Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:19

İbrahim Nəbioğlu: "Seymur Baycanın və Əli Əkbərin romanları məndən ötrü bir hadisədir"


Kənan Hacı (solda) və İbrarim Nəbioğlu
Kənan Hacı (solda) və İbrarim Nəbioğlu
- Azərbaycanda təhsilin səviyyəsi mütləq artırılmalıdır, yaşam standartları tənzimlənməlidir...

- Azərbaycanda jurnalistikaya son illərdəki axın bu sahəni bir qədər nüfuzdan saldı. Həndəsədən, fizikadan çətilnlik çəkənlər jurnalistikaya asan bir sahə kimi baxmağa başladılar...

- Əgər Azərbaycanda hadisəyə çevrilə biləcək əsər olsaydı, o əsər mütləq türk dilinə də və bu dil vasitəsilə başqa dillərə də tərcümə olunacaqdı.
..


İbrahim Nəbioğlu. Azərbaycan telejurnalistikasında, elmində və siyasətində bu ad, bu isim kifayət qədər tanınır.

O, son dərəcə maraqlı personadır, bütün fəaliyyəti boyu diqqət mərkəzində olmağı bacaran insanlardandır.

Vaxtilə ilk dəfə olaraq Azərbaycan televiziya məkanının sərhədlərini Türkiyəyə qədər genişləndirən və Azərbaycan televiziyasına geniş tamaşaçı auditoriyası qazandıran İbrahim Nəbioğlu sonralar ölkənin ən tanınan qəzetlərinə köşə yazıları yazdı, bununla da yetinməyib siyasət alanına atıldı

İ.Nəbioğlu:

"Futuroloqların son təxminlərinə görə, qarşımızdakı son 5-10 ildə bəşəriyyət üçün gizlin qalan bütün sirlər aşkara çıxacaq, insanlıq üçün qapalı qalan bütün sahələr kəşf olunacaq.

Yeni doğulan, 4-5 yaşı olan körpələr 120-140 il rahat yaşaya biləcəklər, iyirmi il sonra anadan olanlar ola bilsin ki, 300-400 il yaşasınlar. Bu sürətlə ayaqlaşa bilmək üçün təbii ki, Azərbaycan da nəsə etməlidir".

və bir müddət İstanbulda Azərbaycanın baş konsulu görəvini yerini yetirdi.

İndi isə “Palmali” Şirkətlər Qrupunun vitse-prezidentidir. Özümə söz vermişdim ki, İstanbula gedəcəyim zaman onunla hökmən görüşəcəyəm və məni maraqlandıran sualları ona verəcəyəm.

Tale bu fürsəti gözlənilmədən və gözləmədiyim bir zamanda mənə verdi!

Mühafizəçinin müşayiətilə onun kabinetinə qalxıram. Qapı açılır və onunla üz-üzə qalıram.

Gözlərindəki qaynarlıq elə həminkidir, iş adamına xas olan çevikliyi ilə birgə tutduğu vəzifənin əksinə rəsmiyyətdən uzaq davranışı qırışığımı açır.

Köhnə tanışlar kimi hal-əhval tuturuq, Bakıda çıxan kitablarla maraqlanır:


“Deyirlər Şərifin (Şərif Ağayarı nəzərdə tutur - K.H.) təzə romanı çıxıb”.

Bakıdan çıxanda “Haramı”nı özümlə götürmüşdüm, bütün yol boyu mənə sirdaşlıq edən kitabın sonuna az qalmış onu İbrahim bəyə bağışlamalı oldum. O da əvəzində mənə Elif Şəfəqin təzə kitablarını bağışladı.

Düşünürdüm ki, görəsən İbrahim bəy Azərbaycan üçün çoxmu darıxır? Söhbətimizə də bu sualla başladıq.


- Darıxıram, əlbəttə. Mən Azərbaycanı çox sevirəm, orda anadan olmuşam, orda böyümüşəm.

Həm vətən üçün, həm də ordakı dostlarım üçün darıxıram. Bu darıxmaq hissi uzun çəkəndə daha ağır olur, darıxmamaq mümkün deyil.

- Siz artıq neçə illərdir ki, İstanbulda yaşayırsınız. Türkiyə mediasının problemlərini də, inkişaf yollarını da bilirsiniz.

Azərbaycan mediasının keyfiyyət və texnologiya baxımından qardaş ölkə ilə ayaqlaşa bilməsi üçün hansı addımları atması gərəkir?

Ümumiyyətlə, bu barədə nə düşünürsünüz?


- Bu olduqca çətin sualdır. Azərbaycanın müstəqilliyinin tarixilə bilavasitə bağlı ola

bir sualdır. Bizim müstəqilliyimizin cəmi iyirmi yaşı var.

Düzdür, müstəqillik tariximiz 1918-ci ildən başlanır, bu hadisə Azərbaycanın taleyində çox mühüm, əlamətdar bir yer tutur. Amma üç-dörd nəsil geridə qaldığı üçün indiki nəsil bunu ancaq tarixi bir fakt kimi qəbul edir.

1991-ci ildən hesablasaq, iyirmi yaş bir ölkə üçün olduqca qısa zamandır, daha böyük məqsədlərə nail olmaq üçün olduqca kiçik bir rəqəmdir.

XXI əsr texnologiyalar əsridir. Mən, 50 yaşlı İbrahim Nəbioğlu öz həyatımı internetsiz təsəvvür edə bilmirəm.

Futuroloqların son təxminlərinə görə, qarşımızdakı son 5-10 ildə bəşəriyyət üçün gizlin qalan bütün sirlər aşkara çıxacaq, insanlıq üçün qapalı qalan bütün sahələr kəşf olunacaq.

Yeni doğulan, 4-5 yaşı olan körpələr 120-140 il rahat yaşaya biləcəklər, iyirmi il sonra anadan olanlar ola bilsin ki, 300-400 il yaşasınlar. Bu sürətlə ayaqlaşa bilmək üçün təbii ki, Azərbaycan da nəsə etməlidir.

Azərbaycanda təhsilin səviyyəsi mütləq artırılmalıdır, yaşam standartları tənzimlənməlidir. Azərbaycanda jurnalistikaya son illərdəki axın bu sahəni bir qədər nüfuzdan saldı.

Həndəsədən, fizikadan çətilnlik çəkənlər jurnalistikaya asan bir sahə kimi baxmağa başladılar.

Türkiyədə nə qədər ciddi qəzetlər vardı, media ələndi və onlar sıradan çıxdılar, bu gün rəngarəng türk mediası mövcuddur.

Əlbəttə, türk mediasının özünün də çox ciddi problemləri var, onu Azərbaycan mediası üçün örnək hesab etmək də düzgün deyil.

- İbrahim bəy, müsahibələrinizdən bilirəm ki, çox zəngin kitabxananız var və çox zövqlü bir oxucusunuz.

Dünya ədəbiyyatını da mükəmməl bilən bir insansınız, eyni zamanda Azərbaycanda son dövrlər yaranan ədəbi əsərləri də gözdən qaçırmırsınız. Bizdə “Biləcəri sindromu” deyilən bir sədd var.

Sizcə bu səddi aşan əsər yaranırmı Azərbaycanda? Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı Türkiyədən necə görünür?


-(Gülür) Bilirsiniz, sualları nə qədər rahat şəkildə versəniz də hamısı ağır suallardır. Hələ ki, mən belə bir əsər görmürəm.

Belə deyək, əgər bu dəqiqə Azərbaycanda yaxşı futbolçumuz varsa, onu mütləq İspaniyadan gəlib tapacaqlar, ya “Barselona”da, ya da “Real”da oynamasını təmin edəcəklər. Dünya artıq qloballaşıbdır, bu proses qaçılmazdır.

Bu dəqiqə Türkiyənin ən böyük simfonik orkestrlərində azərbaycanlı musiqiçilərimiz fəaliyyət göstərirlər, bu, dostluqla, yalvar-yaxarla əmələ gələn bir şey deyil. İstedad var ki, bunlara dəyər verirlər.

Ədəbiyyat bir xəstəlikdir, kitab oxumaq xəstəlikdir.

Bu dəqiqə hələ oxuyub başa çatdırmadığınız bir kitabı zorla sizin əlinizdən aldım, amma bir dərmana ehtiyacım olsaydı, tərbiyəm və əxlaqım yol verməzdi ki, o

dərmanı sizin əlinizdən alım. Amma kitab görün mənim üçün nə qədər əhəmiyyətlidir.

Sizin sualınıza cavab olaraq deyim ki, əgər Azərbaycanda hadisəyə çevrilə biləcək əsər olsaydı, o əsər mütləq türk dilinə də və bu dil vasitəsilə başqa dillərə də tərcümə olunacaqdı. Yaxşı əsər heç vaxt kənarda qala bilməz.

Son 10 ildə elə bir əsər olmayıb ki, mən onu oxumayım, zövq aldığım, keyf aldığım əsərlər var.

-Məsələn, hansı əsərləri qeyd edə bilərsiniz?

- Kamal Abdullanın son romanı hesab edirəm ki, Azərbaycan nəsrində hadisə sayılacaq bir əsərdir. Bu əsər kifayət qədər müzakirələrə səbəb oldu, haqqında xeyli yazılar yazıldı.

Seymur Baycanın “Quqark”ı, Əli Əkbərin “Amneziya”sı məndən ötrü bir hadisədir. Kəramət Böyükçölün “Çöl” romanını keyflə oxudum, o əsərin ilk 40-50 səhifəsindəki təsvirlər Azərbaycan romançılığı üçün tamamilə yeni bir hadisədir.

Mənim ən doğma yazıçım Rafiq Tağıdır, onun nəsr dili heç bir yazıçıda yoxdur, tamamilə bənzərsiz bir yazıçıdır.

Son hekayələrindən olan “Atam və heykəllər”i üç dəfə oxudum, çox böyük zövq aldım. Onunla şəxsi tanışlığımız belə yoxdur. Bakıda deyəsən onun sonuncu dəfə ikicildliyi çıxıbdır.

Ha illah elədim, o kitabları mənə heç kim vermədi, mağazlarda da yoxdur. Hələ o vaxtlar “Ulduz”, “Azərbaycan” jurnallarında onun hekayələrini ləzzət ala-ala oxuyurdum.

Mənim babam 1945-ci ilin 5 mayında Berlində küçə döyüşlərində həlak olub. Onun da adı İbrahim olub. Bu faktı əsas götürüb roman yazmaq olar. Amma indi XXI əsrdir, sənət inkişaf edir, hər şeyə sadə yanaşmaq da olmaz.

Mənim atamın zəngin bir kitabxanası olub, o kitabxanada 20 minə yaxın kitab var. Orada kimlər yoxdu! Mən hələ orta məktəbdə oxuyarkən bütün klassikləri oxuyub qurtarmışdım.

Son vaxtlar ispandilli ədəbiyyat məni cəlb edir. Məsələn, Borxes, Kortasar və s. Deyəsən Kortasarın bir hekayəsini siz tərcümə etmişdiniz?

-Bəli. “Zəbt edilmiş ev” hekayəsini.

-Hə. Əgər bu gün Kortasarı tərcümə edən bir yazar mənimlə ədəbiyyat söhbəti aparırsa, deməli, bizim hardasa ortaq nöqtələrimiz var. Bax, bayaq dediyimiz jurnalistikada İnkişaf da elə budur.

-Siz vaxtilə Azərbaycan televiziyası üçün İstanbuldan reportajlar hazırlayırdınız və o veriliş də çox sevilirdi.

Türkiyə ilə Azərbaycan arasında yeni dönəmdə yaranan ilk körpülərdən biri də həmin o veriliş idi. Yenə darıxmağın üstünə gəlirik, indi o qaynar reportyorluq dövrü üçün darıxırsınızmı?


-Çox! Çox! Mən riyaziyyatçı olaraq Azad Mirzəcanzadə kimi nəhəng bir insanın tələbəsi olmuşam. Hər zaman bununla fəxr etmişəm.



O, Azərbaycan elminin bel sütunlarından biriydi. Azad müəllimin “XXI əsrə aparan yollar” kitabı indi də mənim stosüstü kitabımdır. Mənim atam, elmlər doktoru, professor Nəbi Yaqubov da onun tələbəsi olub.

