Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06

Ekspert Bakını Rafiq Tağıya görə İrana nota verməyə çağırır


Rafiq Tağı
Rafiq Tağı

Ötən şənbə Ayətullah Fazili Lənkəraninin oğlu Muhəmməd Cəvad Lənkərani yazıçı Rafiq Tağının öldürülməsini dəstəklədiyini bildirib. İranın rəsmi mediası bu barədə Muhəmməd Cəvad Lənkəraninin Azərbaycan xalqına müraciəti olduğunu yazır.

Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı. 2006-cl ildə o, “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ilə birgə bu qəzetdə çap edilmiş “Avropa və biz” yazısına görə həbs olunmuş, amma bir neçə aylıq həbsdən sonra prezident fərmanı ilə əfv olunmuşdu.

O zaman Ayətulla Fazili Lənkəraninin fitvası həm də qəzetin redaktoru Samir Sədaqətoğluna aid edilirdi. İndi əslən İrandan olan azərbaycanlı fəallar Sədaqətoğlunun da həyatına təhlükə ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Samir Sədaqətoğlu narahatdır...

1 ildir ki, nəşri dayanmış “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu isə deyir ki, bundan sonra təhlükəsizliyi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrinə düşüb:

“Təhlükəsizliyim barədə indiyə qədər fikirləşmirdim. Ancaq bu Muhəmməd Cəvad Lənkəraninin bu çıxışından sonra indi düşünürəm ki, hüquq-mühafizə orqanlarına təhlükəsizliyimlə bağlı müraciət edəcəyəm. Düşünürdüm ki, hadisə Rafiq Tağının hansısa yazılarına görə baş verə bilər. Ancaq bir neçə ildən sonra bunu edəcəklərini ağlıma gətirmirdim. Yəqin ki, hüquq mühafizə orqanlarına bu hadisəni araşdırmaq daha asan olar”.

Azərbaycan hüquq-mühafizə orqanları isə Rafiq Tağının bıçaqlanması ilə bağlı indilik heç bir versiya irəli sürməyiblər.

Ekspert Bakıdan Tehrana nota gözləyir

İran üzrə ekspert Sədrəddin Soltan deyir ki, Azərbaycan hökuməti İran Muhəmməd Cəvad Lənkəraninin bu bəyanatına ciddi yanaşmalıdır:

“2006-cı il noyabrın 30-da onun atası Fazil Lənkərani rəhmətlik Rafiq Tağı haqqında fətva vermişdi. İndi onun oğlu şübhəli davranışı ilə sübut etməyə çalışır ki, bu terrorun törədilməsində onun əli var. O, öz bəyanatı ilə Azərbaycandakı İran havadarlarını arxayın salır ki, qorxmayın, prosesləri davam etdirin, arxanızda durmuşuq. Azərbaycan hakimiyyəti onun bu hərəkətinə adekvat reaksiya verməli, etiraz notasını bildirməlidir”.

Prokurorluq İrandan gələn bəyanatdan xəbərdardır, amma şərh vermir

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna Muhəmməd Cəvad Lənkəraninin bəyanatından xəbərdar olduqlarını bildirib.

“Baş Prokurorluğun apardığı istintaqda İran ayətullahının dedikləri araşdırıla bilərmi” sualına prokurorluq sözçüsü belə cavab verib:

“Baş Prokurorluq Rafiq Tağı ilə bağlı hadisənin baş verdiyi gündən bu günə qədər iki dəfə məlumat yayılıb. Əgər zərurət olarsa, Ayətullahın bəyanatı ilə bağlı da məlumat yayacağıq”.

Azərbaycan İslam Partiyası da susur

Azərbaycan İslam Partiyasının Ali Məclisinin üzvü Rövşən Əhmədli AzadlıqRadiosuna əvvəlcə deyib ki, onlar Muhəmməd Cəvad Lənkəraninin verdiyi bəyanatı müzakirə etmirlər. Ancaq sonra o, ümumiyyətlə, bəyanatdan xəbərsiz olduğunu bildirib.

“Bu gün bu adam (Rafiq Tağı) həyatda yoxdur və onun haqqında nə yaxşı, nə pis söz deməyə ehtiyac yoxdur. Onun da (Rafiq Tağının) kim olduğu barədə mənə elə gəlir ki, hamıda müəyyən qədər rəy var. Bu insan hansı fəaliyyətlə məşğul olub, cinayət işi olub, sonra əfv edilib, sonra da belə bir hadisə olub. Bu hadisənin də keçmişlə nə qədər əlaqəsi var, bunu istintaq deyəcək”.

İranın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna bildiriblər ki, onlar hər hansı şəxsin dediyi şəxsi fikri şərh etmirlər.

Qafqaz Müsəlmanları İdarəsi isə gün ərzində bununla bağlı heç bir açıqlama verməyib.

Yazıçı Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanmışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-də isə yazar xəstəxanada vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG