Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:02

Heydər Əliyev Fondunun yardımından imtina [Fotosessiya]


Pirşağı qəsəbəsində yerləşən «Santex» sanatoriyası
Pirşağı qəsəbəsində yerləşən «Santex» sanatoriyası
-

20 ildir Pirşağı qəsəbəsində «Santex» sanatoriyası sakini, Xocalıdan məcburi köçkün 43 yaşlı Lətifə Həsənova keçən il Heydər Əliyev Fondunun Xocalı hadisəsinin ildönümündə göndərdiyi yardımı geri qaytarıb:
«DEDİM NEYNİRƏM BU YARDIMI?»
«Şəxsən mən razı olmadım ki, bizə yardım gətirsinlər. Dedim «gəl, mənim vəziyyətimə bax. Neynirəm bu yardımı ki, sənin göndərdiyin dondurulmuş ətlə doyam?» Nəyimə gərəkdir? Mən xəstə adamam, yerdə yatıram, vəziyyətim bu yerdədir. Bir az ət göndərmişdilər, düyü-zad, xırda-para şeylər. Nəyimizə gərəkdir o bizim? Bizə şərait yaratsınlar. Ana turbanı görürsüz? Nə vaxtsa açılsa, batacaq. Nəmişliyin iyini görürsüz? Nəfəs dayanır. Bax burda yaşayırıq biz».
Bu sanatoriyaya sığınmışların vəziyyəti bir-birindən fərqlənmir. Çat-çat olmuş binanın zirzəmisi su ilə doludur, elektrik sistemi də «əldəqayırma». Zirzəmidən qalxan, tavandan tökülən su, sakinlərin fikrincə, burda həyat mənbəyi funksiyasını itirir:
KANALİZASİYA DAŞIB, GEDİB LİNOLEUMUN ALTINA
«Kanalizasiya daşıb, gedib linoleumun altına, gəbəni götürmüşük, ayaqqabı ilə gəzirik, daha neyləyək?»
Dənizdən gələn soyuq külək binanın yarıqaranlıq dəhlizindən keçib mənzillərə dolur. Qapısı, pəncərəsi açıq binada köçkünlərlə yanaşı, küçə heyvanları da məskunlaşıb.
«Santex» sanatoriyası
«Santex» sanatoriyası
Ədyala, şala bürünüb oturan qadınlar hərəsi bir xəstəliyə tutulduğunu deyir. Revmatizmdən burda doğulub-böyüyən uşaqlar da əziyyət çəkir. Lətifə Həsənova bu arada parlament seçkilərini də, üzünü görmədikləri millət vəkillərini də xatırladı:
BİR KEÇİDİN PULUNA...
«Hamı yığılıb deputat seçdi onu. Amma hələ bir dəfə bu binada onun üzünü görməmişik. Belə şəraitdirsə, qoy onlar da belə yaşasın da. Bizimlə birlikdə qaçqın çıxıblar, niyə onlar hamısı villada yaşamalıdırlar? Hələ qarovulçuları da var. İki keçidin qara mərmərinin puluna burda yaşayan qaçqınlara ev tikmək olar. Qara mərməri keçidlərə döşəməsinlər, camaatın yaşayışını yoxlasınlar».
Təxminən 60 yaşlı Səyahət Bağırova deyir ki, binanın ucqar yerdə, biyabanda yerləşməsinə görə bura təcili yardım da gəlib çıxa bilmir:
«Mən villadan gəlmişəm, evim olub mənim. Mənə də bir ev tiksin. Haranı istəyir gözəlləşdirsin, mənə dəxli yoxdu, mənə şərait yaratsın. Anam şəhid, qardaşım şəhid, bacım şəhid, beş əmim oğlu şəhid, girov. Onların ailəsiyəm mən».
7 MANAT YARIM PULU BURA XƏRCLƏYİRƏM
58 yaşlı şuşalı Rəhman Tağıyev hələ də subaydır. Bir otağını bacısı ilə paylaşır. Yaşı təqaüdə düşmür, dövlətdən isə qaçqınlığa görə verilən «çörək pulu» alır. Deyir ki, binada baş verən bütün qəza hadisələrini aradan qaldırmağa o kömək edir:
«Yiyəsizxanadır. Hamı tökülüb üstümə. Ordan-burdan, zibilxanadan mən «şnur» tapıb, onları calayıb buraları işıqlı saxlamışam. 7 manat yarım çörək pulu alıram, onu mən bura xərcləyirəm».
35 yaşlı Məhəbbət Qaçayeva nəmişlikdən saralmış tavanı göstərib deyir ki, bir azdan quruyub töküləcək yorğan-döşəyin üstünə:
BÖCƏK, TARAKAN UŞAĞIN ÜSTÜNƏ TÖKÜLÜR
«Yeddi nəfər bax bu otaqda qalırıq. Yuxarı taqqıltı salan kimi hamısı o balacamın üstünə tökülür. Böcəklər, tarakan, nə desəz var».
2 saylı Xocalı məktəbi
2 saylı Xocalı məktəbi
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı həyata keçirilir. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, sanatoriyalarda yaşayanların köçürülməsinə işinə artıq başlayıblar:
SANATORİYALARDAN KÖÇÜRMƏLƏR BAŞLAYIB
«Bu yaxınlarda Naftalan şəhərindəki sanatoriyalardan köçürmələr olacaq. Naftalanda 165 ailə ilin əvvəlində köçürülmüşdü, bugünlərdə də 525 ailə köçürüləcək. Goran, Şirvan, Azərbaycan, Mil sanatoriyalarından köçürmə olacaq».
Pirşağıdakı məcburi köçkün ailələrinin köçürülmə müjdəsini nə vaxt eşidəcəkləri isə bəlli deyil.
Sözügedən 4 mərtəbəli binada təxminən 40 ailə yaşayır. Sanatoriya ərazisindəki bir mərtəbəli, 3-4 otaqlı bir neçə tikili isə 2 saylı Xocalı məktəbi hesab olunur. Məktəbdəki şərait də elə evlərindəki kimidir. Təbii qazı olmayan bu yaşayış yerində işıqlar sönsə, həyat da sönür.
XS
SM
MD
LG