Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

«3 nəfər tələb edir ki, səni 5 manata satım»


14 yaşlı Aliyə
14 yaşlı Aliyə
-
«Mənə dedilər ki, səni satın almaq istəyirlər. Dedim ki, kim, niyə? Dedilər ki, barmen stolunun yanında 3 nəfər dayanıb və tələb edirlər ki, səni 5 manata satım. Mən qorxdum və klubun mətbəxində oturub gözlədim. Onlar hələ də dayanıb barmendən məni tələb edirdilər. Amma barmen satmadı məni».

14 yaşlı Aliyə (ad şərtidir) insan alveri qurbanına çevrilmənin bir addımlığından geri qayıdıb.

Aliyə Türkiyədə doğulub. 1 yaşındaykən anası onu Bakıda bir ailəyə verib, yenidən Türkiyəyə yollanıb. Aliyə 8 yaşına çatanda, qəfil telefon zəngi ilə xəbər tutub ki, illərdir yaşadığı ailə onunku deyil:

ANCAQ EV VƏ DİVARLAR

«Mənim 14 yaşım olanda, mənə baxan ailə dedi ki, məni xalamın yanına göndərirlər. Getmək istəmirdim. Gedəndən sonra qalmaq istəmirdim. Hər dəfə ağlayırdım. Onunla özümü yaxşı hiss eləmirdim. İlk gəldiyim gündən mənə xəbərdarlıq etdilər ki, heç yerə çıxmamalıyam, heç bir dostum olmamalıdır. Heç nə, ancaq ev və divarlar».

Aliyə bir də xəbər tutur ki, yaxınlıqda dayısıgil yaşayır. Onun ailəsi ilə tanış olandan sonra uşaq sevinir və gizlicə qaçır dayısıgildə yaşamağa. Amma bu uşaqlı-böyüklü, hay-küylü ailə mühitinin də ömrü uzun çəkmir. Dayıdan əmr gəlir: «Xalanın yanına qayıtmalısan».

Xoş-naxoş Aliyə üz tutur xalasının yanına, xala isə ona gəldiyi qapını göstərib evdən çıxmağı göstəriş verir:

«Mənə bir kağız və qələm verdilər. Dedilər ki yaz: «Mən gedirəm. Əgər küçədə də qalsam, nə xalanın, nə dayının yanına gəlməyəcəyəm». Dediklərini yazdım, əşyalarımı götürüb çıxdım».

XALASIGİLDƏN KÜÇƏYƏ

Xalasıgildən küçəyə üz tutan Aliyə axşama qədər bulvarda gəzir. Axşam saatlarında marketdə su aldığı vaxt Aliyəyə iki dost yaxınlaşıb suallar verir. Aliyə Azərbaycan dilində heç bir kəlmə də başa düşmədiyi üçün rusca danışırlar və oğlanlar ona kömək təklif edirlər.

Aliyə əvvəl birinin ailəsinə yerləşir, sonra digərinin, yeni tikilən binalarda təmiriylə məşğul olduğu boş mənzilə.
Foto: Arxiv
Foto: Arxiv
Küçədən tanıdığı dostları balaca Aliyə darıxmasın deyə, arada gəzməyə də aparırdılar. Qış aylarının soyuğu təmir gedən mənzildə daha çox hiss olunur və fəhlə oğlan dözməyib Aliyəni ailəsinə aparır.

Ailənin qızı Aliyə ilə gəzişmək üçün tez-tez evdən çıxıb gecə klubuna əylənməyə gedirmiş. Gənclərlə arasındakı yaş fərqinə görə o, darıxırmış. Qızların əyləncəsinə qoşula bilməyən Aliyə başlayır barmenə kömək eləməyə. Elə bu arada seks xidməti göstərmək üçün ona barmaq uzadırlar, lakin barın işçiləri 14 yaşlı qızı gizlədirlər.

ANASI İLƏ GÖRÜŞMƏKDƏN İMTİNA EDİR

Aliyənin ailə ortamı çox keçmir yenidən pozulur. Dostunun dayısı hədə-qorxu gəldiyi üçün Aliyə başqa birisinə - qızın rəfiqəsigilə getməli olur. Oradansa uşaq sığınacağına - Azərbaycan Uşaqlar Birliyinin müvəqqəti mərkəzinə gətirirlər onu.

Aliyə 1 ildir müxtəlif uşaqların əhatəsində yaşayır və başına gələnləri keçmişdə qoymağa qərar verir. Bu vaxt yenidən anası peyda olur: Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva onunla əlaqə saxlayır, anasının da Aliyəni görmək istəyində olduğunu deyir. Aliyə isə imtina edir:

«Mən anama inanmışdım, nənəmə inanmışdım, xalama, dayıma inanmışdım. Anam deyirdi 1 ilə gələcək, 1 il gözlədim, sonra dedi gələn il, 2 il gözlədim. O, dediklərinə əməl etmədi. Mən televizora baxıram, filmə, verilişlərə. Analar, uşaqlar, atalar göstərirlər. Mən də istəyirəm ailəm olsun, etibar etmək istədiyim insanlarım olsun. Amma yoxdur, başa düşürsüz?».

«18 YAŞIMDA MƏNƏ EV VERƏCƏKLƏR»

Aliyə atası barədə heç nə eşitməyib. Üzünü görmədiyi anası haqda isə dayısı və xalası söhbət edib:

«Bağışlayın məni, xalam və dayım anam barəsində bir kəlmə deyirdilər: mənim anam fahişədir. Mən onunla telefonda danışanda deyirdi ki, gecələr işləyir, gündüzlər dincəlir. Mən heç nə soruşmurdum».

Bu, Aliyənin başına gələnlər barədə sonuncu dəfə danışmaq istəyidir. Bu gün o, uşaq sığınacağını da tərk edir, dövlətin himayəsi altında uşaq evinə yollanır:

«İndi oxuyacağam. 18 yaşıma çatanda, mənə ev verəcəklər. Sonra baxarıq, maşın sürməyi öyrənəcəyəm, yaxşı iş tapacağam».
XS
SM
MD
LG