Tale elə gətirdi ki, mən də Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi-riyaziyyat fakultəsini bitirdikdən sonra Azad müəllimin aspirantı oldum.

-Bəs jurnalistikaya gəlişiniz necə oldu?

-Mənim atam türkçü idi, bizim evdə türkcə yasaqlanmış kitablar vardı, Nazim Hikmətin Bolqarıstanda nəşr olunmuş 7 cildliyi vardı. Atam icazə verməsə də mən 10-cu sinifdə oxuyarkən onları mütaliə etmişdim.

Bizim nəsil çox fərqli bir nəsil idi, hamı kitab oxuyurdu, kitab oxumaqla öyünürdülər, biz özümüz aldığımız qiymətlərlə öyünürdük.

Bizim kursda bir qız oxuyurdu, mən bu yaxınlarda təsadüfən onu küçədə gördüm, söhbət əsnasında bildim ki, sən demə bu salyanlı imiş. Bizim üçün kimin hansı bölgədən olması mənasız bir şeydi.

Belə bir dövrdə yaşamışıq. Amma indi dəyərlər də dəyişib, ən əsası, mənim cavanlığımın Bakısı yoxdu. Bayaq darıxmaqla bağlı sual verdiniz, darıxmaq üçün daha çox əsas var.

Tahir Salahovun bir rəsmi var, Bağırov körpüsünün üzərindən neft çənləri keçir, o rəsmə baxanda Bakının özünəməxsus, neftqarışıq, küləkli qoxusunu duyursan.

Bu qoxu mənim üçün son dərəcə doğmadır. Bu boyda İstanbulda o qoxu yoxdur.

- İbrahim bəy, özünüz nəsə yazırsınızmı?

-Xatirələrimi yazıram. Ənvər Paşayla bağlı 28 dəqiqəlik bir filmim var. Ənvər Paşanı burda sevənlər də var, sevməyənlər də var.

Mən onu turançılığına, Türkiyə Kommunist Partiyasına qarşı apardığı mübarizəsinə görə çox sevirəm və onu Türkiyənin ən böyük qəhrəmanlarından biri sayıram.

O, vaxtilə Bakıda Şərq Xalqlarının II qurultayında iştirak edib və Mustafa Sübhi ilə aralarında böyük bir mübahisə yaranıb.

Rəhmətlik İrfan Ülgü Daşkənd KQB-in arxivlərindən Ənvər Paşayla bağlı maraqlı sənədlər tapmışdı. Sonra o, rəhmətə getdi və arxivi qızına qaldı. Bu iş yarımçıq qaldı.

Mən artıq 20 ildir ki, Türkiyədə yaşayıram və çox məşəqqətlər çəksəm də, başıma çox işlər gəlsə də həyatımın ən intensiv dövrünü burada yaşamışam. Çox gərgin iş rejimində işlədiyim vaxtlar olub.

Sübh tezdən qalxırdım, BBC-nin günorta xəbərləri üçün xəbər hazırlayırdım, günorta Aztv-yə xəbər hazırlayırdım, axşam da “Avrasiya”, “Zerkalo”, “Panorama” qəzetlərinə yazılar yazırdım.

İndiki işimdən də çox razıyam. Əlli yaşımda siqareti atmışam, özümü çox rahat hiss edirəm. Sevdiyim insanlarla ünsiyyətdə ola bilirəm,heç bir maneə-filan yoxdur. Uzaqda olan dostlarla da twitter,facebook, telefon vasitəsilə əlaqə saxlayıram.

-İbrahim bəy, bizə vaxt ayırdığınız üçün və həm də maraqlı söhbətə görə təşəkkür edirəm!

-Siz də sağ olun! Sizə bir sirr açım. İlk dəfədir ki, “Palmali” Şirkətlər Qrupunda Azərbaycandan gələn jurnalistlə 1 saatdan artıq ədəbiyyat söhbəti elədik.

Burda adətən iri layihələr, kontraktlar ətrafında söhbətlər aparılır. Bu, istisna bir haldır.

Söhbətləşdi: Kənan Hacı
İstanbul

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG