Keçid linkləri

Təcili xəbərlər

Dövlətin semantik gücü


Professor Niyazi Mehdi.
Professor Niyazi Mehdi.
-
Semantikaya bir açım

Biz, - ancaq təkcə biz yox, elə bizim hökumət də, - siyasəti düşünəndə çox fizikalist oluruq. Şahmat partiyasında hərəkət edən fiqurlar kimi tankların, pulların, davranışların hərəkətinə təkcəcənə siyasi gerçəklik kimi baxırıq, əvəzində mənaların hərəkətini irrelevant, yəni siyasətə dəxli olmayan sayırıq. Mən öncələr söylədiyimi bir də deyim: məna fiziki olan, yəni görünən, toxunulan, dadılan və qoxulanan nəyinsə bildirdikləridir.

Yeniyetmələrin çoxu gülab qoxusuna ikrah edirlər, çünki yasda paylandığı üçün ölümü bildirir. Deməli, bu halda gülab qoxusunun anlamı, mənası yas olur. Hamımıza gənclikdə hüzr yerində aş yemək dözülməz idi, çünki onun dadına hüzrün mənaları qatılmışdı. Yalnız yaşlandıqca plovun dadı qayıdır və hüzr anlamlarından arınır.

Bu söylədiklərim qoxuların və dadların semantikasına aiddir. Yeri gəlmişkən «semantika» işarələrdə, bildiricilərdə mənalar dünyasını, mənalar planını, qatını bildirir.

Geyim semantikası

Bir vaxtlar Rusiyanın Baş nazir müavini olmuş Boris Nemsov Heydər Əliyevi qara pencəkdə və həyasızcasına ağaran şalvarda qarşılamışdı. Ekspertlər həməncə bu jestin mənasında qonağa nəsə vecsizlik görmüşdülər. Düzdür, yalan-doğru Nemsov bunu qəfil tapşırıqdan sonra yoldan dönüb aeroporta getməsi ilə izah etmişdi. Ancaq Allah bilir.

Hər halda Victor Chernomyrdin (Çernomırdin) Baş nazir olanda Litvadkı bir rəsmi tədbirə frakda yox, adi paltarda, qalstuksuz qatılanda bunu «tədbiri saymamaq» semantikasında yozmuşdular.

Dövlətin gücü

Bütün bunları nə üçün yazdım? Onun üçün ki, dövlətin gücü deyəndə adamlar fizikalistcəsinə hərbini, iqtisadi varın yüksək dərəcəsini bilirlər. Mən isə demək istəyirəm ki, dövlətin gücünə həm də onun semantik gücü daxildir.

Bu semantik gücün bir kəsimi raketlərin-tankların gücündən toparlanır. Ancaq o biri kəsimi dövlət haqqında sör-söhbətlərdən, dedi-qodulardan, Piar aksiyalardan törəyir.

Samuel Huntington (Samuel Hantinqton) yazmışdı ki, güc adamın və ya qrupun başqa adam və ya qrupun davranışını dəyişdirə bilmək bacarığıdır. Baxın Rusiyanın Qaqazda, Orta Asiyada siyasətinə. Hamısında ölkələri öz istəyinə uyğun davranmağa zorunlayanda hər yerə göstərmək istəyir ki, gücü var. O zaman ki, bunu edə bilmir, gücünə quşqular yaranır.

Ona görə də, tutalım, Azərbaycanda Xəzərlə, neft və qazla, Gürcüstanla, Qəbələ ilə bağlı sözü keçməyən anlarda güc kimi gözdən düşmək qorxusu ilə rastlaşır.

Dövlətin semantik gücü

Dövlətlər öz mübarizələrində təkcə fiziki bilintisi olan gücləri hərəkətə gətirərək nəsə yapmırlar. Onlar həm də semantik gücləri ilə manevr edirlər, bir mənaya başqa mənaları qatmaqla gücə güc qatmaq effektini alırlar.

Ölkənin semantik gücünün dəhşətli önəmi var. Yada salın qoçuları. Onlar ilkində ad çıxaran işlər görməliydi. Bu dönəmdə sözünü saymayanı döyməli, əzməli idi. Sonrakı dönəmdə ad çıxardığı üçün day semantikası (sözü, əmri) bəs edir ki, əməl etsinlər. Deməli, semantik gücü şərait yaradır ki, daha fiziki əziyyət çəkməsin!

Oğru başlarının, lotuların bir-birini öldürməsinin semantik funksiyası var. Onlar təkcə qazanc yerlərinin təzədən bölmək üstündə savaşmırlar. Yeni lotu əvvəlkinə qiyam qaldırır ki, göstərsin: onun semantik gücü əski xidmətlərindən qalmadır, indi fiziki fundamenti yoxdur. Artıq, sözlə dünyanı fırlatmamalıdır.

Xərcsiz (müftə) işləyən güc

Qərb Soyuq savaşı udandan sonra dünyada böyük semantik güc qazanmışdı. Soyuq savaşı udmaq üçün Koreyada, Latın Amerikasında, Vyetnamda davalar apara-apara elə bir zirvəyə qaxdı ki, day, tank yanacaqlarına, sualtı qayıqların manevrinə milyonlarla pul xərcləmədən prezidentlərin, dövlət katiblərinin yanacaqsız hərəkət edən sözü ilə kimlərinsə özünü yığışdırmasına, atışmanı dayandırmasına nail oldu.

Ancaq yeni fiziki olaylarla möhkəmləndirilməyəndə bu semantik güc azalır və hətta blef kimi görünməyə başlayır. Bax, bu zaman Qərb, konkret - Amerika yenidən hərbi aksiya etməli olur ki, başqalarının gözündə semantik gücü bərpa olsun və yenə dünyanı semantika ilə fırlatsın.

İraq savaşı təkcə neftlə bağlı deyildi. ABŞ duyurdu ki, çevrəsində, day, onun gücünü unutmağa başlayıblar, ona görə də sözünü az sayırlar. Nəsə bir savaş gərəkdir ki, uçaqlar uçşun, nöqtə-nöqtə bombalasın ki, yenidən Rusiya, İran, Çin, Quzey Koreyanın gözündə semantik güc qazansın və bunun sayəsində ciddi maliyyə sərf etmədən dünyanı bəyanatla idarə etsin.

Bax, dünyaya bu ölçülərdən yanaşanda Azərbaycanla ilgili bir nəsnəni görürsən. Onun iqtisadi varı elə deyil ki, ciddi semantik güc yaratsın. Ölkənin demokratik imici semantik güclərdən biridir. Saakaşvilinin o gücdən necə bəhrələndiyi yaxşı bəllidir. Ancaq İvanaşvili hakimiyyəti belə görünür ki, bu semantik gücü Gürcüstandan almaqdadır.

Azərbaycan hakim elitası ölkə içində yalnız əzmək, tutmaq gücünü bacarır. Bu isə heç bir hakimiyyət üçün böyük şey deyil. Hakimiyyətin mənəvi nüfuzu yüksək olanda semantik güc qazanır və bu guc türmələrdən, polis dəyənəyindən daha yaxşı işləyir. Bizdə hakim elita heç cürə nə içəridə, nə dışarıda semantik gücün nə olduğunu yaxşı mənimsəməyib. Semantik güc ona boş şey kimi görünür.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG