Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:41

«Diribaba» türbəsi yenidən bərpa olunacaq


Qaya üzərində türbə...
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00
Direct-ə keçid

Qaya üzərində inşa olunan "Diri Baba" türbəsi yerli icra hakimiyyəti tərəfindən aparılan təmir-bərpa işlərindən sonra öz memarlıq üslubunu itirib. İcra hakimiyyətində isə abidəni onların təmir etmədiklərini deyirlər.


Qobustan rayonu ərazisində, keçmiş Mərəzə qəsəbəsində yerləşən «Diribaba» türbəsi öz nadir memarlıq üslubuna görə daim xarici turistlərin diqqətini cəlb edib. Bu türbə 1402-ci ildə Şirvanşah I Şeyx İbrahim tərəfindən inşa olunub.

Çingiz Babaşov
Türbənin bələdçisi Çingiz Babaşov deyir ki, qaya üzərində inşa olunan türbənin nəinki Azərbaycanda, hətta dünyada oxşarı yoxdur. Amma 2008-ci ildə yerli icra hakimiyyəti tərəfindən türbədə aparılan təmir-bərpa işlərindən sonra türbə öz memarlıq üslubunu itirib:

ABİDƏDƏN BÖYÜK PİLLƏKƏNLƏR

«Təxminən üç il bundan əvvəl yerli icra hakimiyyəti tərəfindən türbəyə qalxmaq üçün pilləkənlər tikildi. Lakin bu pilləkənlər türbənin özündən dəfələrlə böyük olduğundan türbənin memarlıq üslubunu itirdi. Türbə qayanın üzərində tikilib. Amma belə böyük pilləkənlər elə təsəvvür yaradırdı ki, sanki türbə həmin pilləkənlərin üzərində tikilib. Abidədən böyük bir tikili olduğu üçün tikinti başa çatan kimi sökülməsinə qərar verdilər».

TİKİNTİ İŞLƏRİNİ KİM APARIB?

Çingiz Babaşov deyir ki, tikinti işlərinə yerli icra hakimiyyətinin bir neçə milyon manat vəsait ayırması barədə də eşidib.

Qobustan rayon İcra Hakimiyyətinin şöbə müdiri Məharət Əkbərov isə ümumiyyətlə, tikintiyə vəsait ayrılması barədə məlumatların həqiqətə uyğun olmadığını
«Diribaba» türbəsi
deyir:

«Türbədə neçə il bundan əvvəl yerli imkanlar hesabına tikinti aparmaq istəyiblər, o da alınmayıb. Amma yaxın vaxtlarda dövlət səviyyəsində türbədə iş aparılacaq. Yəni, bu pilləkənlərin tikintisinə icra hakimiyyətinin heç bir aidiyyəti yoxdur».

Məharət Əkbərov icra hakimiyyətinin yaxınlığında yerləşən türbədə tikinti işlərinin kim tərəfindən, necə aparılması barədə isə məlumatı olmadığını deyir.

YENİDƏN BƏRPA OLUNACAQ

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov da AzadlıqRadiosuna təsdiqləyir ki, «Diribaba» türbəsində aparılan tikinti abidənin arxitekturasını pozurdu deyə, onun sökülməsinə qərar verilib. O, əlavə edir ki, «Diribaba» türbəsi 2012-2015-ci illərdə dövlət büdcəsi hesabına təmir olunacaq abidələrin siyahısına salınıb, siyahı artıq təsdiqlənib:

«Türbənin bərpası 2013-2014-cu illərdə aparılması nəzərdə tutulub. Onun layihə, smeta sənədləri artıq hazırdır. Türbədə bərpa işlərinə 2013-cü ildə başlanılması və 2014-cu ildə başa çatdırılması gözlənilir».

Şükufə Qafarova
İntiqam Hümbətov bildirdi ki, türbənin bərpasına dövlət büdcəsindən 2 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.

UNESCO-NUN SİYAHISINA DÜŞƏ BİLƏR

«Diribaba» türbəsinin UNESCO-nun tarixi-memarlıq abidələri siyahısına daxil edilməsi gözlənilir. Hər il yüzlərlə turistə bələdçilik edən tərcüməçi Şükufə Qafarova deyir ki, turistləri «Diribaba» türbəsinin arxitekturası valeh edir:

«Təkcə mən ayda 3-4 dəfə turist qruplarını bura gətirirəm. Şirvan arxitekturası ilə inşa olunan «Diribaba» türbəsi onları valeh edir. Çox xoş təəssüratlarla ayrılırlar buradan».

Şükufə Qafarova bu dəfə isə Almaniya, İsveçrə və Avstriyadan gələn 50-yə yaxın turistə bələdçilik edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG