Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:14

«Bizi rezin dəyənəklə, yumruqla, təpiklə vururdular»


İsmayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir
İsmayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir
– Deyirlər Bakıya aparılanlara dəhşətli işgəncələr verirlər. Deyilənə görə, tutulanlardan birinin ayaqlarının altına o qədər vurublar ki, xəstəxanalıq olub...

– Deyirlər tutulanların paltarını çıxarıb zirzəmiyə salıb döyüblər. Qışqırtıları çölə çıxırmış. Danışırlar ki, İsmayıllı polisi heç nə eləməyib. Ancaq Bakıdan gələnlər döyüblər...

Adının çəkilməsini istəməyən İsmayıllı sakinlərinin fikrincə, indi rayonda hamı tutulanlardan, onlara verilən işgəncələrdən qorxa-qorxa danışır.

«SİNƏMƏ VURULAN ZƏRBƏLƏRDƏN SONRA ÇƏTİN NƏFƏS ALIRAM»

29 yaşlı İsmayıllı sakini Tural Umudlunun dediyinə görə, onu yanvarın 24-də yolda tutublar. Daha sonra polis bölməsinə aparıblar:

«Məni döyə-döyə polis bölməsinə apardılar. Bizi bir otağa saldılar. 10 nəfər idik. Çevik Polis Alayının əməkdaşları töküldülər üstümüzə. Bir-bir hamımızı vəhşicəsinə döydülər. Yerli polisdən bizə əl qaldıran olmadı. Bizi döyən, işgəncə verən Çevik Polis Alayının əməkdaşları idi. Rezin dəyənək, yumruq, təpik... Onlar yetişdirilmiş idmançılar idi. Onların necə döyməsini təsəvvür edin. Axşam saat 9-dək bizi polisdə saxladılar. 9-dan sonra polis şöbəsinin arxa qapısından çıxarıb UAZ markalı polis maşınına doldurdular. 9 nəfəri ayaq üstə, əyilmiş vəziyyətdə Göyçay KPZ-ə apardılar. Sinəmə vurulan çoxsaylı yumruq zərbələri nəticəsində bu dəqiqə nəfəs almaqda çətinlik çəkirəm».

Tural Umudlu 400 manat cərimə olunandan sonra buraxılıb.

İsmayıllı sakini Rəhim Faktiyev də yanvarın 24-də tutulubmuş. Axşam onu buraxıblar. Rəhim deyir ki, yerli polisdə onu incitməyiblər. Ancaq yolda vurublar:

«Məni qapımın ağzında tutmuşdular. Uşağın ardınca küçəyə çıxmışdım. Gözyaşardıcı qazdan istifadə edirdilər. Aparanda mənə işgəncə verdilər, vurdular. Ancaq polisdə incitmədilər. Məni vuran gəlmə polislər idi. Öz rayonumuzun polisləri heç nə etmirdilər».

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev bildirir ki, onlara İsmayıllıda tutulanlara işgəncə verilməsi haqqında məlumatlar gəlir:

«Məlumatların nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmağa ehtiyac var. Ümumiyyətlə, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində belə təcrübə geniş yayılıb. Tutulanların bir hissəsinin də həmin idarədə saxlanması haqqında məlumat var. Təəssüf ki, onların nə yaxınlarına, nə də vəkillərinə məlumat verilmir. Ona görə hesab elədik ki, bir qrup ictimaiyyət nümayəndəsi bu məsələləri yerində araşdıraq».

İsmayıllı, 25 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
DİN: «DÖYÜLƏN VARSA, MÜRACİƏT ETSİN»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polisin tutulanlara işgəncə verməsini yalanlayır:

«Polis adamları niyə döyməlidir ki? Polis ictimai asayişi mühafizə edib, qoruyub. Bir qrup adamın asayişi pozmağa yönəlmiş cəhdinin qarşısı alınıb. Döyülməni təkzib edirəm. Kimlərinsə orada polis tərəfindən döyülməsi barədə hər hansı bir müraciət daxil olmayıb. Döyülən adam varsa, müraciət etsin, araşdıraq».

Tural Umudlu döyülməsi haqqında məhkəməyə, prokurorluq orqanlarına məlumat verdiyini söyləyir, ancaq şikayətinin araşdırılacağına inanmır.

İsmayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir. Yerli icra orqanlarının nümayəndələri ən çoxu 30 adamın tutulduğunu deyir. Qeyri-rəsmi məlumatlar görə, azı 100 adam saxlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirdilər ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində soruşdurma aparılır. Saxlananlar haqqında yeni məlumat yayacaqlar.
XS
SM
MD
LG