Keçid linkləri

Təcili xəbərlər

Tolerantlığa necə gücümüz çata bilər


Arxiv foto: Professor Niyazi Mehdi
Arxiv foto: Professor Niyazi Mehdi
-

Gücümüz çatmadığı hallar

Birdən düşündüm ki, insanlar arasında harmoniya («qarmon» da bu sözdəndir), yəni uyarlıq yaratmaq iddiasında olan sənət, həm də onlar arasında ən çox bölücülük salan nəsnələrdəndir. Yaşlı nəsil rəp «dır-dırına» dözə bilmir, gənc nəsil muğam «sızıltısına». Yaşlı nəsil Bakı göydələnlərindən deyinir, gənc nəsil bilmir, “bunnar” niyə deyinir?”

Eyni düşüncəni, yanılmıramsa, dinlə bağlı Kirkoqordan oxumuşdum. Dindar olan bu filosof mat qalırdı ki, dinlər insanları birləşməyə çağırır, ancaq işdə dürlü dinlər, təriqətlər törətməklə «kim düzdür, kim yaxşıdır» üstündə didişmə salır. Bu, nə sənətə, nə dinə yaraşan biabırçı durumun aradan getməsi üçün, artıq, adamları bezdirmiş tolerantlıq (dözümlülük) və «plyuralizm» (çoxculluq) sözləri, ideyaları var, ancaq di gəl ki:
Çox vaxt çoxlarının nə tolerantlığa, nə plyuralizmə gücü çatmır!
Çağımızda Azərbaycan üçün ciddi sorun (məsələ) budur: necə edək ki, insanın tolerantlığa, plyuralizmə və bunun kimi ona yad görünən başqa nəsnələrə dözməyə, ölümünü arzulamamağa gücü çatsın?

Tolerantlıq kökündən, dibindən ayrı-ayrı olan düşüncələrə, daha düzü, ideologiyalara dözümdür. Plyuralizm isə bu ideologiyaların toplumda qonşu-qonşuluqda yaşamasıdır.
... şiənin sünniyə, xristianın müsəlmana, liberalın konservativə dözməsi tolerantlıqdır, qonaqlıqda ürəyindən plov keçənin ürəyindən dolma keçənə dözməsi isə, sadəcə, nəzakətdir.
Bu anlamda şiənin sünniyə, xristianın müsəlmana, liberalın
konservativə dözməsi tolerantlıqdır, qonaqlıqda ürəyindən plov keçənin ürəyindən dolma keçənə dözməsi isə, sadəcə, nəzakətdir.

Tolerantlıq nədə olmaz məsələsində dolaşıqlıq

Bəs «Avrovizion»dan sonra aktuallaşan cinsi azlıqlar məsələsi necə? Bu məsələdə də tolerantlıq lazımdırmı?
Bizim çoxumuzun təbiəti belə «tolerantlığa» qiyam qaldırır. Bizi hətta o da sakitləşdirmir ki, tariximizdə «qey» anlamında «beçə» deyilən Ayaz vardı ki, Mahmud Qəznəvinin sevgilisi idi. Hərçənd paradoks ondadır ki, işimiz keçən Avropa ölkəsinin bir naziri cinsi azlıq nümayəndəsi olsa belə, bizim nazir onun əlini sıxıb «tolerantlıq» göstərməyə məhkumdur.

Bu məsələ ilə bağlı hələlik mən bir nəsnəni deyə bilərəm.

Toplumda bu konu qaranlıqda yox, gün işığında saxlanmalıdır. On illərdən sonra bəlkə adamlar bu konuda dartışa-dartışa mədəniyyəti gücləndirən tolerantlığın nə olması düşüncəsinə gələ bildi.

Onacansa, - bunu hətta Amerika cəmiyyəti də göstərir, - o məsələdə «necə və nə anlamda tolerantlıq?» məsələsi durulmayıb və tolerantlığın nə olması yolunda axtarışlar getməkdədir.

Yəni tolerantlıq cəbhəsində duranlar üçün bu sual suallığında qalır: cinsi azlıqlara dözmək tolerantlıqdır, yoxsa bu məsələnin tolerantlığa dəxli yoxdur? Axı, biz alçaqla, yaramazla bağlı tolerantlıq ideyasını formalaşdırmırıq.

Bu anlamda deyirəm ki, toplumda dartışmalar getməlidir ki, hansısa bir alışqanlığımıza tam qarşı duran məsələyə tolerantlıq fəlsəfəsini tətbiq edib-etməməyə aydınlıq gəlsin.
O ki qaldı cinayətkar yaramazlara, alçaqlara…onların yaxşı türmə şəraitində saxlanması tolerantlıq deyil, humanizmdir. Hərçənd bu da ilgincdir, tolerant və plyuralistik mədəniyyət necə humanizmə təsir edib onu ağıllandırır?

Demokratiyanın infrastrukturları

İndi isə baxaq görək toplumda tolerantlığın geniş yayılması üçün nələr altyapı, infrastruktur olmalıdır.
Demokratiyanın altyapısı, infrastrukturu güclü olanda plyuralizm vətəndaş savaşına, Titanların davasına çevrilmir. Çünki hamı öz cızığını bilir və cızığına görə də tolerant olmalı olur.
Birincisi, qanunlar işlək olmalıdır ki, solçu, radikal ideologiya Parlamentdə qalib gəlsə, o biri ideologiyaları boğmayacağna arxayın olaq. «Qanunlar» dedim, əslində bunun üçün plyuralizmin infrastrukturları olmalıdır, özü də çox güclü olmalıdır.
Bəs, plyuralizmin infrastrukturları nədir? Müxtəlif ideologiyaları təmsil edən dərgilər, qəzetlər, araşdırma və strategiya mərkəzləri, partiyalar və onların hamısının arxasında duran maliyyət gücləri. Misir kimi ölkələrdə məhz bu infrastrukturlar zəif olduğu üçün dini-radikal gücün səs çoxluğu qazanması qorxu törədir.

Pluyralizm və Divlərin savaşı

Düzdür, plyuralizmin infrastrukturları həm media, həm də maliyyə yönündə güclü olanda soru çıxır: haradan qarantiya var ki, ölkə bu zaman Titanların, Nəhənglərin savaşına çevrilməyəcək?

Azərbaycanı götürsək, biri var, maliyyəsi sısqa olan müxalifət partiyaları, biri də var onların güclü maliyyə qaynağının olması. Təsəvvür edərsinizmi, Azərbaycanda pullu 4-5 partiya olsa, nə mərəkə qopar?!

Bakıda oturub bu sualın cavabını tapmaq çətindir. Ancaq Türkiyə, Avropa örnəkləri göstərir ki, partiyalar pullu olanda mərəkə salmaya bilərlər. Nədən? Bunun adi cavabı belədir: dövlətçiliyin, qanunçuluğun, bütünlükdə Demokratiyanın altyapısı, yəni infrastrukturları güclü olanda.

Mediamaqnat Merdokun pulu da vardı, 4-cü hakimiyyəti də – ancaq Britaniyanın demokratiya infrastrukturu onu diz çökdürdü, ABŞ-də isə Niksonun impiçmentinə gətirib çıxardı.

Demokratiyanın altyapısı, infrastrukturu güclü olanda plyuralizm vətəndaş savaşına, Titanların davasına çevrilmir. Çünki hamı öz cızığını bilir və cızığına görə də tolerant olmalı olur.

Tolerantlıq bir xeyli özünü öldürmələrin, bədbəxtçiliyin səbəbini aradan götürür

Deməli, tolerantlıqla bağlı əsas ideya budur: insanın tolerant tərbiyə alması, tolerant mədəniyyət daşıyıcısı olması sonrakı məsələdir. Birinci məsələ odur ki, ölkənin mühiti (Demokratiyanın altyapıları) hamımızı tolerantlığa çəkməlidir.

Bizdə liberal əxlaqa dözüm olsaydı, qızına-arvadına görə nə qədər adam özünü, nə qədəri də qızını, arvadını öldürməzdi. Bizdə tolerantlıq olsaydı, nə qədər nifrət məqalələri yazılmazdı, nə qədər adam ağıllı diskussiyaların tamaşaçısı olardı.
Sonradan mədəniyyət bu tolerantlığın çıxarısını görür. Məsələn, tolerantlıq bir xeyli özünü öldürmələrin, bədbəxtçiliyin səbəbini aradan götürür.
Bizdə liberal əxlaqa dözüm olsaydı, qızına-arvadına görə nə qədər adam özünü, nə qədər də qızını, arvadını öldürməzdi. Bizdə tolerantlıq olsaydı, nə qədər nifrət məqalələri yazılmazdı, nə qədər adam ağıllı diskussiyaların tamaşaçısı olardı.
Ancaq boynumuza almalıyıq ki, 2000-ci illərin azərbaycanlısı 1980-ci illər azərbaycanlısına baxanda daha tolerantdır, çünki İnternetin və mətbuatın sayəsində öncələr həzm edə bilmədiyi o qədər düşüncələr eşidib ki, artıq öyrəşib. Necə ki TV-lərdə olan fokuslar və ekstrasenlər bizi möcüzələrə elə alışdırıblar ki, daha peyğəmbər möcüzəsinə də mat qalmarıq.
Tolerantlığın bir şərti budur: sənə yad olan düşüncələri çox eşidəndə öyrəşirsən. Qloballaşmanın və İnternetin sayəsində indi bizdə bu proses gedir.
Yazıda qeyd olunanlar müəllifə məxsus olan fikirlərdir.

Sən bu mövzuda fərqli fikirlərə sahibsənsə, buyur, şərhini aşağıdakı foruma göndər
.
XS
SM
MD
LG