Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Dərbənddə azərbaycanlıların mədəniyyət klubu bərbad gündədir


Dərbənd
Dərbənd

İlqar Rəsulun Dəmirqapı Dərbənddən reportajı

Rusiyanın Dərbənd şəhərinə səhər saat səkkiz radələrində çatdıq. Qatardan düşən kimi vağzaldakı ticarət köşklərinin birinə yaxınlaşdıq. Dolu bədənli, bığıburma köşk sahibi Bakı-Rostov qatarından düşən müştərilərin öhdəsindən təkbaşına gələ bilməyən satıcısına kömək edirdi.

Yaxınlaşıb birbaşa Azərbaycan dilində söhbətə başladıq. Dedi ki, adı Koroğludur, azərbaycanlıdır və Azərbaycandan gələnlərə də hər cür kömək edir.
Koroğlu Dərbəndin Rükəl kəndindəndir. Bu kənd bir vaxtlar öz xalçaları ilə Azərbaycandan çox uzaqlarda tanınıb. Kənddə hətta xalçaçılıq fabriki də olub. İndi bu ənənə evlərdə davam etdirilir.
DƏYİŞƏN DEMOQRAFİK VƏZİYYƏT
Koroğludan ayrılıb yaxınlıqdakı kiçik otellərdən birində yerləşdik. Sonra regionda yeganə Azərbaycan dilində rəsmi mətbuat orqanı olan «Dərbənd» qəzetinin redaksiyasına baş çəkdik.
Qəzetin şöbə müdiri Hacıkərim Kərimovdan Dəmir Qapı Dərbənddə vəziyyətin necə olduğunu soruşduq. Dedi Dərbəndin 120 min əhalisi var. Bunun 40 mini azərbaycanlılar, qalanı başqa xalqlardır. Bir sözlə Azərbaycanlılar burada hamıdan çoxdular. Amma ildən-ilə əhalinin artması burada demoqrafik vəziyyəti başqa xalqların xeyrinə dəyişmək ərəfəsindədir:
«2002-ci illə müqayisədə şəhərin əhalisi birdən- birə 40 minədək artıb. Əvvəl 80 min idi, indi 120 mini keçib əhalinin sayı. Bu, rəsmi qeydiyyatda olanlardır. Bir neçə min də qeydiyyatda olmayanlar yaşayır şəhərdə. Ona görə də bu təzyiqə davam gətirmək, qarşı durmaq çox çətindir. Hamının gözü buradadır. Çünki Dərbənddə ticarət güclüdür».
Hacıkərim Kərimov hesab edir ki, Azərbaycan Dərbəndə lazımı diqqət göstərmir. Halbuki, indiki vəziyyətdə bu diqqətə çox böyük ehtiyac var.
QƏZET REDAKSİYASI VƏ MƏSCİD
Dərbənddə 2008-ci ildə olmuşdum. O vaxtla müqayisədə şəhərdə inşaat işlərinin xeyli artdığının şahidi olduq. Yeni tikilmiş adminstrativ və yaşayış binaları indi daha çox gözə dəyir.
Dərbənddə yerləşən Narın Qala
Dərbənddə yerləşən Narın Qala
Şəhərin demək olar, hər yerindən görünən Narın Qalaya gedərkən Dərbəndin Cümə Məscidinə baş çəkirik. Onu da deyim ki, bu məscid ərəblərin öz ərazilərindən kənarda ilk inşa etdikləri Cümə Məscididir. 734-cü ildə inşa edilib. Məscidin təkcə özü yox, onun həyətindəki qocaman xan çinarlar da buranın xeyli yaşı olduğundan xəbər verir.

Dərbənddə «Cümə» qəzetinin redaksiyası da məsciddə yerləşir. Qəzetdə çalışanlar azərbaycanlıların inancının və milli -mənəvi dəyərlərinin unudulmaması üçün əllərindən gələni etdiklərini deyirlər.
Məscidin axundunun müavini Seyid Nağı Tayıbov deyir ki, millətindən asılı olmayaraq bütün müsəlmanlar burada ibadət edirlər:
«Kimin problemi olsa gəlib burada dərdini deyir. Lazım gəldikdə məscidin fondundan yardım edirik onlara. Hansısa ictimai problem olanda gəlirlər, yığışıb məsləhətləşir, çıxış yolu tapırıq».
Məsciddən sonra Narın Qalaya gedirik. Şəhərin qala divarlarından içəridəki hissəsi - yəni, qədim Dərbəndin daş küçələri ilə irəlilədikcə tinlərdə dayanıb söhbətləşənlərin, qapıda dayanıb qonşusunu çağıranın və digərlərinin azərbaycanca danışdıqlarını eşidirik.
AZƏRBAYCAN DƏRBƏNDLİLƏRİ UNUTMAMALIDIR
Onu da deyim ki, Mağal adlanan bu ərazi heç də ürəkaçan vəziyyətdə deyil. Küçələrin daş döşəmələri dağılıb, nəinki qədim hamam, azərbaycanlıların mədəniyyət klubu da bərbad gündədir.

Türkiyədə və digər yerlərdə ali təhsil alıb gəlmiş gənclər dövlət orqanlarında iş tapmadıqları üçün bizneslə məşğul olurlar. Teymur Məcidov İstanbul Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. «Cümə» qəzetinin redaktoru, biznesmendir. Deyir testlə işə götürsəydilər imtahandan keçərdi. Amma indiki halda gərək adamın olsun. Teymur hesab edir ki, Azərbaycan dərbəndliləri unutmamalıdır:
Türkiyədə təhsil alan tələbələr
Türkiyədə təhsil alan tələbələr
«20 yanvarda biz Azərbaycanın dərdinə şərik olduq. Atalarımız relslərin üstünə uzanıb hərbçiləri Bakıya aparan qatarların yolunu kəsdilər. Burdan ora yük maşınları ilə ərzaq göndərildi. Bu gün Bakı inkişaf edir, çiçəklənir. Bizsə qaldıq dala. Bu gün həmən o Azərbaycan da bizimlə şərik olmalıdır».
Ötən illərlə müqayisədə Narın Qalada təmir aparıldığı diqqəti çəkir. Bərpa olunmuş otaqlarda eksponatlar qoyulub, divarlardan Dərbəndin tarixini əks etdirən rəsm əsərləri asılıb. Amma nədənsə buranın qədim Azərbaycan qalası olduğunu xatırladan heç bir rəsm, eksponat, yazı gözə dəymir.
İş tapmadığı üçün bizneslə məşğul olan gənc hüquqşünas, Kamran deyir ki, bu, düşünülmüş şəkildə aparılan siyasətdir.
MİLLİ ZƏMİNDƏ NARAZILIQ YOXDUR
Dərbəndin bazarı görüntü etibarı ilə Azərbaycandakı bazarlardan o qədər də fərqlənmir. Əgər əlbəttə ki, dağlı xalqlarının hər tərəfdən qulağımıza dəyən mahnılarını nəzərə almasaq.
Bazarda azərbaycanlılar, ləzgilər, tabasaranlılar və digər millətlərin nümayəndələri birlikdə alver edirlər. Sadə dərbəndlilər Dərbənddə milli zəmində heç bir narazılığın olmadığını deyirlər.
Elmira Maqamedsalimova bazarda pendir, göbələk turşusu və sair satır. Deyir Dərbənddə dolanışıq maddi baxımdan bir qədər çətin olsa da hamı mehriban yaşayır:
«Bizim Dağıstanda milli məsələ yoxdur. Hamı bir birinə doğması kimi yanaşır, qardaş kimi yaşayırıq. Məsələn, mən tabasaranlıyam. Azərbaycanlıya ərə getmişəm».
Taksi sürücüsü Rüstəm isə deyir ki, dərbəndlilərin əsas problemi işsizlikdir. Deyir zavodları, müəssisələri özəlləşdirənlər qapılarına qıfıl vurub gediblər. Əgər o müəssisələr işləsəydi, əhalinin işsizlik problemi müəyyən qədər aradan qalxardı. O da taksi sürməkdən əl çəkib əvvəlki kimi zavodda çilingər işləyərdi.
Sonda Dərbənd rayon icra hakimiyyətinə gedirik. Burada hündür boylu, pəhləvan cüssəli, əli silahlı hərbçilər qarşılayır bizi. Çevik yoxlamadan sonra yuxarı qalxıb icra başçısı Qurban Qurbanovla görüşmək istədiyimizi bildiririk. Qəbula düşmək o qədər asan alınır ki, həmkarım Abbas Atillay təəccübünü gizlətmir. Deyir Azərbaycanda icra başçısının müavini ilə də görüşmək bu qədər tez başa gəlmir. Nə isə.
İCRA BAŞÇISI DA AZƏRBAYCANDAN DƏSTƏK İSTƏYİR
Qurban Qurbanov Dərbənddə mili zəmində heç bir ayrı-seçkilik, narazılıq olmadığını bildirir. Deyir problemlər var, amma onların aradan qaldırılmasına da çalışılır:
«Dərbənddə hamı kimi azərbaycanlıların da problemləri var. Amma bunlar ciddi problermlər deyil. İşləmək istəyən iş tapıb işləyir. Problem axtaransa problem tapır. Camaatdan problemi olan da var, vəziyyəti yaxşı olan da. Amma ümumi vəziyyət pis deyil».
Dərbəddə olan qədim qəbirsanlıq
Dərbəddə olan qədim qəbirsanlıq
İcra başçısı deyir ki, Azərbaycannın sürətlə inkişafı onları sevindirir. Amma Dağıstanda belə inkişaf yoxdur. İqtisadi böhran onlardan da yan keçməyib.

Qurban Qurbanov bəzi məsələlərdə Azərbaycanın dəstəyinə güvəndiklərini də etiraf edir. Deyir Azərbaycanla əlaqələri yaxşıdır. Azərbaycan Dərbənddə Olimpia İdman Kompleksi və bəzi müəssisələr inşa etməyə hazırlaşır. Bu dərbəndlilər üçün böyük köməkdir.
Azərbaycan tarixçiləri Dərbəndin qədim Azərbaycan şəhəri olduğunu yazırlar. Onların gətirdikləri dəlillərə görə şəhər vaxtı ilə Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olub. 1796-cı ildə isə Rusiya onu tutub.

1860-cı ilədək Dərbənd quberniyasının mərkəzi olub. Sonra quberniya ləğv edilərək həmin ərazidə Dağıstan dairəsi yaradılıb. 1920-ci il martın 25-də 11-ci Qırmızı ordunun köməyi ilə Dərbənddə sovet hakimiyyəti elan olunub. Dərbənd şəhəri 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edilib. Bununla, da Azərbaycanın tarixi şəhəri Dərbənd SSRİ dağılanda Rusiyanın tərkibinə qatılıb.

Yerli azərbaycanlılar da şəhərin qədim Azərbaycan məskəni olduğunu şəhərin kənarındakı qədim qəbirstanlıqla sübut etməyə çalışırlar. Köklü dərbəndlilər bu gün də ora gedib necə deyərlər yeddi arxa dönənlərinin məzarlarını göstərir, ulu babaları haqda ağız dolusu danışmağı xoşlayırlar.
XS
SM
MD
LG