Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

Ramil Səfərovdan kitab


Erməni hərbçisinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərov tanınmış macar yazıçısı Maqda Sabonun “Qapı” romanını macarcadan Azərbaycan dilinə tərcümə edib.

AzərTAc xəbər verir ki, R.Səfərov bu işini 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.

Əsərin əsas qəhrəmanları qadınlardır. Psixoloji melodram kimi qələmə alınmış romanda yazıçı tipik macar qadınının obrazını yaradıb.

Əsərdə başı çox bəlalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin İkinci Dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü təsvir olunub.

R.Səfərov kitaba yazdığı ön sözdə macar və Azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib.

Tərcüməçi yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə və ona oxunan hökmə görə formalaşması onu ciddi narahat edir:

“Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişməmişdir. Ümidvaram ki, mənim tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa bir töhfə olacaqdır”.

Maqda Sabo (05.10.1917-19.11.2007)
Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı - “Quzu” 1947-ci ildə, ikinci kitabı - “İnsana qayıdış” 1949-cu ildə nəşr olunmuşdur.

Bu kitab “Baumgarten” mükafatına layiq görülmüş, lakin dövrün siyasi səbəblərinə görə yazıçıdan geri alınmışdır. O, “Fresko” və “Abigel” kimi məşhur romanların da müəllifidir.

Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülmüş və əsərləri 43 ölkədə nəşr olunub.

2003-cü ildə “Qapı” əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı - “Prix Femina Etranger” verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG