Keçid linkləri

Təcili xəbərlər

Rusiyanı nə gözləyir?


Rusiya və ABŞ bayraqları
Rusiya və ABŞ bayraqları
Bu, heç də ritorik sual deyil. Təbii ki, o, Putin faktorunun və qaz «bumu»nun fonunda bir qədər inandırıcı təsir bağışlamır. Amma bu son zamanda qonşu Ukraynada rus dilinə dövlət dili statusu verilməsi faktını nəzərə almasaq, son vaxtlar MDB–də yalnız geriləmə hiss olunur. MDB-nin tədbirləri oyatdığı marağa görə hətta dünyanın mədəni institutlarının da yarada bildiyi maraq qədər deyil. Uzağa niyə gedirik. Qəbələ RLS-i ilə bağlı Azərbaycanla aparılan danışıqlar hələ ki, heç bir parametr üzrə alınmır. Ruslar müqaviləni bir neçə on il üçün, Azərbaycan isə bir neçə il üçün imzalamaq istəyir. Digər bir məsələdə – icarə haqqı məsələsində də hələ heç bir razılıq yoxdur. Lakin artıq bu il köhnə müqavilənin də müddəti bitir. Beləcə, indi artıq o dövrdür ki, dövlət başçıları MDB–nin tədbirlərindənsə London olimpiadasını seyr etməyə üstünlük verirlər.

MƏRKƏZİ ASİYA NƏZARƏTDƏN ÇIXIR?

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxandan sonra sanki rusiyalı analitiklər bu ölkəni və bu regionu təzədən kəşf ediblər. Bunu anlamaq mümkündür. İndi onları bir sual düşündürür. Məsəl var, deyirlər ki, müqəddəs yer boş qalmır. Onlar da indi baş sındırırlar ki, görən, o regionda Rusiyanın boşalmış yerini kim tutacaq? Boşalmış yerdə isə indi bircə siyasi vektor var – o da ABŞ-dır. Rusiyanı da narahat edən budur. Mənim isə bu məsələyə maraq göstərməyimin səbəbi budur ki, o region əvvəllər MDB-nin sarsılmaz qalası hesab olunurdu. İndi orada mərkəzdənqaçma meyllərinin baş qaldırması Rusiyanı MDB-nin lap ilkin formatına – slavyan ölkələrinin birliyinə qaytara bilər. Bu, isə Rusiyanı əhatə edən çətirin daralmasına daha bir təkan verə bilər. Artıq qeyd etdiyimiz kimi, indi regionda fəal vektor ABŞ hesab edilir.

Bunun isə təkcə diplomatik deyil, həm də ciddi siyasi və hərbi nəticələri ola bilər. Rusiya Mərkəzi Asiyaya tək öz nüfuz sferası kimi yox, həm də böyük hərbi bazar kimi baxır. Rusiyalı təhlilçilərin yazılarından belə bir nüansı hiss etmək mümkündür ki, bu ölkə məhz həmin bazarın onun əlindən çıxmasını arzulamır. Amma proses yavaş-yavaş gedir. ABŞ öz maraqları üçün olsa da Mərkəzi Asiya ölkələrinə çoxlu silah-sursat yığır. İstisna olunmur ki, əfqan epopeyası bitəndən sonra bu silahlar təmənnasız olaraq region ölkələrinə veriləcək. Artıq o vaxt köhnəlmiş Rusiya silahlarına ehtiyac olmayacaq. Bir məsələ də var ki, Mərkəzi Asiyanın ABŞ-ın maraq dairəsinə daxil olmasının hətta Cənubi Qafqazdakı geosiyasi teatra da təsiri ola bilər. Əvvəllər məsələ bir qədər fərqli şəkildə nəzərdən keçirilirdi. Politoloq Z. Brzezinski bu regiona Qafqazdan daxil olmağı məsləhət görürdü və Azərbaycanı bu məsələdə çox ciddi amil kimi dəyərləndirirdi. Amma hadisələr elə gətirdi ki, ABŞ regiona köməkçi faktor olmadan, birbaşa daxil oldu. İndi əks əlaqə daha çox maraq kəsb edir. Söhbət ABŞ-ın regionda güclənməsinin Cənubi Qafqaza da təsiri haqdadır. Bu yaxınlarda belə xəbər yayıldı ki, ABŞ Azərbaycanın dəniz boyu sərhədlərini hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətini izhar edib. Bu, o deməkdir ki, artıq Xəzər regionu da ciddi hərbi-siyasi teatr kimi formalaşmağa başlayır. Ümumiyyətlə, ABŞ-ın Mərkəzi Asiyada özünü təsdiq etməsi iki amildən asılıdır. Bu amildən biri yerli, digəri isə regional və məhəlli xarakter daşıyır. Yerli amil sadədir. Məsələ bundadır ki, ölkələrində özlərini feodal kimi hiss edən bəzi dövlət başçıları belə bu dünyanın siyasət teatrında özlərini aciz, kimsəsiz hiss edir və daim hami axtarışında olurlar.

Bu axtarışlar da onları dünyanın real güc sxeminə uyğunlaşmağa vadar edir və reallıqla hesablaşmağa məcbur edir, hətta o reallıqlar özəl siyasi maraq hüdudlarından kənara çıxsa da.

RUSİYANIN 5 İNKİŞAF SXEMİ

Mərkəzi Asiya ölkələrini, eləcə də bəzi digər dövlətləri indi yeni hami, ya da etibarlı dayaqlar aramağa vadar edən ciddi amillərdən biri də Rusiyadır. Bu ölkələrin daxili transformasiyası da, geosiyasi orientasiyası da çox mühüm bir şəkildə Rusiyadan asılıdır. Rusiya və onun gələcəyi ilə bağlı isə dəqiq və ciddi təxminlər yoxdur, yalnız ehtimallar var. Almaniyalı politoloq A. Rar bu ölkə ilə bağlı 5 ehtimal söyləyib.

Birincisi. Hər şey olduğu tək qalır, Rusiyada rejimlər bir-birini əvəz edir və bu ölkə indiki kimi öz ətrafına narahat anlar yaşadır.
İkincisi. Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələri Avropanın bir hissəsinə çevrilir. Mərkəzi Asiyanın bir hissəsi Çinin, digər isə Orta Şərqin təsiri altına keçir.

Üçüncüsü. Rusiya slavyan ittifaqı hüdudlarında və yaxud da Qazaxıstanla Avrasiya İttifaqı çərçivəsində öz nüfuzunu qismən bərpa edir.

Dördüncüsü. Rusiya Avropa Birliyinin və NATO-nun üzvü olur, öz təsirini demokratik çərçivəyə salmağa başlayır və sonuncu qurumda Fransanın və Böyük Britaniyanın oynadığı rola bənzər yol oynamağa başlayır.

Beşincisi. Rusiya 20 kiçik dövlətə parçalanır və siyasət səhnəsindən silinir.
Bu beş sxemdən hansı gerçək olacaq? İndi bunu birmənalı şəkildə demək o qədər də asan iş deyil. Amma mümkün ssenarilərdən bir nəticə hasil etmək olar. Bu da odur ki, Rusiyanı artıq böyük və fövqəldövlətə çevirmək imkanı çox azdır. Ssenarilərdə bu perspektiv tam istisna olunmur. Lakin hətta belə bir hal baş verərsə onun məhdud çərçivədə mümkünlüyü güman edilir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG