraçılar əslində çox varlıdırlar.
                                                     
    ***

    Orada zaman və məkanla ayaqlaşa bilmədiyi üçün beynində qurduğu paralel dünyaya sığınan bir qız var idi. Artıq orada deyil.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Cavid Haradan: Baki
    17.03.2013 00:08
    Masume Ahadin yazdiqi eserleri oxuduqca Suleyman Rüstemin "Ana ve Poctalyon" ,Ali Kerimin "Mücrü" (bir kino film de bu esere cekilib) ve Tofiq Bayramin "Vaqzali" eserlerde-sherlerdeki orijinalliqlari,tabiilikleri ,hayatiliyi hiss etdim.Azerbaycan adabiyyatina yeni desti-xettli genclere ahsen,eshq olsun!!!!!!

    Kimdən: Shahverdi Ahadov
    16.03.2013 12:30
    Uqurlar arzulayiram ve yeni eserlerini gözleyirem....