Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 01:53

The Wall Street Journal Ağdamdan reportaj hazırlayıb


-


The Wall Street Journal-ın əməkdaşı Joe Parkinson Ağdam rayonunun Çıraxlı kəndindən reportaj hazırlayıb. İyunun 6-da çap olunan həmin reportajı qısa ixtisarla təqdim edirik.


ÇIRAXLI ÇARPAZ ATƏŞ ALTINDA

Ağdamın Çıraxlı kəndində hərbi hissə yerləşir. Cəmi 1 kilometr kənarda isə erməni mövqeləridir. Bəzən kənd sakinləri hər 2 tərəfdən çarpaz atəş altında qalırlar. 70 yaşlı Xosrov Şükürovun qızı Səbinə bu yaxınlarda erməni tərəfdən açılan snayper atəşi ilə yaralanıb.

Xosrov kişi deyir ki, müharibənin hələ başa çatmaması hər gün onlara xatırladılır: “Amma dünyada getdikcə güclənən Azərbaycanı özünü göstərəcək. Biz bilirik ki, torpaqlarımızı azad etmək vaxtı getdikcə yaxınlaşır.”

DİPLOMATİYAYA QƏZƏB ARTIR

Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən diplomatik səylərin nəticəsiz qalması Azərbaycanda getdikcə daha çox adamı qəzəbləndirir. Hökumətin bu münaqişənin hərbi yolla həllinə dair çıxışları onların qəzəbini daha da artıırır.

İyunun 5-də Azərbaycan Ermənistanı ittiham edib ki, sərhədi pozub 5 əsgərini qətlə yetirib. Bundan bir gün əvvəl isə Ermənistan Azərbaycanı sərhədi pozub və onun 3 əsgərini öldürməkdə günahlandırıb.

Vəziyyətin gərginləşməsi dünyanın enerji dəhlizlərindən biri olan bu regionda geniş miqyaslı münaqişəyə – Rusiya, Türkiyə və İran kimi regional güc mərkəzləri arasında elə toqquşmala gətirib çıxara bilər ki, onun nəticələrini proqnozlaşdırmaq belə mümkün deyil.

İyunun 4-də regionda səfərdə olan ABŞ Dövlət Katibi Hillary Clinton da Azərbaycan, Ermənistan və Gürcüstanda 20 il əvvəl SSRİ-nin dağılması ilə etnik millətçilik əsasında alovlanmış ərazi mübahisələrinin həlli yollarını müzakirə edib. Dövlət katibi Azərbaycanla Ermənistan arasında atəşkəsin yenidən pozulması və gənc əsgərlərin, dinc sakinlərin ölümü barədə xəbərlərdən ciddi narahatlıq keçirdiyini bildirib: “Gücdən istifadə olunması Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz” – deyə xanım Clinton bildirib.

Azərbaycanın daxilində olan erməni anklavı üstündə 6 illik müharibə zamanı erməni tərəfi əraziyə nəzarəti ələ keçirib. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilib. Etnik ermənilərin yaşadığı bu anklavı hazırda Ermənistan ordusu qoruyur.

Azərbaycan vətəndaşları bu münaqişəni ölkənin “qanayan yarası” adlandırırlar. Azərbaycan Dağlıq Qarabağı geri qaytarmağa və münaqişə nəticəsində qovulan vətəndaşlarını öz evlərinə yerləşdirməyə çalışır.

BMT-nin məlumatına görə Qarabağ və ətraf rayonlardan 600 000 nəfərə yaxın adam – ölkə əhalisinin təxminən 7 faizi evlərindən qovulub.

Ermənistan isə Dağlıq Qarabağda yaşayan əhalinin öz müqəddəratını təyinetmə hüquqlarının olmasını tələb edir.

Bu münaqişənin həllinə dair diplomatik danışıqlar dalana dirənib.

YENİ MÜHARİBƏ REGİONU QAYNAR QAZANA DÖNDƏRƏR

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə direktoru Lawrence Scott Sheets də bildirir ki, diplomatik cəhdlər nəticə verməsə bu 2 ölkə arasında münaqişə bütün regionu təhlükədə qoya bilər: “Diplomatik cəhdlər səmərə verməsə, daha ciddi münaqişə təhlükəsi getdikcə artır. Əgər bu baş versə, region bir çox qonşu dövlətlərin cəlb olunması ilə çox təhlükəli qaynar məkana çevrilə bilər.”

2 qonşu ölkə formal olaraq danışıqlar prosesində qalırlar. Enerji zəngini Azərbaycan isə güc balansını getdikcə dəyişir və Ermənistanı heç vaxt qalib gələ bilməyəcəyi bir silahlanma yarışına çəkir.

Stokholmda yerləşən araşdırma institutunun məlumatına görə Azərbaycan son 5 ildə ordusuna 11 milyard dollar, Ermənistan isə 2 milyon dollar xərcləyib. Hər iki ölkə müasir hücum silahları alır. Bunların arasında Rusiya istehsalı olan 70 kilometrdən uzaqdakı hədəfləri vura bilən raketlər də var.

DİPLOMATİYA HƏLƏ ACİZ DEYİL

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirir ki, hələlik diplomatiya bu münaqişənin həlli üçün ən yaxşı vasitə olaraq qalır:

- Münaqişənin diplomatik yollarla həlli imkanlarının tükəndiyini deyə bilmərəm. Amma adamlar artıq nəsə nəticə tələb etməyə başlayırlar. Bu, donmuş münaqişə deyil. Biz heç kimə bu münaqişəni unutmağa imkan verməyəcəyik.

Ağdamda bir köhnə beşmərtəbəli yataqxanada yüzlərlə ailə məskunlaşıb. Onların hamısının 5 ümumi tualetləri var. Burada balaca uşaqlar zir-zibil içində, kanalizasiya sularının gölməçələrində oynayırlar.

Onun yaxınlığında adamlar hələ də çadırlarda, bir başqaları isə köhnə vaqonlarda yaşayırlar.

GECƏ VAQON OTAĞI ADYALLA İKİYƏ BÖÜRLƏR...

1993-ci ildə Ağdam rayonu işğal olunandan bəri Zöhrab Balakişiyev arvadı Zəminə getdikcə çoxalan ailə üzvləri ilə birlikdə bir çadırda yaşayırlar. Ailə üzvləri axşamlar çadırı içəridən adyalla iki yerə bölürlər ki, heç olmasa məhrəmliyi qorusunlar: “Bu, çox çəkdi, daha bu zülmə dözə bilmirik. Müharibə olsun, ya nə fərqi yoxdur, biz evimizə getmək istəyirik” – deyə Zöhrab kişi bildirir.

Yerli rəsmilər bildirir ki, əhali getdikcə müharibəyə meyllənir. Ağdamın 62 yaşlı icra hakimiyyəti başçısı Nizami Sadıqov bildirir ki, artıq problemin hərbi yolla həlli daha real görünür. Millətin təhqir olunmasının da bir həddi var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG