Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:27

Bünövrəyə uşaq hörərdilər... Seyfəddin Hüseynlidən esse


Seyfeddin Huseynli
Seyfeddin Huseynli
-

...bünövrəyə mütləq bir uşaq hörmək lazımdı!..

…Rəvayətə görə, Kopenhagenin qala divarları çox davamsızmış, hər dəfə yenidən tikilsə də, tezcə uçub-tökülürmuş...



Seyfəddin Hüseynli


BÜNÖVRƏ QURBANLARI

(ESSE)

«1843-cü ildə Almaniya əyalətlərinin birində inşa olunan körpünün təməli qoyulanda əhali arasında pıçhapıç düşmüşdü: bünövrəyə mütləq bir uşaq hörmək lazımdı!..

…Rəvayətə görə, Kopenhagenin qala divarları çox davamsızmış, hər dəfə yenidən tikilsə də, tezcə uçub-tökülürmuş. Axırda balaca, məsum bir qız uşağını - oturub yemək yediyi, oyuncaqlarıyla oynadığı kiçik masa ilə birgə – aparıb divarın bünövrəsinə qoyurlar, 12 nəfər usta bir anda onun ətrafını hörüb qaldırır. Bunun ardınca gur musiqi sədaları altında tikintisi davam etdirilən divarlar sonralar uzun zaman öz möhkəmliyini qoruyur.

İtalyanlara aid bir rəvayətdə isə, Artu üzərindəki körpünün tez-tez dağıldığı, ancaq bünövrəsinə ustalardan birinin hələ çox gənc olan arvadı hörüləndən sonra yerində davam gətirib durduğu bildirilir.

Bütpərəstlik dövründə slavyan knyazları qala tikdirəndə ətrafa xüsusi adamlar göndərər, onlar rast gəldikləri ilk oğlan uşağını tutub gətirər, ustalar da həmin «şikar»ı tikintinin bünövrəsinə hörərmişlər.

Vortigern haqqında ingilis əfsanəsində söylənilir ki, qalanın bir bürcünü heç cür tikib tamamlaya bilmirmişlər, nəhayət, atasız bir uşağı tutub qurban kəsiblər, qanını bünövrəyə axıdıblar, bunun sayəsində işi yekunlaşdırmaq mümkün olub...

…Məbəd, qala, körpü kimi mühüm tikililərin möhkəmliyi üçün bünövrəsinə diri uşaqları hörməyin, yaxud da oraya insan qanı axıtmağın Avropa xalqlarının inancları sırasında xüsusi yeri olub. Bu inancın praktik həyatda da öz əksini tapdığını, tarixi faktlara çevrildiyini yerli salnaməçilərin yazdıqları da, nəsildən-nəsilə ötürülən hekayətlər də təsdiqləyir…»

(Edvard Taylor (Edward Tylor). «İbtidai mədəniyyət»).

* * *

Aradan bir belə vaxt ötəndən sonra təsəllimiz bircə bu ola bilərdi: guya «ibtidai mədəniyyət» gedib, «ali mədəniyyət» gəlib…

* * *

…Ədəbiyyat bir az məbəd sayılır, bir az qala, bir az da körpü. Xüsusən, bizdə – Azərbaycanda. Nədənsə, bizim pəncərəmizdən ədəbiyyat qəribə bir müstəsnalıq daşıyan “möhtəşəm mənəvi abidə”, “əsrarəngiz ruhi memarlıq nümunəsi” kimi görünür.

Vaxt olub ki, gözdən düşüb, tərk edilib, yiyəsizləşib, xaraba qalıb... Ancaq hər dəfə də yenidən yiyə duranı tapılıb, boş qalmayıb, dikəldilib, dirçəldilib.

Nələrin bahasına, kimlərin hesabına? Təkcə keçən əsrin – 20-ci yüzilliyin tarixi təcrübəsi də bəsdir cavab üçün: bir çox vacib dəyər bahasına, yüzlərlə, bəlkə də minlərlə canın – qurbanların hesabına!

«Yeni ədəbiyyat yaranır (yaradırıq), «Ədəbi mühitə təzə nəsil gəlir (gətiririk) - belə-belə niyyətlər üçün verilib o canlar - qurbanlar.

«Ədəbiyyatda yeni meyllər formalaşır (formalaşdırırıq);, «Ən güclü, təmiz dalğa bir azdan gələcək, bu indikilər heç!» - kimi məramlar uğrunda «nə günəşlər batıb», talelər qaralıb, ömürlər puç olub!

İstər məbəd bəllənsin ədəbiyyat, istər qala, istərsə də körpü: bünövrəsinə qurbanlar atılıb, insanlar hörülüb, qanlar axıdılıb. Çoxu da cavan qurbanlar, gənc insanlar, qızıl-qırmızı qanlar. Oyuna düşənlər, boyundan ilişənlər, ürəyini «söz» deşənlər, kiminsə «sirr»ini açanlar, kiminsə girinə keçənlər.

Dəyərlər yaradılmalı, dəyərlər ucaldılmalıykən, dəyərlər ayaqaltı olub, biədəbliklər ehkama çevrilib bu məbəd bəllənən ədəbiyyatda. Dəyərlilər üzüaşağı atılıb – başdan edilib, dəyərsizlər üzüyuxarı dırmaşdırılıb - başa çıxarılıb bu qala kimi, saray kimi görünən ədəbiyyatda! Bu, körpü sayılan ədəbiyyatda mərdlərə badalaq verilib – haqları yeyilib, namərdlər üçün xalı sərilib – «buyur-buyur» deyilib.

Hər dəfə “yeni ədəbiyyat gəlir” deyiləndə belə olub. Çox uzaqlarda nə işimiz: elə budur-burda – XX-nin 20-30-larında da beləymiş, 50-60-larında da. Kimlərisə bünövrəyə atıblar, kimlərsə də özləri atılıblar. Hər halda, belə yazılır, belə deyilir, belə bilinir.

* * *

İndimizdə bəs? «Köhnə idarəmiz durur». Bünövrə yeni canları, növbəti qurbanları udmaqda, təzə-təzə qanların tamını dadmaqdadır. Halal-xoşu, nuş-canı olmasın heç!

* * *

Haşiyə -1:

“Türingiyalılara aid bir rəvayətdə deyilir ki, Libenşteyn qəsrini tikənlər “qalanın möhkəmliyi, alınmazlığı naminə” bir uşağı öz anasından xeyli pul bahasına alıb, tikintinin bünövrəsinə qoydular. Bənnalar uşağın ətrafını hörməyə başlayanda o, piroq yeyirmiş. Birdən anasına tərəf boylanıb səslənir: «Ana, mən səni burdan da görə bilirəm!» Bir qədər keçir, uşaq bu dəfə qışqırır: «Ana, indi mən səni lap azca görürəm!» Ustalar axırıncı daşları da hörgüyə qoyurlar, uşağın boğuq çığırtısı eşidilir: «Ay ana, mən daha səni görə bilmirəm, axı!...»

(Edvard Taylor. «İbtidai mədəniyyət»);

Haşiyə-2:

«…Ta mənə Günəşdən pay düşməz, ana,
Qoy sənin kölgənə qısılıb ölüm.
Dolandım dünyanın dörd bir yanını,
Gəlim, ayağına yıxılıb ölüm…

…Ay ana, hayana üz tuturamsa,
Bədbəxtlik dalımca elçi yollayır.
Mən hansı budağa əl atıramsa,
Dar ağacı olub, kəndir sallayır…

…Dörd fəsil ömrüm var - dördü də payız.
Bax, sonra demə ha: «Saraldı, getdi!»
Bir gün soruşarsan: «Hanı o baxtsız?»,
Deyərlər: «Ay xala, dərd aldı, getdi!»


(Fərid Hüseyn. «Təbriz zindanında yazılmış şeirlərdən»)

* * *

Bəlkə ədəbiyyata heç məbəd deməyək, qala da, körpü də deməyək?! Bəlkə ədəbiyyatı eləcə, doğrudan-doğruya, fahişə adlandıraq?! Məbədə də, qalaya da, körpüyə də asanlıqla yol tapan, yaxud «yola çıxan», bunların hər üçündə rahatca «yuva yapan», ya da yuva yıxan fahişə deyək bəlkə ədəbiyyata?! Təməlinə də görə, əməlinə də görə...

Haşiyə – 3:

«O gün bizi bəlkə də adicə bir məişət faktı… biri-birimizdən ayırdı, ancaq bu, hələ ayrılığın özü deyildi. Və heç sonralar da bəlkə məişət, həyat fərqləri bizi biri-birimizdən heç vaxt ayıra bilməzdi. Di gəl ki, ƏDƏBİYYAT adlı o «gəzəyən gözəl» yamanca aramıza girə bildi. Və «Ədəbiyyat» adlı o fahişənin yolunda, sən özün də bilirsən ki, mən nə qədər dost itirmişəm.

- Eheyy, eşidirsənmi?!...»


(Əkrəm Əylisli. «Əylisdən Əylisəcən»)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG