Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:32

«Neftçi» Avroliqada özünü necə göstərdi?


«Neftçi» - «Rubin» oyunu
«Neftçi» - «Rubin» oyunu
-
Avropa Liqasının qrup mərhələsinə qatılan «Neftçi» komandası Milanın «İnter» klubu ilə xalları bölməyə nail olub. Dekabrın 6-da Milanda, «Giuseppe Meazza» stadionunda keçən oyun 2-2 hesabı ilə bitib. Meydan sahibləri iki dəfə hesabda irəli çıxsalar da, bakılılar cavab topu vuraraq məğlubiyyətdən yaxa qurtara biliblər.

Xeyli vaxtdır «Neftçi»yə azarkeşlik edən Bakı sakini Emil Quliyev bu nəticəni müsbət dəyərləndirir. Onun fikrincə, «Neftçi» əzmkar oynayıb və 2-ci yarını əsas götürsək, «İnter»i 2-1 hesabı ilə yenib:

««İnter»in ikinci və ya neçənci heyətlə oyuna çıxması öz işidir. Bir az təcrübəsi olan azarkeş kimi deyə bilərəm ki, «Neftçi»nin son oyunu mənə çox yaxşı təsir etdi. Xüsusən ikinci hissə. Bu Avroliqa mövsümünü «Neftçi» yaxşı notlarla başa vurdu».

MÜSTƏQİLLİK TARİXİNDƏ İLK DƏFƏ

Emil Quliyev deyir ki, elə «Neftçi»nin Avroliqanın qrup mərhələsinə çıxması artıq uğur saymaq olar. Axı, bu, Azərbaycanın müstəqillik tarixində ilk dəfə baş verib. Amma sonradan «Neftçi»nin səfərdə «Partizan»la (Belqrad) heç heçə oynaması azarkeşləri daha da iştahalandırıb. O hesab edir ki, futbolçuların fiziki hazırlığı qrup mərhələsindən öncəki səviyyədə olsaydı, sevimli komandası daha yaxşı nəticə göstərə bilərdi. Azarkeş bu zəifliyi futbol mövsümünün artıq arxada qalmasına bağlayır.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu da «Neftçi»nin səfərdə əldə etdiyi nəticəni yüksək dəyərləndirir:

«Neftçi» - «Rubin» oyunu
«Neftçi» - «Rubin» oyunu
«Bu, çox böyük yükşəlişdir. Təbii ki, Azərbaycan futboluna vaxtında ayrılan və indi də davam edən yatırımların nəticəsidir».

AFFA sözçüsünün fikrincə, belə nəticələr varsa, deməli, inkişaf yüksələn xətt üzrə davam edəcək.

«KLUBLARIMIZ HƏLƏ 4 İL ÖNCƏ QRUP MƏRHƏLƏSİNƏ ÇIXMALI İDİ»

«Futbol +» qəzetinin baş redaktoru Mahir Rüstəmov da Avroliqanın qrup yarışmasında debüt edən «Neftçi»nin oyununa olumlu baxır. Amma düşünür ki, Azərbaycanda futbola çəkilən xərclərin müqabilində «Neftçi» və digər klublar daha yüksək nəticələr qazanmalı idi:

«Futbola xərclənən pulların həcminə görə Azərbaycan MDB məkanında ilk beşlikdə yer tutur. Eləcə də Avropa ölkələrinin bir çoxu ilə müqayisədə Azərbaycan futbolunda daha böyük pullar var. 2003-cü ildən bəri Azərbaycanda futbola ümumilikdə xərclənən pulları nəzərə alsaq, əlbəttə ki, nəticələr indikindən daha yaxşı olmalı, klublarımız hələ 3-4 il öncə Avroliqanın qrup mərhələsinə çıxmalı idi. Beləcə, Çempionlar Liqasının qrup mərhələsinə düşmək daha real görünəcəkdi. Bu mənada Azərbaycanda futbola xərclənən pullarla nəticələr adekvat deyil».

«Neftçi» Avroliqanın «H» qrupunda yarışaraq 6 oyundan 3 xal qazanıb. Həmin qrupdan İtaliyanın «İnter» və Rusiyanın «Rubin» (Kazan) klubları növbəti mərhələyə çıxıb.
XS
SM
MD
LG